Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:29

Pribaltlar sovet işğalının vurduğu ziyanı hesablayırlar


KQB-nin Riqadakı keçmiş qərargahı.

KQB-nin Riqadakı keçmiş qərargahı.

-

Baltikyanı ölkələr sovet işğalının onlara vurduğu ziyanı hesablamaq qərarına gəliblər. Latviyanın Ədliyyə Nazirliyi bu məqsədlə birgünlük beynəlxalq konfrans da keçirib: «Sovet işğalının vurduğu ziyanı hesablamaq niyə zəruridir?». Konfransın yekunu olaraq Baltikyanı respublikalar Sovet İttifaqının tərkibində olduqları müddətdə dəyən ziyanın hesablanması və itirilənlərə görə təzminat ödənilməsi ilə bağlı birgə bəyannamə də imzalayıblar.

Bu mövzu AzadlıqRadiosunun rus xidmətində deputat Vladimir Velman (Estoniya), tarixçi Boris Sokolov, jurnalistlər Maria Kugel (Latviya) və Anton Alekseev-in iştirakı ilə müzakirə edilib.

ESTONİYA 49 MİLYARD AVRODAN DANIŞIR, LATVİYA 100 MİLYARD

Aparıcı Vladimir Kara-Murza soruşur: «Kommunist keçmişlərinin vurduğu ziyanı hesablamaq istəyən ölkələrə hansı metodikanı təklif etmək istərdiniz?».

Tarixçi Boris Sokolov deyir: «Bütün repressiya olunanları götürsək, yəni həbs edilənləri, güllələnənləri, deportasiya olunanları, hər üç ölkədə ümumilikdə bunların sayı yəqin 300-400 min edəcək. Ziyan hər bir Baltika ölkəsi ilə (bunu Polşa, bəlkə Rumıniya ilə də etmək olar) ikitərəfli danışıqlar yolu ilə hesablanmalıdır. Yəni, bu adamların sayını dəqiqləşdirib təzminat razılaşdırılmalıdır. Almaniya da belə bir sxemlə ostarbayterlərə təzminat ödədi. Ancaq bu işdə Almaniyanın azad iradəsi ortadaydı. Almaniya güllələnənlərin yaxınlarına bir cür təzminat ödədi, həbs edilənlərin qohumlarına ayrı cür, deportasiya olunanlarasa tamam başqa. Müharibə boyu siyasi baxışlarına görə repressiya edilənlərin sayı Pribaltikada 300-400 min nəfər olar. Bu da 4 milyard avro deməkdir. Məncə, daha real yol budur. Ancaq indilik o realdır, sırf nəzəri baxımdan mümkün görünür, indiki Rusiya hökuməti bu haqda danışmaq belə istəməyəcək. Bu, siyasi rejimin dəyişməsindən sonra mümkün ola bilər. O halda söhbət sağ qalanlardan yox, onların qohumlarından gedəcək. Çünki o zamana kimi çətin repressiya qurbanlarından kimsə sağ qalsın.

Boris Sokolov.

Boris Sokolov.

Amerika metodikasını götürsək, təkcə güllələnənlərə görə çox asanlıqla 20-30 milyard qazanmaq olar. Bu, hər güllələnənə bir milyon tələb etməklə mümkündür».

B.Sokolov pribaltların metodikasından danışaraq öz münasibətini bildirir: «Baltikyanı ölkələr müharibəyə qədər adambaşına düşən inkişafa görə Finlandiyadan elə də geri qalmırdı. İndi onlar hesablayırlar ki, müstəqillik qazanana kimi etalon saydıqları Finlandiyadan nə qədər fərqləniblər. 50 ilə vurulan ziyanı bunun əsasında hesablayırlar. Bir neçə il qabaq Estoniyada komissiya 49 milyard dollar zərər dəydiyini hesablamışdı, Latviyada bu rəqəm 100-120 milyard civarındadır, Litvadasa bu ikisinin arasında bir rəqəm ortaya çıxıb. Ancaq həmin zərərin ödənməsi qəti mümkün deyil. Heç bir demokratik rus hökuməti bu pulu ödəməz. Amma 3-4 milyard daha real məbləğdir. Bunun üçün də Rusiyada demokratik hakimiyyət olmalıdır».

SOVETLƏRİN YATIRIMLARI NECƏ OLACAQ?

Bu yerdə aparıcı soruşur ki, həmin məbləğdən sovetlərin zamanında Dövlət Planı Komitəsinin Estoniya iqtisadiyyatına qoyduğu sərmayələri də çıxmaq lazımdırmı?

Anton Alekseev.

Anton Alekseev.

Jurnalist Anton Alekseev-in cavabı: «Məncə, bunun elə də böyük əhəmiyyəti yoxdur. Pulu ağılla da yatırmaq olar, axmaqcasına da. Estoniya iqtisadiyyatına yatırılan sərmayənin heç də hamısı effektiv olmayıb. Bunu memarlıq nümunəsində də, məsələn, Estoniya SSR-nin özünün tikdiyi ilə Sovetlər İttifaqının Estoniyada tikdiyi arasında da görmək mümkündür. «Limitçi»lərlə Kirov adına hansısa qırmızıbayraqlı kolxozun tikdiyi belə fərqli-fərqli şeylərdir».

B.Sokolov isə hesab edir ki, bu üç respublikada yaradılan müəssisələrin böyük əksəriyyətinin Sovet İttifaqı üçün əhəmiyyəti vardı. «Ancaq müstəqillik qazandıqdan sonra onlar əhəmiyyətini tamam itirdi, bu müəssisələr bazar iqtisadiyyatında rəqabətqabiliyyətli deyildilər, müştərisi yox idi. Real valyutaya Rusiya belə onu almadı», - deyir tarixçi.

LATVİYA 300 MİLYARD AVRO ZİYAN DƏYDİYİNİ İDDİA EDİR

Radionun Latviya xidmətinin əməkdaşı Maria Kugel Baltikyanı respublikaların imzaladığı sənədə istinadla deyir ki, sovetlərin işğalı nəticəsində bu üç dövlətə böyük miqyasda demoqrafik və iqtisadi ziyan dəyib: «İndi Rusiya SSRİ-nin varisi kimi bu ziyanın əvəzini ödəməlidir. Mən bilmirəm Estoniyada, Litvada durum necədir, ancaq Latviyada ziyanın hesablanması ilə bağlı 2005-ci ildən komissiya işləyir. Komissiyanın qərarına görə, ölkəyə 300 milyard avro ziyan dəyib».

Maria Kugel.

Maria Kugel.

B.Sokolov bu 300 milyard avronun haradan götürülməsini belə izah edir: «Latviya və Estoniya Finlandiya kimi inkişaf etsəydi, o zaman 1991-ci ildə ÜDM-in səviyyəsi bu ölkələrdə Finlandiyanın səviyyəsinə çatardı. Bu, sırf nəzəri ehtimaldır. Müharibə və işğalın olmaması Estoniya və Latviyanın Finlandiya kimi inkişaf edəcəyi… anlamına gəlmir. Yeri gəlmişkən, Finlandiya əsasən SSRİ ilə ticarət əlaqəsi sayəsində qazanıb. Bu hesablamalar mürəkkəbdir. Birmənalı nəsə demək olmaz, çoxlu alternativ ssenarilər ola bilər və buna görə kompensasiya tələb etmək düz deyil. Real olaraq siyasi xarakterli repressiyalara görə təzminat ödənə bilər. Amma bu da hər bir hökumətlə ayrıca müzakirə edilməlidir... Bu məbləğ də məntiqli olmalıdır, hər repressiya olunana 5-10 min avro verilə bilər. Hətta 400 min repressiya qurbanına 10 min avro ödənsə belə, bu uzağı 4 milyard edəcək, 300 milyard yox».

«SÖHBƏT PULDAN YOX, SİYASİ DİVİDENTDƏN GEDİR»

Eston deputat Vladimir Velman bildirib ki, Baltikyanı ölkələrin ədliyyə nazirləri maddi ziyanın hesablanması ilə bağlı vahid yanaşma metodikası hazırlamaq yönündə razılıq əldə ediblər: «Yəni, oyunun qaydalarını, onların «maddi ziyan» dediyi təxmini hesablamanın qaydalarını hazırladıqdan sonra Rusiyadan təzminat tələb ediləcək.

Vladimir Velman.

Vladimir Velman.

Mən inanmıram ki, bu addım həmin məbləğin alınması ümidiylə atılır. Söhbət puldan getmir, siyasi dividentlərdən gedir. Bu çarpışma (başqa cür adlandıra bilmərəm) ondan ötrüdür ki, Baltikyanı ölkələr yeni müttəfiqlərinin sadiq vassalları olduqlarını təsdiqləsinlər».

«ÜZR İSTƏMƏK LAZIMDIR»

Anton Alekseev-in əlavəsi: «Mən Aleksandr Dyukov-un başçısı olduğu «Tarixi yaddaş» Fondu ilə ünsiyyətdəyəm. Bu adamlar məqsədyönlü şəkildə sənədlər, nəşrlər, elmi işlər axtarır, yayırlar ki, Sovet İttifaqı Pribaltikada düzgün addım atıb, ancaq naşükür pribaltlar Hitler hücum edən kimi ona xidmət etməyə başlayıblar. İndi orda Hitler-in varisləri var və təbii ki, onlar Vaffen-SS-çidirlər. Hərçənd Vaffen-SS-in işğala heç bir dəxili yoxdur. Ancaq bu, mentallıqla bağlı şeylərdir, hüquqi baxımdansa iki fərqli prosesdir».

Vladimir Velman deyir ki, balaca ölkədə hakimiyyətə gələn yeni qüvvənin (1940-cı ildə sovet işğalı nəzərdə tutulur-red.) birinci jesti on minlərlə insanın düşərgələrə yollanması oldu: «Bu da estonların şüurunda almanlara qarşı çoxəsrlik nifrəti sındırıb, sovetlərə qarşı nifrətə çevrildi».

B.Sokolov isə düşünür ki, çıxış yolu var: «Rusiya işğal faktını etiraf etməli və, ən azı, buna görə üzr istəməlidir. Bu, Baltikyanı ölkələr ilə Rusiya arasında münasibətlərin yaxşılaşması yönündə böyük addım olardı. Rusiya həm də repressiya edilmişlərə görə ağlabatan məbləğdə kompensasiya ödəməlidir. Başlıcası necə isə üzr istəməkdir, estonlar, latışlar və litvalılar üçün daha çox vacib olan budur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG