Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:51

Deputat butulkanın möhkəmliyini həmkarının başında yoxlayıb


Andriy Teteruk və Oleksandra Kuzhel.

Andriy Teteruk və Oleksandra Kuzhel.

-

Ukrayna parlamentində dava-dalaş həmişə əyləncəli və gülməli görünüb. Ta ki Xalq Cəbhəsindən olan millət vəkili Andriy Teteruk-la «Batkivşina» Partiyasını təmsil edən qadın deputat Oleksandra Kuzhel-in mübahisəsinə qədər.

Sonuncu hadisədə Andriy Teteruk Oleksandra Kuzhel-in başına butulka ilişdirib. «Butulka əməliyyatı» parlamentin növbəti sessiyası başa çatandan sonra baş verib. Özü də spiker Volodymyr Groysman-ın otağınınqarşısında.Hadisə nəticəsində 62 yaşlı Kuzhel-in gözü qaralıb, beyin silkələnməsi keçirib.

«Batkivşina» Partiyasının yaydığı məlumatda deyilir ki, şahidlərin bildirdiyinə görə, Teteruk Kuzhel-i əvvəlcə təhqir edib. Sonra da əlindəki butulka ilə onun başına zərbə vurub.

«DOĞMA ANAYA VURULAN ZƏRBƏ»

«Batkivşina»dan olan deputatlar Teteruk-un öz mandatını təhvil verməsini tələb edir. Deyirlər ki, bu baş verməyənədək parlamentin iclaslarında iştirak etməyəcəklər. Partiyanın lideri Yulia Tymoshenko insidenti pisləyib. Kuzhel-ə vurulan zərbəni «doğma anaya vurulan zərbə» ilə müqayisə edib.

Digər partiyalardan olan qadın deputatlar da zərərçəkmiş qadın həmkarları ilə həmrəylik nümayiş etdiriblər. Prezident Petro Poroshenko-nun blokundan olan Olha Chervakova Teteruk-dan tələb edib ki, bu hərəkətinə görə könüllü mandatını təhvil versin. O, Teteruk-un deputat toxunulmazlığının götürülməsini, onun məsuliyyətə cəlb edilməsini də istəyib.

VİDEO: Andriy Teteruk və Oleksandra Kuzhel parlamentdə mübahisə edirlər.

BİRİNCİ KİM BAŞLAYIB?

Teteruk isə özünümüdafiəyə keçib. Deyib ki, Kuzhel-i vurmaq niyyətində olmayıb. Teteruk «Obozrevatel» saytına deyib ki, birinci Kuzhel onu əl çantası ilə vurmaq istəyib. Əlində butulka olan Teteruk bunun qarşısını almağa çalışıb. Butulka təsadüfən Kuzhel-in üzünə dəyib. O, araşdırma müddətində toxunulmazlığının qaldırılmasını, istintaq orqanları ilə əməkdaşlığa hazır olduğunu da deyib: «Qoy ictimaiyyət bilsin ki, hadisə əslində niyə və necə baş verib».

UKRAYNA PARLAMENTİ BELƏ ŞEYLƏRƏ ÖYRƏNCƏLİDİR

Ukrayna parlamenti deputatlar arasında şillə-təpikli davalara öyrəncəlidir. 2013-cü ildə rus dilində edilən çıxışa görə, 2014-cü ildə isə büdcə müzakirəsi zamanı başlayan dava-dalaş bir neçə deputatın al-qana bulanması ilə nəticələnmişdi.

2010-cü ildə Sevastopol hərbi dəniz bazasının Rusiyanın Qara dəniz donanmasına icarəyə verilməsi məsələsi müzakirə ediləndə isə deputatlardan biri bir qədər də irəli getmişdi. O, həmkarlarına tüstü şaşkası atmışdı. Digərləri də öz sərrastlıqlarını rəqiblərinə yumurta atmaqla yoxlamışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG