Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:05

Yer üzündə ən çox gözümə dəyən insan qanmazlıqları oldu


Voltaire
Voltaire

- "Xurafata qapılmış kimsə yırtıcı pələng kimidir, tox olanda da əlinə keçəni didib parçalayır. Plutonun baş kahini ona deyir: “Merkuriyə inananların hamısını qılıncdan keçir, evlərini yandır, bütün heyvanlarını da öldür”; bizim bu möminimiz də, Merkuriyə inananların torpağında birdən bir körpəni, bir pişiyi belə, sağ buraxarsa, bununla kafir ola biləcəyini düşünür."

Araz Gündüzün tərcüməsində

VOLTER

EVGEMERİN DİALOQLARI

1777-ci ildə yayınlanmış bu dialoqlar Volterin sonuncu fəlsəfi əsəridir.

Volter burada idealist fəlsəfədə Platondan, materialist fəlsəfədə DemokritEpikürdən başlamış öz çağınacan olan idealist-materialist yönlü fəlsəfi baxışları alleqoriyalarla yozmağa çalışıb.

Dialoqlarda danışan kimsələr: Evgemer də, Kallikrat da gerçəkdən olmuş, bizim eradan qabaq IV yüzillikdə yaşamışlar. Bu əsərdə Volter öz düşüncələrini onların adından vermək üçün yararlansa da, ancaq özlüyündə bu adamlar Volterin onların adına yazdığı düşüncələrin yiyələri deyildirlər. Volterin bu dialoqlarından ilk ikisini baxışlarınıza çatdırırıq.

Birinci dialoq. MAKEDONİYALI İSKƏNDƏR

Kallikrat. Hə, bilgə Evgemer, danışın görək, bu uzun yoçuluğunuzda nələr gördünüz?

Evgemer. Düzünü desəm, bu Yer üzündə ən çox gözümə dəyən insanların qanmazlıqları oldu.

Kallikrat. Bu necə ola bilər? Siz İskəndərlə birgə dünyanı gəzib dolaşmısınız, doğrudanmı, bu böyüklükdə dünyada bəyəndiyiniz, sizi duyğulandıran nəsə görmədiniz?

Evgemer. Bütün bu yolçuluğumda, gecə-gündüz yaşadığım, çox dərin acıma duyğularını çıxsaq, nədənsə duyğulandığım olmayıb.

Kallikrat. İskəndərəmi acıyırdınız?

Evgemer. Başqa kimə acımalı idim? Mən onu ancaq Hindistanda, bir də Babildə yaxından görə bilmişdim, bizlər bir bölük olaraq, oralara elm öyrənmək üçün getmişdik, ancaq umacaqlarımız boşa çıxdı.

Mənə danışılınlara görə o, öz yürüşünü doğrudan da bir igid ər kimi başlamış, ancaq onu ən qanmaz birisi olaraq başa vurmuşdu.

Mən Aristoteldən dərs almış ayıq-sayıq bir kimsənin, necə bir içki düşkününə çevrildiyini öz gözlərimlə görəsi oldum. O, yemək-içmək yığıncağından durub Estekarın gözəl məbədini yandıranda mən onun yanında idim, bunu o, yanında gəzdirdiyi Tais adında bir pozğun qadını əyləndirmək üçün eləmişdi.

Onun Hindisatnda törətdiyi yaramazlıqları da öz gözlərimlə görmüşəm, ən sonunda isə, onun ən əyyaş döyüşçüsündən də alçaq bir duruma düşdüyünü, gənc yaşında içkidən necə partlayıb öldüyünü də görmüşdüm.

Kallikrat. Belə böyük bir insan gör özünü haracan alçaltmışdır!

Evgemer. Böyük adamların hamısında belədir; onlar da elə mənim araşdırdığım o maqnitə oxşayırlar: bir ucu özünə sarı çəkir, o biri ucu özündən qırağa itələyir.

Salonik şəhərində Böyük İsgəndərin heykəli
Salonik şəhərində Böyük İsgəndərin heykəli

Kallikrat. İskəndərin içkidən başını itirib şəhər yandırdığını eşidəndə elə bil, hansısa bir güc məni çimçəşdirib, ondan uzağa itələyir.

Ancaq bu Estekar dediyiniz şəhərin adını mən indi sizdən eşidirəm; Mən haçansa, dəli, başdanqıvraq Taisin əylənmək üçün Persepolu yandırtdığını eşitmişəm.

Evgemer. Estekar elə Persopolun gerçək adıdır, yunanlar onu belə çağırırlar. Bizim bu yunanlar, bütün dünyanı öz istədikləri kimi görməyi, adlandırmağı çox sevirlər: Zom-Bodpo çayının adını dəyişib “Hind” qoyublar; başqa bir çayın adını dəyişib “Gidasp” qoyublar; İskəndərin öz yürüşlərində tutduğu şəhərlərdən bircəciyi də öz gerçək adlarına uyğun olaraq yazılmayıbdır.

Bu “Hindiya” sözü də elə yunanların uydurmasıdır: bütün doğuda bu ölkəni “Od-hu” adlandırırlar. Bunun kimi, elə Misirdə də şəhərlərin gerçək adlarının yerinə: Heliopol, Krokodilopol, Memfis kimi uydurma adlar quraşdırıb yazmışlar.

Onlar üçün nə var, hansısa söz qulaqlarını oxşadımı, o sözücə götürüb işlədirlər. Beləliklə də onlar bütün yer üzünü, oz tanrılarının, başqa bəyəndikləri çoxlu nəsnələrin adları ilə “bəzəyib” hamını çaşbaş salıblar.

Kallikrat. Bu harasıdır, onların bundan da qat-qat böyük yaramazlıqları vardır. Mən onların yanlış adlarla çaşqınlıq yaratmaqlarını çox da qınamıram; onları, ən çox, törətdikləri dağıntılara görə suçlayıram.

Mənim, sizin bu İskəndəri görməyə gözüm yoxdur, bir işə baxın, Yunanıstandan çıxıb gedir Kilikiyaya, Misirə, Qafqaz dağlarına, bir ucu Qanq çayına kimi yürüşə çıxır, bu böyüklükdə torpaqlarda isə qarşısına çıxanların hamısını qırıb tökür, bunların yağımı, savaşqanmı, dincmi, yaxşımı, pismi olmasına belə baxmır.

Volterin heykəli. Müəllif: Antoine Houdon
Volterin heykəli. Müəllif: Antoine Houdon

Evgemer. O, bütün bunlara, öc almaq üçün başlamışdı, ilk olaraq farsları qırıb tökmək üçün yola çıxmışdı, bundan qabaq farslar yunanları qırmağa gəlmişdilər; sonra o, Qafqaza, skiflərin geniş çöllərinə sarı üz tutdu, onlardan iki dəfə yunan torpaqlarını çapıb talamağın öcünü aldı.

Demək olar, bütün xalqlar, haçansa başqa xalqların basqısını görmüş, ya da elə özləri basqınçılıq eləmişlər, biri-birilərini qul eləmiş, öldürmüş, var yoxunu talamışlar.

“Döyüşçü” demək, elə “quldur” deməkdir. İstənilən xalq öz qonşusunu çapıb talayanda bunu öz tanrısının çağırışı ilə elədiyini deyir.

Görmürsənmi, bizim qonşumuz olan romalılar, o yeddi təpəlik deyilən yerdəki qazmalarından yenicə üzə çıxan kimi, qonşuları olan volları, antları, samnitləri çapıb talamağa başlayıblar?

Onlar gəmi düzəltməyi bacaran kimi, gəlib bizi də çapıb talayacaqlar, görərsən. Onlar qonşuluqdakı Veyn ölkəsinin anbarlarında bir az buğda ilə arpa olduğunu bilən kimi, öz kahinlərinin yanına gəlib onların: veynlilərin üstünə çapqınçılığa getməyin tanrıların buyuruğu olduğunu xalqa çatdırmasını istədilər...

Quldurluq, müqəddəs savaşa “çevrildi”. Romada elə baxıcılar var, onların işi-gücü ancaq öldürməyə, çapqınçılığa gedənlərə yol göstərməkdir. Veynlilərin baxıcıları da onlara, gedib Romalıların samanlığından saman oğurlamağın düzgünlüyünü aşılayır.

İskəndərin ardıcılları, keçmişdə onun üçün taladıqları torpaqları, indi də özləri üçün talamaqdadırlar.

Bu insan soyu belə olmuş, belədir, görünür bundan sonra da elə belə olacaqdır. Mən bu yer üzünün yarısını gəzib dolandım, gördüyüm ancaq ağılsızlıq, qaragünlük, yamanlıqlar oldu.

Kallikrat. Bu çoxsaylı xalqların içində, bircəsi də olsa belə, sizə düzlüksevər kimi görünmədimi?

Evgemer. Birini də olsa görmədim.

Kallikrat. Onlardan ən çox hansılarını qanmaz, hikkəli gördünüz?

Evgemer. Ən çox dini xurafata qapılanlarını.

Kallikrat. Görəsən nə üçün, ən xurafatçı xalqlar, elə ən acıqlı-hikkəli də olurlar?

Evgemer. Başqalarının pis öyrəncələrinə, düşkünlüklərinə görə elədiklərini, bu xurafatçılar büsbütün düzgün sayaraq eləyirlər—buna görə də, onlarda acıma duyğusuna yer qalmır.

Sıradan bir varvar da özünü, elə bu yunan, romalı, skif, fars kimi aparır: kimisə öldürür, varını-yoxunu talayır, öldürdüyü adamın ambarındakı çaxırdan içir, onun qızlarını zorlayır, bununla da gözü doyur, artıq yumşalır, yavaş-yavaş toxdamağa, insansevər olmağa başlayır.

İnsanın ürəyində anadangəlmə olan başqasına acımaq duyğusu baş qaldırıb, onu dayandırır. O, haradasa bir az aslana oxşayır, aslan da tox olanda ov dalınca qaçmır.

Ancaq xurafata qapılmış kimsə yırtıcı pələng kimidir, tox olanda da əlinə keçəni didib parçalayır. Plutonun baş kahini ona deyir: “Merkuriyə inananların hamısını qılıncdan keçir, evlərini yandır, bütün heyvanlarını da öldür”; bizim bu möminimiz də, Merkuriyə inananların torpağında, birdən bir körpəni, bir pişiyi belə sağ buraxarsa, bununla kafir ola biləcəyini düşünür.

Kallikrat. İşə bir bax! Deməli bu yer üzündə belə xalqlar varmış, İskəndər də onları qırıb tökməkdənsə, gedib Qanq çayının qırağında yaşayan dinc, insansevər bir xalqın üstünə basqın eləyir, deyilənlər düzdürsə, fəlsəfəni də elə ilk olaraq onlar yaradıblar!

Evgemer. Dzüdür o, bu qaniçən xalqlara baç qoşmadan keçib getmişdi; ancaq yolüstü, varvarların kiçik bir oymağı ilə üz-üzə gəlmişdi, bunlar indicə sizə danışdığım o qaniçənlərdən idi; bildiyin kimi, fanatizm həmişə alçaqlıqla, qorxu ilə yanaşı olur, bu iyrənc adamlar İskəndərə yalvarıb bağışlanmalarını dilədilər, ayağına döşənib yaltaqlandılar, çapıb-taladıqları qızılların bir qismini ona verib, bundan sonra da, öz çapıb-talamaq işlərini görə bilmək üçün onunla anlaşdılar.

Kallikrat. Deməli, insan soyu belə çox qorxunc imiş hə?

Evgemer. Bu, insan deyilən çox geniş yayılmış yırtıcıların arasında aradabir dinc qoyunlarla da üzləşmək olur, ancaq onların böyük çoxluğu qurdlarla tülkülərdir.

Kallikrat. Mən anlaya bilmirəm, bir soyun içində bu qədər uyuşmazlıq haradandır?

Evgemer. Deyirlər bu, qurdlarla tülkülərin qoyun əti yeməyə alışdıqlarına görə belə olmuşdur.

Voltaire
Voltaire

Kallikrat. Yox, yaşadığımız bu dünya çox qorxuncdur, yamanlıqlarla dolub daşdanır; çox bilmək istərdim, dünyanı başına götürmüş bu ağrı-acılar, qanmazlıqlar haradan doğulur?

Evgemer. Elə mən də bunun nədən belə olduğunu bilmək istərdim. Haçandır, mən Sirakuzdakı bağımı becərə-becərə bunun üstündə baş sındırıb, nə üçün belə olduğunu özüm üçün aydınlaşdırmağa çalışmaqdayam.

Kallikrat. Nə yaxşı. Çoxdan düşünürsünüzsə, demək artıq nələrisə aydınlaşdıra bilmisiniz! Mənim sizdən bir diləyim var, bunları mənə lap qısa da olsa anladın, bizim bu yer üzündə həmişəmi insanlar yaşayıblar?

Elə bu yer üzünün özü, həmişəmi var olub? Bizim ruhumuz varmı? Bu ruh da materiya kimi ölümsüzdürmü? Bir olan tanrı, yoxsa çoxlu olduğu deyilən tanrılar varmıdır?

Bu tanrılar nə iş görürlər, onlar nə üçün yaxşılıqsevər sayılırlar? Yaxşlıqsevərlik özü nə deməkdir? Düzənlilik, qarmaqarışıqlıq nə deməkdir? Təbiət nədir? Onun öz qanunları varmı? Toplumda hansı yönətim ən yaxşısıdır?

Ən başlıcası, insanın addımbaşı üzləşdiyi bu qorxunc gözlənilməzliklərdən bizi qoruyub saxlayan nədir? Suallar çoxdur, ancaq qalanlarını sonraya saxlayaq.

Evgemer. Sənin bu soruşduqlarına cavab vermək üçün, biz gərək gündə on saat olmaqla, ən azı on il ardıcıl danışaq!

Kallikrat. Yeri düşmüşkən deyim, elə dünən bu suallar üzrə, gözəl Yevdoksiyanın evində uzun-uzadı danışıqlar oldu, bu yığıncaqda Sirakuzun ən yaxşı insanları danışırdılar.

Evgemer. Yaxşı, bu danışıqlarda hansısa bir sonuca gəlib çıxdılarmı?

Kallikrat. Sözün düzü, yox. Orada, biri Gerez, o biri Yunon ilahəsinin qulluğunda olan iki kahin də vardı, danışığın sonunda onlar bərk dalaşdılar.

Ancaq çəkinmədən öz düşüncələrinizi mənə danışaydınız, nə yaxşı olardı. Mən sizinlə söz güləşdirməyəcəyimə də, sizdən Gerez ilahəsinin kahininə çuğulluq eləməyəcəyimə də söz verirəm.

Evgemer. Çox gözəl! Sabah görüşərik, onda suallarınızı verərsiniz; çalışaram, sizin suallarınıza cavab verim, ancaq indidən deyə bilmərəm, cavablarım sizin ürəyinizcə olacaq, yoxsa yox.

(İkinci söhbət olacaq)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG