Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:14

Rusiya Türkiyəylə dostlaşmağa çalışır


Vladimir Putin və Recep Tayyip Erdoğan.

Vladimir Putin və Recep Tayyip Erdoğan.

-

«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdoğan-a zəng vuraraq seçki qələbəsi münasibətilə təbrik edib. Moskva hakim AKP-nin gözlənilməz qələbəsini alqışlayır, çünki Rusiyanın Türkiyə daxilində danışıqlar aparacağı qrup artıq bəllidir. Bu amil münasibətlərin gərginləşdiyi bir məqamda çox vacibdir:

«Rusiyanın Suriyada münaqişəyə girməsi Moskvayla Ankaranı üz-üzə qoyub. Türkiyə Suriya üsyançılarına dəstək verir, Rusiya isə hökumət qüvvələrinə. Digər tərəfdən Suriya Türkiyənin qonşusudur və Ankara hesab edir ki, Moskva özünün nüfuz dairəsindən çox kənara çıxır. Onları birləşdirənsə «İslam Dövləti» (İD) qruplaşmasına qarşı mübarizədir. Ancaq bir məsələ də var ki, Türkiyə Suriyada sünnilərin hakimiyyətə gəlməsini və bununla da özünün daha çox nüfuz əldə etməsini istəyir».

«Üstəlik, Rusiya Türkiyənin Qafqazda əsas müttəfiqi Azərbaycanla da münasibətləri isidib. Qafqaz Ankara və Moskvanın birbaşa rəqabət zonasıdır. Bakının Dağlıq Qarabağ münaqişəsində status-kvonu silkələmək istəyi barədə də şayiələr dolaşır. Ancaq Bakı çətin ki, Moskvayla məsləhətləşməmiş hərbi addım atsın».

«Stratfor» Rusiya və Türkiyənin «Türk Axını» qaz layihəsinə də toxunur. İyun seçkilərindən sonra Rusiya AKP ilə danışıqları dondurmuşdu. İndi isə Türkiyədə nisbətən sabit hökumətlə işlər davam edəcək. Noyabrın 15-də G-20-nin sammitində də Putin-lə Erdoğan enerji sahəsində əlaqələrin gücləndirilməsini müzakirə edəcəklər. Erdoğan-ın Moskvaya səfəri də gözlənir:

«Bu ilin sonunadək «Türk Axını» üzrə razılaşmanın əldə olunması real görünmür. Ancaq iki liderin dostyana görüşlərinin pərdəarxasında böyük narazılıqlar hələ bir müddət qalacaq».

Angela Merkel.

Angela Merkel.

AVROPANIN LİDERİ – ALMANİYA

«Almaniya kansleri Angela Merkel indiki kimi siyasi problem yaşamamışdı. Ancaq o, Avropaya həmişəkindən artıq lazımdır». Bunu «The Economist» yazır:

«Bir Avropaya göz gəzdirin. Bir lider hamının başında durur: Angela Merkel. Fransada François Hollande daha ölkəsinin qitə liderliyinə iddia etmir. Yenidən seçilmiş David Cameron Britaniyanı kiçik İngiltərəyə çevirməkdədir. Matteo Renzi isə İtaliyanın yerində sayan iqtisadiyyatı ilə məşğuldur».

«The Economist» yazır ki, xanım Merkel hamıdan önə keçib. Borc böhranı zamanı avrozonanı bütöv halda saxlaya bildi; Ukrayna münaqişəsində Avropanın Rusiyaya sanksiya qoymasına nail oldu (prezident Vladimir Putin də ancaq onunla danışmağa üstünlük verir); miqrasiya məsələsində isə Avropa dəyərlərinə sadiq qalaraq təkbaşına qaçqınlara qucaq açdı. Düzdür, tənqidçilər onun qaçqınlara münasibətinin Avropaya qaçqın axınını sürətləndirdiyini, eyni zamanda siyasi sonunu gətirəcəyini düşünür:

«Hər iki arqument həm yanlışdır, həm də kökündən ədalətsizdir. Xanım Merkel çoxlarının düşündüyündən daha güclüdür. Avropa Birliyinin qarşısındakı problemləri nəzərə alaraq demək olar ki, o, indi Avropaya həmişəkindən daha çox gərəkdir».

«Şübhələr çox şişirdilib. Tənqidçilər onun yaxınlarda gedəcəyi barədə iddialarında da yanılırlar. O, Xristian Demokrat Birliyinin (CDU) dominant fiquru olaraq qalır. Bu yaxınlarda açıqlanmış rəy sorğusu göstərib ki, CDU üzvlərinin 82%-i onun rəhbərliyini dəstəkləyir. 81% istəyir ki, 2017-ci ildə olacaq seçkidə dördüncü dəfə kansler seçilmək üçün namizədliyini versin».

Ahmad Chalabi.

Ahmad Chalabi.

AMERİKA AHMAD CHALABI-Nİ NİYƏ «YARATDI»

«Ölümüylə İraq siyasətçisi Ahmad Chalabi yenidən xəbərə çevrildi. Tənqidçilər onun İraqın kütləvi qırğın silahlarına dair saxta kəşfiyyat məlumatı verməsindən hiddətlənirlər. Guya həmin məlumatlar əsasında Vaşinqton İraqa hücum etdi. Tərəfdarları isə deyirlər ki, Chalabi qəhrəman dissident olub, ona əziyyətlər içində çabalayan ölkəsini cənnətə çevirməyə imkan verilməyib». Bunu Gideon Rosenov «The New York Times»da yazır:

«Hər iki tərəf həqiqəti demir. İraq müharibəsinin əsl səbəbkarı Chalabi olmayıb. O, İraqın deyil, Amerikanın problemlərinə cavab idi və olmasaydı belə, himayədarları həmin funksiyanı icra etmək üçün başqasını tapacaqdılar».

Müəllif yazır ki, hələ 1980-ci illərdən – Birləşmiş Ştatlar enerjiylə zəngin Fars Körfəzində təhlükəsizliyin təminatını üzərinə götürəndən, İraq, İran kimi güclü diktaturalarla davranmağın yollarını arayıb.

Elə illər sonra Chalabi də bir həll variant kimi ortaya çıxır: «O, kiçik kömək müqabilində vəd edirdi ki, İraq mühacirləri dəstəsi bütün problemləri həll edə bilər. Onlar güc toplayacaq, Saddam Hussein-dən canlarını qurtaracaq və yeni, demokratik, Amerika və İsrailpərəst bir hökumət formalaşdıracaqlar».

«Ancaq bu təklif nə qədər yaxşı səslənsə də, həqiqətə oxşamırdı. Elə təhlükəsizlik peşəkarları da Chalabi-yə nifrətlə baxırdılar… Ancaq Chalabi də ağıllıydı. Administrasiya tənqidçilərinə eşitmək istədiklərini deyirdi: Hussein-dən məsrəfsiz, xüsusi səy göstərmədən, gələcək öhdəlik götürmədən xilas olacaqsız».

Sonra da 11 Sentyabr terroru baş verdi. İllərdir İraqın təhlükə yaratmasına və həmin təhlükələrin ucuz yolla dəf edilməsinə özünü inandırmış administrasiya Saddam Hussein-ə qarşı hərbi əməliyyata başladı.

Müəllifin fikrincə, şübhəli kəşfiyyat məlumatları Chalabi-nin səhvi sayılmaya bilər. O, İraqın George Washington-u da ola bilmədi. Sadəcə, Amerika siyasətçilərini məntiqsiz düşüncələrə inandırdı: «Chalabi daha həyatda yoxdur, ancaq oxşarları var. Təəssüf ki, onun kimilər hər dəqiqə doğulmaqdadır».

Günün bütün mövzuları

XS
SM
MD
LG