Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:28

İcra başçısı intihara cəhd edən sahibkarla 1 saat danışıq apardı


Binəqədi rayonunun İcra başçısı Xaləddin İsgəndərov.
Binəqədi rayonunun İcra başçısı Xaləddin İsgəndərov.

-

«Bizim Yol» qəzeti noyabrın 5-də Binəqədi rayonunda sahibkar İlqar Məmmədovun intihara cəhd etməsindən yazır. O, tikdirdiyi binanın üstünə çıxaraq özünü yerə atacağını bildirib. Buna səbəb yerli icra hakimiyyətinin Zərifə Əliyeva adına parkın ərazisində yerləşən və tikintisi yekunlaşmaqda olan İdman Sağlamlıq Kompleksinin sökülməsini tələb etməsi olub.

«Bizim Yol» yazır ki, sahibkar Binəqədi rayon icra başçısının gəlməsini tələb edib. «Burada tikinti işlərini aparmaq üçün icra hakimiyyətinə 500 min manat haqq vermişəm. Tikinti işlərini aparmaq üçün müvafiq hüquqi sənədlərim var, rəsmi icazə almışam. Qoy tikintisi başa çatan idman kompleksini sökmək istəyən icra hakimiyyətinin başçısı gəlsin»,- sahibkar deyib.

Binəqədi rayon İcra Hakimiyyətindən «Bizim Yol»a bildirilib ki, icra hakimiyyətinə qarşı ittihamlar həqiqətə uyğun deyil: «Zərifə Əliyeva adına parkın ərazisində İdman Sağlamlıq Kompleksinin tikintisi qeyri-qanunidir. Həmin ərazidə tikinti işləri 2010-cu ildən başlanıb. Tikinti işləriaparılmamışdan öncə ərazidə olan zeytun ağacları məhv edilib. Sözügedən tikinti obyekti sökülməlidir. Özünü sahibkar kimi təqdim edən şəxsin icra hakimiyyətinə 500 min manat verməsi iddiası da əsassızdır».

Bəxtiyar Hacıyev.
Bəxtiyar Hacıyev.

«YENİ DEPUTAT QRUPUNDA ÜMİD VERƏN ADAMLAR VAR»

İctimai Siyasət İnstitutunun direktoru Bəxtiyar Hacıyev «Amerikanın Səsi»nə deyib ki, parlamentə düşən yeni deputatları, əvvəlki deputatlar qrupu kimi, üç yerə bölmək olar:

«Birincisi gözəgörünməzlər qrupu, yəni o qrupda olan insanlar, sadəcə, seçki dövründə istər seçicilərlə, istər media ilə, istər ictimai-siyasi mühitdə görünürlər. Amma ondan sonrakı 5 il ərzində nə parlamentin işində, nə seçicilərlə görüşlərdə, nə beynəlxalq əlaqələr istiqamətində və ya parlamentlərarası qrupların işində gözə dəyirlər. Bu yeni seçiləcək 27 nəfərdən bir qismi o tip insanlardır. İkinci qisim müxalif qüvvələri, yaxud da Avropa, Amerikanı tənqid etmək üçün hökumətin özünün səsləndirmək istəmədiyi, amma millət vəkillərinin dilindən səsləndirmək istədiyi fikirləri kifayət qədər sərt formada, hətta bəzən təhqir formasında səsləndirmək üçün seçilir. Üçüncü qrup bir az ümidverici qrupdur, gənclərdən ibarətdir. Bunların arasında xaricdə təhsil almış gənclər də var. Hətta Harvard Universitetində təhsil almış bir gənc var, Brüsseldə çalışmış bir gənc var. Yəni, o qrup bir az onlara verilmiş dairə və səlahiyyətlər çərçivəsində müəyyən addımlar ata bilərlər. O qrupa bir az optimist yanaşmağın tərəfdarıyam. Bayaq qeyd etdim ki, çox kəskin, radikal bir dəyişikliklər gözlənilmir. Amma millət vəkillərinin səlahiyyətləri çərçivəsində, istər qanunvericilik təşəbbüsləri, istər təmsilçilik, istərsə də hökumətə nəzarət funksiyası baxımından mütləq müəyyən qədər addımlar atacaqlarını gözləyirəm».

Samir Əliyev.
Samir Əliyev.

BANK SEKTORUNDA İXTİSARLAR AKTUALLAŞIR

«Yeni Müsavat» qəzeti 6 noyabr tarixli sayında yazır ki, devalvasiya banklara növbəti öldürücü zərbə vura bilər.

Əksər ekspertlər bildirirlər ki, bu ilin əvvəlində bank sektorunu haqlayan böhran özünün yeni fazasına qədəm qoyub. Ekspert Samir Əliyevin sözlərinə görə, əmanət və kredit qoyuluşunun zəifləməsi, problemli kreditlərin artması fonunda kredit təşkilatlarının gəlirləri ilə zərərləri arasında fərqin azalması bankları sərt addımlar atmağa məcbur edib: «Xərclərin optimallaşdırılması adlanan siyasət çərçivəsində filialların bağlanması prosesinə başlanıb. Belə davam edərsə, bank sektorunda ixtisarlar geniş vüsət alacaq. Hazırda sektorun dayanıqlığı sual altındadır. Mərkəzi Bankın yanvardan sonra bankların maliyyə dayanıqlığına və məcmu kapitalına dair statistik göstəriciləri, habelə gəlir və xərclərinin mövcud durumu barədə məlumatları dərc etməməsi vəziyyətin gərgin olduğunu deməyə əsas verir».

Ziya Bünyadov.
Ziya Bünyadov.

ZİYA BÜNYADOVA VERİLƏN TORPAQ SAHƏSİ AİLƏSİNDƏN XƏBƏRSİZ SATILIB

ANSPress yazır ki, akademik Ziya Bünyadova 70 illik yubileyi münasibətilə hədiyyə edilən torpaq sahəsi satılıb. İndi ona məxsus olan ərazidə ev tikintisi gedir. Akademikin həyat yoldaşı və qohumları baş verənlərdən narahatdır.

Sayt yazır ki, Ziya Bünyadovun 70 illik yubileyi münasibətilə 1994-cü ildə Heydər Əliyevin göstərişi ilə Astara rayonu ərazisində 10 sot torpaq sahəsi ayrılıb: «O vaxt ayrılan torpaq sahəsi bu gün yoxa çıxıb. Daha dəqiq, ailə üzvləri həmin əraziyə gedəndə sözü gedən torpaq sahəsinin satıldığının və orada fərdi ev tikildiyinin şahidi olublar».

Araşdırma zamanı məlum olub ki, torpaq başqasına satılıb: «Arxiv sənədinə əsasən həqiqətən də Astara rayon Xalq Deputatları Soveti Rəyasət Heyətinin 22 iyul 1994-cü il tarixli qərarı ilə Ziya Bünyadova Astara şəhərində bağ evi tikmək üçün 10 sot torpaq sahəsi ayrılıb.

Astara rayon Aqrar İslahat Komissiyası isə 2 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə bu torpaq sahəsi Nazilə Mirzəyevaya və ailə üzvlərinə verilib. Maraqlısı budur ki, bələdiyyənin alqı-satqı sənədində nə torpağın neçəyə satıldığı rəqəm var, nə də tarix».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG