Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:00

-

Bir il öncə Suriya prezidenti Bashar al-Assad hökumətinin sözçüsü Mohamed Jihad al-Laham ABŞ Konqresinə məktub göndərərək İŞİD-ə qarşı mübarizədə dəstək istədi. Məktubda Laham həm də İslam dininin mistik cərəyanı olan sufiliyi terrorçuların zorakılıqlarını önləmək mexanizmi kimi təklif edirdi. «Foreign Affairs» dərgisində Fait Muedini yazır ki, sufiliklə bağlı Laham-ın yazdıqları yersiz görünə bilərdi. Ancaq 11 sentyabr terrorundan sonra belə fikirlər Birləşmiş Ştatlar, Böyük Britaniya və radikal islamçı qruplarla mübarizə aparan digər Qərb dövlətlərində də yaranıb.

Müəllif qeyd edir ki, Qərb terrorçuluğa nəzarət, hərbi müdaxiləylə yanaşı, İslamın «dostyana», «dözümlü» interpretasiyalarına da sponsorluq etməyə meyllidir. Faktiki olaraq, bir sıra ölkələr- Əlcəzair, Mərakeş, Pakistan, Rusiya bu xətti seçib, sufiliyi dəstəkləyirlər. Məsələn, Rusiya prezidenti Vladimir Putin Qədiriyyə sufi təriqətinin üzvü Ramzan Kadyrov-u Çeçenistan respublikasına rəhbər qoyub və o da, islamçılarla mübarizədə sufilikdən tez-tez yararlanır.

Ancaq sufiliyin təbliği də heç də həmişə işə yaramırmış. 2005-ci ilin iyulunda Londonda partlayışlardan sonra Britaniya hökuməti Sufi Müsəlman Şurasının yaradılmasını dəstəklədi.

Ancaq bu siyasi qurum gözləntiləri doğrultmadı, əksinə, Birləşmiş Krallıqdakı müsəlman təşkilatları arasında gərginliyi artırdı, belə ki, çoxu bu şuranın hakimiyyəti ələ almaq istədiyini düşünməyə başladı. Bəzi müsəlman təşkilatları hökumətin bu quruma daha çox önəm verdiyini qət etdi. Sonradan hökumət niyyətindən geri çəkilsə də, çoxları hələ də onun ilkin seçimini xatırlayırlar.

Müəllif yazır ki, sufizmin İslamın digər cərəyanlarından artıq təbliği xeyli problematikdir. Yəni, sufizmin İslamın qərbyönlü, mötədil və tolerant forması kimi qəbulu dini «yaxşı» və «pis»ə ayırır ki, terrorçuluqla mübarizə kontekstində belə bölücülük pislənməlidir. Üstəlik, bu cür kateqoriyalaşdırma həm də ziyanlıdır:

«Hökumətlər dinin müəyyən formalarına dəstək verməməli, onları siyasi baxımdan fəal olanlardan üstün tutmamalıdır. Bu, hökumətlər və müsəlman dünyası arasındakı inamı sarsıdar. Onsuz da müsəlman çoxluqlu ölkələrdə ABŞ-ın xarici siyasətinə böyük inamsızlıq var. Siyasətçilər İslamın mötədil formalarını təbliğ etmək əvəzinə, terrorçuluqla mübarizə aparmağa sadiq müsəlman cəmiyyətləri ilə işləməlidir. Onda görəcəklər ki, bir çox sufi və qeyri-sufi qruplar nəinki kömək etmək istəyir, hətta illərdir bu yöndə irəliləyirlər».

R.T.Erdoğan səs verir.

R.T.Erdoğan səs verir.

TÜRKİYƏDƏ DEMOKRATİYANI XİLAS ETMƏK MÜMKÜN OLACAQ?

Karneqi Avropa Mərkəzi bir neçə aparıcı təhlilçinin bu suala cavabını öyrənib.

İstanbuldakı Okan Universitetinin professoru Zeynep Aleçdar deyir ki, 1 noyabr seçkisində seçicilərin 90 faizinin iştirakı Türkiyə vətəndaşlarının demokratik proseslərə verdiyi önəmi üzə çıxardı. Ancaq ölkədəki aşırı qütbləşmə demokratik dəyərlərin yenidən qiymətləndirilməsini tələb edir.

Karneqi Fondunun Rusiya və Avrasiya Proqramının mütəxəssisi Bayram Balcı deyib:

«AKP-nin qələbəsi o deməkdirmi ki, Erdoğan-ın güclü prezident sistemi qurmasına qapı açıldı? Türkiyədə nə baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. İstənilən halda, Türkiyə seçiciləri çox müdrik davrandılar. İyunda Erdoğan-a mesaj verdilər ki, onun hakimi-mütləq idarəçiliyini qəbul etmirlər. İyun-noyabr aylarında o, həmin ismarışı tutdu və azacıq geri çəkildi. Bu geriçəkilmə AKP-nin göstəricisini yüksəltdi. Erdoğan bu reallığı gələcəkdə nəzərə alacaq».

İstanbuldakı Henrix Böll Fondunun direktoru Kristian Brakel isə düşünür ki, Türkiyədə demokratiya qəribə heyvana bənzəyir. Bir tərəfdən ölkədə son illər demokratik və nisbətən azad seçkinin keçirilmədiyini demək olmaz. Digər tərəfdən seçkidən əvvəl və sonra baş verənlər demokratiyaya qismən bənzəyir:

«AKP tərəfdarları və prezident Recep Tayyip Erdoğan-ın fikrincə, seçicilərin əksəriyyətinin AKP-yə səs verməsi bu partiyanın demokratiyanın ən yaxşı qoruyucusu olduğunu göstərir. Ancaq seçicilərə bununla yanaşı, bir mesaj verilir ki, onlar iyundakı kimi bu yoldan dönsələr, hökumət ölkədə və iqtisadiyyatda sabitsizlik yaradar».

Qauntanamo.

Qauntanamo.

QUANTANAMONU BİRDƏFƏLİK BAĞLAYAQ

«The New York Times» Kaliforniyadan olan Demokrat senator Dianne Feinstein-in məqaləsini dərc edib. Senatorun fikrincə, prezident Barack Obama-nın Quantanamo həbsxanasını bağlamaq cəhdlərini əngəlləmək əvəzinə onunla işləmək lazımdır. Senator dövlətə milyardlarla dollar başa gələn və milli təhlükəsizliyə real təhlükə yaradan bu həbsxananın bağlanmasının zəruri olmasına inanır:

«Sadəcə, Quantanamo bu gün terrorçuların əlində ən yaxşı təbliğat alətidir. Düşmənlərimiz bundan istifadə edərək terrorçuluğu əsaslandırır və zorakı cihada yeni simalar cəlb edirlər. Müttəfiqlərimiz isə bu həbsxananın hüququn aliliyini pozduğunu qeyd edirlər. Təsadüfi deyil ki, İŞİD qurbanlarını Quantanamodakı məhbusların geyindiyi narıncı rəngli libasda qətlə yetirir».

Senator yazır ki, Quantanamo həm də vergiödəyicilərinə ağır yükdür. Burada hər məhbusa ABŞ-da istənilən digər ən təhlükəsiz təcridxanada olduğundan 30 dəfə çox xərc çəkilir. Belə ki, məsələn, bir məhbus burada 2.5 milyon dollara başa gəlirsə, Koloradoda «Supermax» penitensiar mərkəzindəki məhbusa 86 min 374 dollar xərclənir.

«İldə Quantanamoya 400 milyon dollar xərcləməklə nə qazanmışıq?» - senator sual edir.

Yazıda o da qeyd olunur ki, Bush administrasiyası dövründə buraya 779 məhbus gətirilib, onlara da, demək olar, ittiham irəli sürülməyib. Daha sonra həmin şəxslərin səhvən saxlandığı üzə çıxıb. Onlardan 532 nəfəri elə Bush administrasiyası tərəfindən buraxılıb. Qalan 112 nəfərin isə yalnız 10-u ya hərbi cinayətdə təqsirli bilinib, ya da məhkum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG