Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:45

Qərb Türkiyədən niyə nigarandır


Ankarada AKP-nin mitinqi.
Ankarada AKP-nin mitinqi.

-

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bir daha təkpartiyalı hakimiyyəti qazanması istər ölkədə, istərsə də regionda böyük iz buraxacaq. Avropa, Rusiya və Birləşmiş Ştatların da təsirsiz ötüşməyəcəyi görünür. Bunu «Reuters» agentliyində beynəlxalq siyasət üzrə təhlilçi Peter Marino yazır.

«Bazar günü seçkisindən sonra 1923-cü ildə yaradılmış dünyəvi Türkiyə Respublikasının hətta banilərinin belə tanımayacağı bir hala gəlməsi mümkündür».

Müəllif xatırladır ki, hakimiyyətinin ilk illərində Erdoğan və AKP-ni Qərb dövlətləri praqmatik islahatçılar sayırdı, demokratik və plüralistik siyasi İslam gözləyirdi. Ancaq 2008-ci ilin maliyyə böhranından bəri, özəlliklə də 2013-cü il Gəzi etirazlarından sonra Erdoğan opponentlərinə hücuma keçdi və getdikcə avtoritarlaşdı.

İyun seçkilərindən sonra koalisiyanın da elə Erdoğan-ın təzyiqi ucbatından ərsəyə gəlməməsinə dair fikirlər var: «Erdoğan-ın qanuni və demokratik seçkinin nəticəsini tanımaq istəməməsi… hakimiyyətini möhkəmləndirmək niyyətindən xəbər verir».

Təhlilçi yazır ki, AKP-nin yeni hakimiyyəti dövründə Erdoğan-ın kürdlərlə münasibəti daha da pisləşəcək. Bazar günü kürdlər bir daha Erdoğan-ı qəbul etmədiklərini göstərdilər. Və Erdoğan bunu çətin unuda. Üstəlik, Türkiyənin ətrafında təhlükəsizlik durumu pisləşməkdədir. Burada da iştirakçılardan biri məhz kürdlərdir. Onsuz da sabit olmayan regionda əlavə sabitsizlik Avropanı, Birləşmiş Ştatları narahat edir. Türkiyənin mövqeyi isə onu Rusiya ilə münasibətlərin tənzimlənməsində, «İslam Dövləti» qruplaşması ilə mübarizədə, Suriya müharibəsində də vacib tərəfdaşa çevirir:

«1 noyabr seçkilərinin nəticələri Türkiyəyə təhlükə yaradan siyasi və ictimai parçalanmalara son qoymadı. Sadəcə, davamlı mübarizənin yeni mərhələsi başlandı: AKP dünyəvi kosmopolit elitaya; Erdoğan kürdlərə; İD Türkiyə və regiona qarşı dayanıb. Avropa, Birləşmiş Ştatlar, hətta Rusiya isə əsəbi şəkildə durub öz regional maraqlarını çək-çevir edirlər. Erdoğan-ın əlində bu məqamdan istifadə etmək üçün vasitələr, motiv və imkanlar var. Son siyasi davranışı da göstərir ki, bunu edəcək».

Rubl\Dollar.
Rubl\Dollar.

RUSİYA BORCLARINI ÖDƏYƏ BİLƏCƏK?

Bu il Rusiya şirkətləri xarici kreditorlara 3 milyard dollarlıq borcu ödəməkdə elə bir problem yaşamayacaqlar. Ancaq gələn il bu rəqəm, demək olar, 4 dəfə artıb, 11 milyard dollar olacaq. 2017-ci ildə isə 27 milyard dollara çatacaq.

«Forbes» yazır ki, neftin və rublun məzənnəsinin hələlik aşağı həddə qaldığını düşünəndə sual çıxır ki, korporativ Rusiyanı hansı kredit riski gözləyir?

«Barclays Capital» hesablayıb ki, Rusiya bankları və şirkətlərinin təxminən 270 milyard dollar borcu var, 1/3 hissəsi gələn 3 il ərzində ödənməlidir. 2016-2018-ci illərdə ödənməli borcun 37%-i Rusiya banklarınındır. Yaxşı xəbər də odur ki, bankların hamısı dollar ehtiyatlarına və cari hesab dinamikasına malikdirlər. Bu da kreditorların yenidən maliyyə ayırmasını təhlükəsiz edir.

Rusiya büdcədə neftin qiymətini 80 dollardan götürsə də, sonradan 60 dollara uyğun dəyişiklik etməyə başladı. Gələn ildən 50 dollara uyğunlaşdıracaqlar.

San-Diyeqoda fond meneceri Gerardo Zamorano deyir ki, Rusiyanın problemi məhz iqtisadiyyatın neft-qazdan asılı olmasıdır və bu amil də tezliklə aradan qalxan deyil.

«Rublun neftin qiymətindən sıx asılılığını nəzərə almaq lazımdır. Çünki supermarket və ya bank alırsansa, təkcə supermarket və ya banka məxsus riskləri daşımırsan. Bunlardan əlavə, neftə bağlı valyutanın da özünəməxsus riski var».

«Forbes» yazır ki, bütün bunlar səhm investorları üçün əhəmiyyət daşıyır. Belə ki, həm səhmlərin qiymətləri aşağı olanda, həm də valyuta enəndə qazanmaq olur.

Amerika hinduları.
Amerika hinduları.

AMERİKANLAR EVDƏ 350 DİLDƏ DANIŞIR

5 yaşdan yuxarı 60 milyondan çox amerikalı evdə ingiliscə danışmır. Onlar 350-dən çox dildən istifadə edirlər.

Bunu Əhalini Siyahıyaalma Bürosunun noyabrın 3-də açıqladığı məlumata əsasən demək olar.

Belə ki, 37 milyon amerikalı evdə ən çox ispanca danışır. İspanca danışanlar ingilis dilini öyrənməyə meyllidir, yarıdan çoxu artıq öyrəndiyini deyib. Asiya dillərində danışanlar ingiliscə daha pis bilirlər. 1.4 milyon vyetnamca danışanın yalnız 40 faizi, 2.9 milyon çin dilində danışanın isə 44.7 faizi ingiliscə «çox yaxşı» bilir.

Meqapolislər də dil baxımından rəngarəngdir. Məsələn, Nyu-Yorkda 192 dildən istifadə olunur. Los-Ancelesdə yaşayanların 54%-i evdə ingiliscə danışmır. 350 mindən artıq insan isə Amerika dialektlərindən, Navaho, Apaçi, Dakota, Çokto və Çerokidən istifadə edir.

Siyahıyaalma Bürosunun əməkdaşı Erik Vickstrom deyir ki, bu sorğu Birləşmiş Ştatların dil müxtəlifliyini ortaya qoyub: «Dillərin və ondan istifadə edənlərin sayını bilmək siyasətçilər, planlama aparanlar və tədqiqatçılar üçün çox vacibdir».

XS
SM
MD
LG