Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:20

Maraqsız seçki: kadr qıtlığı, yoxsa zarafat?!


Məmməd Süleymanov.
Məmməd Süleymanov.

-

virtualaz.org-da yazıçı-jurnalist Məmməd Süleymanov parlament seçkilərindən yazır:

«Məhz bu seçkiləri tamamilə maraqsız seçkilər adlandıra bilərik...

Ancaq nahaq - proseslər tam məntiqidir, seçkilərin vulqarlaşmasının yalnız indi şahidi olduqlarını söyləyənləri vur-tut sadəlövh (ən yüngül halda) adlandırmaq olar. Yəni əvvəldə görmək olardı ki, hansı kor dalana ilişəcəyik.

Yox, mən ənənəvi müxalifətin boykotunu nəzərdə tutmuram. O boykot olmasaydı belə seçici biganəliyi aksiomatik idi. Çünki total olaraq ümid yoxa çıxıb. Ənənəvi müxalifətin deputatlarının hakim partiya deputatlarından fərqlənmədiyini isə obıvatel artıq 20 ildir izləyir.

Nə vaxtsa 15 il əvvəl təklif səsləndirmişdim - iqtidar parlamentdəki yerlərin 70 faizini müxalifətə versəydi, qətiyyən risk etmiş olmazdı. Çünki uzağı 1 aydan sonra onların hamısı iqtidar tərəfə keçəcəkdi.

Düzdür, iqtidar qismən də olsa bunu edir, parlamentdəki «müxaliflər»ə isə bu dəfə hətta Tahir Kərimli və Araz Əlizadə də əlavə edildi. Bilmirəm, bu, kadr qıtlığıdır, yoxsa zarafat?!».

Müəllif yazır ki, parlament seçkiləri sürətlə ümummilli zarafat gününə çevrildilir: «Fərdlər bu günü sanki xüsusi olaraq gözləyirlər ki, öz ironiya boğçalarını açıb töksünlər».

Eldar Mahmudov.
Eldar Mahmudov.

ELDAR MAHMUDOV «SƏİDİN DƏSTƏSİ» İLƏ İLHAM ƏLİYEVİ NECƏ ALDADIB?

«Azadlıq» qəzeti 2007-ci ildə dövlət çevrilişi hazırlamaqda ittiham olunaraq MTN tərəfindən saxlanılan dəstə üzvlərinin aqibətindən yazır.

MTN-nin «Səidin dəstəsi» adlandırdığı bu «mütəşəkkil qrup»un 14 üzvündən 13-ü Cinayət Məcəlləsinin cinayətkar birlik yaratma, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama maddələri ilə ittiham olunaraq, 8-14 il arası azadlıqdan məhrum edildilər. Adları çəkilən gənclərin əksəriyyəti ali təhsilli olduqlarından xarici şirkətlərdə çalışırdı.

Qəzet yazır ki, bu əməliyyatı hazırlayanların əksəriyyəti bu gün «MTN işi» ilə bağlı ya işdən çıxarılıb və yaxud həbs olunub: «Beləliklə, MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlan Şıxəliyev, istintaqı aparan Nadir Mustafayev və İlqar Əliyevin xüsusi qəddarlıqları məhkəmədə səslənsə də, heç bir araşdırma aparılmadı. Hətta bu işdə ölüm faktı da nəzərə alınmadı. Məlumat üçün deyək ki, gənclərdən Emil Məmmədov işgəncə nəticəsində dünyasını dəyişib. Amma hakim Ənvər Seyidovun qapalı keçirdiyi məhkəmədə bu qətl heç sorğu-sual da olunmadı. Sadəcə, Ənvər Seyidov 2007-ci ilin dekabrında məhkəmə prosesi zamanı gənclərin valideynləri ilə görüşdə «Bilirəm, o cavanların heç bir günahı yoxdur, mən onların üzlərinə baxa bilmirəm. Nə etmək olar? Səbir edin, üç ildən sonra prezidentimiz özü onları azadlığa buraxdıracaq»- deməyə özündə cəsarət tapdı».

Qəzet yazır ki, həbs olunanlardan Emil Mehbalıyev Azərbaycan Həmkarlar Konfederasiyasının sədri Səttar Mehbalıyevin qardaşı oğludur: «Həmin dövrdə Emil Mehbalıyevin digər əmisi Faiq Mehbalıyev MTN-nin Binəqədi rayon İdarəsinin rəisi idi. Amma nə Səttar Mehbalıyev, nə də Faiq Mehbalıyev qardaşı oğullarının qanunsuz həbsi barədə danışdılar».

Milli Təhlükəsizlik Nazirliyi.
Milli Təhlükəsizlik Nazirliyi.

«MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİNİN ADI BİLİNDİ»

«Yeni Müsavat»ın məqaləsi belə adlanır.

Qəzet ehtimal edir ki, prezident Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri postuna general-leytenant Mədət Quliyevi təyin etməklə yeni nazirin kim olacağı ilə bağlı suala aydınlıq gətirdi:

«Nazir postuna təyin edilə biləcək isimlər sırasında ilk gündəmə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin adı gəldi. Onun hətta MTN-də başlamış cinayət işinə rəhbərlik etdiyi də söylənilirdi ki, sonradan istintaq qrupuna baş prokurorun müavini Rüstəm Usubovun rəhbərlik etdiyi təsdiqləndi.

Amma peşəkarlığı şübhə doğurmayan Ə.Nağıyevin yenidən nazir gətirilməsi bir sıra səbəblərdən mümkünsüz görünürdü. Onun ətrafında güclü təşkilatlanma yaratmaq bacarığı var və iqtidarda ciddi dayaqlarını saxlaya bilib. «Təmizləmələrə» baxmayaraq onu MTN-də hələ də istəməyənlər qalır və bu sırada müavin olan və çox güman ki, yaxınlarda birinci müavin postuna da təsdiqlənəcək Hilal Əsədov da var. İqtidar MTN-də toxunmadığı H.Əsədovu ötən həftə MDB xüsusi-xidmət orqanlarının toplantısına göndərməklə onunla işləməkdə davam edəcəyi mesajını vermiş oldu. Ehtimal etmək olar ki, Ə.Nağıyevin nazir təyinatı MTN-də yeni bir «qaynar nöqtə2 yarada bilərdi ki, bu da iqtidarın maraqlarına tam ziddir».

Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, sabiq səfir Məhərrəm Əliyevin adının milli təhlükəsizlik naziri postuna hallanması da təzə söhbət deyil. Qəzet yazır ki, M.Əliyev də hakimiyyətdə zəiflədilmiş kadrlardan sayılır: «Onun diplomatik keçmişi də MTN-ə rəhbərlik etmək üçün bəzi əngəllər yarada bilər. Yəni keçmiş MTN rəhbərini səfir göndərmək olar, amma keçmiş səfirə MTN-i həvalə etmək istənilən hakimiyyət üçün risk yaradır».

Körpələr.
Körpələr.

GÜNDƏ 449 KÖRPƏ DOĞULUR

«Azərbaycanda gündə orta hesabla 449 körpə dünyaya gəlir».

«Azərbaycan» yazır ki, bu, ölkədə doğumun səviyyəsinin yüksək olaraq qaldığını təsdiqləyir.

Bu ilin əvvəlindən sentyabrın 1-dək ölkə əhalisinin sayı 73 min nəfər, yaxud 0.8 faiz artıb. Beləliklə, hazırda əhalinin sayı 9 milyon 666 min nəfəri ötüb.

Qəzet bir məqamı vurğulayır ki, Azərbaycana daimi yaşamağa gələnlərin sayı da ölkədən birdəfəlik köçüb gedənlərin sayından çoxdur. Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları bu ilin 8 ayında Azərbaycana köçüb gələnlərin sayının 1.8 min nəfər olduğunu bildiriblər. Ölkəni cəmi 700 nəfər həmişəlik tərk edən qeydə alınıb.

«Vaxtilə iş, dolanışıq axtarışı ilə yad məmləkətlərə üz tutanların çoxu indi geriyə, öz rayonuna, kəndinə qayıdıb. Bu da Azərbaycan dövlətinin regionların sosial-iqtisadi inkişafına yönəltdiyi ardıcıl tədbirlərin bəhrəsidir. Əksəriyyəti bölgələrin payına düşən yeni iş yerlərinin açılması, işıq sarıdan çətinliyin olmaması, su təchizatı probleminin müvəffəqiyyətli həlli, ən ucqar kəndlərə də qaz xətlərinin çəkilməsinin vüsət alması insanları yurd-yuvalarına daha sıx bağlayır.

Xeyli vaxtdır ölkədə ölüm hallarının sayının azalması, yaxud eyni səviyyədə qalması da insanların həyat şəraitinin yaxşılaşmasını təsdiqləyən faktdır», - məqalədə deyilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG