Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:39

Gürcüstan-Rusiya qaz danışıqları söz-söhbət yaradıb


«Gazprom»
«Gazprom»

-

Son həftələr Gürcüstanın Rusiyadan təbii qaz idxalı üzrə danışıqlara başlaması ciddi söz-söhbət yaradıb. «Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, danışıqlar sentyabrın sonunda başlayıb, energetika naziri Kakha Kaladze «Gazprom» rəhbəri Alexei Miller ilə Brüsseldə görüşüb. Gürcüstan hökuməti əvvəlcə bunu təkzib etsə də, Kaladze danışıqların başlandığını oktyabrın 10-da təsdiqləyib. İki rəsminin oktyabrın 27-də Milanda ikinci görüşü keçirməsi barədə də məlumatlar var.

«Stratfor» Gürcüstanın Rusiya ilə 2008-ci il müharibəsinə, bu ölkənin AB və NATO üzvlüyünü xarici siyasət prioriteti seçməsinə toxunur. Son 10 ildə Gürcüstan Rusiya qazından asılılığını azaldıb, Azərbaycana üz tutub. Gürcüstan Azərbaycan neft-qazı üçün əsas tranzit və istehlakçı ölkəyə çevrilib. Azərbaycan Gürcüstanın təbii qaz istehlakının 90 faizini verir.

«Danışıqlara baxmayaraq, Gürcüstan çətin ki, xarici siyasətini Rusiyaya tərəf döndərsin. Bu ölkə enerjini daha çox Azərbaycandan almaqda maraqlıdır. Baş nazir Irakli Garibashvili oktyabrın 12-də Bakıda olub. Prezident İlham Əliyev bu günlərdə Tbilisiyə gedir. Ola bilsin, Tbilisi Moskva ilə danışıqlardan istifadə edərək hər iki təchizatçıdan daha sərfəli qiymətlər qoparmaq istəyir. Yaxud özünün Cənubi Osetiya yaxınlığından keçən kəmərlər şəbəkəsinə Rusiyanın müdaxilə riskini azaltmağa çalışır. Hər halda «Gürcü Arzusu» hökuməti Qərblə daha böyük inteqrasiyaya çalışır», - «Stratfor» yazır.

Serzh Sarkisian və Vladimir Putin.
Serzh Sarkisian və Vladimir Putin.

RUSİYA ERMƏNİSTANA TƏZYİQLƏRI ARTIRIR

«Stratfor»un digər təhlilində isə qeyd olunur ki, İran nüvə sazişinin Yaxın Şərqin dinamikasını dəyişməsi şəksizdir. Ancaq çox az adam bu sazişin qonşu Qafqaz, özəlliklə Ermənistana təsirini nəzərə alır:

«Qərbin sanksiyaları tezliklə qaldırılacaq. Ermənistan Gürcüstan limanlarına axacaq İran nefti və təbii qazı üçün tranzit ölkəyə çevrilə bilər. Ancaq Tehranla Yerevanın oxşar münasibətləri Ermənistanın əsas himayədarı olan Rusiyanın arzusunda olduğu ən axırıncı məsələdir. İllah da ki, Rusiya bu layihələrdə idarəedici pay almasa. Bu səbəbdən Rusiya Ermənistanda iqtisadi iştirakını artırır. Rusiyada yaşayan nüfuzlu erməniləri isə ölkə siyasətinə daxil olmağa təhrik edir».

«Ancaq Ermənistanın tranzit ölkə qabiliyyətini məhdudlaşdırmaq onu daha da təcrid edər. Axı yeni regional enerji layihələri onsuz da Yerevandan yan keçməkdədir. Elə Moskvanın istədiyi də budur – Ermənistan Rusiyadan asılı qalsın, onun nüfuz dairəsindən çıxmasın və Qərbə yaxınlaşmasın. Uzaq perspektivdə isə Rusiyada yaşayan ermənilər Ermənistan siyasətində mühüm oyunçulara çevrilə bilərlər. Onlar da sonucda Moskvanın davamlı maraqlarına xidmət edəcək», - «Stratfor» yazır.

ABŞ hərbçiləri.
ABŞ hərbçiləri.

50 XÜSUSİ TƏYİNATLI SURİYADA NƏYİ DƏYİŞƏCƏK?

ABŞ Suriyada üsyançılarla koordinasiya məqsədilə bu ölkəyə 50 xüsusi təyinatlı hərbçi göndərir. Tənqidçilər bunu simvolik jest sayır. Ancaq «The Christian Science Monitor» yazır ki, bu 50 hərbçinin xüsusi missiyası var.

Bir sıra respublikaçılar bunu «gözdən pərdə asmaq» da adlandırır. «Bu, ölkədə heç nəyi dəyişməyəcək», - Cənubi Karolinadan senator Lindsey Graham MSNBC-yə deyib.

Ancaq bəzi ekspertlər əksini düşünür. «50 ABŞ hərbçisi üsyançılarla daha səmərəli əlaqə yaradılmasına töhfəsini verəcək», - Vaşinqtondakı Katon İnstitutunun müdafiə və xarici siyasət üzrə əməkdaşı Emma Ashford deyib.

CSM yazır ki, ABŞ bəzi üsyançı qüvvələr arasında nüfuzunu, onlara təsirini artırmağa ümid bəsləyir. Buraya Azad Suriya Ordusunun qüvvələri ilə birləşmiş Suriya kürd döyüşçüləri daxildir. Bu iki qrup Suriya-Türkiyə sərhədi boyunca bəzi kəndləri «İslam Dövləti» silahlı qruplaşmasından geri almağı vəd edir. Onlar birgə əməliyyat mərkəzi də yaradıblar.

«ABŞ xüsusi təyinatlıları müttəfiqlərini əmin edə bilərlər ki, ABŞ Suriyanın kürd döyüşçülərinə təsir göstərə bilir. Bu, ən çox da Türkiyəni inandırmaq üçün vacibdir. Belə ki, bəzi kürd qrupları Türkiyə ərazisində separatçılıq fəaliyyəti göstərdiyindən Ankara kürdlərə şübhəylə yanaşır».

XS
SM
MD
LG