Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:57

-

Parlament seçkilərini uduzan Ümid Partiyasının sədri İqbal Ağazadə modern.az saytının suallarını cavablandırıb.

İqbal Ağazadənin dediyinə görə, əlində protokol var ki, 21-ci məntəqədən 44 səs alıb, rəqibi, yeni parlamentə düşən Araz Əlizadə isə 8 səs:

- Amma MSK-nın saytında yerləşdirilmişdi ki, Araz Əlizadə 292 səs, mən isə 110 səs almışam. Bu protokollar əlimizdədir. Bilirlər ki, 21-ci məntəqənin sədri,komissiya katibi deyir ki, adamlara protokol vermişik. İndi lap getsin dairədə nə yazır yazsın. Bu nəyi dəyişir ki! Amma protokolda imzası, möhürü ilə standartlara uyğun olaraq bunları yazıb. İki nəticə necə ola bilər ortada?
Bir haşiyə çıxım. Ağasadıq Gəraybəyli rəhmətə gedəndən sonra onu yas yerindən götürəndə hamı çıxış edir. Daha sonra söz rəhmətlik Siyavuş Aslana verilir. Siyavuş Aslan da görür ki, hamı Ağasadıq Gəraybəyli haqqında hər şeyi deyib. O da adamlara baxıb köks ötürərək deyir ki, «çox çətindir. Sizin üçün də çətindir, mənim üçün də». Arxaya çevrilib Ağasadıq Gəraybəylinin nəşinə baxaraq «vallah, bunun özü üçün lap çətindir» söyləyir. İndi dairənin özü üçün də, MSK üçün də lap çətindir. Necə etsinlər. Ona görə də düzəldə bilmədilər».

- «Bu mübarizədən İqbal Ağazadə məğlub çıxdı» deyənlərə sözünüz varmı?

- Hər şey yaxşı olacaq. Sadəcə, gülümsəmək lazımdır. Ən çətin anlarda da... Hesab edirəm ki, bu da bir siyasətçi üçün yaşaya biləcəyi situasiyalardan biridir. Fərqi yoxdur, haqlı və ya haqsız. Ona görə də yolumuza davam edirik. Gülümsəyə-gülümsəyə...

Mübariz Qurbanlı

Mübariz Qurbanlı

MÜBARİZ QURBANLI: «BƏDXAHLARIN CƏHDLƏRİNƏ BAXMAYARAQ…»

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı yap.org.az-ın suallarını cavablandırıb. Keçmiş deputat Mübariz Qurbanlı parlament seçkilərindən danışıb: «Noyabrın 1-də Milli Məclisə keçirilən seçkilər azad, ədalətli və demokratik şəraitdə, əhalinin fəallığı ilə baş tutdu. Yeni Azərbaycan Partiyasından irəli sürülmüş namizədlər böyük uğur qazanıblar. Azərbaycan xalqı Prezidentimiz cənab İlham Əliyevin siyasətinə - inkişafa, sabitliyə, Yeni Azərbaycan Partiyasının seçki proqramında irəli sürülmüş «Yeni hədəflərə doğru» müddəalara səs verdi. Bir məsələni qeyd etmək istərdim ki, bəzi bədxahların cəhdlərinə baxmayaraq, seçki prosesində seçicilər daha monolit və mütəşəkkil iştirak etdilər».

İlham İsmayıl

İlham İsmayıl

MTN-DƏ ƏKS-KƏŞFİYYAT KƏŞFİYYATDAN AYRILMALIDIRMI?

«Azadlıq» qəzeti yazır ki, Milli Təhlükəsizlik Nazirliyində «təmizləmə» əməliyyatı bir sıra mətləbləri üzə çıxardı: «Məhz buna görə ekspertlər hesab edir ki, MTN-də keçirilməli olan köklü islahatlardan birincisi əks-kəşfiyyat idarəsinin ayrıca bir quruma çevrilməsindən başlamalıdır».

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl «Azadlıq» qəzetinə deyib ki, əsasən böyük dövlətlərdə kəşfiyyat və əks-kəşfiyyat strukturları ayrı-ayrı işləyirlər: «Amma Azərbaycanda hazırkı dövrdə, MTN-in çətin durumunda onların ayrılması məqsədəuyğun deyil. Perspektivdə bu qurumların ayrılması daha düzgün olardı. Amma indiki durumda kəşfiyyatı ayırmaq zaman tələb edir».

İ.İsmayıl bildirdi ki, MTN üçün ölkədə kifayət qədər kadr mövcuddur: «Vaxtilə sovet, Rusiya məktəblərində oxumuş və işi yaxşı bilən kadrlar var. Onlara etibar edilib-edilməyəcəyini deyə bilmərəm. Hələ MTN-də görülməli olan işlər çoxdur. Hazırkı kadrlara, ümumiyyətlə, etibar etmək mümkün deyil. Burada qüsurlar təkcə təcrübəsizliklə bağlı deyil. Keçmiş kadrlar isə Azərbaycana xəyanət etməyiblər. Əlbəttə, seçim aparılmalıdır. Amma hazırda MTN üçün keçid dövründə professionalların bu quruma cəlbi xüsusilə vacibdir».

Bakı

Bakı

BAKININ BAŞ PLANI BİR ÇOX SİRLƏRİ ORTAYA ÇIXARIR

«Bizim yol» qəzeti Bakının baş planını saf-çürük edib. Qəzet yazır ki, paytaxt getdikcə daha çox yüklənir, yükləndikcə, problemləri artır və sosial infrastruktur tələblərə cavab vermir:

«Qüvvədə olan Baş Plan komitənin veb-saytında var. Əslində köhnəlmiş plan deyək. Çünki bu sənəd 2005-ci ilə qədər olan Bakının planlamasını nəzərdə tutub. Amma üstündən bir 10 il də keçməsinə baxmayaraq, qüvvədədir».

Planın nəqliyyat hissəsi ilə bağlı qəzet yazır: «Planda qeyd olunur ki, əhali artımı, şəhərin və Abşeron yarımadasının yeni periferiya rayonlarında mənzil tikintisinin inkişafı, avtomobil parkının artması əhali hərəkətliliyinin və sərnişin daşınması həcmlərinin böyüməsinə gətirir. Baş Planla sərnişin daşınmanın ümumi həcmində elektrik nəqliyyatının xüsusi çəkisinin artırılması nəzərdə tutulur. 2005-ci il üçün elektrik nəqliyyatının xüsusi çəkisi mövcud mərhələdəki 45%-ə qarşı təxminən 70% təşkil edəcəkdi.

Metropolitendən istifadə 19.3% artmaqla paralel olaraq tramvay və trolleybuslar da bu yükü paylaşacaqdılar. Trolleybusdan istifadədə üç dəfəyə yaxın bir yüksəliş gözlənilirdi. Bu zaman avtobuslara tələbat iki dəfədən çox azalaraq 65.4%-dən 30%-ə düşəcəkdi. Tramvaydan istifadə də azalmayacaqdı, əksinə, artacaqdı. Amma planlamada tramvay və trolleybusların dövriyyədən çıxarılması kimi bir niyyət olmayıb. Ona görə də proqnozlaşdırılan 30% yük də metro və avtobus nəqliyyatının üzərinə düşüb».

Mardan Palace

Mardan Palace

AST TELMANIN «ÜRƏYİNİ» ERDOĞAN-IN BANKI ƏLİNDƏN ALDI

3 noyabr tarixli sayında eyni adlı məqalədə «Yeni Müsavat» qəzeti «AST» Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovun Türkiyədə sahibi olduğu «Mardan Palace»in taleyindən yazıb. Qəzet yazır ki, Telman İsmayılov «ürəyindən vurulub»: «Onun 2009-cu ilin mayında açılışını etdiyi, atasının adının daşıyan «Mardan Palace» hoteli əlindən çıxıb. 1.4 milyard dollar başa gələn hotel cəmi 128 milyona satılıb.

Türkiyənin «Hürriyet» qəzeti noyabrın 2-də Antalya İcra Dairəsinin «Garanti bank»ıniddiası əsasında həbs qoyduğu hotelin satışa çıxarılaraq cəmi 360 milyon türk lirəsinə satıldığını xəbər verib. Təxminən 128 milyon dollara satılan hoteli «Halk Bank» alıb. «Garanti Bank» Telman İsmayılovdan 207 milyon TL borcunu tələb etdiyindən hələ görünür ki, borc tam ödənilməyib. Məlumata görə, hotelin yanında T.İsmayılov dəbdəbəli villa tikdirib və güman ki, o villa da satışa çıxarılacaq. T.İsmayılovun «Halk bank»a da borcu olduğundan bu bank qalan vəsaiti ödəməyəcək və onu borca siləcək».

Qəzet yazır ki, 7-ulduzlu dəbdəbəli oteli dəyərindən 10 dəfə aşağı qiymətə alınması bəzi şübhələrə yol aça bilər: «Çünki hələ bir müddət əvvəl T.İsmayılov demişdiki, onu Türkiyədə çıxarmaq istəyən maraqlı qüvvələr var. O,bu hoteli satmaq planlarının olmadığını da demişdi. T.İsmayılov hotelin inşası zamanı bank kreditlərindən istifadə etdiyini təsdiqləmişdi: «Söhbət yalnız 110 milyon dollardan gedir. Mənim Türkiyədə heç bir problemim yoxdur». Biznesmen hesab edirdi ki, onun aktivlərini reyder üsulu ilə ələ keçirirlər».

Günün bütün mövzuları

XS
SM
MD
LG