Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:44

«Real seçici fəallığı 25 faizdən çox deyil»


Azərbaycanda parlament seçkiləri, 1 noyabr, 2015

Azərbaycanda parlament seçkiləri, 1 noyabr, 2015

-

Seçkilərdə seçicilərin fəallığını MSK ilə yanaşı, həm də Demokratik Təşəbbüslər İnstitutu qeydə alıb, fərq yarıbayarıdır.

«Görünən odur ki, seçici fəallığı ildən-ilə aşağı düşür. Sanki seçicilərin seçkiyə etimadı seçkidən seçkiyə azalır. Seçki institutu demokratik təsisat kimi sıradan çıxır»

Noyabrın 1-də keçirilən parlament seçkilərində 5 milyon 200 minə yaxın seçicidən 2 milyon 898 minə yaxını səsvermədə iştirak edib. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatında belə deyilir. Bu, 55,7 faiz seçici fəallığı deməkdir.

Ötən parlament seçkilərində - 2010-cu ilin noyabrında baş tutan seçkilərdə seçici fəallığı rəsmi rəqəmlərə görə 50,14 faiz idi, yəni seçicilərin 2.5 milyona yaxını səs vermək hüququndan yararlanmışdı.

Məntəqədə müşahidəçi qeydləri, 1 noyabr, 2015-ci il Milli Məclisə seçkilər

Məntəqədə müşahidəçi qeydləri, 1 noyabr, 2015-ci il Milli Məclisə seçkilər

Bu rəqəmlər adətən müstəqil ekspertlər, seçkilərdə monitorinq aparan müstəqil qurumların təqdim etdiyi rəqəmlərlə üst-üstə düşmür. Məsələn, hələ 2010-cu il parlament seçkilərinin monitorinqini aparan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi yekun hesabatında yazırdı ki, seçici fəallığı xeyli azalıb, 25 faiz təşkil edir. Hazırda fəaliyyət göstərməyən bu qurumun həbsdə olan rəhbəri Anar Məmmədli 2013-cü il prezident seçkisindən sonra qeyd edirdi ki, ölkədə ən rəqabətli seçki 2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkisi olub, o zaman belə seçici fəallığı 40-50 faiz arasında qeydə alınıb.

«KARUSEL»LƏR, ƏLAVƏ SİYAHILARLA «ŞİŞİRDİLƏN» RƏQƏMLƏR

İndi də ekspertlər düşünür ki, seçki seçicilər arasında ictimai-siyasi hadisə kimi artıq cəlbedici və maraqlı proses sayılmır. Seçki fəallığı keçid dövrünü yaşayan postsovet ölkələrində ədalətli seçkilər üçün başlıca şərt olub, seçki pozuntularına qarşı ən mükəmməl vasitə hesab olunur.

Seçicilərin fəal olmadığı seçkilərdə isə siyahılar, ekspertlərə görə, əsasən «karusel» əməliyyatları, əlavə seçici siyahıları vasitəsilə «şişirdilir».

Son illər sosial mediadan – vətəndaş jurnalistikasından istifadə geniş yayıldığından, bu cür seçki saxtakarlıqlarının ictimailəşdirilməsi imkanları da xeyli artıb.

Mehriban Zeynalova

Mehriban Zeynalova

Bu baxımdan bu seçkilər də istisna deyil. Səsvermə günü həm də seçicilərin sayını artırmağa xidmət edən seçki pozuntuları ilə bağlı video, foto görüntülər sosial şəbəkələrdə yer alıb. Günün ən çox müzakirəyə səbəb olan belə videolarından biri 32 saylı Suraxanı 3-cü seçki dairəsindən namizədliyini irəli sürmüş Təmiz Dünya təşkilatının sədri Mehriban Zeynalovanın öz facebook səhifəsində yerləşdirdiyi videogörüntü oldu. Həmin görüntüdə məntəqə sədri olduğu deyilən qadın qutuya topa bülleten atır. AzadlıqRadiosuna müsahibəsində Mehriban Zeynalova deyir ki, etiraz edib pozuntunu aktlaşdırmaq istəsələr də, akta qol çəkən olmayıb.

FƏRQLİ MƏNBƏLƏRİN FƏRQLİ RƏQƏMLƏRİ

Pənah Hüseyn

Pənah Hüseyn

«Azadlıq 2015» blokundan 63 saylı Sabirabad birinci seçki dairəsindən deputatlığa namizəd Pənah Hüseynin AzadlıqRadiosuna dediyinə görə, onların seçici fəallığına dair qeydləri ilə dairə seçki komissiyasının elan etdikləri məlumat arasında təxminən iki dəfə fərq var:

«Bizim müşahidəçilərlə DSK-nın məlumatları arasında təxminən iki dəfəyə yaxın fərq var. Hətta məntəqə sədrlərinin müşahidəçilərimə elan etdikləri rəqəmlərlə DSK-nın dairədə elan etdiyi rəqəmlər və daha sonra MSK-nın saytına göndərdiyi rəqəmlər arasında əhəmiyyətli fərqlər var. Nə DSK, nə də məntəqə seçki komissiyaları seçicilərin gəlməsi haqqında hər hansı bir yazılı məlumat vermir. Hətta bir çox məntəqələr heç şifahi də məlumat vermir. 10 saylı məntəqədə bir dəstə naməlum adam içəri girib müşahidəçilərimi kənara atıb. Seçki prosesini yarım saata yaxın dayandırıb qutuları doldurublar».

63 saylı Sabirabad birinci seçki dairəsi bu məsələyə aydınlıq gətirmək istəməyib.

«PARLAMENT SEÇKİLƏRİNƏ MARAQ ADƏTƏN BELƏ AŞAĞI OLMURDU»

Təcili Tibbi Yardım Stansiyasının yarımçıq qalmış tikilisi, 1 noyabr, 2015, parlament seçkiləri günü

Təcili Tibbi Yardım Stansiyasının yarımçıq qalmış tikilisi, 1 noyabr, 2015, parlament seçkiləri günü

AzadlıqRadiosuna seçici fəallığını şərh edən seçki eksperti Mirəli Hüseynov deyir ki, rəsmi rəqəmlər artan tendensiya üzrə göstərilsə də, reallıq ondan xəbər verir ki, budəfəki parlament seçkilərinə maraq hətta bələdiyyə seçkiləri səviyyəsinə enib:

«Görünən odur ki, seçici fəallığı ildən-ilə aşağı düşür. Sanki seçicilərin seçkiyə etimadı seçkidən seçkiyə azalır. Seçki institutu demokratik təsisat kimi sıradan çıxır. Ənənəvi seçici fəallığı problemi bu seçkilərdə nəinki qaldı, hətta dinamika daha aşağı səviyyədə oldu. Günün sonunda vəziyyət necə olacaq, bilmirəm, amma mənim məntəqələrdə olduğum müddətdə saat 2-3-dək 200-250 seçici iştirak etmişdi, yəni ümumi seçicilərin təxminən 20-25 faizi seçkiyə qatılmışdı. Parlament seçkilərində seçici fəallığı adətən belə aşağı olmurdu, biz bu cür vəziyyəti daha çox bələdiyyə seçkilərində görürdük. Təəssüf ki, artıq ölkə üçün mühüm əhəmiyyət kəsb edən parlamentin formalaşması ilə bağlı seçkilərə də belə etinasızlıq var».

«FƏRQ YARIBAYARIDIR»

Məntəqə, Milli Məclisə seçkilər, 1 noyabr, 2015

Məntəqə, Milli Məclisə seçkilər, 1 noyabr, 2015

1 noyabr seçkilərində seçicilərin fəallığını MSK ilə yanaşı həm də Demokratik Təşəbbüslər İnstitutu qeydə alıb. İnstitutun sədri, həm də MSK üzvü Akif Qurbanov AzadlıqRadiosuna deyir ki, fərq yarıbayarıdır:

«Seçici fəallığının müşahidəsini ona görə aparmaq qərarına gəldik ki, hər dəfə bu göstəricidə süni artırma olduğunu bilirik. MSK-nın saat 5-ə olan məlumatında seçici fəallığı 50 faiz göstərilir. Bizim 25 dairə üzrə apardığımız müşahidələrin nəticəsində belə qənaətə gəldik ki, respublika üzrə aktivlik 24 faizdən bir qədər çoxdur, yəni 25 faizi keçmir. Hətta sizə deyim ki, bizim bu rəqəmlərin özündə də qeyri-dəqiqlik var, çünki elə olub ki, müşahidəçilərimiz məntəqələrdə karuseldə iştirak edən seçici ilə real seçicini fərqləndirə bilməyib. Müşahidəçilər üçün o qədər məhdudiyyətlər yaradılır ki, onlar prosesi tam şəffaf izləyə bilməyiblər. Ona görə də bizim rəqəmlərdə hətta karusel izinin də olması mümkündür».

MSK bu seçkilərin ilkin nəticəsini səsvermə gününün sonunda – saat 24-də açıqlayacağını deyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG