Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:09

Deyərlər əsnəyə-əsnəyə: “Dövlət tədbirinə gediblər, dövlət tədbirinə"


Həmid Herisçi

Həmid Herisçi

- Beş il əvvəlin şeirləri

Həmid Herisçi

CƏLLADLA ÜZ-ÜZƏ


Siqaret kötüklərinin
bol olduğu,
bircə külək həmləsiylə
yox olduğu,
qəbirstanlıq mollasının yorulduğu,
ən tənha məzarı seçib,
üzərində oturduğu,
uzaq sarı işıqların ac,
zülmətin tox olduğu,
lüm-lüt qış ağaclarının mənə
bahar fəsli
boyun olduğu,
insanların öz kölgəsini
fahişə kimi soyunduğu,
divarlara
yad kölgələrin qonduğu,
küləyin sait, ağacların samit
səs olduğu,
səfehliyin mənə aid olduğu,

it-bat bir yerdə,
harda, “Makdonalds” dükanı hələ açılmayıb,
hələ təmirdədi,
təmirdə...
Harda, bütün millət qeybə çəkilib,
soruşsan “hardadırlar?”
deyərlər əsnəyə-əsnəyə: “Dövlət tədbirinə gediblər,
dövlət tədbirinə”...

yerdə oturmuş tumsatan bir qarı gördüm...
siqaretimi söndürdüm...

***

Gözlərində meyid vardı bu qarının
kirli dırnaqlarında
ölüm,
Aygün Kazımovanın mahnısını oxuyurdu
vücudundakı zülmət-“Qoy işıqları söndürüm!”

Arxasında isə yetim kitab dükanı...

əli altında-
-fizika-riyaziyyat dərslikləri,
Kafkanın gündəlikləri,
Quran təfsirləri,
Ümmülbanunun “Paris günləri”...


Müştəri gəldimi,
cibini eşələdimi,
ağzına gələni çərənlədimi,
beşcə qəpik ələ dəydimi,
o qarı, bir səhifə qoparır
həmin bəxtsiz kitablardan,
Vaxsey, Marks “Kapital”ının
düz ortasından!

dürmələyib, içinə qara tum tökür...
dildə, hökuməti söyür,
müştərinin dərdini alır,
başına dönür,
İşdə, hikmət dünyasını sökür,
Çökür, Nizaminin “Sirlər xəzinəsi”...
Ütülür, “Kapitan Nemo”nun
bütün fəlsəfəsi.

***

Allah, nə qədər ümüdsüzdür
önümdəki kitab dükanı...
Hə, burda yeyib doyar,
hıçqırar
Rəssam Rembrantın
tünd boyaları...
Allah, bu qarıdan it kimi qorxar
Paris milli kitabxanası!

Satdığı Şəki halvasını,
o, gör necə bükür
Bulqakovun Masterinə, Marqaritasına...
Hə, burda mən uduzdum,
udqundum...
Oturdum,
yer üstə deyil, daş üstə deyil,
elə öz üzərimdə...
Bütün tunc heykəllərin
ağır əlini hiss etdim
öz zəif çiyinlərimdə...

belə hallara düşən vaxt
şairlər şer yazar,
nənələr corab toxuyarmış,
mərsiyələrin sait səsləri uzanarmış
uzaq Kərbalaya qədər...

indikilər isə bu halında ancaq
ucuz dezedorant fısqırdarmış
öz dərin qoltuqlarına...

De, axı kim?
hansı münəccim,
sifətlərdəki hansı zəhm,
oturtdu bu tumsatan qarıları
kitab dükanlarının
qarşısında?

Eh, süfrədəki duzumuz çoxdan bərkiyib,
ona yüz il kimsə əl dəyməyib...
əyri sifətin güc gəlib
eynəyini də əyib...

Eh, göndər bu qarını
Hind, Misir məbədləri önünə...
Vaxtı gəlib bunun,
vaxtı gəlib...

İsveçrə saatlazları əqrəbi xeyli geriyə çəkib,
zamanı,
yaxşı tənzimləyib...


MÜRDƏŞİR

Allah bizi sönmüş ulduzların,
dul baldızların
şərindən qorusun,
Qoy bir gün kal Səbirabad qarpızlarına da
Quran oxunsun...

həm övladını, həm qılıncını sünnət etmiş,
onu ucu kəsik dönər bıçağına çevirmiş,
Avropaya dənərçiliyə getmiş
türkləri gərək Meksikaya qovsun
əvvəl almanlar,
sonra italyanlar...
“Anadolu” lokantasında bir gün eşitdim-
-“Bütün dönərçilər cəsusdurlar!
kommunistləri həmişə güdüb, pusub,
satıblar!”
Türk “MİT”-inin
ancaq bu təcrübəsini götürdü,
Berlinə, Münhenə köçürdü,
dönər bıçağının uzunluğunu daim ölçdü
mədəni avropalılar...
Bakıda isə bütün bunlara tüpürürdü
Məhəmməd Birya kimi qəhrəmanlar...

***

Mürdəşir işləyirdi Bakıda
Məhəmməd Birya-
-Pişəvərinin şairi,
naziri...
Hə, Təzə Pirdə lap axırda
onun qəbuluna gəlirdi-
-Əli, Vəli, Pirvəli...
Hətta yaxası qızıl düyməli
nazir, dramaturq Şıxəli
Qurbanov...
Hə...orda Birya
yenə də nazirdi,
yenə nazirdi...

özü də, lüm-lüt qəbul edirdi o,
şikayətçiləri...
alırdı əlinə taxma çənələri,
deyirdi-“Bəli...”
deyirdi-“İnsan lütdü...
xəyanət labütdü,
o “zapı”lardan, “moskviç”lərdən daim sızan
rəngsiz nöyütdü”...
Birdə gördün, son baxışını, hə,
siqaret kötüyü kimi sümürdü,
Dedi-“baxın, ölübdü
bədəniniz, təniniz...
Hanı Moskva malı tuman-köynəyiniz?
axırıncı dəfə geyinməyiniz,
kəfənləməyiniz, bəzənib-düzənməyiniz
erməni dəlləklərin yox, mənim boynuma...
Deyirdi-“qəddini əymə, düz uzan, sus,
day danışma,
sözü bir dəfə deyərlər axı adama!

Döyürdü də hərdən
o, bu meyitləri!
çıxarırdı çürük dişlərin dibindən
çürük saitləri, iyli samitləri,
mədənin həzm etmədiyi biskvitləri...
xüsusən, birinci katibləri
qəfil otuzdurardı masa arxasına,
qələm qoyardı barmaqları arasına,
day bilmirəm harasına...
Deyərdi: “Pişəvərinin ölüm hökmünü yaz
bu kağıza!
Güc verin dəə barmaqlarınıza!
Yazdız? Şükür Allah rzasına!

Ədəbiyyatın Topdan Rzasına
rastlanıb, azca həyəcanlanıb,
əlini uzadıb
demişdi :Məndə yox yalan, rya,
Nə Stalinəm, nə də Beriya...
Bax, tanı məni, Biryayam da mən,
Birya!!!
bu dünya
dediyimdə, beynindən silinsin birdəfəlik
Sonya, Gulya
kimi katibən.

Bəsdi mənə
qəbir üstəki daş kitabəm...

Kağızdan isə olmur qədim kitabələr...
Olur katiblər,
katibələr...
Səni görüm “bron”la cəhənməmə

göndərsinlər bircə...

Zənnimcə,
bax bu gecə,
həm mən-Məhəmməd Birya,
həm,cəhənnəmə ezamiyyət pulu verən buxalteriya
hələ də işlər,
maaş almağa gələr ora qara kölgələr,
sən kimilər...

Qanundu bu-daim həm zaman dəyişir,
həm də Təzə Pirdəki mürdəşir...
Mürdəşir dəyişəndə,
zaman da dəqiqləşir...

növbə indi mənə gəlir...
Biryanın son məsləhəti
beyninimdə hey səslənir-
-“bax haa, ölülər hərdən
mürdəşirin barmağını dişləyir!”

Həə, özünüzü yığışdırın
Bakıya təzə
təbrizli mürdəşir gəlir!!!

MEHDİ HÜSEYNZADƏNİN SONU

Bu yaz...
bu yaz mən heç kimi
sevmədim...
heç kimi...
hətta 1 milyon reyxsmarkalıq
öz kəlləmi,
mənə qəhbə gətirmiş bu xoş gecəmi,
“mersedes”imin yan güzgüsündən gördüklərimi,
neyim, daha sevmədim,
Anjelikamı da Triyestin çirkab sularına
itələdim...

Müxalifət qəzetlərinin
manqal yelpiyinə çevrildiyini,
silahdaşlarımın xəyanətə meyilləndiyini,
Mazellinin əsayla öz şlyapasını düzəltdiyi an
güllələndiyini
görüb
azcana gülümsədim...
bu yaz mən heç kimi,
hətta yaralarımı sarmış qoca həkimi,
Anjelikaya soxuşdurduğum yalançı
həyat hekayətimi
sevmədim...
Üzərində “Axtarışdadır!” yazılmış
öz şəkillərimə bütün öz qara kölgələrimlə birgə
axır ki tam bənzədim...
Kimsəni day sevmədim...

Cəhənnəmə aid
qanlı meyid-canlı meyid,
dilçilərin aşkarlamadığı
qalın samit,
incə sait
səslər,
yad nəfəslər,
işkəncə otağına gedən
uzun dəhlizlər,
yordu məni...
100 minlik ordu məni
axtarır, tapa bilmir....
Dünyanı partladıram,
restoranlar, kinotetrlar siləkələnir...
Ancaq axırda gəlib dirənir,
bu işlər bircə cümləyə-
-bu yaz mən heç kimi sevmədim...

Həəə...demək, indi mən gərək
lap dərindən fikirləşim,
Vasilislə, Anjelikayla çopur qayalara
söykənim...
ləpələrin tərcüməsində,
kölgələrin cütləşməsində,
qara çəkmələrimin şər sifətində
indi hekayətimi eşidin...


Hə, məndə birləşmişdi
həm İmam Mehdi, həm də İmam Hüseyn...
demişdi bunu mənə, hə, bir madumazel qadın-fröylen,
ancaq mən kimsəni sevməmişdim bu yaz...
demək, nə qədər hoqqabaz, kəndirbaz
olsam da, öz qara əlcəyini atmışdı mənə
həyatın özü...
Triyest küçələrindəki pişiklərin şeytan gözü...


Triyest qazanxanalarının boz tüstüsü,
göyə qalmağı bacarmır...
SS-çilərin mersedesi yolunu azır,
bir an
şəhərin ən oğraş mənzərələrini işıqlandırır...
Axırda məni tapır...
gözlərim bir cümlə yazır-
-“bu yaz mən heç kimi sevmədim, inan!”...
Gülləbaran başlayır bundan sonra, Ajelika,
gülləbaran...

2010

Günün bütün mövzuları

XS
SM
MD
LG