Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:16

Özün də görürsən, kimsə sənə yiyə durmaq istəmir, ay vicdan xanım


Saltykov-shchedrin

Saltykov-shchedrin

- "Beləliklə də, Proxorıç bütün gününü belə fəlsəfi çalışmalarla keçirdi, düzdür, Arina İvanovna onu saxlayıb, qab-qacağı sındırmağa, çaxırı arxa tökməyə qoymadı, ancaq onlar o günü bir damcı da olsun çaxır satmadılar."

"–Sən gəl, belə bir iş gör,–vicdan dilləndi,–axtar, körpə bir rus uşağı tap, mənim hənirimlə onun ürəyini arıtlayıb təmizlə, sonra qoy elə mən onun ürəyində də qalıb yaşayım!"

Mixail SALTIKOV-ŞEDRİN

VİCDANIN İTKİN DÜŞMƏYİ

Vicdan itkin düşmüşdü. Ancaq adamlar yenə də, heç nə olmayıbmış kimi, küçələrdə, teatrlarda qaynaşırdılar; biri-biriylə öcəşir, biri-birini ötüb keçməyə çalışrdılar; yenə də, ora-bura vurnuxur, əllərinə nə keçirdisə göydə qapıb götürürdülər, ancaq onlardan heç kim, birdən-birə nəyinsə çatışmadığını, yaşam orkestrində hansısa tütəyin çalmaqdan qaldığını duymurdu.

Bir çoxlarının isə elə bil əli-qolu açılmış, bir az da zirəkləşmişdilər. Adamların işləri çox yüngülləşmişdi: indi daha başqasına badalaq gəlmək çox asan idi, yaltaqlanmaq, sürünmək, aldatmaq, çuğulluq, fırıldaqçılıq eləmək su içmək kimi qolay bir iş olmuşdu.

Adamların bütün ağrı-acıları da silinib getmişdi; onlar elə bil özləri yerimirdilər, kimsə onları sürütləyib aparırdı; nə baş verir-versin, kimsənin nə qanı qaralır, nə də bunun niyəsini düşünürdü; sanasan, keçmiş də, bu gün də, gələcək də, hamısı onların öz əlində idi, elə biləsən, vicdanın itkin düşməyi onların hamısını bir andaca ağ günə çıxarmışdı.

Vicdan eləcə birdən... bir göz qırpımındaca yoxa çıxmışdı! Dünənəcən adamları bir an da olsa belə gözdən qoymayan, onların bütün düşüncələrinə burnunu soxub, qatıb-qarışdıran bu ətiacı keşikçi buralardaydı, indi birdən... harasa yoxa çıxmışdı!

Onunla birgə, insanları ara vermədən izləyən qanqaraldıcı qarabasmalar da yoxa çıxmışdı, qarabasmalar yoxa çıxan kimi, bu vicdan deyilən nəsnənin hər addımbaşı adamların gizlində elədikləri bütün yamanlıqları onların üzünə vurmasından yaranan mənəvi sarsıntılar də ötüb keçmişdi.

Adamlara ancaq Tanrının yaratdığı bu gözəl dünyaya baxıb sevinmək qalmışdı: dünyanın bilgin adamları, indiyədək onların irəliyə doğru yürüşünü yavaşıdan sonuncu boyunduruqdan da qurtulduqlarını başa düşmüşdülər və qazandıqları bu özgürlükdən yararlanmağa tələsirdilər.

Adamlar elə bil başlarını itirmişdilər; dörd bir yanı quldurluq, soyğunçuluq başına almışdı, hər şey uçulub dağılmağa başlamışdı.

Yazıq vicdan isə, yolun ortasında, didilib parçalanmış, əzilib üzülmüş, ayaq altında tapdalanmış, yaman günə düşüb qalmışdı.

Kimin qarşısına çıxırdısa, onu ayağa dolaşan bir cındır sayağı təpikləyib qırağa atırdılar; hələ bir çoxları, “belə bir tör-töküntü şəhərin görməli yerinə necə gəlib çıxıb?” deyə donquldanırdılar da.

Birdən, hansısa qaragünlü bir içki düşkünü, özünün dumanlanmış baxışları ilə, yüz qram da içə bilmək üçün köhnə-kürüş axtarışına çıxmasaydı, təkcə Tanrı bilir, vicdan hələ nə qədər belə ayaqlar altında atılıb qalacaqdı.

Vicdanı tapan anda, içki düşkününün bütün bədəni gizildədi, sanasan, onu elektrik vurmuşdu.

İllüstrasiya

İllüstrasiya

Tor görən gözləri ilə yan-yörəsinə baxan içki düşkünü, yavaş-yavaş başından içki dumanının dağıldığını sezməyə başladı, birdən o, ömrünün çoxunu bu yolda qoyub, var gücü ilə özündən uzaqlaşdıra bildiyi: acı gercəkliyi anlamaq bacarığının da özünə qayıtdığını duymağa başladı.

Öncə üşəndi, bu, insanın ürəyinə daman, az sonra düşə biləcəyi hansısa qorxunc bir durumdan soraq verən, küt bir qorxu duyğusu idi; yaddaşı oyanıb çalxalandı, susqun xəyalları dil açıb danışmağa başladılar.

Yaddaşı, ağına-bozuna baxmadan, keçmişin utancverici qaranlığından, onun zaman-zaman törətdiyi: bütün zorakılığı, dönüklüyü, daşürəkliyi, əyriliyi bir-bir çıxarıb üzünə çırpmağa başladı; xəyalları ömründə bütün olub keçən nə varsa, hamısını canlandırıb, onun gözləri önünə gətirməyə başladı.

Bunun ardınca isə, içində özünə qarşı bir məhkəmə başladı, nə başladı...

Yazıq içki düşkününə, özünün bütün keçmişi iyrənc bir cinayət kimi görünməyə başlamışdı.

O, yerindəcə quruyub qalmışdı, nə düşünüb-daşına, nə başqasından soruşa, nə də özü anlaya bilirdi: gözü qarşısında canlanan, özünün bu mənəvi düşkünlüyündən bərk sarsılmışdı.

Könüllü olaraq başladığı bu özünümühakimə, onu elə ağrıdır, elə üzüb əldən salırdı, bunu heç ən ağır dövlət məhkəməsi də bacarmazdı.

O indi düşdüyü bu çaşqınlıq içində büsbütün başını itirdiyindən, söyüb yamanladığı keçmişinin çox hissəsinin onun özündən asılı olmadığını da unutmuşdu, axı dərindən baxanda bu keçmişi o özü yaratmamışdı, bütün bunları onun başına gətirən, anlaşılmaz, qorxunc bir güc idi: çöllükdə çör-çöpü qanadına alıb uçuran qasırğa sayağı bir güc idi bütün bunları törədən... elə bu güc də onu, yazıq içki düşkününü, o çör-çöp sayağı alıb, özü hara istəsəydi, ora da süpürləyib aparmırdımı?

Onun keçmişi niyə belədir? o öz keçmişini nədən başqa cür yox, ancaq belə yaşamışdı? O özü kimdir axı?–bütün bu sorğulara o indiyəcən, ancaq çiynini çəkməklə, gözünü döyməklə, bir sözlə, özünü anlamazlığa vurmaqla “cavab” tapmışdı.

Onun bütün yaşamı boyunduruq altında keçmişdi; boyunduruq altında doğulmuşdu, boyunduruqla da gor evinə gedəcəkdi.

İndi buyur, haradansa bu qanacaq gəlib çıxıb, deyir mən də varam,–axı qanacaqlı olmaq onun nəyinə gərək idi?

Yoxsa onu ağır sorğularla küncə qısnayıb, sonra da susaraq, onun düşdüyü bu gülünc duruma baxmağa görəmi gəlib bu qanacaq? öləzimiş yaşam axınını coşdurub, sonra da onu: gur axınına qarşı duruş gətirə bilməyəcəyi bir ömür selinə itələyib salmaq üçünmü gəlib çıxıb?

Yazıqlar olsun! Oyanmış qanacağı onu nə ovuda bilir, nə də gələcəyə bir inam yaradırdı, üstəlik, qanacağı ilə birgə ayılan vicdanı da, ancaq bir çıxış yolu bilirdi: ara vermədən, heç nəyə yaramayan özünüqınamaqla onun baş-beynini aparırdı!

Bundan qabaq onun ömrü, sanasan, bir duman içində keçirdi, elə indi də bu duman çəkilməmişdi, üstəlik, indi hara baxırdısa, ürəyini üzən qarabasmalar görürdü; o bütün ömrü boyu, əlini-qolunu bağlayan bir zəncir gəzdirmiş, ancaq bunun nə olduğunu bilməmişdi, indi bunun nə olduğunu bilən kimi, bu zəncirin çəkisi ikiqat artmışdı.

Mixail Saltıkov-Şedrin

Mixail Saltıkov-Şedrin

İçki düşkünü belə ağır düşüncələrə dalaraq, gözündən sel kimi yaş axıdırdı, onun bu durumunu görən yaxşı adamlar ayaq saxlayır, sonra da bu ağlayıb-sıtqamağın çaxırın təsirindən olduğunu düşünərək, ötüb keçirdilər.

–Hardasan, ay ata! daha gücüm çatmır... dözə bilmirəm!–yazıq içki düşkünü qışqırıb bağırır, adamlar isə baxıb gülür, onu ələ salırdılar. Onlar bu anda içki düşkününün büsbütün ayıq olduğunu başa düşmürdülər, bu yazıq içki düşkününün durduğu yerdəcə işə düşüyünü, uğursuz bir tapıntısının onun ürəyini didib-tökdüyünü haradan biləydilər?

O özü arayıb-axtarıb bunu tapsaydı, düşünüb-daşınardı, götürqoylu olardı, axı o, bu dünyadakı ağrıların hamısından acısının, gözlənilmədən tapılan vicdandan doğulduğunu bilməmiş deyildi.

Belə gözlənilməz tapıntıdan başını itirməsəydi, onda o, özünü eşşək yerinə qoymuş, əxlaqı korlanmış bir içki düşkününü görən kütlənin də, elə ondan geri qlmadığını, özünü, ruhca yaramaz, davranışca uzunqulaq kimi apardığını da unutmazdı.

“Yox, gərək bundan yaxamı qurtaram! Yoxsa bu məni yaman günə qoyacaq”–içki düşkünü belə düşünüb, öz tapıntısını yola tullamaq istədi, ancaq elə o andaca yaxında dayanmış polis onu saxladı.

–Sən, ay qardaş, deyəsən burada düz işə baxmırsan a, yoxsa dövlətə qarşı həcv yazıb gizlincə yaymaq istəyirsən?–polis ona barmaq silkələyib dedi,–qardaşımsan, sənə deyim, bu işə görə səni ilişdirərəm, əlli-ayaqlı gedərsən!

İçki düşkünü tələsik öz tapıntısını cibində gizlədib, oradan uzaqlaşdı. Yan-yörəsinə boylanaraq, əyilə-əyilə, gizlincə, köhnə tanışı Proxorıçın işlədiyi meyxanaya gəlib çıxdı.

Öncə, gizlincə pəncərədən boylanıb baxdı, içəridə heç kimin olmadığını, Proxorıçın isə piştaxtanın arxasında mürgülədiyini görüncə, bir göz qırpımında özünü içəri saldı, Proxorıç ayılıb özünə gələnə kimi, tapıntısını onun əlinə dürtüşdürüb aradan çıxdı.

Proxorıç gözlərini bərəldərək, yerində donub qaldı; bir az keçmiş onu qan-tər süpürüb basdı.

Nədənsə, birdən ona elə gəldi, sanasan, burada patenti olmadan alver eləyir; ancaq vitrinə göz gəzdirəndə bütün patentlərin: göyü, yaşılı, sarısı qarışıq, hamısının öz yerində olduğunu görüb ürəyi toxdadı. İçki düşkününün onun əlinə soxuşdurduğu bu cındır, nədənsə ona çox tanış gəlirdi.

“Aha!–yadına düşdü–hə də, bu mənim patent almazdan qabaq güclə başımdam elədiyim həmən cındırdır! Odur, özüdür!”

İçki düşkününün gətirdiyi cındırı tanıyandan sonra o, birdən nəyə görəsə, indi daha əlində olan bütün var-yoxunu dağıdıb yoxsulluq içində yaşamalı olacağını düşünməyə başladı.

–İşə bax da, başını aşağı salıb işini görürsən, yamanlıqlar isə elə bil sıraya düzülüb yaxandan qopmurlar, biri qurtarmamış o birisi başlayır–denən daha mən batdım da! daha bundan sonra mənim işləməyim alınmaz!–o, bütün bunları bir andaca düşünüb daşındı, sonra birdən onu bir titrətmə tutdu, üzü ağappaq ağardı, elə bil, gözünə buçağacan heç kimin görmədiyi hansısa qorxunc bir varlıq görünmüşdü.

–Yoxsa, sən elə bilirsən, bu yazıq xalqı içkiyə öyrətmək yaxşı işdir!–oyanmış vicdanı pıçıldadı.

–Arvad! Arina İvanovna!–qorxudan özünü itirmiş meyxanaçı dəli kimi qışqırmağa başladı.

Arina İvanovna başılovlu qaçıb gəldi, ancaq Proxorıçın yeni tapıntısını görən kimi, qadından öz səsinə oxşamayan bir qışqırtı qopdu: “Gözətçi! vay dədə! Kömək eləyin! Bizi soyurlar!”

“İndi mən bu alçağa görə, gərək bir anın içində varımdan yoxumdan çıxam?”–bu sözləri Proxorıç, bu cındırı haradansa tapıb ona soxuşduran içki düşkünü üçün deyirdi. Yerində quruyub qalmış meyxanaçının alnını iri tər damlaları bürümüşdü.

Bu arada meyxana yavaş-yavaş adamla dolmağa başlamışdı, ancaq başqa vaxt alıcılarının qabağına qaçan Proxorıç, onların matını-qutunu qurutmuşdu, o, alıcılarına çaxır satmaqdan boyun qaçırmağı bir yana qalsın, hələ durub onlara çaxır içməyin korluqlarından, onun yoxsul adamın evini yıxmağından üyüdüb tökməyə başlamışdı.

–Sən, bir bardaq çaxır içməklə yetinsən, buna sözüm yox, hələ desən canına da yarayar!–o, göz yaşları içində danışırdı,–axı sən aza dayanmırsan, gərək çaxırın küpünə girəsən!

Bundan nə çıxar? Boğazdan yuxarını çaxırla uyutdun, boğazdan aşağındakı da köynəyin altında, köksündə uyusun, sən hələ sonra ayılıb başına nə oyun açdıqlarını biləcəksən, onda da gec olacaq!

Mənə bax, ay dəyərli adam, sən bu gün əlləşib vuruşub, yüz qəpik donluq alırsan, indi bir anlığına düşün, birincisi, bu puldan ötəri işləməyə dəyərmi, ikincisi, sən indi hansı ağılnan qan-tər töküb qazandığın o pulu mənə vermək istəyirsən?!

–Sənə nə gəlib, Proxorıç, elə bil ağlını itirmisən!–çaşıb qalmış alıcılar deyirdilər.

–Mənim düşdüyüm lova düşsəydin, sən də elə ağlını itirərdin!–Proxorıç dilləndi,–sən bax, gör hələ mən bu gün özümə necə bir patent düzəltmişəm!

Bunu deyib, onun üçün tapıb gətirdikləri vicdanı alıcılara göstərdi, sonra isə bunun kiməsə gərək olub-olmadığını onlardan soruşdu.

Alıcılar bunun nə olduğunu bilincə, vicdanı götürmək bir yana qalsın, hamısı qorxusundan, qapıya sarı geri çəkildilər.

–Bax, mən indi bu patentlə işləyirəm!–Proxorıç vicdanı göstərib acıqla çımxırdı.

–Yaxşı, indi sən nə eləmək istəyirsən?–alıcılar soruşdular.

–Mənə elə gəlir, indi yalnız bir yolum qalıb–yıxılıb ölmək! İndi mən daha kimsəni aldada bilmirəm; bu yazıq xalqa çaxır içirib yaman günə qoymağa da vicdan yol vermir; siz bilən mənim ölməkdən başqa bir yolum qalırmı?

–Yox, sən doğrudan da ilişmisən!–alıcılar gülüşməyə başladılar.

–Mən də elə düşünürəm,–Proxorıç sözünü ardını gətirdi,–mənə qalsa, gərək indi bu qab-qacağın hamısını sındıram, çaxırın da hamısını o su arxına tökəm getsin! Yoxsa, mənim kimi vicdanlı adam spirtin iyini aldımı, ürəyi ağzından gəlir!

- Sən belə əliuzunmu çıxmısan?!–bayaqdan dayanıb baş verənlərə səssizcə baxan Arina İvanovna ərinin üstünə kükrədi, deyəsən ərinin oyanan vicdanından ona pay düşməmişdi,–axtarıb özünə vicdan tapana bir bax!

Ancaq Proxorıç da yola gələnə oxşamırdı. O, acı göz yaşlarını tökür, elə hey danışır, danışırdı.

–Belədir də, bu bədbəxtlik kimin başına gəldisə, yaxasını buraxan deyil. Kiçik alverçi ol, ya böyük tacir, ilişdinsə işin bitdi. Bu, gəlib canına daraşdısa, səni dəli eləyib başdan çıxaracaq. Bunu tapan adamın başında ancaq bir düşüncə olur: “Mən bu dünyanın ən yazıq adamıyam–alnıma bu yazılıb, qurtardı getdi”.

Beləliklə də, Proxorıç bütün gününü belə fəlsəfi çalışmalarla keçirdi, düzdür, Arina İvanovna onu saxlayıb, qab-qacağı sındırmağa, çaxırı arxa tökməyə qoymasa da, ancaq onlar o günü bir damcı da olsun çaxır satmadılar.

Axşam isə, Proxorıçın kefi lap kökəlmişdi, o, yatağa uzananda gözünün yaşını tökən Arina İvanovnaya baxıb dedi:

–Ay mənim ruhum, sevgili arvadım! düzdür, bu gün biz heç nə qazanmadıq, ancaq bilirsənmi adam özünün vicdanlı olduğunu biləndə necə yüngülləşir!

Doğrudan da o, başını yasdığa atan kimi yuxuya getdi. Yuxuda da, nə yerində qurdalandı, nə də xoruldadı, ancaq bundan qabaq, vicdanı olmayıb çoxlu pul qazanan çağlarında o, bütün gecəni yatağında qıvrılardı.

Ancaq Arina İvanovna bu işlərə bir az başqa sayaq baxırdı. O, meyxanaçılıqla vicdanlı olmağın bir yerdə tutmadığını yaxşı bilirdi, ona görə də, nə olursa olsun, bu vicdan deyilən çağrılmamış qonaqdan yaxa qurtarmağı kəsdirmişdi.

Ürəyi sıxıla-sıxıla gecəni bir təhər başa vuran qadın, meyxananın tozlu şüşələrinə gün işığı düşən kimi, yatmış ərindən vicdanı oğurlayıb, başılovlu küçəyə qaçdı.

Bazar günü olduğundan, qonşu kəndlərdən adamlar araba ilə bazara sarı getməkdə idilər. Məhəllənin polis gözətçisi Qırğı da onların ardınca düşüb, bazarda qayda-qanun yaratmağa gedirdi.

Yeyin addımlarla bazara sarı gedən Qırğını görəndə Arina İvanovnanın gözlərinə işıq gəldi, o indi artıq nə edəcəyini bilirdi. Qadın var gücü ilə Qırğının ardınca qaçmağa başladı, ona çatan kimi, bir göz qırpımındaca, əlindəki vicdanı onun paltosunun cibinə soxdu.

Qırğı kiçik görəvli adam olsa da, bunda utanmalı bir şey görmürdü, o özünü sındırmağı sevən adam deyildi, əliuzunluğuna da söz ola bilməzdi. Bir çoxları onun davranışca sırtıq olduğunu deyirdilər, ancaq ona gözəgirən adam demək daha düzgün olardı.

Qırğıya əli əyri demək olmazdı, ancaq qarşısına çıxan qəniməti də əldən buraxmazdı. Bir sözlə, bu adam çox abırlı bir rüşvətxor idi.

İndi birdən bu adamın içində özünün də baş açmadığı bir fırtına qopmağa başlamışdı.

Bazar meydanına gəlib arabaların, sandıqların, taxta piştaxtaların üstünə qoyulmuş satlıq mallara baxanda birdən ona elə gəldi, bunların heç biri onunku deyil, hamısı özgə adamlarındır. Bundan qabaq, onun ağlına heç vaxt belə düşüncələr gəlməzdi.

O, özünün utanmazlıq yağan gözlərini silib düşünməyə başladı: “Mənim başım pozulub nədir, yoxsa bütün bunları yuxuda görürəm?” O, üstünə satlıq mallar düzülmüş bir arabaya yaxınlaşdı, əlini uzadıb özü üçün nəsə götürmək istədi, ancaq ha çalışdısa əlini qaldıra bilmədi; başqa bir arabaya yaxınlaşıb, öyrəncəsi üzrə, satıcının saqqalından tutub çəkmək istədi–bu nə işdir, əlini uzada bilmir!

Qırğı bərk qorxmuşdu. “Bu nə işdir mən düşdüm?–O, düşünürdü,–belə getsə mən bütün işlərimi korlayıb quru yurdda qalaram! Yoxsa, ağlım başıma gələnə kimi, çıxıb evə gedim?”

Biraz götür-qoy eləyib evə getməkdən daşındı, düşündü, bu nədirsə indi keçib gedər.

Bazarda gəzib dolaşmağa başladı; gözü önündə ev quşları, paltar-parça, başqa satlıq şeylərin sırası uzanıb gedirdi, ancaq o nədənsə, alışdığı kimi, əlini uzadıb onlardan özünə gərək olanları götürə bilmirdi, elə bil, bunların hamısı dilə gəlib deyirdilər: “Əlini uzatsan bizə çatar, ancaq bacarmazsan!”

Alverçilər çox keçmədən Qırğının bu yeni durumundan duyuq düşdülər: başının pozulduğunu, öz qazancından əl çəkib onlardan heç nə tutub almadığını görüncə, onu ələ salmağa başladılar, əlüstü onun üçün yeni bir ad da düşünüb tapdılar, dünənəcən çəkindikləri Qırğını, saymazyana, elə üzünəcə: Fofan Fofanıç(Uyuğ Uyuğoviç) deyə çağırmağa başladılar.

–Yox, mən deyəsən doğrudan xəsətələnmişəm!–Qırğı belə düşünüb, əliboş, evə sarı yollandı.

O evə qayıtmaqda olsun, arvadı–ana Qırğı evdə onu gözləyərək düşünürdü: “Görəsən, mənim istəkli ərim bu gün evə neçə torba ayın-oyun gətirəcək?” Bunları düşündüyü yerdə, birdən qapı açıldı, kişisi əliboş evə girdi. Gördüyü bu anlaşılmazlıqdan ana Qırğının ürəyi yerindən necə atlanmışdısa, o da eləcə ərinin üstünə atıldı.

–Torbalar hanı?–ərindən soruşdu.

–Bu gün adamların əlindən nəsə tutub almağa vicdanım yol vermədi...–Qırğı sözə başladı.

–Mən səndən soruşuram, hanı ayın-oyun yığdığın torbalar?

–Bu gün vicdanım yol vermədi, adamların əlindən nəsə tutub alam...–Qırğı yenə təkrarladı.

–Nə olar, lap yaxşı, onda gələn bazar gününə kimi öz vicdanını yeyib dolanarsan, məndən yemək gözləmə!–ana Qırğı onun üstünə çımxırdı.

Qırğı başını aşağı salıb dinmədi, ana Qırğının sözündə bərk adam olduğunu yaxşı bilirdi. Paltosunu soyunub asılqandan asdı, birdən(!), elə bil, hər şey dəyişib qabaqkı kimi oldu! Vicdanını paltosu ilə birgə divardan asıb ondan uzaqlaşınca, özündə bir yüngüllük duydu, yenə də öncələrdə olduğu kimi düşünməyə başladı: bu dünyada başqalarına çatası heç nə yoxdur, nə varsa hamısı onun özünündür. O, alışdığı, adamları çapıb-talamaq istəyinin də özünə qayıtdığını sezdi.

–Hə, arxadaşlar, indi görüm necə yaxanızı qırağa çəkəcəksiniz!–Qırğı belə deyib əlini əlinə sürtdü, sonra paltosunu geyinib, qaçaraq, bazara sarı yönəldi.

Bu nə möcüzədir! paltonu əyninə geyməyi ilə yenidən əzginləşdi. Elə bil, o özündə iki adamı yaşadırdı: biri paltosuz–utanmazın, soyğunçunun, əliuzunun biri; o birisi isə, paltolu–utancaq, çəkingən birisi.

Evdən çıxmağı ilə içində yenidən hər şeyin dəyişdiyini anlasa da, ancaq yenə bazara getməkdən daşınmadı. “Ola bilsin, özümü toplayıb bazar adamından nəsə qopara bildim” deyə düşündü.

Ancaq bazara yaxınlaşdıqca onun ürəyi get-gedə daha bərkdən döyünməyə, acgözlüyü isə yavaş-yavaş azalıb yoxa çıxmağa başladı, o, bazarda gün uzunu yağışın-qarın altında dayanıb, çamurun içində eşələnən, bütün bu dözülməz əməyin qarşılığında qəpik-quruş qazanan adamlardan heç nə ala bilməyəcəyini başa düşdü.

Axı, nəyinə gərəkdi, onun-bunun boxçasına burnunu soxub baxsın, hələ bir istədiyini də götürsün; birdən, cibindəki pulqabının ağırlığını duymağa başladı, elə bil haradansa, pulqabındakı pulların özünün yox, başqalarının pulu olduğu ürəyinə dammışdı. O, bazardakı satıcılardan birinə yaxınlaşıb dedi:

–Al görüm, arxadaş, bu on beş qəpik sənə çatacaq!

–Bu nə puldur, Fofan Fofanıç?

–Mən indiyəcən sənin ürəyinə çox toxunmuşam, arxadaş! Səni and verirəm Tanrıya, məni bağışla!

–Tanrı bağışlasın!

Beləliklə də o, bütün bazarı gəzib dolaşaraq, üstündəki pulun hamısını adamlara paylayıb qurtardı. Bu işi görüb qurtarandan sonra ürəyində çox böyük bir yüngüllük duysa da, ancaq başında dolanan qara-qura düşüncələr də bir ucdan ona dinclik vermirdi.

–Yox, mənə nəsə olub, deyəsən çox pis bir xəstəliyə yoluxmuşam,–deyə öz-özünə mızıldandı,–yaxşısı mən çıxım gedim evə, hə, elə yolüstü qarşıma çıxan ac-yalavacları da yığıb apararam evə, Tanrı yetirəndən nə var, qarınlarını doyurarlar!

Dediyi kimi də elədi: yolboyu qarşılaşdığı bütün ac-yalavacları başına toplayıb evə gəldi. Ana Qırğı onun bu dəliliyini görüb, qışqırmağa, əlini-qolunu ölçməyə başladı. O isə, yavaşca sivişib evə keçdi, sevgi dolu baxışları ilə arvadını süzərək dedi:

–Fedosya can, budur bax, sənin dediyini eləmişəm, çöldə ac-yalavac dolaşan kimi görmüşəmsə, yığıb gətirmişəm evə, Tanrının adı üçün, bunların qarnını doyur!

Ancaq paltosunu divara çalınmış mıxdan asan kimi, birdən yenə də özündə bir yüngüllük duydu. Sonra pəncərəyə yaxınlaşıb, evinin qapısı ağzında şəhərin bütün ac-yalavaclarının toplandığını gördü! Baxdı-baxdı, heç nə anlaya bilmədi: “Bunlar burada nə gəzirlər? Yoxsa, istəyirlər bunları qamçılayıb buradan qovalayım?”

–Bunlar burada nə gəzirlər?–o qaçaraq həyətə çıxıb, acıqla arvadından soruşdu.

–Necə yəni nə gəzirlər? Bu ac-yalavacları sən yığıb gətirmisən, özün də hamısının qarnını doyurmağı buyurmusan!–Ana Qırğı mırıldandı.

–Hamısını qov getsinlər! Boyunlarının ardından tutub at bayıra hamısını!–o, dəli kimi, tanınmaz olmuş bir səslə qışqırıb, yenidən özünü evə atdı.

Qirğı otaqda, çox uzun bir müddətdə, o baş bu başa var-gəl eləyib düşünürdü: durduğum yerdə bu nə işdir mənim başıma gəldi? O axı həmişə öz işini bacarıqla yerinə yetirən, aslan ürəkli birisi olmuşdu, indi budur, lap cındıra dönüb, qalıb ayaqlar altında! Bir az duruxdu, sonra arvadına üz tutub, yalvarış dolu bir səslə dedi:

–Fedosya Petrovna! anacığım! Tanrını sevərsən, mənim əl-qolumu bağla! yoxsa görürəm, mən bu gün elə işlər törədirəm, sonra heç bir ilə də bunları yoluna qoymaq olmayacaq!

Ata Qırğının işinin fırıq olduğunu görən ana Qırğı onu soyundurub yatağa uzatdı, qaynar çay içirdi. Yarım saat onunla əlləşəndən sonra, evin girəcəyindəki asılqanın yanına gəldi, onun paltosuna baxıb düşündü: “Hələ bunun paltosuna bir yaxşı göz gəzdirim, ola bilsin, cibində qəpik-quruş qalmış olar”. Paltonun bir cibindən boş pulqabı çıxdı; o biri cibindən isə kirli, yağa bulaşmış bir kağız çıxdı. Kağızı açan kimi qadının köksündən yanıqlı bir ah qopdu!

–Gör hələ bu nəyə qurşanıbmış!–öz-özünə deyindi,–demə üstündə vicdan gəzdirirmiş, bu!

Ana Qırğı oturub düşünməyə başladı, görəsən bu vicdanı başımızdan eləyib kimə verə bilərik, eləsi olsun, vicdanı olanda öz evini yıxmasın, elə-belə yüngülcə başağrısı ilə ötüşə bilsin? Bir az düşünəndən sonra tapdı: ən yaxşısı, vicdanı keçmiş fermer, indi dəmir yolunu maliyyələşdirən yəhudi Samuil Davıdoviç Brjotskiyə ötürmək olardı.

–Boynuyoğunun biridir!–qadın düşündü,–ola bilsin, işləri bir az korlana, ancaq elə bilirəm o buna duruş gətirə bilər!

Düşünüb-daşındıqdan sonra belə də elədi, vicdanı səliqə ilə büküb konvertə qoydu, üstünə Brjotskinin adresini yazıb poçt qutusuna saldı. Sonra dönüb evdə vurnuxan ərinə dedi:

–Hə, indi ürəklə bazara gedə bilərsən, arxadaşım!

Samuil Davıdoviç Brjotski, arvad-uşağı ilə birgə yemək masasının arxasında oturmuşdu. Onun yanında on yaşlı oğlu Ruvim Samuiloviç oturub beynində apardığı bank hesabları ilə bağlı düşüncələrinə dalmışdı.

–Ata, sənin mənə bağışladığın bu qızılı, iyirmi faiz qazancla sələminə versəm, ilin sonunda mənim nə qədər pulum olar görəsən?

–Sən bunu adi faizlə, yoxsa artımlı faizlə vermək istəyirsən?–Samuil Davıdoviç oğlundan soruşdu.

–Mənə elə gəlir, artımlı faizlə versəm yaxşı olar!

–Artımlı faizlə, kəsr hissələrini də hesablasan, onda qırx beş manat yetmiş qəpik alınar!

–Onda elə artımlı faizlə də verərəm, atacan!

–Ver getsin, oğlum, ancaq qızılın dəyərində girov götürəndə çalış aldanmayasan!

Bir az aralıda, yeddi yaşlı İosel Samuiloviç oturub beynində, göydə uçan qaz sürüsünü necə ələ keçirməyi düşünürdü; ondan da bir az aralıda Solomon Samuiloviçlə Davıd Samuiloviç oturmuşdular, onlar da Davıdın Solomondan borc aldığı sorma konfeti faizi ilə geri qaytarması üçün neçə konfet verməli olduğunu hesablayırdılar.

Stolun o biri başında Samuil Davıdoviçin çox gözəl xanımı Liya Solomonovna oturub qucağında südəmər körpə Rifonu tutmuşdu, çağa da instinktlə anasının qolundakı qızıl qolbağı dartışdırırdı.

Bir sözlə, Samuil Davıdoviç çox xoşbəxt idi. O, əlini çox əcaib görünüşü olan bir sousa uzatmaq istəyəndə(bu sousa baxanda adama elə gəlirdi, onun üstü straus lələkləri ilə, bir də brüssel naxışlı toxuma parça ilə örtülüb), qulluqçu gümüş sinidə bir məktub gətirdi.

Samuil Davıdoviçin konverti götürməyi ilə, köz üstünə qoyulmuş ilanbalığı kimi qıvrılmağı bir oldu.

–Bu nə deməkdir! bu mənim nəyimə gərəkdir!–o ucadan bağırır, bütün bədəni əsirdi.

Yemək masasına oturanlar onun nədən belə qışqırdığını anlamasalar da, artıq yeməkdən çəkinməli olduqlarını anlamışdılar.

Mən indi burada Samuil Davıdoviçin bütün ömrü boyu unuda bilmədiyi həmən o gündə nələr çəkdiyini yazıb başağrısı vermək istəmirəm; ancaq qısaca bunu deyim, biləsiniz: üzdən çox çılız, çox da gücsüz görünən bu adam üzləşdiyi bu çox ağır işgənsələrə dözüb dayana bildi, bu vur-çatlasında on beş qəpiyindən belə keçmək istəmədi.

–Bu nə lovdur! bu nə deməkdir! Liya, sən məni bərk-bərk tutub saxla!–onu əsməcə tutduqca o da arvadına yalvarıb bunları deyirdi,–birdən mən səndən pul mücrüsünü istəsəm, yıxılıb ölsəm belə gətirməyəsən a!

Bu dünyada istənilən ağır durumdan çıxış yolu olduğu üçün, burada da çıxış yolu tapıldı. Samuil Davıdoviç çoxdan, bir tanış generalın başçılıq elədiyi hansısa xeyriyyə cəmiyyətinə yardım eləməyə söz vermişdi, ancaq üstündən çox keçsə də, indiyədək dediyi yardımı eləməmişdi. İndi bu ağır durum, çoxdan görmək istədiyi bu işi onun yadına salmışdı.

Düşünüb-daşındığı kimi də elədi. Samuil Davıdoviç ustufluca ona gələn məktubu götürdü, maqqaşla onun içindəki kağızı çıxarıb başqa bir konvertə qoydu, konvertin içinə yüzmanatlıq bir kağız pul da qoyub ağzını bağladı, sonra tanış generalın yanına yollandı.

–Zati aliləri, gəlmişəm sizin xeyriyyə cəmiyyətinizə yardım eləyəm!–bunu deyib konverti yardım sözünü eşidən kimi çiçəyi çırtlayan generalın qarşısına qoydu.

–Çox gözəl! yaxşı eləyirsiniz!–general dilləndi,–mən bunu çoxdan bilirəm siz... yəhudilər... Davıdin qanunu ilə... nə idi onun adı zəburmu yoxsa zebrmi?... unutmuşam...

General ha çalışdı, yəhudilərin qanunlarını Davıdinmi yoxsa bir başqasınımı yazdığını yadına sala bilmədi.

–Düz deyirsiniz; zati-aliləri, sözün doğrusu, mən heç özüm də anlaya bilmirəm, bizim haramız yəhudidir!–konverti başından eləyəndən sonra yüngülləşdiyini duyan Samuil Davıdoviç tələsik dedi,–biz elə-belə üzdən yəhudiyik, ürəyimizdə hamımız rusuq!

–Çox sağ ol!–general dedi,–mən, sözün düzü, bu işə görə üzülürəm... siz axı gərək bizim kimi...

–Zati-aliləri, mən dedim axı, biz yalnız elə üzdən yəhudiyik, vicdanıma and içirəm!..

–Ancaq yenə də hayıf!

–Zati-aliləri, düşünürəm, bütün bu işlərin sonu yaxşı olar!

–Yaxşı, haydı, haydı! Tanrı özü sizi düz yola çəksin!

Samuil Davıdoviç evə qayıdanda, elə bil, quş kimi qanad açıb uçurdu. Axşamacan o, başına gələn bu işi büsbütün unutdu, sonra da oturub adamları tora salmaq üçün yaramaz bir plan qurmağa başladı, ertəsi günü isə, onun tora saldığı adamların bir əlləri olmuşdu, bir də dizləri.

Beləliklə də, çox uzun bir müddətdə, yazıq, itgin vicdan dünyanı gəzib dolandı, minlərlə adamlara yanaşıb sığınacaq istədi. Ancaq heç kim ona yiyə durmaq istəmədi, əksinə, kimə yaxınlaşdısa onu başdan eləmək üçün hər cür yalana əl atdılar.

Bütün bunlar onu əldən salıb bezdirmişdi, haçanacan bu yazıq onun-bunun qarşısında əyilməli, hər yerdən qovulmalı, yad insanların arasında yersiz-yurdsuz yaşamalı idi?

Günlərin birində, vicdan özünün sonuncu yiyəsi olan, yol üstündə oturub, qışda qarla, yayda tozla alver eləyən, ancaq buçağacan heç kimə heç nə sata bilməyən alverçi qadına üz tutub gileyləndi:

–Siz, nə üçün mənim üzərimdə ağalıq eləyirsiniz?! Niyə mənimlə bir qaravaş kimi davranırsınız?

–Özün də görürsən, kimsə sənə yiyə durmaq istəmir, ay vicdan xanım, indi özün de, mən səninlə neynəməliyəm?–alverçi qadın soruşdu.

–Sən gəl, belə bir iş gör,–vicdan dilləndi,–axtar, körpə bir rus uşağı tap, mənim hənirimlə onun ürəyini arıtlayıb təmizlə, sonra qoy elə mən onun ürəyində də qalıb yaşayım! O günahsız körpə məni qovmaz, qulluğumu tutar, böyüdükcə də məndən yaşına uyğun olaraq yararlanar, sonra adamlar da mənə öyrəşər, daha məndən qaçmazlar.

Vicdanın dediyi kimi də elədilər. Alverçi qadın axtarıb, körpə bir rus uşağı tapdı, onun ürəyini arıtlayıb təmizləyəndən sonra, vicdanı onun ürəyinə köçürdü.

İndi o körpə yavaş-yavaş böyüyür, o böyüdükcə vicdanı da böyüyür. Bu körpə yaşa dolub böyük adam olanda, onun vicdanı da böyüyəcək.

Onda bütün yalanlar, satqınlıqlar, yamanlıqlar da yox olacaq, axı vicdanın səsi ürəkdən gəldiyi üçün daha heç nədən çəkinməyəcək, öz buyuruqlarını insanlara qorxmadan deyə biləcəkdir.

Rus dilindən Araz Gündüz çeviribdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG