Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:06

Quram Rçeulişvili. Hər bir cinayətə görə qoyun-inək ödəyirlər


Quram Rçeulişvili

Quram Rçeulişvili

- "Qəribədir, bu cür qadın Şatili qülləsinə haradan gəlib düşmüşdür; heç cür işləyə bilmir, gah əkib-səpməyi bacarmır, gah da ki, biçə bilmir, yoğurmaq da bacarmır, süpürmək də bilmir."

"Batareka başa düşdü ki, uşağı doğruçuluqda onu üstələdi, evdə görüləsi heç bir iş olmadığından iş burada dayana bilməzdi, əsl kişilik qüruru özünü göstərməli idi, birdən ev işləri ilə alışıb-yanan kişi Mziyanın qarşısında utandı."

Quram RÇEULİŞVİLİ

BATAREKA CİNCARAULİ

Dağlıq yerin Xevsureti kimi yaşayış məskəni çətin ki, təsəvvür oluna; Tuşetinin, Xevinin, hətta Svanetinin də düzənlik yerləri vardır, silsilənin dibində, yaxud dərələr boyunca, lakin bu guşəni Allahlar sıldırım yamaclarla şiş qayaların ümidinə qoyub.

Düzənlik aləmdən qopmuş xevsurilər Araqvi dərəsindən bu tərəfə - Barisaxo, Basaliko və O tərəfə - Arxotiyə, Şatili tayfalarına bölünmüş halda yaşayırdı.

Hətta yayda belə, onlar arasında gediş-gəliş çətindir. Yalnız İkonalar və başqa hər hansı bir bayram dərənin sakinlərini ildə üç-dörd dəfə bir yerə yığır, müharibə hay-harayı bu xalqı daha sürətlə toplayır, ümumi düşmənə qarşı çağırılmış haray səsi onları bir yerə cəmləyir.

Pankisidən mənzərə

Pankisidən mənzərə

Onlar üçün yerdə qalan bütün vaxt insan təbiətlə və özünün bütün mürtəce xasiyyət-ehtiraslarıyla mübarizəyə həsr olunur, hansılar ki, hər bir adi cinayətə görə “qoyun-inək ödəmək” qanunu ilə müəyyənləşdirilir;

Qan tökmədən qan əvəzi ödəmək yolu ilə qan almaq barədə bütöv hüquq məcəllələri yaradılmışdır, yeddi-səkkiz nəsildir ki, qatilin ailəsi üçün son dərəcə dəhşətli, təhqiredici, ölü sahibi üçün səmərəli qanunlarla davam edir.

Qəribə, həqiqi xevsur xasiyyətindən irəli gələn sözlərlə bitir bu qalın yazılmamış qanunlar kitabı:

bunun yerinə yetirilməsi ilə hər şeyin (qan almaq əvəzinə qoyun-inək dəyərinin alınması nəzərdə tutulur) qaydaya salınması xevsur kişilik adəti üzrə ayıb sayılır.

Xaç köynəkli igidlər isə heç zaman ayıbı bağışlamazlar və bir qətl tez-tez bütün soyadının qırılıb-tükənməsi ilə nəticələnir.

"Pilləkənlə qalxarkən tez-tez ona elə gəlir ki, əvvəlki pilləni indi dayandığı pillədən daha çox sevir. Onun sevgisi anasız cüyür balası kimi ürkək, gözəl və acizdir."

Burada cavab qanının tökülməsi, özünün və ya mərhumun ruhunun hörmətini müdafiə etmək, hər hansı bir sosial ödəncdən qat-qat yüksəkdə durur.

Burada poeziya heç bir sorğu-sual olmadan nəsr üzərində ağalıq edir, poeziya özünün “məntiqsiz” ehtirasları və təsvirin müqayisəolunmaz dramatik gözəlliyi ilə seçilir. Təsadüfi deyildir ki, burada xevsur şeiri ilə qurulmuş folklor özünün ləyaqətlərinin hiss edilməsi ilə klassik ucalığa yüksəlir. Hər xevsur, bir qayda olaraq, şairdir.

Onlar arasında ən yaxşı yazan isə odur. O, başqasına nisbətən daha çox və ləyaqətlə iztirab çəkir, gerçəkləşməyən ehtirasla əhatə olunur, şeir demək alovu ilə alışıb yanır.

Qısa vaxt ərzində əfsanəyə çevrilmiş Şatili öz-özlüyündə belə şairdir.

Bu hekayədə xatırlanan insanlar yaşayan zaman, bu kənddə yüz iyirmi qüllə və daha çox ailə vardı; Gürcüstanın ən ucqar sərhədlərində salınmış bu şəhər-dövlət müharibələrlə dolu və sülh şəraitində yaşayırdı.

İndinin özündə belə, yarıya qədər uçub dağılmış Şatilini hər kəs görsə, elə bilər ki, yunan Allahları Olimpi tərk etdikdən sonra buraya köçüb gəlmişlər, bu qütbə, hansı ki, heç zaman heç kəsə lazım deyildi - əgər onun özü özünü dünyaya xatırlatmasaydı.

Şatililər özlərini göstərməyə xəsis deyillər; mal-qaranı sürüb-aparır, qan alır, dava-dalaş salır və özləri başqalarını borclu edirlər.

Yazda yollar açılan kimi dava edirlər, qoburlar, kistlərlə və ya xevsurlara qohumluq edirlər (onlar öz həmtayfalarını belə adlandırırlar, özləri şatilianlar adlanırlar).

Bütün yayı, payızda yollar bağlananadək əl-ayağını yığışdırır, cinayət işlərini müzakirə edib başa çatdırır, yaxud ürəklərində kin saxlayır və birdən birə, qar düşən kimi, əlillər təki evdə otururlar.

Xevsur kişiləri ailəyə çox çətin alışırlar; yayın qayğıları ilə əllacları tükənmiş və cana-qana gəlmiş qadınlar uzun qış gecələrində qaqqıldaşırlar, bütün kənd yanıq və ehtiras qoxusu ilə dolur, tüstülənir, hay-küyü boğur, oyadır, araq çəkir, pivə içir və qışlayan kənd növbə ilə qüllədən-qülləyə keçərək eyş-işrət içində yaşayır.

Şatilinin ətrafında hər şey dümağdır, qüllələrin örtükləri də ağdır, yalnız sürüşkən tikilmiş, bir-biri ilə pilləkənlərlə və düz səthli damlarla birləşən divarlar qara rəngdə qalırlar, pis görünüşləri və əlçatmazlıqları, müharibə üçün, ahəngdarlıqla təbii çılpaq qayalıqda ucaldılmış divarlar.

Qış gününün bekarçılığından kişilər yorulurlar, ev işləri ilə onların heç bir əlaqəsi olmur, gecə arvadları ilə yatmaqları barədə qeybət edirlər və bütün günü sərxoşluq edirlər, nifaq hadisələrini hay-küylə müzakirə edirlər.

Batareka Cincarauli bu qışlama labirintinin iti-bucağında yaşayır. Onun qülləsinin iri dalanları demək olar ki, boşdur. O, bayıra çıxmadan ehtiraslı arvadı ilə bütün günü yatır və ot üzərində sərilmiş kürklərin üzərindəcə bir dəfə çəkilmiş içki içir.

Bir neçə dəfə başqaları ilə birlikdə araq qəbul etmək, cinayət işlərini müzakirə etmək və eyş-işrət üçün dəvət almışdı. “Bircə bu əskikdir ki, sizinlə qeybət etməyə gedim”, - deyə o bütün dəvətlərə söylənir və ayağa durmadan uzanıb qalırdı.

Nadinc nifaqçı olan Batareka qışın yeknəsəkliyinə heç cür uyğunlaşa bilmirdi. Pangisidə o, qana borclu idi, Omaloda gümüşlə bəzədilmiş yəhərini oğurlamışdılar, on o qədər özü başqalarına qarşı etmişdi.

Evdə uzanmış halda qalmaqla rahatlana, dincələ bilmirdi. Bu qış elə qar uçqunları baş vermiş, o qədər qar yağmışdı ki, qonşu kəndə getmək belə, mümkün olmurdu; zirvələrdən enmiş dağ keçiləri sərbəst surətdə gəzişirdilər.

Batareka böyürür və arvadının döş-sinəsini didişdirir. Saqqal buraxmışdır və xarakteri tamamilə dəyişmişdir.

Dağın dibində incə bənövşələr yoxdur, dağda yayılmış qara rəngli yabanı meyvə dərilmir. Onların yerində ərimək bilməyən qar durur və üstündən də daim yağır.

Qüllənin yuxarısında dizlərinin üstünə kürk salmış Mziya, Batarekanın on üç yaşlı qızı kürklərin ortasında oturmuşdur.

Gün dar pəncərənin arasından boylanır, təzə qar dənələri görünür, gecə isə qarın özü belə, qaralır; səhər düz, yonulmuş barmaqlarını yanaqlarına çəkir, qısa tellərini güzgüsüz günortayadək darayır.

Onun sifəti təəccüblü, parlayan gözlərə çevrilmişdir; onun ətrafında heç kəs yoxdur; haradasa qəlbinin dərinliyində bu tənhalıqdan Mziyanın bədəni yaxşıca hiss edir ki, o, qüsursuzdur, bu duyğuların daimi müşayiəti, özündən başqasının olmaması arzusuzluq həddinə qədər çatması, onu rahatladır.

Ətrafındakı hər şey ona sevimlidir: sürüşkən daşdan hörülmüş divar səssiz, qaşqabaqlı, nəzərə çarpdırmadan... Böyük, dördbucaqlı sandıq tacirvari, xain sir-sifətlə qıza əmlak vəd edir, bununla şirnikləşdirir; işlənməmiş qılınclar dayanmadan ətrafa qığılcımlar saçaraq döyüşür - qadın ürəyi onlara min sevgi vəd edir.

Yalnız büründüyü çox böyük qoyun dərisindən tikilmiş kürk əzizləyir onun bədənini, yuna batmış dodaqları ilə nəfəs aldırır Mziya öz istəklərini və rahatlanır.

Yun yorğanı yuxarıdan başına örtür, onun altından bütün aləm görünür: kişilər, qüllələr, mal-qara, düşmənçilik və onun özü.

Onun, necə ki, bütün xevsur uşaqlarının, dörd adı vardır, onlardan Mziyadan sonra Tamarı, gürcü adını, sevir, qalanlarından - Sandua və Bubadan zəhləsi gedir, onlar körpəyə, ərli əzablara dözümlülük təlqin edirlər.

Qəribədir, bu cür qadın Şatili qülləsinə haradan gəlib düşmüşdür; heç cür işləyə bilmir, gah əkib-səpməyi bacarmır, gah da ki, biçə bilmir, yoğurmaq da bacarmır, süpürmək də bilmir.

O, öz başını həddindən artıq dik tutub, sevərək gəzir, pilləkənlə enib-qalxır və bu hisslər qəlbini o qədər sarmışdır ki, bu sevgini belə sözlərlə ifadə edə bilmir.

Pilləkənlə qalxarkən tez-tez ona elə gəlir ki, əvvəlki pilləni indi dayandığı pillədən daha çox sevir. Onun sevgisi anasız cüyür balası kimi ürkək, gözəl və acizdir.

O, bu həvəslə o dərəcədə əhatə olunub, heç nədə dayana bilmir. Bu qəribə aristokrat qadın kürkə bürünmüş halda oturur, təbiət onu buraya, Şatiliyə çıxarmışdır və gözləyir.

Mziya kənd sakinlərini demək olar ki, tanımır, öz ata-anasınının necə olduğunu da bilmir, o, özünün ətrafındakı hər şeyi qəribə, tam dolğunluqla görür, onunla danışarkən tamamilə təbii və dolğun cavab verir, həvəslə, necə ki, qüllənin başında yalnız oturur.

Onun bədəni və ağlı heç nəyi hissələrə bölmür. Heç bir hissə o əfsanədən ayrılmır, bu əfsanəni danışarkən o, yuxuya gedir.

Bu, dağ keçilərini ovlayan oğlanın hekayətidir. Bununla o, Allah Oçapintreni incitmiş və cəzalandırmışdır. Bu Allah ovu ona qadağan etmişdir.

Anadan olduğu gündən ovçu ov heyvanlarını qırmaqdan başqa heç nəyi bacarmırdı; indi gəzir, dağ keçisini, niamoru, cüyürü axtarır; sıldırımın başında bunlardan birini görmək kifayətdir ki, dərhal yoxa çıxarsın; gecə, gündüz, qarda, yağışda, günəşli gündə, ildırım çaxanda silsilədən silsiləyə keçir və axtarır. Oğlan qurudu, bədəni sındı, günlərlə dua edir ki, onu əfv etsinlər.

Onda Oçapintre onun günahından keçdi, çünki bu adam başqa heç nə bacarmırdı. Ov yenə gəldi, evi ətlə doldu, ruhu çiçək açdı, onun təbiəti oxumağa başladı.

Əfv etməzdən əvvəl ov Allahı onun qarşısında bir şərt qoydu - Erkək maralı ovlama, yoxsa şiddətli cəzalandıraram.

Bu şərti ovçu bərk-bərk yadda saxlamışdı. O, hər dağ keçisini görərkən, cüyürü təqib edərkən, ceyranı öldürərkən o şərti yadına salırdı. Ov gəlirdi, qırırdı və qoyduğu nişanələrin yanında əfv edənin payını da qoyurdu - şərtə əməl etdiyini bildirirdi.

Tək dırnaqlı keçiləri qovarkən məyəllərin qapıları açılırdı, qar uçqunları baş verirdi, çaylar daralır və öz üzərindən xəsarətsiz sıçradırdı; patronu, barıtı, saçması, vəznəsi, həvəsi, istəyi, ehtirası tükənmək bilmirdi və bir saniyə belə unutmurdu ki, erkək maralı öldürməməlidir.

Axşamüstü Günəş dərəni tərk etdi, öldürülmüş dağ keçisi qaranlıqda qaldı, oğlan cəmdəyi sönmüş ocaqda közün qarşısına atdı. Şüalar silsilənin boyunca uzandılar və öz gözəllikləri ilə ovçunu kor etdilər.

Dağın sınmış onurğa sütununda dərədən atılıb çıxan erkək marala sataşdı gözü, bütün gecə onu dəlicəsinə izlədi və səhər ona çatdı. Atılmaq üçün dartılmış oxuna Günəşin ilk şüası düşdü.

Oçopintrenin gözləri ilə birlikdə səhər açıldı.

Şərtə əməl etməyənin əlindən silah yerə düşdü, yükü qaldırmaq üçün bükülmüş qolu quruyub qaldı, qığırdaqlar kürəklər arasındakı damarları şişib az qaldı dərisindən pırtlayıb çıxsın, arfanın simləri kimi dolandı və dartıldı, atı bədəni ilə birlikdə aşırıldı ki, ovu axtarmaq üçün çapmağı dayansın və ovçuluq qabiliyyətini itirməmiş daha çox işkəncə görsün; yalnız oxatan sağ qolu öz istədiyi kimi hərəkətdə qaldı; həmin əlini simlərə çevrilmiş damarlarına vurur və oxuyurdu, çünki ovçuluq və o ehtirası əks etdirmək üçün başqa heç nə bacarmırdı.

Batareka Cincarauli ailəyə güclə uyğunlaşırdı. Arvadı xəstələndi, ev işlərini özü görməyə başladı. Evi təmizlədi, iki kürk tikdi, sonra qılıncları parıldatdı və qonşuları çağırmaq üçün pivə çəkdi.

Qat-qat yığılmış sandığı çırpdı, ala-bula köynəkləri seçdi, yenidən qatlayıb yığdı, cırılmış şeyləri tikdi və arvadının başladığı kürəkliyi özü tamamladı.

İllüstrasiya

İllüstrasiya

Bütün həvəsini ev işlərinə yönəltdi, evdə qapanıb qaldı, sanki yoruldu və qadın işləri xoşuna gəldi, evin heç bir künc-bucağını silib-süpürməmiş, yığışdırılmamış qoymadı və üçüncü gün yuxarı qülləyə qalxdı.

Batareka xasiyyət və davranışca təbiətən incə, quldur kimi qaraqabaq idi. O, tavanda sallanan hörümçək torlarına səfehcəsinə, qəzəblənmiş halda baxırdı, torlardan biri başına keçdi, ayağı ora-bura səpələnmiş ev əşyalarına ilişdi və ev işlərinə əl atmış kişi öz qadınına hirsləndi.

Kişinin gözləri xaincəsinə parladı, mal-qara oğurlayarkən yoldaşının hərəkətsizliyinə hirslənməyə adət etdiyi kimi..

Mziyanın poeziyasına sanki daha nəsə əlavə olundu və atasını görən zaman göz qapaqları daha da parladı.

Batarekanm ürəyi sancdı və gözləri narahatcasına daha xəstəhal baxmağa başladı, ruhuna hopmuş zəifliklə bərabər birdən bütün qışın hərəkətsizlik qüssəsi, hirsi baş qaldırdı və var gücü ilə bağırdı:

- Anana niyə kömək etmirsən! Ay qız...

Mziya gülümsəyərək yaxın getdi və heç cür nə utancaqlıq göstərə bildi, nə də mübahisə edə, öz mənliyi qarşısında o qədər doğru idi, bu təqsir onun üçün o qədər mənasız idi.

Batareka başa düşdü ki, uşağı doğruçuluqda onu üstələdi, evdə görüləsi heç bir iş olmadığından iş burada dayana bilməzdi, əsl kişilik qüruru özünü göstərməli idi, birdən ev işləri ilə alışıb-yanan kişi Mziyanın qarşısında utandı.

O, bu utancaqlığı belə əks etdirdi:

- Ay qız!

- A?!

- Evdə boş-boşuna oturmaqdan nə çıxacaq?!

- A?! Atacan...

- Belə, min dərd-bəla, ay qız!!! — Kişi bütün varlığı ilə hirsini tökdü. Mziya bu sözləri eşitmək istəmirdi və narahat halda pəncərəyə doğru baxdı.

Qızının gözlərini uzaqlaşdırması onu öz maqnit dairəsindən buraxdı və o hirsin üzə çıxmasına imkan verdi, hansını ki, öz uşağını görən kimi hiss etdi.

Bu hirs o təqsirdən irəli gəlirdi. Burda nə özünün təqsiri vardı və nə də bunu düzəldə bilərdi. O, nəyəsə qarşı baş qaldıran ehtirasda ayağa qalxdı, hər şey qızına şillə çəkməklə başa çatdı və qız pilləkənlərlə aşağı diyirləndi.

Kişi özü yuxarı mərtəbəyə, qızının yanına çıxmağa cürət etmədi və o biri gün, günorta yeməyi zamanı xəstələnmiş anasını yeməklə birlikdə qızının yanına göndərdi.

Tavanın ortasındakı sönmüş çılçırağın zəncirindən Mziya Batareka qızı özünü asmışdı.

1959-cu ilin payızı

Gürcü dilindən tərcümə: Emin Mahmudov

Günün bütün mövzuları

XS
SM
MD
LG