Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:29

Müsavatın «nə şiş yansın, nə kabab» siyasəti


2009-cu il referendumu.
2009-cu il referendumu.

-

«Azadlıq» qəzeti yazır ki, Müsavat Partiyasından deputatlığa namizədlər partiyanın seçkidə iştirakdan çəkilmək qərarına tabe olmur: «İndi belə vəziyyət yaranır ki, Müsavat həm seçkidə iştirakdan çəkilir, həm də iştirak edir.

Müsavatın seçkidə iştirakdan imtina qərarına tabe olmayan üzvləri, həm də adlı-sanlı üzvlərinə qarşı necə davranacağı, onların partiyadan çıxarılıb-çıxarılmayacağı haqda hələlik mətbuata birmənalı izahat verilməyib. Amma insaf naminə demək lazımdır ki, bu mübahisədə geri çəkilmək istəməyən namizədlər də tam haqsız görünmürlər. Ən azı ona görə ki, hətta onlar geri çəkilsələr də, adları seçki bülletenlərində qalacaq, çünki Seçki Məcəlləsinə görə, bülletenlər seçkiyə 10 gün qalmış çapa göndərilir və namizədliyini geri götürmək istəyənlər bunu həmin müddətə qədər etməliydilər. Yəni Müsavat rəhbərliyi seçkidən çəkilmək qərarını vaxtı keçəndən sonra verib».

Nazirlər Kabinetinin iclası.
Nazirlər Kabinetinin iclası.

«SON KADRLAR DƏYİŞİKLİYİNİN PƏRDƏXARASI»

«Yeni Müsavat» qəzeti yazır ki, seçkilərdən dərhal sonra ölkədə kadr dəyişiklikləri qaçılmazdır: «Heç kəs «günah keçisi» olmaq istəmir və odur ki, öz postunu qorumaq və rəqibini sıradan çıxartmaq üçün gözləmə mövqeyinə keçib. Xatırladaq ki, 2003, 2005 və digər illərdə də seçkilər ərəfəsində iqtidar daxili kompromat savaşı müşahidə edilirdi və seçkilər bitən kimi tərəflər daha amansız və qəddar müharibəyə başladılar. Ehtimal etmək olar ki, bu dəfə də belə olacaq. Onu da nəzərə alsaq ki, artıq bir çox kadrların postlarını itirməsi qaçılmaz prosesə çevrilib, kompromat savaşının daha ağır olacağını ehtimal edə bilərik».

Yazı müəllifi ehtimal edir ki, seçkilərdən sonra «köhnə qvardiya» iqtidar strukturlarını tam nəzarətə keçirtməyə cəhd göstərəcək: «Son illər ərzində Azərbaycanda iqtisadi bloku ələ keçirən, vergilər, gömrük, mədəniyyət və s. nazirliklərə tam nəzarət edən «ikinci ailə»nin təsir dairələrindən kənarda qalan yeganə qurum məhz PA idi. Veteranlar artıq iqtisadi müstəvini və təhlükəsizlik sistemini də dövlət başçısının xeyrinə dəyişməklə, öz maraqlarını onun maraqları ilə uzlaşdırırlar. Burada bir məqama diqqət yetirmək lazım gəlir. PA-ya nəzarət də ələ keçirilərsə, artıq «ikinci ailə»nin birinci olacağı, ölkəyə tam nəzarət edəcəkləri birmənalıdır. Görünən odur ki, kadr dəyişiklikləri və rotasiyalar qaçılmazdır. Lakin burada qeyd etmək yerinə düşər ki, sistem dəyişməsə, ölkədə müsbət irəliləyişlər ola bilməz. Odur ki, ehtimal edə bilərik ki. sistemin dəyişdirilməsi də artıq qaçılmazdır...».

Azər Məmmədov (solda) və məşqçisi Ruslan Əfəndiyev.
Azər Məmmədov (solda) və məşqçisi Ruslan Əfəndiyev.

«OĞLUMU O QƏDƏR DÖYMÜŞDÜLƏR Kİ, TANIYA BİLMƏDİM»

Qafqazinfo yazır ki, bu il aprelin 22-də «Avropa» otelində «Zaminbank»ın Nəsimi filialının müdiri Azər Məmmədovu öldürməkdə təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərovun valideynləri oğlanlarına verilən ittihamın ağırlığından şikayətçidirlər.

S.Quliyevin anası Rəhilə Quliyeva Qafqazinfo-ya müraciətində bildirib ki, oğlunun adam öldürmək niyyəti olmayıb, sadəcə, özünü qoruyub.

Anası deyir ki, Sənanı o qədər döymüşdülər ki, oğlunu tanıya bilməyib: «Gözləri tutulmuşdu. Onunla görüşəndə məni görmürdü. Burnu da iki yerdən sınmışdı. Sənan son aylar kökəlmişdi deyə, tez-tez meyvə yeyirdi. Məşqə də ona görə getmişdi. Meyvə yediyi üçün də özü ilə bıçaqla götürürdü... Mən demirəm ki, oğlum günahsızdır, Sənan günahkardır, amma cəzanı da günahına uyğun versinlər».

Manat.
Manat.

AZƏRBAYCANDA ÇIXILMAZ LOMBARD LABİRİNTİ

«Bizim yol» qəzeti yazır ki, qeyri-rəsmi məlumatlara görə, ölkədə 1200-dən artıq hüquqi və fiziki şəxs lombard xidməti göstərir: «Bu sahədə baş verən dələduzluq hadisələri qanunvericilik bazasının mükəmməl olmadığı qənaəti yaradır. İqtisadi ekspertlərə görə, problemin kökündə lombardların Maliyyə Nazirliyi və Mərkəzi Bank qarşısında məsuliyyət daşımadıqları durur. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov vətəndaşlara təhlükəsizlik baxımından bank olmayan kredit təşkilatlarına müraciət etməyi məsləhət görüb. Bu xidmətlər həm təhlükəsizlik baxımından, həm də faiz dərəcələrinə görə də fərqlənir. Fiziki şəxslərin təklif etdiyi faiz dərəcəsi ildə 60% civarında, bank olmayan kredit təşkilatlarının təklif etdiyi faiz dərəcəsi isə 25-30% arasında dəyişir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG