Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:02

-

«Atam öz sevimli müəlliminin əsərlərində rol oynadığı üçün hər zaman fəxarət duyardı». Bu sözləri AzadlıqRadiosuna ədəbiyyatşünas alim Nəzakət Qafqazlı söyləyib. Həmin sözlər «İz» mədəniyyət proqramının «Klassiklərimizi tanıyaq və tanıtdıraq!»silsiləsində - Süleyman Sani Axundova həsr olunmuş «İkinci Axundov-Süleyman Sani» buraxılışında səslənib.

SÜLEYMAN SANİ - BÖYÜK MÜƏLLİM!

Nəzakət Qafqazlı Süleyman Sani Axundovun Qori Müəllimlər Seminariyasını bitirdikdən sonraBakıdakı müəllimliyinə diqqət çəkib: «Əvvəlcə IV Rus-Tatar Məktəbində müəllimlik edir. Daha sonra VII Rus-Tatar Məktəbində müdir çalışır - Abdulla Şaiqin də dərs dediyi məktəbdə. Ailə albomumuzda həmin məktəbdən çəkilmiş bir foto qorunub saxlanır. Bu fotonun 107 yaşı var - 1908-ci ildə çəkilib. Xoşbəxtlikdən, həmin məktəbdə mənim atam - gələcəyin tanınmış aktyorlarından olan Hacıməmməd Qafqazlı da oxuyub. Süleyman Sani atama dərs deyib. Fotoya baxanda, ortada Süleyman Sanininoturduğunu görürsən. Bir yanda dövrün sayseçmə ziyalılarından - Abdulla Şaiq, müəllim Ağəli Qasımov, digər tərəfdə rus dili müəllimi Əliməmməd bəy Mustafayev əyləşiblər. Atam həmişə öz müəllimlərindən danışar, bizlərə rus ədəbiyyatından, Azərbaycan ədəbiyyatından söz açardı. Oxuduğu illərlə bağlı onun çox böyük təəssüratı vardı. Bu fotonu əzizləyib saxlardı. Onun bir surəti indi Abdulla Şaiqin ev muzeyində saxlanır. Sonralar atam aktyor olanda, öz müəlliminin əsərlərində - «Laçın yuvası»nda, «Eşq və intiqam»da rollar ifa etdiyi üçün fəxarət duyardı...».

İKİNCİ AXUNDOV, YOXSA İKİNCİ SÜLEYMAN?

Aparıcının: «Süleyman bəy Axundov «Sani» təxəllüsünü necə götürdü» sualını verilişin qonaqları fərqli cavablandırdılar. Nəzakət Qafqazlı: «Təbii ki, Süleyman bəy bunu uşaqlıq illərində eləməyib... Artıq yaradıcılığa başlayandan sonra «Sani», yəni «İkinci» təxəllüsünü götürüb. Mirzə Fətəli Axundovdan fərqlənmək üçün bu təxəllüsü seçib. Həm də Mirzə Fətəlinin dramaturgiyasından bəhrələnib. İlk qələm təcrübəsi «Tamahkar»ı da 1899-cu ildəMirzə Fətəlinin «Hacı Qara» pyesinin təsiriylə yazıb».

Nəzakət Qafqazlı

Nəzakət Qafqazlı

İKİNCİ SÜLEYMAN!

Verilişin digər qonağı ədəbiyyatşünas alim Alxan Bayramoğlu bu qənaətlə razılaşmır: «Süleyman Saninin və Abdulla Şaiqin yazılarının birində bu suala cavab var. Hər ikisi göstərir ki, Süleyman bəy müasiri Süleyman bəy Əbdürrəhmanbəyovun şərəfinə bu təxəllüsü seçib. Əbdürrəhmanbəyov dövrünün çox dəyərli pedaqoqlarından sayılıb. Onunxatirinə və şərəfinə Süleyman Axundov «Sani» təxəllüsünü götürüb. Mirzə Fətəlidən götürsəydi yazardı - Sani Axundov... O isə yazıb ki, ikinci Süleyman... Kimsə, nə vaxtsa səhv yazıb və bu səhv hər yerdə təkrarlanır. Təəssüf ki, ədəbiyyat tariximizdə belə səhvlər çoxdur. Mən auditoriyada da tələbələrə deyirəm ki, internetə baxın, ondan yararlanın, amma ilk mənbəyə də baxmağı unutmayın».

SEYİDLİ KƏNDİNDƏ KEÇƏN UŞAQLIQ...

Nəzakət Qafqazlı Süleyman Saninin ömür yoluna qısa nəzər saldı: «1875-ci ilin oktyabrında Şuşada doğulub. Atası Rzaqulu bəy, anası Dürnisə xanım olub. Təəssüf ki, atası tez ölüb və Dürnisə xamım 3 uşaqla tək qalıb. Dürnisə xanım görkəmli maarifçi, «Vətən dili» dərsliyinin həmmüəlliflərindən Səfərəli bəy Vəlibəyovun bacısı idi. Dayısının himayəsində böyüyən Süleyman ilk təhsilini də ondan alıb. Səfərəli bəy Qori seminariyasını qurtaran ilk ziyalılardandır. Seminariyanı bitirəndən sonra Səfərəli bəy orda müəllimliyə başlayıb. Bacısına kömək üçünəvvəlcə onun böyük oğlunu, daha sonra kiçiyi - Süleymanı Qoriyə aparıb. Atasının ölümündən sonra ailə Ağdamın Seyidli kəndinə köçmüşdü. Burda onların təsərrüfatları vardı. Süleymanın uşaqlığı bu kənddə keçib. Kəndin sehrli gözəlliyi Süleymana, az da olsa, atasızlığını unutdurub. Ömrünün sonlarında o bu kəndlə bağlı maraqlı xatirələrini yazıb. 1885-ci ildə dayısı balaca Süleymanı da Qoriyə aparıb və hazırlıq sinfinə qoyub».

«VÜQARLI VƏ TEZ İNCİYƏNDİR»

Nəzakət xanım Qori Seminariyasında Süleymana verilən xasiyyətnamədən söz açdı: «Orda görün nə yazılıb? Bacarıqlıdır, çalışqandır, səliqəlidir, nəzakətli və sakitdir... Təmkinli, intizamlı, icraçı, utancaq, vüqarlı və tez inciyəndir... Ən yaxşı tələbələrdən biridir».

Alxan Bayramoğlu onun bu xasiyyətinin başına bəla açdığını bildirdi: «Qoridə oxuyan zaman Süleyman bir böhtana düşüb».

AZADLIQRADİOSUNUN ARXİVİNDƏ MƏŞHUR İNTİHAR OLAYI BELƏ CANLANDIRILIR...

AzadlıqRadiosunun «Can Bakı» proqramının arxivində Qori Seminariyasının tarixini araşdırıb «Qoridən gələn qatar» kitabını çap etdirən jurnalist Şəmistan Nəzirlinin səsyazısı var. Şəmistan bəy o intihar hadisəsini öz şirin diliylə belə nəql edir:

Süleyman Sani müəllim həmkarlarının əhatəsində - 1908

Süleyman Sani müəllim həmkarlarının əhatəsində - 1908

«Seminariyada növbətçilik vardı. Hər gün bir müəllim, 3 tələbə növbətçi olurdu. Günlərin birində Süleyman baş növbətçi təyin edilir. Çernyayevski(Qori seminariyasının Azərbaycan bölməsinin rəhbəri, Azərbaycan uşaqlarının təhsil almasının təşəbbüskarlarından biri – red.) xəzinədən pulu götürüb verir Süleymana. O, yaxınlıqdakı dükandan - Osman Əfəndidən nahara və şama çörək almalı idi. Süleyman gedib çörəyi alır. Çernyayevski həmin gün evdə nahardan tez qayıdıb uşaqları yoxlayır. Deyir çörəyi neçəyə aldın? Süleyman deyir 50 qəpiyə. Çernyayevskinin «axı çörək həmişə 30 qəpiyə alınıb. Haradan almısan?» sualını Süleyman – «Osman Əfəndinin dükanından» deyərək cavablayır. Çernyayevski şübhələnir. Bir də soruşur ki, 30 qəpiklik çörəyi niyə 50 qəpiyə almısan? Pərt olan Süleyman hirslə qayıdır ki, «Mən dedim 50 qəpiyə - vəssalam!».

SAAKOVDAN TAPANÇA ALIB ÖZÜNÜ GÜLLƏLƏYİR...

Şəmistan bəyin sözlərinə görə, cavab Çernyayevskinin bərk xətrinə dəyir: «Müəllimə belə cavab vermək olmazdı, axı. Komissiya təşkil olundu. Gedib yoxladılar. Məlum oldu ki, çörəyi satan Osman əfəndinin oğlu Şamil olub... Osman əfəndi də deyib ki, oğlum seminariyaya təzə çörək satıb. Mən din qardaşlarıma köhnə çörəyi rəva görməzdim. Qüruru əzilən Süleyman gedib Saakovdan bir tapança alır, vəsiyyət məktubu yazır və özünü güllələyir. Xoşbəxtlikdən, onu xilas edə bilirlər. Həkim Barsukov olmasaydı, indi biz çox şeydən, həm də «Qorxulu nağıllar»dan məhrum qalacaqdıq. Bu məsələ böyüyüb pedaqoji şurada müzakirəyə çıxarılır. Orda Səfərəli bəyin - Süleymanın dayısının bir sözü olub. O belə deyib: Bilsəm ki, bacım oğlu yarım qəpiyə tamah salıb, mən özüm onu seminariyadan çıxarıb apararam. Doğrudan da, onun günahı yoxmuş. Seminariyanın bütün sənədlərində o, sakit, təmkinli bir uşaq kimi tanıdılır. Amma tez inciyən...».

KLASSİKLƏRİMİZİ NECƏ DİNDİRİRİK?

Aparıcının: «Klassiklər, eləcə də Süleyman Sani yetərincə təbliğ olunurmu, onları tanıyıb-tanıtdıra bilirikmi» sualına Alxan Bayramoğlu belə cavab verdi: «Yetərincə təbliğ olunurdu... Dərsliklər, dərsliklərə salınan əsərlər kiminsə tanışı, dostu, qohumu olduğuna görə yox, onun bədii gücünə, ideya-əxlaqi keyfiyyətinə görə salınırdı. Bu baxımdan Süleyman Sani Axundovun uşaq psixologiyasına hesablanmış «Qorxulu nağıllar» hekayələr silsiləsi əvəzsizdir. Təsadüfi deyil ki, uşaqları ətraf aləmlə, insanlarla tanış edən «Qaraca qız» hekayəsinin motivləri əsasında film də çəkilmişdi. Onun hekayələri dərsliklərə salınırdı. Amma indi nəinki Süleyman Saninin, Cəlil Məmmədquluzadənin hekayələri, hətta Sabirin uşaq şeirləri dərsliklərdə az rastlanır...».

Alxan Bayramoğlu

Alxan Bayramoğlu

«YAD AĞACDA DOĞMA MEYVƏ»

Alxan Bayramoğlu Süleyman Sani Axundovu həm böyük müəllim, həm də usta yazıçı kimi tanıtmağın tərəfdarıdır: «Mir Cəlal Paşayev yazır ki, Azərbaycan klassik hekayəsinin inkişafında 3 yazıçı - Ə.B. Haqverdiyev, Cəlil Məmmədquluzadə və Süleyman Sani müstəsna rol oynayıb. Onlar yad bir ağacı -Avropa tipli hekayə janrını Azərbaycan torpağında əkib Azərbaycan meyvəsi yetişdiriblər. Doğrudan da belədir. Süleyman Sani həm yaradıcılığında, həm də çoxillik pedaqoji fəaliyyətində millətin saflaşmasına çalışırdı. Süleyman Sani, Süleyman bəy Səfərəlibəyov, Abdulla Şaiq, Səfərəli bəy Vəlibəyov və başqa ziyalılarımız yeni fidanlar yetişdirməyi bacardılar. Cümhuriyyətimiz, müstəqilliyimizin bərpası, bugünkü günümüz bizə onları xatırlatmaya bilmir. Hər bir uğurumuzda o pedaqoqların, o fədailərin özünəməxsus əməyi var».

«AİLƏ QURMADI... AXIRADƏK UŞAQTƏBİƏTLİ QALDI»

Alxan Bayramoğlu Süleyman Saninin həyatının son illərinə də toxundu: «Süleyman Sani sovet dövründə də pedaqoqluğunu davam etdirdi. Uşaqlar üçün yazdı. Millət balalarının təlim-tərbiyəsiylə məşğul oldu. Özü də əvvəldən-axıra uşaqtəbiətli qaldı. Ailə də qurmadı. Dayısı Səfərəli bəy kimi özü də ürək xəstəliyindən vəfat etdi. 1939-cu il martın 29-da, Bakıda - 63 yaşında. O xarakterin sahibi - hər şeydən təsirlənən, hər şeyi ürəyinə salan sentimental yazıçı necə uzun yaşaya bilərdi?».

BİR XALI HEKAYƏSİ...

Alxan müəllim Süleyman Saninin ən yaxşı tədqiqatçısı olanbacısı oğlu Nadir Vəlixanlıdan da söz aşdı: «O danışırdı ki, 20-30-cu illərin aclıq və repressiya illərində olan bir hadisəni ailədə həmişə xatırlarmışlar. Nadir müəllim ağlar bir gülüşlə danışardı ki, o dövrdə onlar aclıqdan hər şeylərini satıblar. Qalıb bir ailə xalısı. Bu xalça da nəsil yadigarıymış. Axırda ümid xalçaya qalır. Bir neçə dəfə o xalçanı büküb aparıblar satmağa. Ancaq xalçanı evdən uzaqlaşdırınca hamısı ağlaşıblar ki, istəmirik, satmırıq, aclığa dözərik, qaytarın... Sonda aclıq qalib gəlib... Bax, belə məhrumiyyətlərlə yaşayıb Süleyman Sani və yaxınları. Yazılarına baxsanız, böyük bir ağrı görərsiniz. Buna ürək dözərdimi?».

«ONLAR MİLLƏT FƏDAİSİ İDİLƏR»

Alxan müəllim həssaslığın, duyğusallığın bu ailədə bir özəllik olduğunu vurğuladı: «Nəsildəngəlmə bir ürək xəstəliyi də olub bunlarda. Səfərəli bəy Vəlibəyov da ürəkdən ölüb. Yeganə bir qızı varmış, imtahan veribmiş instituta. Gəlib muştuluqlayıblar ki, Səfərəli bəy, gözün aydın, qızın qəbul olundu. Bu xəbəri eşidən Səfərəli bəy sevinir, oturduğu kreslodan dik qalxır və dərhal da ürəyi yatır. Maraqlıdır ki, Nadir Vəlixanov da dayısı Süleyman Sani kimi ailə qurmadı. Elə bil Süleyman Saninin aurası onu tam Süleymanlaşdırdı. Bütün ömrünü onun tədqiqinə həsr elədi. Nadir müəllim də nəslinə sadiq adam idi. O da fədai idi.Çox incə xarakterli, həssasdı, dayısına çəkmişdi. Taleyi də elə oldu. Ürəkdən öldü...».

Günün bütün mövzuları

XS
SM
MD
LG