Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 00:40

Elm dili milli dillərdən üstündür (Eynşteynin məqaləsi)


Albert Einstein
Albert Einstein

- "Doğrudanmı, dildən yararlanmadan düşünmək olmaz?"

"Elmin dilinin milli dillərdən üstün olması isə bu dili bütün xalqların içərisindən çıxmış, ən idraklı, ən uzaqgörən kəslərin yaratmasından qaynaqlanır."

Albert EYNŞTEYN

Elmin hamı üçün anlaşılan dili

Baş verən olayların doğurduğu reaksiyaları him-cimlər, səslər, həmçinin buna oxşar olan başqa vasitələrlə duyurmağa çalışmaq dilin yaranması yolunda ilk addım olub.

Çox ola bilsin, bu sayaq saya yollarla biri-biriylə imsiləşmək–isnişmək, sürüylə yaşayan heyvanların elə hamısında azdan-çoxdan vardır.

Bu yöndə gözəçarpan sonrakı addım isə qarşılıqlı anlaşma yoluyla gözə dəyən bütün görüntülərə hamılıqla anlaşılan adların verilməsi, qarşıya çıxan bütün olayların yaratdığı qıcıqların, bu adlardan yararlanaraq duyurulması olub.

Artıq bu dönəmdə, dilin – çoxsaylı, qarmaqarışıq olaylardan, onların ardıcıllığından duyulanları da anlada bilmək bacarığı ortaya çıxıb. Dil dediyimiz gercəklik bax belə yaranıb.

Dil, hansısa topluqdakı insanların, qarşılıqlı olaraq, biri-birini anlaması üçündürsə, onda bu dildə danışanlar gərək nəsnələrin adlarının, yəni dilin sözlərinin yaranmasında da, baş verən olayların bu sözlərlə anladılmasında da hansısa bəlli, ortaq düzənləri gözləsinlər.

Bu isə artıq insanların bir dildə danışması deməkdir, bu sayaq dil birliyini yaradan bəlli, ortaq düzənlərə alışmaq isə, sonradan, uşaqlıq çağlarından başlayaraq, intuitiv qavrama yolu ilə baş verir.

Yaranıb oturuşan bu düzənlərin, götür-qoy edilərək qavranılmasından isə, dilin qrammatikası yaranıb.

Dillərin yaranmasının ilk çağlarında, ayrıca bir söz, təkbaşına, hansısa bəlli bir olaydan doğulan qıcığı duyurmaq üçün işlənib.

Ancaq sonrakı çağlarda, sözlərin bəlli durumlarla bu sayaq birbaşa bağlılıqları aradan qalxıb, burada artıq, ancaq başqa sözlərlə birləşməklə nəyisə duyurmağa yarayan sözlər ortaya çıxıb (örnək üçün: “olmaq”, “nəsnə” kimi sözləri göstərmək olar).

A.Eynşteyn
A.Eynşteyn

Dilin bu dönəmində, təklikdə götürülmüş bir söz, bəlli bir durumu anlatmır, sözlər öz aralarında birləşərək, ayrı-ayrı, çoxsaylı durumları anlatmağa başlayır.

Bununla da dil, yalnız hansısa ilk baxışdan duyulan durumları anlatmaqla bağlı olan asılılıqdan qurtulur, özünün ayrıca çevrəsini yaradaraq, onun içində, öz aralarında qırılmaz ilişkiləri olan sözlərdən qurulan, özgür bir gerçəkliyə çevrilir.

Gəlişməsinin bu yüksək dönəmində, abstrakt anlayışlar üstünlük qazanandan sonra, dil artıq insanın düşünmək bacarığını doğuran tək bir vasitəyə çevrilir.

Ancaq elə buradan da, dilin yanlışlara, yalanlara uyması qorxusu yaranır. Bundan sonra, baş verən olayları haracan düzgün duyura bilməsi, dilin başlıca dəyər ölçüsünə çevrilir.

Dil ilə düşüncənin belə qarşılıqlı və sıx asılılığı nə ilə bağlıdır? Doğrudanmı, dildən yararlanmadan düşünmək olmaz? – tutalım, hansısa, sözlərə çevrilməyən anlayışların, onların birləşmələrinin yardımı ilə düşünmək olmazmı?

Bütün aydınlığı ilə qavradığımız hansısa anlayışları sözə çevirmək üçün əlləşib-vuruşaraq baş sındırmaq, haçansa, bizim hamımızın başına gəlməyibmi?

İnsanlar biri-birini anlamaq üçün, dildən başqa bir vasitə tapa bilsəydilər, onda düşüncə də dildən asılı olmazdı.

Ancaq dediyimiz bu, başqa sayaq yaranacaq düşüncə, çox ola bilsin, insan şüurunu olduqca dar bir çevrəyə qapamış olardı.

Deməli, insanın şüurca yüksəlişi də, onun gerçəkliyi qavramaq üçün yararlandığı anlayışların biçimlənməsi, biri-biri ilə birləşərək bütövləşməsi də dildən çox asılıdır.

Elə isə, bir dildə danışmaq, elə bir sayaq düşünmək anlamına gəlir. Bu baxımdan da, düşüncə ilə dilin biri-biri ilə çox sıx bağlılığı vardır.

A.Eynşteyn ABŞ vətəndaşlığını qəbul edərkən. Hakim Phillip Forman ona sənədi təqdim edir. 1940
A.Eynşteyn ABŞ vətəndaşlığını qəbul edərkən. Hakim Phillip Forman ona sənədi təqdim edir. 1940

Elmin dili, danışmağa alışdığımız dildən nə ilə seçilir? Elmin yararlandığı dilin hamı üçün anlaşılan olması nə deməkdir?

Elm özünün yaratdığı anlayışların olduqca aydın, bitkin görünməsinə, onların arasında qarşılıqlı ilişkilərin olmasına, eləcə də, bu anlayışların duyurmaq istədikləri gerçəkliklərə büsbütün uyğun gəlməsinə çalışır.

Bu dediklərimizi aydınlaşdırmaq üçün, Evklid həndəsəsi ilə Cəbrin yararlandıqları elmi dilə, örnək olaraq, baxa bilərik.

Burada öncə az sayda: ədəd, nöqtə, düz xətt kimi, asılı olmayan anlayışlarla simvollar ortaya qoyulur, bununla yanaşı, bu anlayışların biri-biri ilə necə birləşə bilməsi üçün özül (təməl) prinsiplər də göstərilir.

Yaradılmış bu özülün üstündə isə, ardıcıl olaraq doğruldulan yeni teoremlərlə, anlayışlar qurulmağa başlayır.

Ən başlıcası, burada, anlayışlarla teoremlər arasındakı bağlılıq da, bunların ikisinin də duyurmaq istədikləri gerçəkliyə uyğunluğu da, yetərincə inandırıcı olan sayma və ölçmələrlə sınanaraq yoxlana bilir.

Elmin dilinin milli dillərdən üstün olması isə, bu dili sürəkli bütün xalqların içərisindən çıxmış, ən idraklı, ən uzaqgörən kimsələrin yaratmasından qaynaqlanır.

Onlardan hər biri öncə ayrılıqda, sonradan isə bu biliklərin yayılması ilə bağlı olaraq, demək olar, elə birlikdə, uzun illər boyunca, insan ruhunu gərəyincə yaraqlandıra bilmiş, son yüzildə insanın yaşamını kökündən dəyişmiş böyük texniki çevrilişin baş tuta bilməsinə yol açmışlar.

Bütün insanlığın qorxusuz, özgür yaşamasını, yaxşı ömür sürməsini ürəkdən istəyiriksə...

Onların yaratdığı anlayışlar sistemi yanlış duyğularımıza qapılaraq düşdüyümüz anlaşılmaz xaosdan çıxmaq üçün ipucu olmuş, ayrı-ayrılıqda aparılan özəl sınaqları necə bütövləşdirib, gerçək biçimlərə salmaq yollarını bizə öyrətmişdir. Elmin göstərdiyi yolla getmək, insanlığı hansı uğurlara çatdıra, hansı qorxularla qarşılaşdıra bilər?

Məncə, bu sorğunu belə qoymağın özündə bir yanlışlıq vardır. İnsanların əlində olan hansısa bir qurğunun nə isə yarada bilməsi, birbaşa, insanların özlüyündə hansı işi görmək istəyindən asılıdır.

Öncədən hansı işin görüləcəyi bəlli olanda elm də bunun üçün hansı yolu seçməyin gərəkliyini göstərə bilir. Yoxsa elm özü-özlüyündə, qabaqcadan, hansı işi görməyin gərəkliyini anlada bilməz.

İnsanlarda gerçəkliyi bütün aydınlığı ilə qavramaq istəyi olmasaydı, hansısa elmi yoldan danışmaq bir yana, elmi yolun özünün yaranmasından belə, söz ola bilməzdi.

Mənim düşüncəmə görə, indi yaşadığımız yüzillik, ortalıqda olan problemlərin üzə çıxarılaraq, aradan qaldırılması üçün ən yaxşı vasitələrin tapılması yönündəki çalışmalırına görə, özündən qabaqkı yüzillikləri çox-çox üstələyir.

Biz, bütün insanlığın qorxusuz, özgür yaşamasını, yaxşı ömür sürməsini ürəkdən istəyiriksə, onun bu uğura çata bilməsi üçün gərək olan vasitələri də axtarıb tapmalıyıq.

Bu yöndəki axtarışları, insanların arasındakı çox kiçik bir kəsimin aparmasına baxmayaraq, onların çalışmalarının necə gərəkli olduğunu, gələcək özü göstərəcəkdir.

1942

Rus dilindən Araz Gündüz çeviribdir

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG