Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:38

- "Azərbaycan mediası hər gün bir tanınmış simanı öldürür."

"İndi qarşı-qarşıya durmuş iki böyük kütlə var: biri Azərbaycan mediası, digəri Azərbaycan xalqı."

Orxan Bahadırsoy

Azərbaycan mediası və Azərbaycan xalqı

Xəbər çıxır ki, “ata öz qızı ilə evləndi”. Bu nə dəhşətdir, İlahi?! Belə də iş olar?

Bizim məsum, pak və günahsız insanımız, əxlaqıyla, namusuyla, bütün müsbət insani keyfiyyətləriylə fövqəlbəşər olmuş soydaşlarımız hirsli-hirsli açır xəbəri. Xəbər açılana qədər öz “qızı” ilə evlənən “ata” üçün var-yox, ölü-diri saxlamırlar.

Xəbər açılandan sonra öyrənirlər ki, sən demə, bir vaxtlar məşhur “Klon” serialında ata-bala rollarını oynayan Murilio Benisio (Lukas) və Debora Falabela (Mel) evləniblər.

Bu zaman gözlədiyi şoku, həyəcanı, faciəni yaşaya bilməyən məzlum xalq həmin söyüşlərin hamısını bu xəbəri yazan jurnalistlərə ünvanlayır.

İllüstrasiya

İllüstrasiya

Çox keçmir, yenə bir xəbər çıxır ki, “Rəqsanə yol qəzasında vəfat etdi”.

Azərbaycan xalqı və mədəniyyəti üçün növbəti ağır itki baş vermiş, bütün vətəndaşlar Rəqsanə İsmayılova kimi sənətkarı itirdiyinə görə yasa bürünmüş halda açırlar xəbəri.

Bütün günü çılpaq şəkillərinə, estetik əməliyyatlarına, həyat yoldaşlarının sayına görə lənətlənən, oxuduğu mahnıları bozbaş adlandırılan Rəqsanə qəfildən Azərbaycan xalqı üçün o qədər şirinləşir ki, hamı bir ağızdan ona rəhmət oxuyur.

Xəbəri açandan sonra öyrənirlər ki, “Bakı şəhəri, Binəqədi rayon sakini 24 yaşlı Rəqsanə Məmmədova avtomobil qəzasında dünyasını dəyişib” (xəbər şərtidir).

Elə bu an həmin rəhmətlər lənətə çevrilir. Amma bu lənətlər xəbəri yazan jurnalistə oxunur. Xəbərdən hələ də baş açmayan biçarə qızcığazın biri rəy yazır ki, “axı bu həmin Rəqsanə deyil”. Önündə də bir üzüntü işarəsi qoyur.

Azərbaycan mediası hər gün bir tanınmış simanı öldürür. Xəbər çıxır ki, Nanə Ağamalıyeva avtomobil qəzasında dünyasını dəyişib.

Bir həftə sonra telekanalda Nanənin yeni verilişinin anonsu gedir. Hamı məətəl qalır ki, axı bir həftə əvvəl bu Nanə qəzada ölmüşdü.

Bizim medianın öldürdüyü məgər təkcə Nanədir? Ağaxan Abdullayevin, Səyyad Əlizadənin, Murad Dadaşovun, Baloğlan Əşrəfovun, hətta Alla Puqaçovanın da ölüm xəbərləri dəfələrlə bizim medianın manşeti olub.

Azərbaycan mediasının Azərbaycan xalqı ilə qərəzi nədir? Niyə bu məzlum xalqın hissləri ilə oynayırlar? Axı bu xalq mediaya nə edib?!

Bütün bu sualların əslində sadə bir cavabı var. Yəni, çox bəsit bir səbəbdən media bu dələduzluğu etməyə məcbur olur.

“Ata qızı ilə evləndi”, “Rəqsanə qəzada vəfat etdi”, “Səyyad Əlizadə öldü” kimi xəbərlərə 100 000, 200 000 baxış sayı qazandıran Azərbaycan xalqı hansı yazıçının kitabının nəşr olunması ilə bağlı xəbərə eyni baxış sayını qazandırıb ki?

Svetlana Aleksieviç

Svetlana Aleksieviç

Svetlana Alekseyeviç Nobel alandan sonra bir tanışımdan soruşdum ki, “bildin Nobeli kim aldı?” Cavab verdi ki, “deyirlər, bir belarus qadın alıb.”

Soruşdum ki, “bəs açıb xəbərləri oxumadın?” Dedi ki, “rastıma çıxdı amma açmadım. Əşi, alıb alıb da.”

Dedim, “adam bir xəbəri açar, baxar ki, bu qadın kimdir, hansı əsərinə görə Nobel alıb, sonra gedib onun əsərlərin tapar, oxuyar...” Sözümü kəsib dedi ki, “işin-gücün qurtarıb e sənin də!”

İndi qarşı-qarşıya durmuş iki böyük kütlə var: biri Azərbaycan mediası, digəri Azərbaycan xalqı.

Birincisi bayağı, şit, zəhlətökən, əttökən, əsassız, yanlış, ucuz şöhrət xətrinə xəbərlər yazmaqla milli mətbuatı məhv edir, kökündən baltalayır.

İkincisi isə həmin bayağı, şit, zəhlətökən, əttökən, əsassız, yanlış, ucuz şöhrət xətrinə yazılmış xəbərlərə reytinq qazandırmaqla bu məhvə dəstək olur. Əslində ikincinin birinciyə etiraz etməyə heç bir haqqı yoxdur!

Amma ortada sözün əsl mənasında günahsız yerə cəza çəkən kiçik bir kütlə də var. Bu kütlə həm Azərbaycan xalqının, həm də Azərbaycan mediasının kiçik bir hissəsidir.

Yazıçılardan, peşəkar jurnalistlərdən, müdrik oxuculardan, ziyalı insanlardan ibarət bu kiçik kütlə doğru, əsaslı, ibrətli, peşəkarlıqla yazılan və oxucuya nəsə öyrədən xəbərə sözün həqiqi mənasında susayıb.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG