Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:51

Gülen kimlərin səfərini maliyyələşdirib


Fethullah Gülen.
Fethullah Gülen.

-

«2008-ci ildən bəri Türkiyənin dini Gülen hərəkatı Konqres üzvlərinin Türkiyəyə 200-dən çox səfərini maliyyələşdirib. Bu, Konqres qanunvericiliyinin, hətta federal qanunların pozulması deməkdir». «USA Today»in yeni araşdırmasında belə deyilir.

Türkiyə hökuməti ilahiyyatçı Fethullah Gülen-in hərəkatını ölkədə çevriliş cəhdində ittiham edir. Birləşmiş Ştatlardan Gülen-in ekstradisiyasını da istəyib. Gülen 20 ildir Pensilvaniyadakı iqamətgahında yaşayır.

Araşdırma üzə çıxarıb ki, 10-dan artıq müxtəlif Gülen qrupu 2008-ci ildən bəri konqresmenlərin səfərlərini maliyyələşdirib və sponsorluqla bağlı ayrıca sənədlər də doldurub. Nümayəndələr Palatasının Etika Komitəsi də səfərləri həmin anketlərə əsasən təsdiqləyib.

Ancaq Gülençi qruplar qeydiyyatdan keçmiş qeyri-kommersiya qurumları olduqlarını bildirsələr də, müvafiq məlumat bazasında onların adları yoxdur. Belə çıxır təqdim olunan anketlər saxtadır.

Ümumilikdə, Gülen-in dəstəyi ilə 800 min dollarlıq səfərlərin həyata keçirildiyi qeyd olunur. Hələ bura Türkiyə daxilindəki xərclər daxil deyil. Bu 800 min dolların haradan gəldiyi də bəlli deyil, belə ki, həmin qrupların çoxunun səfər xərcini ödəməyə resursları yoxdur.

Həmin qruplardan biri Texasdakı Amerika və Avrasiyalıların Şurasıdır. 2011-ci ildə üç konqresmen və yeddi heyət üzvünün səfərlərini maliyyələşdirib. 54 min dollarlıq səfərin tək sponsoru olduğunu bəyan edib. Ancaq həmin təşkilat vergi bəyannaməsində səfər xərclərinə 33 min dollar getdiyini, dövlət rəsmilərinin səfərinə pul vermədiyini bildirir.

Konqres Etikası Ofisinin bu ay açıqladığı hesabatda isə qeyd olunurdu ki, BAKIAD qrupu 10 konqresmen və 32 heyət üzvünün Azərbaycana səfərinin Türkiyə hissəsini maliyyələşdirib. Ancaq bu maliyyələşmə gizli həyata keçirilib, qrupun adı açıqlanmayıb.

«USA Today» müəyyənləşdirib ki, Konqresin 214 səfərinə Gülen təşkilatları sponsorluq edib, ancaq bu maliyyələşmə barədə düzgün məlumat verilməyib. Türkiyədə konqresmenlər tarixi ərazilərə baş çəkiblər, Gülençi jurnalistlər, deputatlar, biznes assosiasiyalarında görüşlər keçiriblər.

Və hərəkat da Konqresdə özünə dostlar qazanıb. Məsələn, bu ilin fevralında konqresmen Matt Salmon həmkarları ilə birlikdə Dövlət katibi John Kerry-yə məktub göndərib, Türkiyədə həbs olunmuş Gülençi jurnalistlərin buraxılmasında kömək istəyib.

«USA Today» yazır ki, bu cür səyahətlərə görə Konqresdə heç kəs cəzalandırılmayacaq. Məsələn, Etika Komitəsi iyulda dedi ki, Azərbaycana səfərləri Komitə özü təsdiqləyib, bilərəkdən heç bir pozuntuya yol verilməyib.

Çernobıl zonası.
Çernobıl zonası.

ÇERNOBIL «BABUŞKA»LARI

«The Guardian» qəzeti 1986-cı ildə Çernobıl nüvə reaktorunda partlayışdan sonra burada yaşayan nənələrdən yazır.

Bu gün Çernobılın torpağı, suyu, havası planetdə ən çox çirklənmişlər sırasındadır. Ancaq bu fəlakətli ətraf mühitdə təxminən 130 nəfər hamıya meydan oxuyaraq özünə məskən salıb. Demək olar, hamısı da qadındır. Bu 70-80 yaşlı qadınlar qəzanın salamat qalan sakinləridir. Qəza vaxtı bu zonadan 116 min nəfər evakuasiya olunub. Elə o vaxt 1200 nəfər çıxmaqdan imtina edib.

Onlara film də həsr olunub. Holly Morris və Anne Bogart-ın filmi bu həftə Londonda göstərilir. Filmdə zonadakı tək-tük kəndlər və bu kəndlərin hərəsində yaşayan 8-12 «babuşka»dan danışılır.

Onlardan biri, Hanna Zavorotnya 1986-cı ildə əsgərlərə necə qışqırmasından bəhs edir: «Bizi güllələyin və basdırın, gedən deyilik». Zavorotnya deyir ki, radiasiyadan deyil, aclıqdan qorxur. O, digər qadınlar kimi, 30-cu illərin aclığını, «qolodomor»u görənlərdəndir.

O biri nənələrə gəlincə, belə söyləyirlər: «Getsən, öləcəksən. Gedənlər daha pis durumdadır. Hamısı kədərdən ölürlər. Vətən vətəndir. Heç vaxt gedən deyiləm».

Suriyada rus pilotu.
Suriyada rus pilotu.

RUSİYALILAR GETDİKCƏ QÜTBLƏŞİR

Prezident Vladimir Putin-in Suriyaya hərbi müdaxiləsi cəmiyyəti getdikcə daha çox parçalayır. «Levada» Mərkəzinin yeni açıqladığı sorğuya əsasən belə demək olar. Belə ki, sorğu rusiyalıların bu kampaniya məsələsində həmrəy olmadığını üzə çıxarıb.

Bunu «The Moscow Times»da oxuyuruq.

Oktyabrın 23-26-da keçirilmiş sorğuya görə, respondentlərin 53 faizi Rusiyanın Suriyadakı siyasətini dəstəkləyir. Bir ay əvvəl bu rəqəm 39 faiz idi. Dəstəkləməyənlər isə 11 faizdən 22 faizə qalxıb.

Sentyabrda 50 faiz deyirdi ki, Rusiyanın Suriyada etdikləri veclərinə deyil, yaxud xəbərləri yoxdur. İndi bu rəqəm 24 faizə düşüb.

Karneqi Fondunun Moskva Mərkəzindən Pyotr Topychkanov deyir ki, bu qütbləşmə Putin-i əməllərindən çəkindirən deyil:

«Suriyaya hava qüvvəsi göndərməmişdən əvvəl cəmiyyətdən dəstək istəməyib. Suriyayla bağlı digər qərarlarında da onsuz keçinəcək».

XS
SM
MD
LG