Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:48

- "Həm də indi Don Kixotluq etmək nəyə lazımdır! Belə deyə-deyə özləri öz əl-qollarını bağlayırlar.

Bir də bu fikrə evdəki uşaq və arzular əlavə olunanda məsələ müzakirəedilməz olur. Ona görə də bu fikir Türk aləminin ən böyük düşmənidir və hər yerdə qınanmalıdır."

Metin Altıok

(Türk şairi. 1940-1993)

Fil gözləmək

Bir sərçə yağışlı gündə, şimşək çaxıb göy guruldayanda yerdə kürəyi üstə uzanaraq, incə ayaqlarını qaldırıb boşluğu döyəcləyərmiş.

Bu qəribə hadisəni görüb təəccüblə "Niyə belə edir?" sualını verənlərə "Yer üzündə bu qədər canlı var, göy düşsə hamısı məhv olacaq. Mən də göyü saxlamaq üçün ayaqlarımı qaldırıram" deyə cavab verib.

Sonra da içini çəkərək əlavə edib: “Qaldırmağına qaldırdım, ancaq qorxudan ürəyimdə qırx topa yağ əridi”.

Ətrafdakılar “Lap ağ elədin, özün beş qram deyilsən, ürəyində 40 topa yağ hardandır” deyə lağ ediblər.

Sərçə üzlərinə baxıb, “Siz bunu başa düşməzsiz” deyib, “Hamı öz işiylə məşğul olsun. Hamının özünə görə yağ topası var”.

Gözəl hekayədir, elə deyil? Pertev Naili Boratavın toladığı Anadolu nağıllarından biridir.

...Bu həftəni də nağılla başladıq. Bu nağılı illər əvvəl oxuyub bəyənmişdim. Yadımda necə qalıbsa indi də elə yazdım.

Özümü bir az da o sərçəyə oxşatdığım üçündür yəqin, “Hamının özünə görə yağı var” sözləri uzun müddət ağzımıza düşmüşdü.

“Sərçə qədər ola bilmədim” deyirdim öz-özümə. O vaxtlar 12 Mart ərəfəsiydi və nağıldaki kimi göy üstümüzə indi düşəcək, bu saat düşəcək vəziyyətində idi. Amma sərçələr niyəsə ortalıqda yox idi.

Hamı kənarda durub bir-birinin nəsə etməyini gözləyirdi. Bir-birlərinin kim olduğunu da bilmirdilər.

Türkiyədə də hər çətin dövrdə cəmiyyət bunu yaşayır.

Hamı bir-birilə sözləşibmiş kimi eyni şeyləri deyir, “Bizim əlimizdən nə gəlir?” bəhanəsidir bu.

Həm də indi Don Kixotluq etmək nəyə lazımdır! Belə deyə-deyə özləri öz əl-qollarını bağlayırlar.

Bir də bu fikrə evdəki uşaq və arzular əlavə olunanda məsələ müzakirəedilməz olur. Ona görə də bu fikir Türk aləminin ən böyük düşmənidir və hər yerdə qınanmalıdır.

Zarafatı bir kənara qoysaq, öz gücündən xəbərsiz olan, yaxud onu ciddiyə almayan insanın müasirlikdən bir qram da pay almadığını deyə bilərik.

Bu cür insanlar nəinki vətəndaş, heç fərd olmağın mənasını bilmirlər. Belə insanlardan ibarət cəmiyyətdən isə müasir və demokrat olmağını gözləmək olmaz.

Əgər demokratiya xalqın idarəetmədə iştirakı deməkdirsə, bu laqeyd cəmiyyətlə demokratiyanı hələ çox gözləyərik. Çünki xalqın. iştirakı olmadan sözün əsil mənasında demokratiyadan söz gedə bilməz.

Bizim kimi gücündən xəbərsiz, təslim olmağa hazır cəmiyyətlərdə demokratiya yox, “demək, razı” ola bilər ancaq.

Ziyalının məsuliyyəti odur ki, öz-özünə "gücünün elə özündə olduğunu" desin. O sərçə kimi.

Təbii olaraq, iynəni ziyalılara batırmaq lazımdır. “Yenə ziyalı?” deməyin, ya da istəyirsizsə deyin, amma həqiqət budur. Ziyalı məsuliyyəti və aktivliyi bir cəmiyyətin lokomotividir.

Əgər “Ziyalının gücü nədir?” deyə soruşsanız, ziyalının nağıldakı sərçə kimi məsuliyyətinin özünə özündəki güc olduğunu deməsi olar. Yetər ki, bir cəmiyyət oturduğu yerdə “güc” deyə fil gözləməsin.

Həm də yaddan çıxarılmamalıdır ki, demokratiya süddən çıxan qaşıq deyil. Əgər xalqın təzyiqi, nəzarəti olmasa hakim təbəqə tərəfindən idarə olunan güc diktaturaya çevrilə bilər.

Bu, demokratiyanın təbiətində həmişə olan qüsurdur. Sistemin işləyişində qarşılıqlı nəzarətin olmaması kağız üstündəki haqq və azadlıqlar mövzusundaki güvəni də sarsıdır.

Məsələn, 92-ci ilin dekabr ayında “Basic İnstinct” adlı filmin qadağan edilməsinə Süleyman Dəmirəlin şərhi çox mənalı idi.

Dəmirəl "filmin göstərilməyini kim qadağan edibsə, onu ortadan qaldırarıq. Amma bunu məhkəmə edibsə qüvvələr balansı prinsipinə riayət etmək lazımdır” deyir, məsuliyyəti qanunvericiliyə buraxıb, idarəetməni təmiz saxlayırdı.

Bu nümunədə göründüyü kimi, qüvvələr balansı prinsipi, zehniyyətini dəyişməyən cəmiyyətlərdə bəzən hansısa haqsızlığa da göz yuma bilir.

Onsuz da yaşadığımız bu deyil?

1993

Günün bütün mövzuları

XS
SM
MD
LG