Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:11

Adları deyəndə ağzıma dad gəlir: Toğrul, Elza...


İllüstrasiya
İllüstrasiya

- "Sənin adını deyəndə ağzıma karandaş içinin (sadə rəngsiz karandaşın qrafitini nəzərdə tuturdum) dadı gəlir."

Tural Türksoy

Dünən ilk hekayəmi yazdım. Adını "Dadlı sözlər" qoydum. Hekayəni anama oxudum, təklif etdi ki, adını "Adın dadı" qoyum.Mən isə nə onu, nə də özümü incidərək, hər iki adı birləşdirdim.

DADLI SÖZLƏR və ya ADIN DADI

Tural Turksoy
Tural Turksoy

4-cü, ya da 5-ci sinifdə oxuyurdum...

(o vaxtla - 6 yaşımdan 6-cı sinifdə oxumağa başlayanadək indiki Şirvan, o vaxtkı Əli Bayramlı şəhərində yerləşən, el arasında "Pribor-zavod" adlanan "Telemexanika" zavodunun yaxınlığında yulğunlar, otlar, tikanlar, ilan-çayanlar basmış düzənlikdəki keçmiş "Tural" Kiçik Müəssisəsinin binasında yaşayırdıq. Sonralar-2003-cü il avqustun sonlarında elə Şirvanda Ə.Xaqani küçəsində yerləşən 5 saylı binanın 5-ci mərtəbəsindəki 55 saylı mənzilə köçdük və 6-cı sinfə o evdə yaşayarkən başladım).

Günlərin bir günü neçə vaxtdır özümdə müşahidə etdiyim qeyri-adi halı nəhayət, anama açıb dedim:

- Mama (o vaxtlar anama "mama" deyirdim, lakin sonralar yaşım, biliyim və şüurum artdıqca məndə ana dilimizə qarşı təəssüb yarandı və anama artıq "ana" deməyə başladım; bu vərdişə yiyələnmək çətin olsa da, nəhayət, yiyələndim), adam adlarını deyəndə ağzıma dad gəlir.

İllüstrasiya
İllüstrasiya

Anam istehzayla dedi:

-Pah atonnan! Elə şey olar?!

-Vallah, olur.

-Yaxşı, mənim adımı deyəndə ağzına nə dad gəlir?


-Sənin adını (anamın adı Elzadır) deyəndə ağzıma karandaş içinin (sadə rəngsiz karandaşın qrafitini nəzərdə tuturdum) dadı gəlir.

Anam gülümsəyərək dedi:
-Karandaş içinin dadı olur? Sən birdən-ikiyə karandaş içi yemisən ki, dadını da biləsən?
Utandığımdan qızararaq qımışdım:
-Elə demək istəmirdim ey. Demək istəyirdim ki, sənin adını deyəndə gözümün qabağına bir dəstə karandaş içi gəlir.
-Necə yəni?
-Sənin adını deyəndə elə bil bir dəstə karandaş içini sındırırlar.

Anam mənə təəccüblə baxdı:
-Deyəsən, sarsaqlayırsan.
Bayaqdan kənarda dayanıb maraqla söhbətimizi dinləyən qardaşım (qardaşım məndən 2 yaş kiçikdir) yaxınlaşaraq soruşdu:

-Bəs mənim adımı (qardaşımın adı Toğruldur) deyəndə ağzına nə dad gəlir?
-Ağzıma un halvasının şipşirin dadı gəlir.

Qardaşım təəccüblənərək gülümsədi. Anam məni imtahana çəkirmiş kimi ard-arda atamın və yaxın qohumların adlarını çəkdi və "dad"larını soruşdu:

İllüstrasiya
İllüstrasiya

-Atanın adını (atamın adı Vaqifdir) deyəndə ağzına nə dad gəlir?
-Qənd dadı.
-Bəs Şərqiyyənin (Şərqiyyə ortancıl xalalarımdandır)?
-Gavalı cemi.
-Bəs Elmira (Elmira da ortancıl xalalarımdandır)?
-Qaynanmış yumurtanın sarısı.
-Bəs Esma (el arasında Esmira, çox vaxt qısaldılmış şəkildə Esi və ya Esma kimi çağrılan Ətirə böyük xalam rəhmətlik Xanımananın qızıdır)?
-Qıpqırmızı şaqqıldayan (yəni bərk) alma.
-Çox maraqlıdır...

Təxminən bir ildən sonra hekayənin əvvəlində qeyd etdiyim binaya köçdük. Binaya köçdükdən bir müddət sonra həmin söhbət təzələndi. Anam məni yoxlamaq üçün həmin adları və "dad"ları təkrarən soruşduqda eyni cavabları aldı və təəccübünü gizlətmədən dedi:

-Həqiqətən, bu, qeyri-adi bir qabiliyyətdir.

İllər keçdi... Orta məktəbi və universiteti bitirib işləməyə başladım. Bu illər ərzində anam dəfələrlə məni imtahana çəksə də, hər dəfə imtahandan əla qiymət alırdım, yəni bu "qabiliyyət"im sabit olaraq qalırdı; nə artırdı, nə azalırdı, nə dəyişikliyə uğrayırdı, nə də birdəfəlik yoxa çıxırdı (nəzərinizə çatdırım ki, hələ də bu "qabiliyyət"imi itirməmişəm).

Nəhayət, 2-3 gün öncə yenidən bu "qabiliyyət"imi xatırlayaraq, hansı psixoloji səbəbdən qaynaqlandığını öyrənmək üçün bir neçə psixoloji mərkəzə elektron müraciət etdim.

Müraciətimə cavab olaraq yazdılar ki, bu hal dad hallüsinasiyasına bənzəyir, amma dəqiq diaqnoz qoya bilmək üçün mütləq psixoloqla görüşməliyəm.

Yeri gəlmişkən, onu da deyim ki, əsasən ruhi xəstələrdə tez-tez rast gəlinən dad hallüsinasiyasının mahiyyətinin heç də təsadüfə əsaslanmadığına, bəsit psixoloji pozuqluq olmadığına inanıram.

Daha detallı şəkildə desəm, məncə, məsələn, Toğrul adını eşidərkən və ya deyərkən məhz un halvasının dadını hiss etməyim heç də əbəs yerə deyil və mütləq ilahi-metafizik bir hikməti var.

Amma bu hikməti hələ kəşf etməmişəm...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG