Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31

-

Bakı sakini İlqar Yusifov aznews.az-a həyat yoldaşının iki uşağını götürüb Suriyaya qaçdığını, onun qaçacağı ilə bağlı əvvəlcədən Milli Təhlükəsizlik Nazirliyinə məlumat versə də, heç bir tədbir görülmədiyini bildirib.

İlqarın müraciətləri nəticəsində Binəqədi rayon 6-cı polis bölməsinin nəzarətə götürdüyü Pərvanə Yusifova 2015-ci ilin may ayında ölkədən qaçmağı bacarır. Suriyaya gedib İŞİD üzvlərinə qoşulan Pərvanə ərinə oradan videolar göndərir, özləri ilə bağlı məlumatlar yazır. O, qızlarının əlində avtomat, bomba olan şəkilləri də İlqara göndərir. Qızlarını geri qaytarmaq ümidi ilə ata Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən tutmuş, MTN-ə kimi hər yerə müraciət edir. Videoları göstərir, telefon nömrələrini verir. Bildirir ki, uşaqlarına ölkədən çıxış üçün icazə vermədiyi halda, onları apara biliblər.

Onu MTN-in baş idarəsinə çağırırlar. Orada Elçin adlı şəxslə görüşən İlqar bir az da sarsıntı keçirir:

«Mənə dedi ki, «əvvəla yoldaşının oradan gəlməsi mümkünsüzdür və gözləmə ki, biz buradan xüsusi əməliyyat qrupu göndərəcəyik ki, sənin arvadını və qızını oradan gətirsin. İkincisi, sən ən yaxşısı bu məsələləri unut. Çünki adını hallandırdığın şəxslər (Pərviz və Rəhim – red.) var. Hər an başına nə isə gələ bilər. Cibindən hər an narkotik tapıla bilər, yaxud səni qəfildən maşın vura bilər. Ona görə də unut və həyatına davam et. Ağıllı ol!»».

Arvadı və qızları Suriyaya qaçan ata MTN-i İŞİD-ə himayədarlıq etməkdə günahlandırır.

Əli Kərimli.

Əli Kərimli.

QAPALI DAİRƏDƏN ÇIXIŞ YOLU VARMI?

«Azadlıq» qəzeti AXCP sədri Əli Kərimlinin fikirlərini dərc edib. Əli Kərimli bildirir ki, rəhbərlik etdiyi partiya məqsədli şəkildə mitinqlər keçirmir.

«İstəmədik ki, seçki kampaniyası dövründə ictimai-siyasi fəallıq, rəqabət görüntüsü yaransın. Ən qərəzli adamlar da görməli oldu ki, ölkədə hər hansı rəqabət mühiti yoxdur. Hökumət seçki institutunu tamamilə məhv edib. Beynəlxalq hesabatlarda da deyildiyi kimi, Azərbaycan xalqının seçkilər yolu ilə öz hökumətini dəyişmək imkanı yoxdur. İlk baxışda qapalı dairə yaranır. Seçki ilə hakimiyyət dəyişikliyi ən azı hələlik mümkün deyil. Zor yolu ilə hakimiyyət dəyişikliyini də biz qəbul etmirik, onu daha təhlükəli sayırıq».

HÖKUMƏT EHTİYAT VALYUTADAN XƏRCLƏYİR

«Bizim Yol» qəzeti yazır ki, neftin qiymətinin ucuzlaşması, dollar-avro kursunda kəskin dəyişmələr Azərbaycan Dövlət Neft Fondunun aktivlərinə təsirini göstərib. Bu ilin 3-cü rübünə dair məlumata görə, Neft Fondunun büdcə gəlirləri 5.5 milyard manat olub.Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır. Gəlirlərin azalması DNF-ni xərclərində ixtisarlar aparmasına məcbur edib.

«Bu ilin əvvəlindən neftin qiymətində ucuzlaşma davam edib. Azərbaycan neftinin 9 aylıq orta qiyməti 57 dollar olub. Halbuki büdcədə neftin baza qiyməti 90 dollardan hesablanıb. Bir tərəfdən «qara qızıl»ın ucuzlaşması, başqa tərəfdən hasilatdakı azalma Neft Fondunun büdcəsinin icrasında problemlər yaradıb. İlin 9 ayında büdcəsində 853 milyon manat kəsir yaranıb. Aktivlər 2.3 milyard azalıb».

Alexander Karavaev.

Alexander Karavaev.

QİYMƏTİ AZƏRBAYCANLILAR ÖZLƏRİ VERMƏLİDİRLƏR

«Azərbaycanın müsbət imicini ləkələmək mümkün olmayacaq».

«Azərbaycan» qəzeti rusiyalı ekspertlərə istinadən belə yazır.

«Şimal-Cənub» Politologiya Mərkəzinin icraçı direktoru Yulia Yakusheva qəzetə deyib ki, Azərbaycan bu seçkilərdə rekord sayda iştirakçını qeydiyyatdan keçirib: «Keçən seçki kampaniyası ilə müqayisədə bu dəfə namizədlərin sayı iki dəfə çoxdur. Bu onu göstərir ki, ölkənin daxilində seçkilərə maraq çox böyükdür».

M.V.Lomonosov adına Moskva Dövlət Universitetindən Alexander Karavaev bildirib ki, prezident İlham Əliyev əhalinin fəal hissəsinin arzusu ilə üst-üstə düşən yeni iqtisadi proqram həyata keçirir: «Bu, hər şeydən əvvəl inhisarçılığa qarşı mübarizədir. Son ay korrupsiyaya qarşı sərt tədbirlərlə əlamətdar olub».

Ekspertlər beynəlxalq təşkilatların Azərbaycanda seçkiləri necə qiymətləndirmələrinə də diqqət yetiriblər. Söhbət ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə etməkdən imtinasından düşüb. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan Stanislav Chernyavsky əmindir ki, bu, ilk növbədə təşkilatın nüfuzuna zərbə vuracaq. Ekspert deyib: «Düşünmürəm ki, kənardan olan təzyiqlər Azərbaycanın müsbət imicini ləkələyə bilsin. Ümidvaram ki, bu seçkilər bütün beynəlxalq aktyorlar tərəfindən qəbul ediləcək». O əlavə edir ki, DTİHB-nin imtinası bütövlükdə ölkədə seçkilərin qiymətləndirilməsinə zərrə qədər təsir etmir, çünki bu qiyməti hər şeydən əvvəl azərbaycanlılar özləri verməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG