Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:28

- "Kənar mədəniyyət evlərində dövlət işi xətrinə adını yazdıran, amma bircə dəfə də işə gəlməyən, eyni zamanda tanışlıqla işə düzələn, lakin mədəniyyət sahəsindən anlamayan o qədər adam var ki. Bunlar yaxşılıq deyil, bəs nədir? Görün neçə adam burdan çörək yeyir."

Orxan Bahadırsoy

Şairin nazirə yazdığı şeirin təhlili

Şair Vaqif Bəhmənlinin Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə yazdığı şeir mətbuatda kifayət qədər səs-küy doğurdu. Şeirə hər kəs münasibətini bildirdi. Amma nə qədər gözlədimsə, bu şeiri təhlil edən olmadı.

Deyəcəksiz ki, hər şeiri təhlil etmək olar? Dörd yanı şairlərlə dolu məmləkətdə hər gün neçə şeir yazılır, indi durub hamısını təhlil edək?

Haqlısınız! Amma son illərdə yazılan şeirlərin heç biri bu qədər oxunmadı, bu qədər müzakirə olunmadı, bu qədər səs-küy yaratmadı. Deməli, bu şeiri təhlil etmək olar.

Əbülfəs müəllim, dilinə qurban,

Tamam düz deyirsən, dediyin haqdı –

Yaxşılıq yolunda can qoymusan, can,

Nə ki yamanlıq var, səndən uzaqdı.

Nazir Ə.Qarayev

Nazir Ə.Qarayev

Burda müəllif niyə nazirin dilinə qurban olmaq istəyir? Çünki nazir öz çıxışlarının birində belə bir ifadə işlədib:

“Mən həyatım boyu insanlara o qədər yaxşılıq etmişəm ki, innən sonra nə qədər pislik eləsəm, Allah günahımdan keçər”.

Məhz bu cümləyə görə müəllif nazirə qurban olur, ona haqq qazandırır. Yəni müəllif razılaşır ki, insan nə qədər yaxşılıq etsə, sonradan pislik edə bilər.

Daha sonra isə iddia edir ki, nazir Əbülfəs Qarayev yaxşılıq yolunda can qoyub. Bu iddiasına etiraz edə bilmərik. Yəqin ki, Vaqif Bəhmənli nazirdən çoxlu yaxşılıqlar görüb.

Qəlbini bir dəfə boşaldıb ildə,

Hətta dil tapırsan iblis adamla.

Bülbültək ötürsən beş-altı dildə,

Pisliyin dilini bilmirsən amma.

Yəqin ki, Əbülfəs Qarayev şair Vaqif Bəhmənli ilə ildə bir dəfə dərdləşir. Bu onların öz işidir.

Əsas məsələ odur ki, şair nazirin beş-altı dildə danışdığını iddia edir. Amma 2013-cü ildə Azərbaycan Milli Teatrının 140 illik yubiley tədibirinin açılışında nazir çıxış edərkən, öz doğma dili olan Azərbaycan dilində çətinliklə danışırdı.

Hətta əvvəlcədən hazırladığı (ya da hazırlatdığı) mətni kağızdan qeyri-səlis nitqlə oxuyurdu. Şair isə hesab edir ki, nazir öz dilini bilməsə də olar, əsas odur ki, beş-altı dil bilir.

Alova yaxşılıq, hisə yaxşılıq...

Lap yansın çırağı qara evlərin.

Yaxşıya yaxşılıq, pisə yaxşılıq –

Həyat tərzi budur Qarayevlərin.

Nuriyyə Əhmədova

Nuriyyə Əhmədova

Bəlkə də şair nazirin çıraq yandırdığı evlər görüb.

Amma biz onu bilirik ki, bu yaxınlarda müstəqil və çiçəklənən respublikanın xalq artisti, dövlət mükafatı laureatı Nuriyyə Əhmədova kirayə yaşadığı evdə vəfat etdi.

Bir dəfə teatrlardan birində iclas idi. Əbülfəs Qarayevin müavini də bu iclasda iştirak edirdi. Aktyor və aktrisalar maaşın azlığından, maddi imkansızlıqdan gileylənəndə nazirin müavini onlara təklif etdi ki, yardım kassası yaradıb imkanlı şəxslərdən kömək istəsinlər. Bundan böyük xeyirxahlıq olar?

Əclaf da, paxıl da unudur kini –

Nadan fikrə gedir qanmayanda da.

Üzü işıqlanır, adam sevinir,

Qardaş sən adamı danlayanda da.

Bu bənd haqqında çox da fikir yürütmək əbəsdir. Yəqin ki, bu şairin öz təbiətidir. Çünki şəxsən məni danlayan kim olursa olsun, mənim üzüm danlaqdan işıqlanmaz, sevinmərəm.

Müsbət rəy... hər kəsin ərizəsinə -

Nizamülmülk kimi yaxşı vəzirsən.

Qalxırsan dirinin lap zirvəsinə,

Ölünün içində həyat gəzirsən.

Bəndin son iki misrasında şair tamamilə haqlıdır. Hamıya məlumdur ki, respublikanın əməkdar artistləri Xanım QafarovaGülnar Salmanova illərlə xəstə yatağında ölümlə mübarizə aparırdılar.

Bu iki xəstə aktrisa əslində çoxdan ölmüşdülər – səhnəyə çıxa bilmədikləri gündən. Bir aktrisa artıq səhnəyə çıxa bilmirsə, deməli o artıq yaşamır. Buna baxmayaraq, mədəniyyət naziri bu iki mədəniyyət xadiminin təkrar səhnəyə qayıtması üçün heç bir iş görmədi.

O, ölü aktrisaların daxlində həyat axtarır, onların yaşamaq üçün apardığı mübarizəni izləyirdi. Elə xalq artisti, məşhur kinoaktrisa Safura İbrahimova da illərdir içində həyat olan bir ölüdür. Bu həm də dirinin zirvəsinə qalxmaqdır.

Son hesab xaliqin həddinə yetsə;

Dua var dəryanın yaş balığında.

Lap bir gün Allah da ziddinə getsə,

Yenə usanmazsan yaxşılığından.

Burda şair iddia edir ki, əgər Allah belə, nazirin yaxşılıq etməyinə mane olsa, nazir usanmayacaq yaxşılıqdan. Bu, gələcək haqqında proqnoz verməkdir və mənim altıncı hissim bu barədə heç bir məlumat vermir. Nə deyə bilərəm!? Yaşasaq, görərik.

Çürük kötükdə də pöhrə gücü var

Yaxşılıq suyuna çək iyrəncləri.

Atan əvəzidir bütün qocalar

Balantək sevirsən bütün gəncləri.

Elə bu yaxınlarda qocaman xalq artisti İlham Əsgərov çalışdığı teatrdakı ədalətsizlikdən, yaşanan teatrdaxili insidentdən infarkt keçirib, vəfat etdi. Heç teatrda vida mərasimi də təşkil olunmadı.

Əvvəldə misal çəkdiyim qocaman aktrisa Nuriyyə Əhmədova da heç bir vida mərasimi təşkil olunmadan Şüvəlan məzarlığında dəfn olundu.

Hal-hazırda bərbad vəziyyətdə yaşayan müğənni Elmira Əliyeva, Azərbaycan Dövlət Televiziyasının ilk montajçılarından biri, 41 il montajçı işləmiş qadın Səyyarə Namazova, təkrar misal çəkirəm: ədalətsizlikdən küsüb inzivaya çəkilən Safura İbrahimova və bu kimi neçə-neçə qocaman sənətkarlar var.

Rasim Balayev kimi Azərbaycan kinosunun əvəzsiz siması belə, bu yaxınlarda maddi durumunun çətinliyindən şikayətlənirdi.

Amma hörmətli nazirimiz gəncləri sevir. Baxmayaraq ki, Mədəniyyət və İncəsənət Universitetini bitirib iş tapa bilməyən istedadlı və savadlı gənclər var, teatrlarda bir xeyli gənc aktyor-aktrisalar çalışır, - filmlərdə və seriallarda aktyorluğa dəxli olmayan, istedadsız və savadsız o qədər gənclər var ki!

Bəlkə sənə görə açılır səhər

Harda varsan orda xeyir dolaşır.

Düşəndə axşamlar, qarışanda şər

Qanadın altına xeyir doluşur.

Ümumiyyətlə, bu bənd qafiyə xətrinə yazılmış bənddir və bu şeirin ən zəif bəndidir. Təkcə birinci misrası diqqət çəkir: şair Vaqif Bəhmənli üçün səhər Əbülfəs Qarayevə görə açılır.

Qalaça tikirsən daş qalağından

Adam çox... hamıya bu vərdiş gəlmir

Qardaş, bir an qalma yaxşılığından

Onsuz da əlindən yaman iş gəlmir?!

Həqiqətdir. Şair nə də olsa, həqiqəti yazar deyiblər. İllərdir ki, Bakı Uşaq Teatrı, Şuşa teatrı, Opera və Balet teatrı, Pantomim teatrı uçulmuş, dağılmış, nəm və üfunət qoxulu qalaçalarda fəaliyyət göstərirlər.

Bir sıra teatr binaları əsaslı təmir olunsa da, bu teatrlar uzaqdan xarabalıq kimi görünürlər. Eləcə də şəhərdən kənarda yerləşən mədəniyyət evləri oxşar vəziyyətdədir.

Nazir öz yaxşılığından da qalmır. Kənar mədəniyyət evlərində dövlət işi xətrinə adını yazdıran, amma bircə dəfə də işə gəlməyən, eyni zamanda tanışlıqla işə düzələn, lakin mədəniyyət sahəsindən anlamayan o qədər adamlar var ki.

Bunlar yaxşılıq deyil, bəs nədir? Görün neçə adam burdan çörək yeyir. Nə olsun ki, istedadlı və təhsilli kadrlar kənarda qalıb? Onlara da növbə çatar...

Əslində bu yazını uzatmaq olar. Amma gərəksizdir. Dərinliyinə varanda elə bu yazının özü də gərəksizdir. Çünki bu, heç nəyi dəyişməyəcək, hər şey öz axarında davam edəcək.

Amma mən soruşuram: axı niyə mədəniyyətlə belə qəddar rəftar edirsiz? Bu mədəniyyət ki, sizə yaxşılıqdan qeyri heç nə etməyib.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG