Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:21

Gözəl tikililərin yanında xalqı yoxsul görünən şəhərdə yaşama


Pythagoras (Pifaqor)

Pythagoras (Pifaqor)

- Bizim eradan əvvəl 570-500-ci illərdə yaşamış Pifaqoru çoxumuz riyaziyyatçı kimi tanıyırıq. O, fəlsəfənin ilk yaradıcılarından biri olub. “Filosof”, “kosmos” kimi terminləri elmdə ilk olaraq onun yaradıb işlətdiyi də bəllidir.

Özü də gəncliyində pifaqorçu olmuş görkəmli ingilis riyaziyyatçısı və filosofu Bertrand Russel yazırdı: “Mən, insan idrakını irəli aparan şəxslərin arasında Pifaqordan böyük sayıla biləcək başqa birisini tanımıram”.

PİFAQORUN AFORİZMLƏRİ

Gözəl tikililərinin, böyük abidələrinin yanında xalqı çox yoxsul və kiçik görünən şəhərdə yaşama.

Öz dövlətçiliyini sevən xalq! Çalış, yaşadığın toplumda: yerinə yetirilməyən buyuruqlara, bacarıqsız dövlət başçısına, gen-bol bəzənmiş yemək masasına yer olmasın. Bu üç yaramazlıq, toplumu da, ocaqlarınızı da yoxluğa sürükləyəcəkdir.

Gücləri tən gələn ikisindən kim doğrudursa, o da güclüdür.

İnsanın üzü onun ruhunun gözəlliyindən soraq verəndə ən gözəl olur.

Öz düşkün istəklərindən asılı olan kimsə özgür sayıla bilməz.

Uşaqlarınızın göz yaşlarını qoruyun,–qoyun, vaxtı çatanda onlar sizin qəbrinizin üstünə tökülmək üçün qalsın.

Xoşbəxt yaşamağın elmi yolu bugünü yetərincə yaşamağı bacarmaqdır.

Pifaqor heykəli

Pifaqor heykəli

Özünə gerçək arxadaş axtar, tapdınsa, tanrılara da gərək duymayacaqsan.

Elə yaşamağa çalış, arxadaşlarını yağılarına, yağılarını arxadaşlarına çevirməyəsən.

Susmaqdan yaxşı olan nəsə deməyəcəksənsə, onda ən yaxşısı elə susmaqdır.

İçkiyə öyrəşmək özünü anlamazlığa alışdırmaq üçün çalışmaqdır.

İçki düşkünü öz yaramazlığından necə qurtula bilər? Mən onun yerinə deyirəm: qoy o, içkili olanda elədiklərini tez-tez xatırlasın.

Hər şeydən öncə bütün nəsnələri öz adları ilə deməyi öyrən, bu, bütün gərəkli elmlərin ən birincisidir.

Ey Xalqlar! Yaxşı qanunlar yaratmazdan öncə yaxşı əxlaqınızın olmasına çalışın, qanunlara uyğun yaşamaq elə əxlaqlı olmaq deməkdir.

Gənclər! Özünüzü dərindən düşünməyə alışdırın, bu sizləri çox danışmaq düşüklüyündən çəkindirər.

Özünə yaxşı arxadaş tapa bilmirsənsə, onda çalış özünlə arxadaşlıq elə.

Birdən səndən soruşsalar: “Ölüm nədir?”–Deyərsən: “Qanmazlıqdan böyük ölüm yoxdur”.

Günün doğan, batan çağlarında görünən kölgənin uzunluğuna baxıb, özünü böyük sanma.

Heykəli onun gözəlliyi, insanı isə gördüyü işlər yaraşıqlı göstərir.

Yalnız elə öz yazılarında bilgin görünənlərdən olma.

Bədənini ruhunun tabutu eləmə.

Xalqın gözü qarşısında, onun inancına bağlı olan nəsənələrə gülməzlər, xalqa acımaq olar, ancaq onu ələ salmaq olmaz.

Krotonlular!* Tanrılara, sizinlə yaxşı davransınlar deyə qurbanlar verib, onları alçaltmayın.

Krotonlular! Haçanacan sizin şəhərinizdə varlılarla yoxsullar olacaq, oçağacan özünüzü özgür xalq saya biməzsiniz: yoxsullar dolanışıq ucbatından, istər-istəməz varlıların qullarına çevrilirlər.

Krotonlular! Qoy sizin ilk tanrılarınız günəşlə, yasalar olsun: birincisi sizin əməyinizi yönətir, ikincisi davranışınızı.

Ey bilgin! Sən xalqa aşılamaq istədiyin hansısa doğruya, hamının istəyi donunu geyindirməyi bacarmasan, əməyin boşuna gedəcək. Hamının istəyi deyilən nəsnə, bütün xalqların inandığı bir yasadır.

Krotonlular! Tanrılarınızın əlinə qamçı verməyin: yoxsa o sonradan, sizləri uşaq yerinə, qul yerinə qoyub, yazıqlayacaqdır.

Ey yasalar yazan! Sən öz işində Təbiəti yamsılamağa çalış: görürsən, onun ayrı-ayrı gerçəklikləri də, onların toplusu da necə bitkin görünür.

Adamların mülkiyyət ayrı-seçkiliyi qaldıqca, onların hüquq ayrı-seçkiliyi aradan qalxmayacaqdır.

Xalqın hansı qanacağın yiyəsi olduğunu bilmək istəyirsənsə, ilk öncə onun dilini öyrən.

Öz istəklərinin–ölçüsünü, düşüncələrinin–çəkisini, sözlərinin–sayını bil.

Öz ağan ol: özünə böyüklük elə, özünə yaxşı buyuruqlar ver, onda sən özünü çox varlı da, böyük görəvli də saya bilərsən.

Pifaqor

Pifaqor

Yurdunun böyüklüyünü anlamaq üçün onun haradan başladığını ansan yaxşıdır: Yurdun–sənin Ata Ocağından başlayır.

Heyvanları öldürməkdən çəkinin. Onların qanını tökməkdən insanlar elə quduzlaşdılar, sonra da biri-birini öldürməyə başladılar.

Ölümdən qorxma: bu ancaq yaşadığın evi dəyişməkdir, yerin üstündən altına köçməkdir.

Xanımı ilə yola getməyən adamı özünə arxadaş eləmə.

Gənclər! Öz istəklərinizi yerinə yetirməzdən öncə onların nəyə yaradığını düşünüb daşının.

Krotonlular! Şəhərinizin yan-yörəsini uca hasarlarla bərkitməkdənsə, onu yaxşı yasalarla bərkidin.

Öz ömrünü elə yaşamağa çalış, ötən hər günün sonunda deyə biləsən: “Mən bu günü yaşadım”.

Ey gənclik! Alışqanlığa (vərdişlərə) qarşı dayanmağı bacar: alışqanlıq çox güclü yaramazlıq olduğundan, o adamları qul olmağa belə alışdıra bilir.

Bütün görəcəyin işləri öncə vicdanına, sonra da arxadaşlarına gənəş.

Krotonlular! Sizdən soruşsalar: “Tanrılardan qabaq nə olub?”–deyərsiniz: “Qorxu ilə umacaqlar”.

Krotonlular! İstərsiniz özünüzə yarımtanrılar düzəldin, ancaq yarımyasalar düzəltməkdən çəkinin.

Dilsiz-ağızsız heyvanların bizm işlərimizdən baş açmadığını düşünməyin. Ah, onlar birdən danışa bilsəydilər, bizim üzümüzə, nələr, nələr deyərdilər!

Ruhunu düşünməyə alışdır, çox keçmədən onun da qartal kimi qanadları olacaqdır.

*Kroton, İtaliyanın Güneyində şəhər olub, Pifaqor burada özünün fəlsəfə məktəbini yaratmış, çoxsaylı ardıcılları ilə birgə, ayrıca bir icma qurub.

Qaynaq: Золотые законы и нравственные правила Пифагора. Астрель Полиграфиздат, Москва-2011 г.

Rus dilindən Araz Gündüz çeviribdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG