Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:03

Xörək çox hay-küy salarsa, ağzını örtmək məsləhətdir


Ziya F.M.
Ziya F.M.

- "Sonra keçin Bostana. Nə ki, Başqaldıran, Göyərən, Böyüyən var, başını üzün, dəstələyin əlinizə."

"Elələri olacaq ki, məsələn, kasıb malı soğan kimi, sizin gözünüzü yaşardacaq, amma yazığınız gəlməsin, dəstəyi fırlayan əliniz ağrımasın, fırlayın..."

Siyasi satira

Ziya F.M.

Azərbaycan xörəyi

Köhnə “kişilər” üçün mətbəx /resept/

Bir sürü qoyunun qabağına bir Qurbanlıq Keçi salıb sallaqxanaya gətirirsiniz. İri Buynuzlu Mal-Qara ilə işiniz olmasın, onların “Azərbaycan” xörəyinə heç bir dəxli yoxdur, milli dadları çoxdan itib.

Keçini qabağa salırsınız, arxası ilə işiniz olmasın, yerdə qalan bütün sürü başını aşağı sallayıb dinməz-söyləməz özü bıçağın altından keçəcək.

Xörəyi hazırlamaq üçün əsas ərzağınız var. İndi onu şaqqalayın, qıyma-qıyma doğrayın, yeddi qonşuya paylayın, qurbanlıq kimi... savabdır.

Yerdə qalanını Tarixin ət maşınından keçirin. Tələsməyin, bu xörək çox qarışıq tələb edəndir.

Bir az Oğuz, bir az Midiya, bir az Atropatena, sonra Ərəbistan, İran, Monqolustan, Türkiyə, Rusiya, bir az da o birilərindən kəsib əvvəlki ətə qarışdırın. Bu oldu “Azərbaycan” xörəyinin əti.

Sonra keçin Bostana. Nə ki, Başqaldıran, Göyərən, Böyüyən var, başını üzün, dəstələyin əlinizə.

Bəzilərinin isə torpağın üstündə heç nəyi olmadığından qazıb əslini-kökünü də çıxardın.

Onları ciddi-cəhdlə yumaq lazımdır ki, torpaqdan heç birində əsər-əlamət qalmasın, sonra əzin suyu çıxsın, verin ət maşınının ağzına.

İllüstrasiya
İllüstrasiya

Elələri olacaq ki, məsələn, kasıb malı soğan kimi, sizin gözünüzü yaşardacaq, amma yazığınız gəlməsin, dəstəyi fırlayan əliniz ağrımasın, fırlayın...

Dalınca çörək çəkilməlidir. Çıxın sərhədin üstünə, qonşudan bir az çörək istəyin, əvəzində yanan çırağınızdan bir az nöyüt istəyəcəklər. Verin.... İşığımız bir az tez sönsə də olar!

Biz onsuz da qaranlıq dəlisiyik. Bütün işıq gələn dəlmə-deşiklərə pambıq tıxamaqla məşğuluq.

Çörəyi də qatandan sonra qatışığınızı yaxşı-yaxşı qarışdırın. Qarışdıran zaman tez-tez əlinizi dəyişdirin, yoxsa xörək hasil olmaz. Hər əlinizi dəyişdirəndə ovsun deməlisiniz. Bunlar aşağıdakılardır:

"Tanrı türkü qorusun”,

“La-ilahə-illəllah”,

”Слава КПСС ”,

“Xudahafiz”,

“Xeyirli olsun”

(kim istəyər alman, ingilis, fransız, hətta yaxın qonşularımızın da sözlərindən istifadə edə bilər) deyib alınmış məhsulu qazana tökün.

İllüstrasiya
İllüstrasiya

Ağzını örtmək, ya örtməmək barədə mübahisə düşsə iki variant mövcuddur: əgər xörək çox hay-küy salarsa, ağzını örtmək məsləhətdir.

Amma deyilənə görə bu xörəyin o qədər də səsi çıxmır... demək, ikinci variant daha yaxşıdır. Altdan yandırın ki, canında su qalmasın.

Hərdənbir Kəfkiri hərləyib üzünün Qaymağını (bizimkilər ona “kəf”, dünya isə ona “elita” deyir) yığıb kənara tullamaq lazımdır ki, olan-qalan suyu bulandırmasın.

Odunu vam qoymaq lazımdır, amma bir şərtlə ki, cızdağı çıxana qədər yansın.

Bir az ədvaya ehtiyac var:

Namus, Qeyrət, Kişilik, Etiqad, Yalan, İkiüzlülük, Oğurluq, Satqınlıq və bir çox başqa ədvaları acı, şirin və turş olsalar da, qıcqırmış olsalar da, bir-birlərinə uyğun gəlməsələr də, əlavə etmək lazımdır.

Duzu isə bilənə tökdürmək lazımdır. Xörəyinizin duzunu qoy başqaları qatsın... Siz də gülün...

Ürəyinizi açın. Salat üçün bir az Pambıq, bir az Üzüm, bir az Neft, bir az da Qaz qoyun. Qazını çox eləməyin.

İçmək istəsələr, doğrayın damarınızı, qoy sorsunlar.

Mkrtıçı, Vasonu, İvanı, Smiti, Ağayi-Şəhrbanunu, Ahmadı və başqalarını çağırın və deyin:

- Nuş olsun, yeyin. Halal xoşunuz olsun!

O saat yeməyə daraşacaqlar!

Amma özünüz yeməyin.

Adam da öz ətini yeyərmi, öz qanını sorarmı?!

Qoyun (guya qoymamaq mümkündür) qonaqlar oturub yeyib-içsinlər.

Bizim əvəzimizə...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG