Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:22

-

Həbsxanada döyülən zaman REAL Hərəkatının sədri İlqar Məmmədovun dişi sındırılıb. Hazırda başağrıları azalıb, durumu yaxşıdır.

Bu barədə AzadlıqRadiosuna oktyabrın 25-də onunla görüşən həyat yoldaşı Vəfa Məmmədova məlumat verib.

Vəkili Cavad Cavadov İlqar Məmmədovun oktyabrın 16-da həbsxanada döyüldüyünü iddia edərək, Baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov və ombudsman Elmira Süleymanovaya müraciət etmişdi.

5 GÜN SONRA HƏKİM MÜAYİNƏSİNDƏN KEÇİB

Vəfa Məmmədova deyir ki, bu müraciətdən sonra ombudsman və Ədliyyə Nazirliyinin əməkdaşları İlqar Məmmədovla görüşüb. Döyülməsindən 5 gün sonra həkim müayinəsindən də keçirilib:

«İlqar indi özünü pis hiss etmir. Döyülmə zamanı bir dişi sındırılıb. Başındakı ağrılar artıq keçib. Ayın 21-də, hadisədən 5 gün sonra həkim müayinəsindən keçib. Ağrıları getdikcə çəkilir».

MƏQSƏD ƏFV ƏRİZƏSİ YAZDIRMAQDIR

Döyülmə səbəbinə gəlincə, Vəfa Məmmədova deyir ki, hərəkat sədrinə bunun digər bir məhbusla bağlı məlumatın mətbuata ötürülməsi ilə bağlı olduğu bildirilib. Amma İlqar Məmmədov səbəbin başqa olduğunu düşünür:

- Ona deyilib ki, Renat Yusifov adlı məhbusun «kars»a salınması barədə məlumatı guya o, mətbuata ötürüb. Ona deyiblər ki, sənə görə daim bizə yoxlama gəlir, başımızı ağrıdırlar, bizi problemə salırsan. Amma bu deyilən səbəbə İlqar inanmır.

- İlqar bəyin öz ehtimalı nədir?

- Düşünür ki, onu növbəti dəfə qorxutmaq istəyirlər. Bu ilk belə hadisə deyil, bundan əvvəl də digər öyrədilmiş məhbuslar tərəfindən ona hücumlar olub. Məqsəd İlqarın əfv ərizəsinə imza atmasına nail olmaqdır.

TELEFON QADAĞASI GÖTÜRÜLÜB

Vəfa Məmmədovanın dediyinə görə, ombudsman və Ədliyyə Nazirliyi nümayəndələrinin həbsxanaya getməsindən sonra REAL sədrinə qoyulan telefon qadağası da aradan qaldırılıb:

«Sentyabrın 7-dən etibarən telefon danışığına qadağa qoymuşdular. Heç bir səbəb olmadan. Amma nümayəndələrlə görüşdən sonra artıq evə iki dəfə zəng edə bilib. Söz veriblər ki, daha belə problemlər olmayacaq. Amma müxalif qəzetləri almasında hələ də problem yaşanır, qəzetlər ona verilmir».

İlqar Məmmədova qarşı həbsxanada təzyiqlərin olması xəbəri hələ iyul ayından mətbuatda yayılmağa başlayıb. Amma həbsxana rəhbərliyi bunu təkzib edib. Penitensiar Xidmətdən isə bildirilib ki, məhkum İlqar Məmmədov cəzasını insan şəxsiyyətinə hörmətin tam təmin edildiyi şəraitdə çəkir.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr zamanı həbs olunub, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG