Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:18

- "Cəfər Cabbarlının çadrasınını başından atan “Sevil”i dünyaya gələnə qədər cəmiyyətin Xurşudbanu şəxsiyyətinə köklənməsi daha məqsədəuyğun idi."

"Biz hələ də “qulaq ədəbiyyatı”nı özümüzdən uzaqlaşdıra bilmirik. Çünki qulaqlarımızda səslənən qafiyə ardıcıllığı bizi ritmə salaraq ovsunlayır."

Günel Eyvazlı

Qadın ədəbiyyatı

(esse)

18 yanvar 1825-ci il. Həftənin çərşənbə axşamı.

Cənab Eckermann Goethe'nin qonağıdır. Təsadüfən söhbət o zamanlar yenicə ədəbiyyata qədəm qoymuş qadın yazardan düşür.

Götenin həkimi Rebeyn qadın yazarlarının poetik istedadlarını müvəqqəti ruhi məşğuliyyət adlandırır.

“Adətən bu varlıqlar məhəbbətdə xoşbəxtliklərini tapmadıqlarından, bu xoşbəxtliyi yaşamadıqlarından poetik məşğuliyyət vasitəsilə onun əvəzini axtarırlar.

Bəlkə də zamanında ailə qurub, uşaq dünyaya gətirsəydilər, poeziya haqqında düşünməyi ağıllarından belə, keçirməzdilər” - Rebeyn deyir.

Johann Wolfgang Goethe

Johann Wolfgang Goethe

Bütün bunlara qulaq verən Göte söhbəti davam etdirir: “Sizin söylədikləriniz üzərində dayanmaq və dedilklərinizin doğru olub-olmadığını araşdırmaq istəmirəm.

Bircə onu bilirəm ki, kifayət qədər istedadı olan yazar qadınların istedadlarına ailə qurmaqlarıyla eyni anda nöqtə qoyulur. Mən gözəl istedada malik qadın rəssamları çox görmüşəm.

Əfsuslar olsun ki, onlar da ailə qurduqdan sonra əllərinə fırça almamışdılar. Ana olmaqları ilə sənətlərinə də yekun vermişlər.”

Bu söhbətləşmə bizim əsrdən çox-çox uzaq bir dövrdə aparılıb. Çox güman ki, elə bizim dövrdə kişi yazarlar (yazar olmayanlar da belə düşünə bilər) arasında da buna bənzər dialoq getmiş olsaydı, eyni fikirlər səslənəcəkdi.

İndi özümüzə sual verək. Məgər peziyanın, yaradıcılığın, ruhun cinsi varmı?

Məsələn, mən uzun illər Aqata Kristinin kişi olduğunu düşünmüşəm. Bu, mənim önyarğımdan irəli gəlib. Bəlkə də çoxları da belə düşünüb.

İrland yazıçı Etel Lilian Voynich

İrland yazıçı Etel Lilian Voynich

Elə Voyniç haqqında da eyni fikirdə olmuşam.

Burada iki əsas məqam sual işarəsinə çevrilə bilər.

Konkret desək, qadın yazarın kişi ruhlu olması bir ayrı məsələdir, kişiləri təqlid etməsi isə tamam ayrı mövzudur. İndi bunun izahına çalışacağam.

Qadın ədəbiyyatı, konkretləşdirsək, Azərbaycan ədəbiyyatının qadın qolu tədqiqat üçün layiqli bir profildir. Axı yenilikçi və qeyri-adi yazılarla diqqət çəkən qadın yazarlarımız çox azdır.

O səbəbdən də ümumi antologiyalar içində “filanıncı əsrin qadın yazarları” deməklə onları bir araya gətirməyimizə səbəb sadəcə bu qadınlar da bizim ədəbiyyatımızda olubdur demək istəyidir.

Çünki imzalar aradan götürülsə, şeirlərin ruhu bir-birinə bənzəyəcək. Dəsti-xətt, temperament, xarakter, üslub fərqliliyi diqqət çəkməyəcək.

Mən də bir çox qadın yazarlarımızın yazılarını oxumağa cəhd etmişəm. Nədənsə bu kitablar elə ilk abzasdan mənim düşüncələrimi öz arxasınca apara bilməyib.

Kitab bir neçə saniyədən sonra yenidən kitab rəfinə qaytarılıb. Kişi yazarların qadın obrazları həyatdakı qadının fikir və düşüncələrini özündə daha çox inikas etdirir. Əcəba, nədən eyni duyğuların daşıyıcısı olan qadın yazarlar bu qədər qapalı və görünməzdirlər? Səbəb nədir?

Məncə səbəb cəmiyyətdir. Cəmiyyətdə qadının rolu, vəzifəsi və.s.

Biz nədənsə yazarın, şairin şəxsi həyat tarixçəsini onun yaratdığı əsərlərdə axtarırıq. Məsələn, bu gün yazdığı şeirdə sevdiyinin qoynunda görünən qadın, sabah ayrılıqdan yazarsa oxucu buna ciddi yanaşacaq və bütün bunları müəllifin həyatında gedən dəyişikliklərlə əlaqələndirəcək.

Bu, təkcə qadın poeziyasına qarşı belə deyil. Ümumiyyətlə, oxucu daim yazıçını onun əsərlərində axtarır.

Əgər belədirsə, niyə kişi yazarlar daha sərbəstdirlər?

Çünki onlar cəmiyyət normativlərini aşmağı bacarırlar, kompleks keçirmirlər. Suçlanmırlar. Cəmiyyətin kişilərə verdiyi hüquqlar və patriarxal güc onlar üçün poeziyada da təpər olur.

Qadın isə maskalanmağa, hisslərini çox bəyan etməməyə və mümkün qədər çərçivələri gözləməyə köklənir. Bəlkə də köklənir yox, köklənirdi.

Çünki çağdaş dövr yazarlarında bu kompleks az da olsa aradan qalxıb. Doğrudur, bəziləri ənənəçiliyi davam etdirsələr belə, kifayət qədər yenilikçi qadın yazarlar da var.

Belələri fikir və duyğularını təsvir etməyi bacarırlar. Onlar bu cəsarətləri ilə kişilərdən heç də geri qalmırlar. Söhbət üryan poetik nümunələrdən deyil, sadəcə düşüncələrin poeziyada, nəsrdə bədii, təbii inikasından gedir.

Ənənəçilər isə axını sadəcə davam etdirirlər. Günlərin birində imzaları itib digər imzaya qarışarsa keyfiyyət baxımından heç nə dəyişməyəcək.

İndi isə bizdən öncəki dövrlərə nəzər salaq.

Bir zamanların qadın poetik nümunələrinə diqqət kəsilsək, yazar xanımların kişiləri yamsılamasının şahidi olacarıq.

Tari-zülfündü məni böylə giriftar eləyib,

Nə gələ başıma, ol zülfi-mütərra gətirir.

Və ya

Qaşü göz, novki-mücə fitnə üçün cəm olmuş,

Ox atıb, tiğ cəkib, hər biri dəva gətirir.

Xurşudbanu Natavan

Xurşudbanu Natavan

Bu beytlərin müəllifi Xurşudbanu Natavandır.

Oxuduqca bunu qadın deyil, bir kişi şair tərəfindən yazılmasını düşünürsən.

Çünki istifadə olunan zülf, qaş, göz, kipriyin ox kimi olması kimi gözəlləmələr sırf qadın xarici görünüşünü gözlərimiz önündə canlandırır.

Əlbət ki, bir qadın şair qadını tərənnüm etməzdi. Sadəcə oturuşmuş fikirlər, qəlib qafiyələr xanım yazarın sətirlərinə köçür. O isə bütün bunların fərqinə belə, varmır.

Bunlar şairin istedadsızlığından deyil, poeziyada qadın xarakterinin formalaşmamasından irəli gəlirdi.

Agatha Christie

Agatha Christie

Öncə Aqata Kristi haqda söylədiyim kişi ruhlu yazar ifadəsi yamsılamaq mənasında deyilməmişdi.

O zamanların Avropasında qadın yazar üslubu formalaşmaqda idi.

Azərbaycan ədəbiyyatında isə qadın ədəbiyyatı daha çox xammal (iqtisadi termin olsa belə) olaraq mövcud idi. Onun cilalanmağa, qadın temperamenti, xarakteri ilə zənginləşməyə ehtiyacı var idi.

Ümumiyyətlə, xarakter məsələsi çox ciddi məsələdir. Çünki çağdaş ədəbiyyatımızda da bir-birinə bənzər poetik xarakterlər daha çoxdur. Yəni üslub, xarakter elə ilk sətirdən müəllifi bəyan etməlidir. İmzanı oxumadan. Bu üstünlük çox az şairdə özünü göstərməkdədir.

Fikirlərimi məhz Xurşudbanu Natavan adı üzərində cəmləmiş olsam, o zaman onun yaradıcılığı nədən bu qədər önə çəkilib sualı üzərində dayanmalı olacağam.

Cavab əslində çox sadədir. Maarifə, məktəbə diqqət ayıran sovet dönəmi və ya çarlıq dövrü (əslində səbəb xalqı savadlandırmaqdan daha çox, öz ideoloji maşınını həyata keçirmək, istəklərinin öz savadlı kadrlarımızın dilindən səsləndirmək idi) məktəblərdən, təhsildən uzaq Azərbaycan qadınını savadlandırmaq istəyirdi.

Çünki o zamanların qadınları yazıdan-pozudan, məktəbdən uzaq tutulurdu. Onlar ailə qanunları ilə tərbiyələnir, bəlli yaşdan sonra isə ailə qururdular. Qadınlarımız daha çox toxuculuq, tikiş işlərinə cəlb olunurdu. Elə burada da söhbət özünün özünə hazırlayacağı cehizlərdən gedirdi əslində.

Tərəddüdlər Tağıyevin “Qızlar seminariyası”nı açmasında da özünü büruzə verir. Hacı süründürməçiliklə üzləşir, məktəbin binasının yerinin müəyyən edilməsinə və inşaatına dörd il sərf olunur. Bina hazırdır. Qalır qızları cəlb etmək.

Elə Xurşudbanu Natavan da bu təbliğatı gücləndirmək məqsədi ilə ədəbiyyata gətirilmiş bir töhfə idi. 26 yaşlı Natəvanın təbliği yeni dövrün ictimai, sosial ideologiyasına tam uyğun idi.

Onun poetik qabiliyyətindən, şeir, qəzəl gəlişmələrindən daha çox şəxsiyyəti önəmli idi.

O, xeyriyyəçi idi, xan nəslinin nümayəndəsi idi, eyni zamanda təhsilli idi. Ən əsası isə Aleksandr Düma ilə eyni masa arxasında oturub şahmat oynayacaq qədər cəsarətli bir Azərbaycan qadını idi!

F.Əmirovun "Sevil" operasının afişası

F.Əmirovun "Sevil" operasının afişası

Cəfər Cabbarlının çadrasınını başından atan “Sevil”i dünyaya gələnə qədər cəmiyyətin Xurşudbanu şəxsiyyətinə köklənməsi daha məqsədəuyğun idi.

Təqdim olunan model (nümunə) “Azərbaycan qadını” anlayışını formalaşdırmağa xidmət etməli idi. Bir az da irəliyə boylanaq.

Məsələn, mən düşünürəm ki, Məhsəti Gəncəvi öz yaradıcılığında daha çox çılğın, praktiki olaraq istənilən mövzunu öz qələm təcrübəsindən keçirməyə cəhd edən şair idi.

Bəli, Məhsəti yaradıcılığında da Nizami Gəncəvi yaradıcılığı, kişi yamsılamaları diqqət çəkir.

Xidmətdən qovulmuş bir kəsdir ürək,

Adın-sanın yoxsa, həyatdan əl çək.

Bu dünya elə bir karvansaradır,

Ki, qara pula dəyməzmiş, gerçək.

Və ya

Xalqın başında gər olsan da bir tac,

Ağladar səni də bir gün ehtiyac.

Xalqın dərdinə qal, ona yaxın ol,

Qorx o gündən özün olasan möhtac.

Məhsəti Gəncəvi (1089 - 1159)

Məhsəti Gəncəvi (1089 - 1159)

Əslində böyük dühanın ideya, üslub ağırlığı əsrlər sonra da hiss olunmaqda idi.

Şairlər Nizami energetikasını öz üzərlərindən atmağa çətinlik çəkirdilər.

Onun yandırıcı enerji altından çox az sayda şair öz üslubunu tanıda bilmişdi. Məhsəti Gəncəvi isə bəxtigətirənlərdən idi.

Bəzən mənə elə gəlir ki, eyni fikirlər Nizami yaradıcılığında kişi dilindən, Məhsəti yaradıcılığında qadın dilindən söylənilirdi.

Məhsətinin bəxti isə onun yeganə cəsarətli qadın yazar olmasından irəli gəlirdi. Çoxları cəmiyyət təpkiləri altında sıxılanda Məhsəti bütün cəmiyyət normativlərini kənara itələyib öz işi ilə məşğul olmağı bacarırdı.

Əslində Xurşudbanu və Məhsəti yaradıcılığında poeziyadan çox qadın gücü, küləyin əks istiqamətdə hərəkət etmək istəyi diqqət çəkir.

Məhsəti Gəncəvinin əsərləri 7 dildə

Məhsəti Gəncəvinin əsərləri 7 dildə

Bir çoxları düşünür ki, Məhsəti mey məclislərində iştirak edirdi, sərbəst həyat tərzi keçirirdi.

Sufi olduğunu, bir çox ifadələrdən sufi rituallarını gerçəkləşdirən zaman tərki-hal olması məqsədilə istifadə etdiyini də söyləyirlər.

(Haradasa, onun yazılarına bəraət qazandırmaq üçün belə deyirlər. Halbuki, Məhsətinin müdafiəyə ehtiyacı yoxdur.)

Mən isə belə düşünə bilmirəm. Belə ola bilməzdi. Məncə, Məhsəti öz azadlığını və sərbəstliyini bağırmaq üçün simvol kimi “mey”, “sərxoşluq”, “badə” kimi qadın üçün yasaqlanmış sözlərdən istifadə edirdi.

Hər halda “Kefli İsgəndər” kimi dediyi hər söz məhrumiyyətlər cəmiyyətində ağıllı qəbul edilməyəcəkdi. O səbəbdən də ən doğrusu sərxoşluq libasına bürünmək idi.

Dün kaşı kuzəmi daşlara çaxdım,

Sərxoşdum bilmədim əlimdən saldım.

Kuzə dilə gəlib dedi ki, mən də,

Sənin kimi idim, bu günə qaldım.

Kəlmələri qətiyyən sərxoş beyindən qopmuş ifadələrə bənzəmir. Daha çox cəmiyyətdə xoşbəxtlik tapa bilməyən qadının iniltisinə və etirazına bənzəyir.

Hər halda poeziyamızın qadın qolu (zümrələmə ifadəsi olsa belə) inkişafdadır.

Bəli, qadın yaradıcılığında inilti, sızıltı, taledən şikayət, göz yaşları kifayət qədərdir. Kobud səslənsə belə, zəhlə tökəcək qədərdir.

Əslində elə hamımız daxili hisslərimizdən, belə deyək, depressiv ovqatımızdan xilas olmaq üçün bir zamanlar belə yazmışıq. Bilgi əldə etdikcə daxili iztirabların, şəxsi problemlərimizin başqaları üçün maraqlı olmadığını görürük.

Məncə, bəşəri, dünyəvi hisslərə köklənmiş müasir yazar qadınlarımız bacardıqları qədər daxili sarsıntılarla mübarizə aparmağı bacarırlar.

Doğrudan da artıq bir zamanlar poeziyada dəbdə olan çalarlar müasir gənclik təfəkkürü üçün maraqlı deyil. “Huş”, “göz yaşı”, “namə” və s. kimi klassik elementlər müasir poeziyada yabancı görünür.

Poeziyamız artıq bu üslubu kənara qoymalıdır. O dövrlərin ədəbi nümunələri öz dövrü üçün maraqlı, bizim üçün klassik və dəyərlidir. Sadəcə dünyada baş verən ədəbi proseslərin, hadisələrin daxilində hərəkət etmək lazımdır.

Qafiyələrlə yüklənmiş şeirdən qafiyələri uzaqlaşdırdıqda məna çəkisinin qalmasına diqqət yetirmək lazımdır.

Biz hələ də “qulaq ədəbiyyatı”nı özümüzdən uzaqlaşdıra bilmirik. Çünki qulaqlarımızda səslənən qafiyə ardıcıllığı bizi ritmə salaraq ovsunlayır.

Di gəl ki, əgər bu poetik nümunələrin tərcüməsinə vaxt ayırsaq, məna tapa bilməyəcəyik.

Söhbət qafiyəli və sərbəst janrdan deyil, məna çəkisini özündə daşıyan dəyərli fikirlərdən gedir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG