Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:50

- “Winterwork” alman nəşriyyatı bu il mənim kitabımdan başqa, Azərbaycan yazıçılarından görkəmli şairimiz Sabir Rüstəmxanlının da kitabını çap edib.

Eyvaz Zeynalov

Frankfurt Beynəlxalq Kitab sərgisində

“Bələdçi” romanımın Almaniyada “Winterwork” nəşriyyatı tərəfindən alman dilində çap olunmasından sentyabr ayının ortalarında xəbər tutdum.

Romanı alman dilinə Almaniyada yaşayan dəyərli dostum, gözəl yazıçı Orhan Arasın köməkliyi ilə peşəkar alman tərcüməçi M.M.Kiehl türk dilindəki çevirimdən tərcümə etmişdi.

"Winterwork" ödənişli əsasda kitab çap edən "self-publishing" tipli nəşriyyatdır

"Winterwork" ödənişli əsasda kitab çap edən "self-publishing" tipli nəşriyyatdır

Sonra öyrəndim ki, kitabım Frankfurtdakı Beynəlxalq Kitab sərgisində nümayiş etdiriləcək.

Bunu münasib bir fürsət sayıb sərgidə iştirak etmək qərarına gəldim.

Ancaq arzumu gerçəkləşdirmək o qədər də asan olmadı.

Düzü, nədən başlayacağımı bilmirdim.

Öyrəndim ki, əsas məsələ alman səfirliyindən viza almaqdı. Viza üçün də Almaniyadan dəvət olmalıdır.

Orhan bəy bunu həll etdi. Səfirlikdən oktyabrın 12-19-na viza verdilər. Bir yazıçı dostumun məsləhəti ilə başqa köməkliklər üçün sentyabrın 30-da mədəniyyət nazirinin adına ərizə yazdım.

"Winterwork" çap evinin kitab qiymətlərini hesablamaq üçün kalkulyatoru

"Winterwork" çap evinin kitab qiymətlərini hesablamaq üçün kalkulyatoru

Oktyabrın 7-də cavab üçün müraciət edəndə oradan bildirdilər ki, gecikmişəm. Artıq Azərbaycandan Frankfurt Kitab sərgisinə gedəcək nümayəndə heyətinin tərkibini və s. məsələləri yekunlaşdırıb qurtarıblar.

Bakıdan Frankfurta birbaşa təyyarə reysi vardı. Amma əsas mənim orada qarşılanmağım, oteldə yerləşməyim, sonrakı günlərdə bələdçi məsələsiydi. Axı mən alman dilini bilmirdim.

Təyyarə bileti üçün müraciət etdiyim tanış turist şirkətində internet vasitəsilə nə qədər axtarsalar da, Frankfurt otellərində həmin günlərə boş yer tapmadılar.

Bu, sərgi ilə əlaqədardı. 100-dən artıq ölkədən neçə yüz min nümayəndə olacaqdı. Yerlər qabaqcadan sifariş edilmişdi.

Eyvaz Zeynalov

Eyvaz Zeynalov

Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etdim. Düşündüm, bəlkə, Frankfurtda bir nümayəndəliyi olar.

Onların telefon nömrəsini alar, lazımi məqamda zəng vuraram, dadıma çatarlar. Bir şey çıxmadı.

Orhan bəy İstanbuldan (ailəsiynən oradaydı) yazdı ki, Kölnə uç, qardaşım səni qarşılayacaq. Gələrəm, Frankfurta birlikdə gedərik.

Hər ehtimala qarşı, təkrar Diaspor Komitəsinə zəng vurdum, bəlkə, Kölndə (Almaniyanın 4-cü şəhəridir) bir nümayəndəlik-filan olar. Yenə heç nə çıxmadı.

Oktyabrın 12-də yerli vaxtla günorta saat 1-00-da oğlumla Kölndə olduq. Pasport yoxlamasından sonra Orhan bəyin qardaşını aeroportda tapmadıq.

Təsadüfi bir türkün telefonu ilə ona zəng vurdum. Demə, vaxt dolaşıqlığı ucbatından saat yarım bizi aeroportda gözləyib gedib. Təzədən qayıtdı.

Tərslikdən həmin günlər Kölndə də Beynəlxalq Qida sərgisi keçirilirdi, otellər doluydu. Birtəhər yer tapdıq.

İstanbuldan ailəsiynən öz maşınında yola çıxan Orhan bəy də neçə günlıük çətinliklərdən sonra ayın 15-də Kölnə, evinə yetişdi. Nəhayət, ayın 17-də Frankfurta, Beynəlxalq Kitab sərgisinə getdik.

Kitabımı çap edən nəşriyyatın stendi 3-cü pavilyondaydı. Orhan bəylə əvvəlcə orada olduq. Bizi qarşılayan nəşriyyatın rəhbərləri ilə görüşüb tanış oldum.

Stenddə başqa kitablarla bərabər sərgilənən almanca “Der Zugbegleiter” kitabımı göstərdilər. Birlikdə bir neçə şəkil çəkdirdik.

Mən son iki ildə Bakıda çap olunan dörd kitabımı (beş roman) nəşriyyata hədiyyə etdim. Nəşriyyatın sahibi gələcəkdə də mənimlə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu söylədi.

“Winterwork” alman nəşriyyatı bu il mənim kitabımdan başqa Azərbaycan yazıçılarından görkəmli şairimiz Sabir Rüstəmxanlının da kitabını çap edib.

Həmin kitab da nəşriyyatın stendində yer almışdı. Nəşriyyat rəhbəri tanınmış şairimizin daha bir kitabını çapa hazırladıqlarını bildirdi.

Sonra biz 5-ci pavilyondakı Azərbaycan stendinə də baş çəkdik. Almanca təzə çıxan və ana dilindəki kitablarımı stendə qoydum. Nümayəndə heyətimizin üzvləri ilə şəkillər çəkdirdik.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG