Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:44

Türk mifologiyasında 25 xəyali varlıq


İllüstrasiya
İllüstrasiya

- Türk mifologiyasındakı əcaib varlıqlar yunan mifologiyasından geri qalmır. Daraqla insanı döyən, papağını oğurlaya biləni zəngin edən, insanı qıdıqlaya-qıdıqlaya öldürən bir-birindən qəribə xəyali varlıqlar var.

Carl Jung-a görə, miflər ciddi məsələdir, öz xalqlarının dünyagörüşünü ifadə edir. Onun şüuraltındakı travmaları göstərir və bugünkü davranışını izah etməyə qadirdir.

Mifologiyada elə varlıqlara inam var ki, onlar tək səyahətə çıxmaqdan, insanların toplaşdığı yerlərə getməkdən, əlsiz-ayaqsızlara kömək etməkdən saqındırır. Bəzilərini nəzərdən keçirək.

1.Ruh oğruları Abasılar

Yakutiya türkləri qorunmaq üçün bu bədniyyət varlıqlara qurbanlar kəsirlər. Albastı, Alkarısı, Albız da deyilən bu yeraltı varlıqları yalnız şamanlar görə bilir.

Onlar insanları tək, çarəsiz, kədərli olanda yaxalayır, yoldan çıxarır, ruhunu qaçırır, dəli edirlər. Şamanlar onların dişlərini dəmirdən, təkgözlü, təkayaqlı və keçəl təsəvvür edirlər.

2. Hər şeyə can verən Ayıhlar

Altay, Yakut və Saka mifologiyasında Abasılara qarşı duran xoşniyyət varlıqlardır. Onlar yaxşı insanları qoruyur, pis adamlara yaxın durmurlar. Uşaqların doğulması, torpağın bərəkəti, məhsulların dadlı olması onlardan asılıdır.

3. Ürəklərə qorxu salan Abra

Abura və Apra kimi də tanınan timsah başlı ilandır, yerin altında yaşayır. Ayaqları qızıldandır, güclü cənəsi var. Yerin altındakı Tengiz adlı dənizdə yaşayır. Onun iki qardaşı var. Üçünün adını bir çəkirlər: Ker Abra, Ker Yutpa və Ker Doydu.

4. İnsanları gülməkdən öldürə bilən Arçura

Arçuri və Arçuray da adlanır. Çuvaşlar onun meşə cini olduğuna inanırlar. Yeri süpürən saçları, tüklü bədəni var, qapqaradır. İkisi öndə, ikisi arxada dörd gözü var. Üç qolu, üç ayağı var. O, istəsə bir anda ağsaqqal bir qocaya, yaraşıqlı bir gəncə, balığa, quşa, keçiyə çevrilə bilər. İnsanları tutsa, qıdıqlaya-qıdıqlaya gülməkdən öldürər. Əvvəlcə qəhqəhə çəkir, sonra hücum edir.

5. Adamazdıran yol cini Azmıç

Azıtkı və ya Azmıç tək səyahətə çıxanları yaxalayıb öldürür. Kimi xoşlasa, onun dalınca düşür. Ona görə də tək səfərə çıxmaq olmaz,

6. Dünyaya min ildə bir dəfə nəzarət edən Bükrek

Altay mifologiyasında iki əjdaha daimi savaşdadır. Onların yaxşısı Bükrekdir. İnsanlara kömək edir. Min ildə bir dəfə üzə çıxaraq, dünyanın vəziyyətinə nəzarət edir.

Qanadsız kərtənkələyə bənzəyir. Səsi çox yüksəkdir, bir nərə çəksə, onu bütün dünya eşidir. O, pis əjdaha Sangal ilə doqquz il müharibə apararaq, onu məğlub edib.

7. Uşaqların düşməni qarı

Çərşənbə gecələri heç bir işə başlamaq olmaz, çünki bu qarı həmin gecə gəlir. O, hətta evin uşağını hamının gözü qarşısında götürüb gedir.

8. Suyun anası

Azərbaycan mifologiyasında dərədə, göldə yaşlı bir qadın cildində yaşayır. Suya çox baxana hirslənir, başını fırladır, çəkir suya.

Bu səbəbdən bəzən azərbaycanlılar su kənarına gedəndə suyun sahibinə salam verirlər. Çay nənəsini hirsləndirməmək üçün suya zibil atmaq olmaz.

9. Dəmir dırnaqlı, dəmir burunlu, pis qoxulu varlıq

Təpəgöz
Təpəgöz

“Dəmirdırnaq” adlanan cilddən-cildə girə bilən, qorxunc səslər çıxaran bu pis varlıq bütöv bir xalqı dəli edə bilir.

Onun rastına çıxan adam qorunmaq üçün yalnız özünü suya atmalıdır, başqa cür qurtuluş yoxdur.

Bəzi əfsanələrdə onun Təpəgözün qızı və ya bacısı olduğu deyilir. Məşhur dastanda Basat əvvəl Dəmirdırnağı, sonra Təpəgözü öldürür.

10. Dünyadakı bütün pisliklərin qaynağı Emegenlər

Çərkəz əfsanələrində çirkin, çoxbaşlı divdir. Fövqəlgücə malik Nərlərin baş düşməni Emegenlərdir, üç ayda bir dəfə yüzdən çox uşaq balalayırlar.

11. Tale verən Humay quşu

Humay quşu cənnət quşu kimi təsvir edilir. Hökmdar öləndə xalq meydana yığılırdı. Humayın kölgəsi kimin üstünə düşsə və ya Humay kimin çiyninə qonsa, onu hökmdar qoyurdular.

12. Neandertalların yaddaşımızdakı mirasçısı Qarmakoçi

Laz xalqının insanla meymun arasındakı tüklü varlığa verdiyi addır. Lazlarla gürcülər qohum xalq sayılır. Gürcülərdə də bu insanla meymun arasındakı varlığa inam var, gürcülərdə onun adı Oçokoçidir.

13. Tənha yerlərin ağası Qulyabani

İnsanları yeyən bu böyük, tüklü, uzun saqqallı, əsalı varlıq bəzi türk xalqlarında kişi, bəzilərində qadındır. Quleybanı və Əleybanı. Onun əski ərəblərdən türklərə keçdiyi də güman edilir. Dağ yamaclarında, kimsəsiz çöllərdə ortaya çıxır.

14. Enkebit kimi oturma başımın üstündə

Anadoluda bir fövqəltəbii varlığa inam var, o, insanları yuxuda olanda boğazlayıb öldürməyi xoşlayır, adı Enkebitdir.

Sağ əlinin ortası deşikdir. Başında papaq var. Kim onun başından papaağını götürsə, o adam qurtuldu.

15. Kim onu tutsa, ona qızıl verir

İnsanın sinəsində oturur, nəfəsi kəsilənə qədər boğazını sıxır. Adı Hıbılıkdır. Enkebit kimi onun da başında sehrli bir papaq var. Zəngin adamlar o papağı oğurlayanlardır.

16. Kenquru kimi İnkir Minkir

Tutduğu adamı əvvəl boğur, sonra yeyir. İnsanabənzər varlıqdır, amma qarnında kisə var, kenquru kimi balasını orada gəzdirir. Yalnız sidiklə təhdid edəndə qorxub qaçır.

17. Oddan qorxan Hırtık

Yuxarısı insan, aşağısı heyvan, bədəni tüklü, ayaqları əyri. Fərat çayında yaşadığına inanılır. Oddan qorxur, gecələr ortaya çıxır. Kimi tutsa, suya aparıb boğur. Gecələr atları oğurlayıb çapır, ona görə də atlar səhərlər yorğun olur. Kim onun yaxasına iynə taxsa, onun sahibi olur.

18.Türk Zombisi. Xortdan

Gecə qəbirdən durur, kəfənlə gəzir. Sürətli qaçır, silahları var, evlərə hücum edir, yolları kəsir, istədiyi adamı qaçırırlar.

Xalq inancına görə, kiminsə Xortdan kimi xortlaması – ölndən sonra dirilməsi onun pis adam olmasını göstərir, çünki Axirətdən qovulub.

19. Ekologiya tanrıları

Qədim türklərə görə, hər dağın, suyun, meşənin qoruyucusu var. Onlara hörmət edilməlidir. Təmizlik xoşlayırlar. İnsanlara nümunə olmaq üçün özləri olduqları yerləri təmizləyirlər.

20. İt başlı insanlar - İtbaraklar

Oğuz Xaqan dastanlarına görə, şimal-qərbdəki ölkələrdə İtbaraklar yaşayır. Oğuz Xan İtbaraklara qarşı savaşıb, amma məğlub olub, dağlardakı kiçik bir gölün içindəki adacığa sığınmaq məcburiyytində qalıb.

21. Daraqla insan döyən Karakonkolos

Karakonkolos qara rəngli, çox çirkin, meymun, pişik və ya uşaq böyüklüyündə pis cindir. Bolqar türklərinin folklorunda daha geniş yayılıb. Küçələrdə gəzib insanları saxlayır, suallar verir.

Cavabların içində “qara” sözü olmasa, əlindəki iri daraqla o adamı döyür. Ona “Qaramanlıyam”, “Ankaradan gəlirəm” kimi cavablar verməklə vəziyyətdən çıxmaq olar.

22. Qayışbaldır

Uşaqları qorxutmaq üçün uydurulmuş pisniyyət varlıq. Əlsiz-ayaqsız insan cildindədir. Yolda insanlara şikəst olduğunu deyərək çiyinlərinə minir.

Kim onu çiyninə alsa, bir anda qarnından liana bənzər üç metrlik iki ayaq çıxır, yolçunun bədəninə sarılır.

23.Şahmaran öləndə şəhərləri yerlə bir edəcəklər

Maranlar beldən aşağı ilandırlar. Qocalmırlar, ölmürlər. Onların şahı öləndə Meran adlı ölkədən çıxıb bütün şəhərləri yerlə bir edəcəklər.

24. Quşların pisi Şeşe

Azərbaycan mifologiyasına görə, qeyb aləmindən gələn pisniyyət quşdir. Yalnız gecələr uçur, 6 aylığa qədərki oğlan uşaqlarını boğur. Simurq quşunun antonimidir. Şeşeni kim tutsa öldürməlidir. Öldürən adam Şeşenin boğduğu əlini uşağa sürtsə, uşaq xilas olar.

25. Əcinnə

Çox adam olan yerlərdə yaşadığına inanılır. Boyu balacadır, yekə başı, tüklü bədəni, tərsinə duran ayaqları var. Ona görə də çox adam tolaşan yerlərə getmək olmaz.

(Mifologiyaya dair kitablar əsasında)

XS
SM
MD
LG