Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:52

İŞİD-in işıqları sönüb


«İslam Dövləti» yaraqlıları elektrik stansiyasına hücum çəkir.

«İslam Dövləti» yaraqlıları elektrik stansiyasına hücum çəkir.

-

«Foreign Affairs» dərgisində Andrew Shaver və David Ensign «İslam Dövləti» (İD, eləcə də İŞİD kimi tanınır) silahlı qruplaşmasının son bir ildə güclənməsindən, Suriya və İraqda böyük əraziləri tutmasından yazır. Ancaq İŞİD-in ərazi baxımından qazancları və ya itkiləri bu qruplaşmanın regiondakı uğurları barədə məhdud təsəvvür yaradır. Yəni doğrundanmı İŞİD müstəqil İslam Dövlətini yaradıb və idarə edir? Bu sualın cavabını əsaslandıracaq sübut-dəlil yoxdur ortalıqda. Ancaq İŞİD-in idarəçilik qabiliyyətini bir yolla birbaşa dəyərləndirmək olar: elektrik enerjisi təchizatı ilə. Evləri, küçələri, məişət cihazlarını, su təminatını, zavodları, xəstəxanaları ayaqda saxlayacaq elektrik. Elektriksiz iqtisadi fəaliyyət də dayanar, milyonlarla fəhlə işsiz qalar.

Müəlliflər İraqın Elektrik Nazirliyinin məlumatlarına əsasən İŞİD-in nəzarətində olan və olmayan ərazilərdə elektrik istehsalının səviyyəsini araşdırıb. Bəlli olub ki, ötən ildən bu ilin martınadək İŞİD-in tutmağa başladığı ərazilərdə elektrik istehsalı azalıb. Nineviya və Ənbər əyalətlərində hətta bəzi aylar istehsal səviyyəsi sıfıra düşüb.

«İŞİD-in elektrik istehsal edə bilməməsinin ən böyük səbəbi yanacağın olmamasıdır. Baici neft emalı zavodu işləmir, Baici elektrik stansiyasına neft çatdırılmır. Kürdlər Taci elektrik stansiyasının qazını kəsiblər. İŞİD böyük emal zavodlarını ələ keçirsə də, bu, regionun elektriklə təminatına elə də təsir göstərməyib. Bir səbəb odur ki, ABŞ qüvvələri İŞİD-in tutduğu zavodlara zərbələr endirir. Ona görə də həmin zavodlardan çoxu qruplaşmanı neftlə təchiz etmir. Ola da bilsin, İŞİD neftini «qara bazar»da satmağa qərar verib ki, özünü saxlaya bilsin».

Hökumətin nəzarətində olan ərazilərdə isə həmin müddətdə elektrik istehlakının səviyyəsində cüzi dəyişiklik olub.

Angela Merkel

Angela Merkel

MERKEL-İN AXIRINA 800 MİN QAÇQIN ÇIXA BİLƏR

«Foreign Policy» dərgisində isə Paul Hockenos Almaniya kansleri Angela Merkel-in siyasi karyerasına təhlükədən bəhs edir. Müəllifin fikrincə, 10 illik kansler fəaliyyətində Merkel heç vaxt indiki kimi hücumlara məruz qalmayıb.

Belə ki, özünün Xristian Demokratik İttifaqında (CDU) qiyam gözlənilir; bu yaxınlaradək kanslerə pərəstiş edən seçicilər, rəy sorğularına əsasən, ondan uzaqlaşır; Avropada fəallaşmış ifrat sağçılar elə Almaniyanın küçələrinə də çıxır. Təkcə bu il Almaniyaya 800 min qaçqının sığınacaq üçün müraciət edəcəyi gözlənilir ki, Merkel-in siyasi gələcəyi məhz bu problemi necə həll edəcəyindən asılıdır.

Kanslerin qaçqınlara qucaq açmaq qərarından qürur duyanlar, onu dəstəkləyənlər az deyil. Bəziləri Almaniyanın demoqrafiq baxımdan «yeni qan»a ehtiyacını vurğulayır. Ancaq qaçqın böhranına nəzarətin itməsi, ölkənin bu məsələdə daha çox qütbləşməsi də qəzəb doğurur.

«Havanın soyumasına baxmayaraq, miqrantlar gəlməkdədir. Bəzən günə 10 min miqrant Almaniyanın şəhərlərinə, kəndlərinə üz tutur. Sosial xidmətlər aşırı yük altındadır; qaçqın mərkəzləri yandırılır; bələdiyyədən daha çox iş tələb olunur».

Yazıda qeyd olunur ki, Merkel administrasiyası bəzi addımlar atıb. Məsələn, sığınacaq üçün ərizələrinə baxıldığı müddətdə qaçqınlar qeyri-maddi imtiyazlar əldə edəcəklər. Hazırda ayda 143 avro nağd pul verilir. Bundan başqa, bəzi ölkələr, məsələn, Albaniya, Kosovo, Monteneqro təhlükəsiz elan olunub və ərizələrə rədd cavabı da verilə bilər.

«Hələliksə qaçqınlar gəlməkdə, almanların əsəbləri tarıma çəkilməkdədir. Rəy sorğularına görə, almanların 51 faizi inanır ki, ölkəsi qaçqın axınının öhdəsindən gəlməyəcək. Üçcə həftə öncə bu rəqəm 40 faiz idi. Merkel-in populyarlığı isə düşür – almanların 1/3-i onun istefasını istəyir».

Vladimir Putin Moskvada Bashar al-Assad-ı qəbul edir

Vladimir Putin Moskvada Bashar al-Assad-ı qəbul edir

SURİYA ŞEYXİ PUTIN

«Ölkəniz başqa bir yerə qəfil hava hücumlarına başlayarsa, yəqin bunun məqsədləri, xərcləri, nəticələri barədə sizdə suallar yaranar. Ancaq ruslarda belə deyil. Kreml Suriyada hava kampaniyasına başlayandan burada adamlardan soruşuram ki, ölkəmizin Yaxın Şərqdə müharibəyə girişməsinə necə baxırlar? Bu mövzuya toxunurlar, ancaq düşündüyünüz formada deyil». «The New York Times»da Maxim Trudolyubov belə yazır.

Müəllifin fikrincə, rusiyalıların çoxu üçün Yaxın Şərqdə təriqət münaqişəsinə müdaxilənin müzakirəsi televiziyada raketlərin necə atılmasını izləmək qədər maraqlı deyil. Suriyada bu raketlərin nə effekt yaratdığını bilmirəm, ancaq Rusiya izləyicisini həyəcanlandırır. «Bir ay öncə Ukraynadakı döyüşləri də belə izləyirdilər, ancaq indi «gözdən uzaq, könüldən iraq» olub».

«Assad-ın yanında yer almaqla, prezidentimiz «Şeyx Putin»ə çevrildi, yəni nəcib dost sünni yaraqlıların mühasirəyə aldığı hakim ələvilərə köməyə gəldi. Rusiya faktiki şiələrin müttəfiqinə çevrildi, ancaq Putin, deyəsən, məzhəb ayrılıqlarını ciddiyə almır. Bu yaxınlarda «Rossiya TV»yə müsahibəsində deyib ki, dinlərarası savaşa girmək niyyəti yoxdur, məqsəd qanuni hökuməti qorumaqdır. Faktiki olaraq, Rusiyadakı müsəlmanların çoxunun sünni olması onu narahat etmir».

Müəllifin fikrincə, Putin özünü Yaxın Şərqdə elə aparır ki, elə bil Rusiyanın bir vilayətidir. Rusiyanın Suriyadakı rolu vaxtilə ABŞ prezidenti George W.Bush-un İraqda etdiyinə bənzəyir. Ancaq Birləşmiş Ştatlar hər şeyin çarəsini demokratiyada görürdüsə, Rusiya problemləri mərkəzləşmiş avtoritar dövlətin yaradılmasıyla həll etməyə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG