Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:09

Orxan Bahadırsoy. Bizim qadınlar


Orxan Bahadırsoy
Orxan Bahadırsoy

- "Bizim ölkədə qadınlar kişilərdən fərqli olaraq, insanları irqə, dinə, cinsə ayırmırlar."

"Kişilər dərhal sərt, aqressiv rəylər yazır, söyüşdən qarğışa qədər hər cür nidalar ünvanlayırlar."

"Mən parklarda, metroda, marşurutda kitab oxuyanların əksəriyyətinin qadınlar olduğunu müşahidə etmişəm."

Orxan Bahadırsoy

Bizim qadınlar daha çox intellektualdırlar

İlk baxışdan insana elə gəlir ki, bütün cəmiyyətlərdə kişi cinsinin nümayəndələri daha çox azad, tolerant, müdrik və intellektualdır.

Amma şəxsən mən öz müşahidələrimdən belə nəticəyə gəldim ki, məhz bizim cəmiyyətimizdə bu keyfiyyətlər qadın cinsinin nümayəndələrində daha çoxdur.

Xəbər portallarında bizim cəmiyyətdə tabuya çevrilmiş hansısa mövzuda xəbər yayımlanarsa, kişilər dərhal sərt, aqressiv rəylər yazır, söyüşdən qarğışa qədər hər cür nidalar ünvanlayırlar. Qadınlar isə daha sakit, daha mülayim rəftar sərgiləyir, məsələyə olduqca tolerant yanaşırlar.

Teatrlarda və kinoteatrlarda açıq-saçıq səhnələri olan tamaşalara və filmlərə qadınlar daha çox gəlir. Özüm bir neçə tamaşada və film nümayişində bunun şahidi olmuşam.

Bu qadınlar kişilərdən fərqli olaraq, tamaşanı və ya filmi izləyərkən aktyora, aktrisaya əxlaqsız damğası vurmur, şit-şit gülmürlər. Daha müdrik mövqe göstərərək, həmin səhnədəki mənanı, ideyanı axtarır, süjeti təhlil edirlər.

Bizim ölkədə qadınlar kişilərdən fərqli olaraq, insanları irqə, dinə, cinsə ayırmırlar. Onlar hər kəsi müsbət insani keyfiyyətlərinə görə dəyərləndirir, heç kəsin şəxsi həyatına müdaxilə etmədən yaşayırlar.

Bu qadınların kifayət qədər müdrik simaları, xoş görünüşləri də var. Xislətlərində qərar tutan mehribanlıq və nəzakət onların görünüşünə də sirayət edib.

Demək olar ki, hamımızın rastlaşdığı önəmli bir nüansı da qeyd etməliyəm. Yəqin ki, siz də müşahidə etmisiz: kitab oxuyan, mütaliəçi qadınlar kişilərdən qat-qat çoxdur.

Mən parklarda, metroda, marşurutda kitab oxuyanların əksəriyyətinin qadınlar olduğunu müşahidə etmişəm. Bu özü qadınlarımızın daha çox ziyalı olduğunun sübutudur.

Şəxsən mənim tabu səhnələri olan romanlarımın, tamaşalarımın oxucu və tamaşaçı auditoriyasında qadınlar üstünlük təşkil edir.

Bizim qadınların dinlədiyi musiqilər belə, əsl sənət məhsuludur. Onlar kişilərdən fərqli olaraq, bayağı, əsl musiqidən və sənətdən kənar məhsullara meyl etmirlər.

Əgər şəhərdə sorğu keçirsək, operaları, simfoniyaları, valsları, klassik və müasir bəstəkarların ən məşhur bəstələrini əzbər bilən xeyli qadınlar görərik, amma bunları bilən az sayda kişi tapılar.

Gənc və ortayaşlı nəsildə getdikcə tolerantlaşan müəyyən bir təbəqə var. Onların arasında da qadınlar üstünlük təşkil edir.

Onlar azadlıq uğrunda mübarizə aparırlar. Bu mübarizə cəmiyyətin həm mənəvi azadlığı, həm də fiziki azadlığı uğrundadır.

Kişilərin bu mübarizədə azlıq təşkil etməsinin də xüsusi səbəbləri var. Çünki onlara azadlıq sərf etmir. Onlar bu mübarizəyə qoşulan qadınlara da pozğun damğası vurmağa, onların qarşısını kəsməyə çalışırlar.

Mənəvi məhkumluğu olan cəmiyyətimizdə ibtidai icma quruluşunda olduğu kimi, ataxaqanlığı qərar tutur. Buna görə də kişilər bu “xaqanlığ"ı əldən vermək istəmir.

Təbii ki, yazdığım müsbət insani keyfiyyətlərə malik kişilər də var. Amma hələ ki, bu keyfiyyətlər qadınlarda daha çoxdur.

Onlar daha çox ziyalıdırlar, mübarizdirlər, azaddırlar, intellektualdırlar. Yəni ölkəmizdə müsbət insani keyfiyyətlərə malik olan daha çox qadın var, nəinki kişi.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG