Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:49

-

Parlament seçkilərinin təbliğat mərhələsində də deputatlığa qeydə alınmış namizədlərin geri çəkilməsi müşahidə olunur. Məsələn, bir gündə 74 saylı Lənkəran kənd seçki dairəsindən 4 namizəd seçki marafonunu dayandırıb. Nə baş verir?

Namizədliyini ilk gündən geri götürmüş Vaqif Əhmədoğlu cənub bölgəsinin rayonlarında yerləşən 13 seçki dairəsində bununla bağlı araşdırma aparıb. Vaqif Əhmədoğlu suala belə cavab verir:

«Bu dairələrdə 150 nəfərdən çox iddiaçı imza vərəqəsi götürmüşdü. İndi 71 namizəd qalıb. Bu namizədlərin tərkibi belədir: 46 nəfər bitərəf, 11 nəfər YAP, 1 nəfər isə Müsavat Partiyasının üzvüdür. Digər partiyalardan da 1-2 nəfər var. 78-79-cu dairələrin hər birində 2 namizəd hakim partiyadan qeydə alınıb. Namizədlərin sıralarında işsiz də var. Maraqlı burasıdır ki, hər dairədən 5-6 nəfər namizəd qalıb. Yalnız bir dairədə - 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində 8 namizəd var».

«ŞİRNİKLƏNDİRİCİ VASİTƏLƏRDƏN İSTİFADƏ OLUNUR»

Vaqif Əhmədoğlunun sözlərinə görə, namizədlərlə bağlı son günlər baş verənlər narahatçılıq doğurur:

«74 saylı Lənkəran seçki dairəsində qeydə alınan namizədlərin 4-ü eyni vaxtda geri çəkildilər. Çox maraqlıdır. Bu namizədlər imza toplayıblar, namizədlikləri qeydə alınıb. Bəs nə üçün geri götürüblər? Məsələ bundadır ki, hər dairədə hakimiyyət tərəfindən müəyyən edilmiş bir aparıcı namizəd olur. O da digər namizədləri müxtəlif yollarla kənarlaşdırır. Şirikləndirici vasitələrindən də istifadə olunur. Bir sözlə, bu sahədə alış-veriş gedir. Bu alış-veriş iki nəfər arasında baş verir. Ona görə də heç kim onlara mane ola bilmir».

Vaqif Əhmədoğlu deyir ki, 69 saylı seçki dairəsində namizədlərin sayının çox olması seçkilərə demokratik don geyindirmək üçündür:

«Başqa səbəb də mümkündür. Ola bilər ki, hakimiyyət hansı namizədin üstündə duracağı barədə qərar qəbul etməyib».

Vaqif Əhmədoğlu.

Vaqif Əhmədoğlu.

«RƏQABƏT YOXDUR»

Onun fikrincə, təbliğat, təşviqat işi də sönük keçir:

«Ən böyük auditoriya televiziya kanallarına məxsusdur. Pulsuz efir vaxtı verilməyib. Pullu efirin dəqiqələri isə müxalifət partiyalarının namizədləri üçün ağır gəlir. Debatlar, rəqabət müxalifət nümayəndəsi ilə hakim partiyanın nümayəndələri arasında olmalıdır. O da yoxdur».

«İCRA HAKİMİYYƏTLƏRİ SEÇKİNİ İDARƏ EDİRLƏR»

Vaqif Əhmədoğlu rəqabətin olmamasının əsas səbəblərindən biri kimi aktiv şəkildə seçkiyə qoşulan namizədlərin müxtəlif yollarla kənarlaşdırılmasını göstərir. O, namizədlər üçün bərabər şəraitin olmamasını da qeyd edir:

«Seçkinin birinci mərhələsində başağrısı verəcək namizədlərin bir hissəsini kənarlaşdıra bildilər. Bəziləri isə seçkidən imtina etdi. Hakim partiyanın namizədləri əhali ilə problemsiz görüşə bilir. Onun üçün hər şərait yaradırlar. Digərlərinə isə imkan vermirlər. Məsələn, Masallıda Müsavat Partiyasından namizəd Xasay Səfəroğluna Lürən kəndində əhali ilə görüşə imkan verilməyib. Mən belə hesab edirəm ki, rayon icra hakimiyyətləri seçkini idarə edirlər. Seçkiyə gedən namizədlərin siyahısı da onların tapşırıqları əsasında müəyyənləşib. Seçki mühiti yoxdur. Müstəqilliyimizin tarixində ən sönük seçki bu seçki olacaq».

«KABAB İYİNƏ GƏLƏNLƏR OLDU»

Lənkəran Müəllimlər Cəmiyyətinin sədri, 73 saylı Lənkəran şəhər dairə seçki komissiyasının üzvü Rahim Nuriyev də namizədlərin geri çəkilməsində bir neçə səbəb görür. Onun sözlərinə görə, qanunlarla tanış olmayan və sənədləri belə doldura bilməyənlər imza vərəqələri götürmüşdülər:

«İlk gündən dairədən 19 nəfər imza vərəqəsi götürmüşdü. Bu adamların yarısı bir neçə gündən sonra vərəqələri təhvil verdi. Səbəb elə dediyimdir. Bu işdə səriştələri yoxdur. Kabab iyinə gələnlər də oldu».

Ölkənin cənub rayonlarındakı icra hakimiyyətləri isə onlara yönəlik tənqidləri qəbul etmirlər. İcra hakimiyyətlərindən bildirirlər ki, onlar seçkiyə hər hansı qanunsuz müdaxilə etmirlər.

Dairə seçki komissiyaları da bildirirlər ki, bütün namizədlər üçün bərabər şərait yaradılıb. Təbliğat və təşviqat kampaniyası öz axarı ilə gedir.

XS
SM
MD
LG