Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:45

Nəsib Van Qoqun fanatıdır


Azad Qaradərəli
Azad Qaradərəli

- "Sənin nəyin kəm idi, ay bala? Mən səni instituta qoydum? Qoydum. Mən sənə maşın aldım? Aldım. Mən sənə nə istədin, verdim?.. Verdim... Bəs sənin o Əlinin yanında nə işin vardı? Əlinin yanına getmək lazım idi, gedəydin bu biri Əlinin yanına – Əli Əhmədovu deyirəm."

"Baxın, vallah bu papkadakılar elmdə yenilikdr. Elm isə qurban tələb edir. Qurban da mən! Məni qurban kəsin, nə qədər nakamlar var, verin yesinlər... Amma nə eləyirsiniz eləyin, dissertasiyama baxın,-deyib çökdü yerə."

Azad Qaradərəli

ŞƏHƏRCİK

(romandan parça)

DƏLİXANADA

Ruhi Xəstəliklər Dispanserinin yaxınlığında bir şadlıq evi vardı. Bu köhnə şadlıq evi indi şəhərdəki dəbdəbəli şadlıq evlərinin yanında çox miskin görünürdü.

Çox nadir hallarda toy, banket üzü görən bu şadlıq evi işdən çıxarılmış vəzifəli adam kimi tamam unudulmuşdu.

Maşını bu şadlıq evinin qabağında saxladı. Bir an nə edəcəyini bilmədi. Axı o, bura ilk dəfə idi ki, tək gəlirdi.

Azad Qaradərəli
Azad Qaradərəli

Birdən yadına oğlunu bura saldırmazdan əvvəl onunla elədiyi söhbət düşdü. Həmid demiyəsən, gizlicə diktafonunun düyməsini basıbmış. Bütün danışıqlarını lentə alıbmış. (Polis ki, polis!)

Əvvəl Həmidə acığı tutmuşdu – “Sən məni nə hesab eliyirsən?!” Gədə əsim-əsim əsmiş, elə-belə maraq xatirinə bu işi tutduğunu demişdi. O da kasseti alıb atmışdı maşının arxa söykənəcəyinin cibinə.

İndi yadına həmin kasset düşdü. İstədi əl atıb götürsün, ürəyi gəlmədi. Maşını sürüb dəlixanadan bir az aralıda saxladı.

Qapıçının ovcuna bir manat soxub keçdi içəri.

Oğlu Nəsibin yatdığı palataya tərəf gedirdi ki, arxadan kimsə onu bərk-bərk qucaqladı. Güclə boynuna dolaşmış qadın biləklərini birtəhər araladı, geri qanrılanda gözlərinə inanmadı: bir dünya gözəli durmuşdu qarşısında.

Gözləri aya-çaya baxsa da, büllur kimi sifəti, ağappaq biləkləri, incə beli, nə bilim axı, Molla Pənah Vaqif lazımdı bu yerdə ki, bu qənirsiz gözəli vəsf eləsin.

-Məni tanımadın? Zeynəbəm də! Hə, hə, Zeynəb Xanlarova... İstəyirsən oxuyum səninçün... “Siz ey ilk eşqimin... şahidi dağlar, şahidi dağlar... “

Vallah səsi də gözəl idi. Qadın (qadınmı, qızmı, bunu bir allah bilir) qəfildən hönkürüb ağladı. Ağlaya-ağlaya da dedi:

-Valeh, qardaşım, məni səhnəyə qoymadın, oxumağa buraxmadın, bəs üzümü niyə açdın? Can qardaş, üzün-başın niyə tüklüdü? Mənim dərdimi çəkirsən?.. Mənə nə olub ki, maşallah dünyayla bir şöhrətim var, SSRİ-nin xalq artistiyəm, hələ deputatam da...

Bu vaxt hardansa iki ağ xalatlı peyda oldu, gəlib dəlini sürüyə-sürüyə çəkib apardılar. O isə gedə-gedə çığırırdı:

- Valeh, qardaşım! Bacın ölsün, üzünü qırx!... Sən mənim ilk məhəbbətimsən...

Gülləri sulayan kişi öz-özünə donquldanırdı:

-Oğraş dünyasıdı də! Gör qardaş da bacıya tamah salar? Belə qardaşı yaradan allahın da günahı var, onu əkən də nakişidi, doğan da qəhbədi!

Əlində bazarlıq elədiyi torba quruyub qalmışdı dəlixananın həyətində. Əvvəl yadına “Qız qalası” rəvayəti düşdü. Qızına tamah salan xan, özünü qaladan atan bakirə qız... Tez unutmaq istədi bu biqeyrətin tarixçəsini.

Hələ ona durub bir balet də yazıblar. Cəfər Cabbarlıdan çıxmaz iş, bu oğraşdan niyə əsər yazıb ki, hansısa bəstəkar da (deyəsən, Əfrasiyab Bədəlbəyli olub) götürüb balet bəstələsin. Belə baxanda əslində yaxşı eləyiblər o baleti yazıblar. Qoy hər bir köpəyoğlu bilsin ki, bu biqeyrətliyi onun it oğlu babası eləyib, heç olmasa o durub təkrarlamasın.

Amma lap yaxın illərdə oxuduğu bir əhvalatı xatırlamaya bilmədi. Şair Məmməd İsmayılın buraxdığı, az vaxtda xeyli oxucu qazanan “Gənclik” jurnalından bir məqalə oxumuşdu.

Hansısa bir rayonda ata iki qızı ilə (biri ilə yox ha, ikisi ilə birdən!) bir damın altında ər-arvad kimi yaşayırmış. “Mış” yox e, yaşayırdı. Söhbət 1988, ya da 89-cu illərdən gedirdi. Müxbir gedib çıxmışdı o kəndə, qızlarla, o “kişi” ilə görüşmüşdü...

Erməni Stepanakertdə “Qarabaği merna!”, “Artsaxi merna!” bağıranda bu biqeyrət “ata” da “Qızlarım mənimdi!” deyirdi.

“Mən hardan bu biqeyrət söhbətləri xatırladım axı? Mən niyə gəldim bura? Hə, Nəsibin yanına... Nəsib... O biqeyrət qardaş bacısını, o binamus ata qızlarını zorladığı kimi, mən də oğlumu... Şərt o deyil ki, elə gərək cinsi əlaqədə olasan, elə heysiyyətin zorlanması da zorlamadı...

Mən də öz balamı, rəssam oğlumun sənətini zorladım, azadlığını zorladım... Yazıq balam...

Axı sənin nə işin vardı o şumalsifət Əli Kərimovun yanında? Sənin nəyin kəm idi, ay bala? Mən səni instituta qoydum? Qoydum. Mən sənə maşın aldım? Aldım. Mən sənə nə istədin, verdim?.. Verdim... Bəs sənin o Əlinin yanında nə işin vardı? Əlinin yanına getmək lazım idi, gedəydin bu biri Əlinin yanına – Əli Əhmədovu deyirəm. Yoxsa...

Mən səni bura saldıranda vallah heç nəyin yox idi, dəli zad döyüldün ki! Dedim bir az burda qalarsan, ağlın başına gələr, bəs sən neynədin? Sışdın əbəjdadımızın goruna, oldun əməlli-başlı dəli...

Mən nə bilim axı, sənin yaxşılığın üçün eləyirdim də... Yığdığım pul da, ev-eşik də sizə qalacaq...”

- Xanqulu müəllim, xoş gəlmisiniz. Həmişə siz gələsiz.

Baş həkim idi. Pəncərədən görüb, ya da xəbər veriblər, özü düşüb gəlib. Köpək oğlunun pulu, sənin açmadığın qapı var? Əlini uzadıb görüşdü.

(Həkimin son sözü onu tutmuşdu: həmişə siz gələsiz! İt oğlu it! Bura həmişə əzizlərin gəlsin. Gör mənə nə arzulayır? Bu ona bənzəyir ki, ölüsü ölənə deyəsən ki, həmişə bu gündə!)

Nigaran-nigaran baxdı həkimin qıllı sifətinə.”Necədir” sözünü geri qaytardı.

...?

-Pis deyil, şükür allaha. Reaksiyası yaxşıdır. Son günlər əyləşib gözəl bir tablo yaradıb... Mənim sözümü qəribçiliyə salmayın, Nəsibin əl işlərin göstərin bir rəssama. Vallah, nəsə var o işlərdə!

-Nə var axı?! Görmüşəm də, hamısı mitinqlərdir, Əlinin-vəlinin şəlilləridir... Mən neynirəm onları? Adım, sanım, vəzifəm, hörmətim var axı... Adama deməzlərmi, ay nebloqadarnı insan, sənin oğlun gör kimlərə qoşulub, kimlərin şəkilini çəkir?!

Deyirəm ki, gəl səni qoyum maşına, aparım Qəçrəşə, Xınalığa, İlandağa... Çək təbiətimizin mənzərələrini, ol ikinci Səttar Bəhlulzadə...

Deyir yox, sənətkar azad olmalıdır... Əşşi, ölünü də buraxarsan, tabutu batırar. Nəysə, bir işıq yolu görsənmir ki?

(Qəçrəş demişkən, Ağaquluyev bir il qabaq Qubanın Qəçrəş kəndində yarım hektara yaxın torpaq sahəsi alıb, ağ daşla hasar çəkdirib, içində də bir malikanə tikdirib ki, bəzəkli gəlin kimi adama “gəl-gəl” deyir.

Amma bunu o dost-tanışdan gizli saxlayır. Deyir düşər-düşməzi olar. Bu haqda kitabın bir neçə yerindı yazdım, əsl müəllif pozdu ki, lazım deyil. İndi yeri gəldi, yenə yazdım. - Professorun zəruri qeydi.)

Həkim başını buladı. Onlar bir-birilərinə sınayıcı nəzərlərlə baxdılar. Nəhayət, həkim dedi:

-Bəs bəyin portretinə nə deyirsiniz? O ki əsl sənət əsəridir?

-Hə, ona sözüm yoxdur. Məhəmməd Əmin Rəsulzadənin də portretini işləyib, evimizin divarından asılıdır...

Kişinin səsi boğulub kəsildi. Elə bil gurhagurla gələn suyu bağladılar, su krantda boğuldu. Başını qaldırıb həkimin üzünə baxdı, gözlərindəki yaşı gizlətməyi unudub yad bir səslə:

-Onu görmək istəyirəm, həkim, - dedi.

Palatanın birini ortadan böldürüb ayrıca bir otaq – emalatxana eləmişdilər. Bunu Nəsibə görə Ağaquluyevin puluyla baş həkim düzəltdirmişdi. Otaq rənglərlə, fırçalarla dolu idi. Pəncərədə Van Qoqun şəkli vardı.

Nəsib üzüdivara oturub gözlərini bir nöqtəyə zilləmişdi. Hərdən başını aşağı-yuxarı eləyir, nəsə anlaşılmayan səslər çıxarırdı.

Ağaquluyevin diqqətini isə çəkən ayrı şey idi: Nəsibin kosa saqqalından başqa üzündə, başqa yerlərində tük deyilən şey yox idi.

Qardaşından iki yaş da böyük idi. Qardaşı tükün içində itib-batmışdı, bu isə elə bil bir az da göyçəkləşmişdi. Bu nə sirri-xuda idi, kişi başa düşmürdü. Üzünü qıl-qıpın içində itib-batmış həkimə tutu, yavaş səslə dedi:

-Çöldə bir qız gördüm - özünü Zeynəb Xanlarovaya oxşadanı deyirəm - o da Nəsib kimi tüksüzdü... Bu nə məsələdi, bunun bir tibbi izahı var?

Həkim boynunu qoydu çiyninin üstünə:

-Vallah, təzə məsələdi də bu... bir də ki, bunun şərhini qadağan eləyiblər – yuxarıdan. Olmuş kimi, olacaq kimi qarşılanmalıdır deyiblər. Nə biləsən axı, bəlkə elə belə olmuşuq biz? Səhərki tok-şouda belə deyirdilər.

-Bəs bunlar? Bəs qəhbələr?

-Nə qəhbə?-həkimin gözləri kəlləsinə çıxdı.

-Heç, elə belə, birdən ağzıma gəldi, ayrı söz demək istəyirdim... Siz gedin, mən Nəsiblə bir az baş-başa qalmaq istəyirəm.

Həkim getmək istədisə də ayaq saxladı. Bir az yaltaqlanantəhər oldu elə bil.

-Dünən bütün palatalara girib, xəstələrin hamısını töküb çölə, çıxmayanları da hardansa tapdığı taxta ilə vurub, çıxardıb bayıra ki, mitinq eləyirik, çıxın xəstəxananın həyətinə.

Bizi də qatmışdı xəstələrə. Özü də xəstələr onu əməlli-başlı eşidir axı! Hardansa bir səsgücləndirici də tapmışdı.

Qalxıb bax, həyətdəki o bulağın üstünə, əvvəl mənə, sonra da ölkə rəhbərliyinə qarşı çıxış edir, təhqiramiz ifadələr işlədir...

Korrupsiya, rüşvət, ofşor əməliyyatı, hansısa adalardakı prezident ailəsinə məxsus villalar... Səsgücləndiriciyə görə adamlar bayırdan zaborun üstünə dırmaşmağa başlamışdılar.

Qorxdum ki, bir azdan bütün Bilgə-Maştağa əhli bura töküləcək. Nə qədər dil tökdük, yalvardıq, olmadı. Əlacımız kəsildi, həyətdəcə töküldük üstünə, güclə tutub basmışıq palataya.

O şok terapiyadan sonra məcbur olub ağır iynə vurmuşuq... Ona görə də məsləhətdir ki, bu gün danışdırmayasınız...

Qanlı-qanlı süzdü həkimi. Sonuncu dəfə demişdi ki, uşağa ağırlaşdırıcı iynə vurmasın. Kimə deyirsən? Bu bəlkə də qorxur ki, uşaq sağalar, bu oğraşın çörəyi kəsilər. Mənim verdiyim öz yerində, hələ arvad bunun özünə, həkimlərinə, altını təmizləyənlərinə nə qədər pul ötürür...

Həkim getdi. Gəlib oturdu oğlunun yanında. Əli ilə saçını tumarladı. Özünü rəssamlara bənzətmək üçün saxladığı kosa saqqalını sığalladı.

-Nəsib.

-Iıı...

Bilmədi ona cavab verir, yoxsa inildəyir.

-Toğrul müəllim səni soruşurdu. Dedi ki, Nəsibə de, qoy əl işlərini gətirsin, gənclərin sərgisi olacaq.

-Iıı... Sən kimsən? Gözlərin niyə bulanıqdı? Mitinqi sən dağıtdırdın?.. Bu gecə Van Qoq gəlmişdi bura. Dedi ki, şəhəri çəkməyə gəlib. Təzə tipləri... Sənnən yaxşı naturaçı çıxar. Nə qəşəng tüklərin var? Bəlkə əyləşəsən çəkim sənin portretini? Pul? Naturaçı pulu istəyirsən? Mənim pulum yoxdu axı. Amma atam milyonerdi, deyərəm haqqını verər. Sənin gözlərin niyə belədi? Çaşdırır e məni... Tüklərin, məsum üzün... amma gözlərindən qan axıb tökülür üstümə. Qan deyil, qırmızı rəngdi, səni bütöv qırmızıda çəkəcəm. Qan qırmızıda. Qanın içində...

Nəsibin söhbətlərindən üşəndi. Son kəlmələri lap qorxutdu onu. Nəsib qalxmaq istədi, qalxa bilmədi. Başını çevirib atasına yad adama baxırmış kimi baxdı.

Kişi birdən gördü ki, üstündə təzə kətan olan molbert küncə qoyulub, özü də tərsinə. Anladı ki, təzə nəsə çəkməyə başlayıb. O, belə vaxtlarda yarımçıq işini heç kimə göstərməz, heç kimi həndəvərinə buraxmazdı.

Birdən atasının küncə tərsinə qoyulmuş molbertə tərəf maraqla baxdığını sezdi və elə bil heydən düşmüş bu gəncə nəsə anlaşılmaz bir güc gəldi. Yerindən dik qalxıb dalı-dalı küncə çəkildi, qollarını geniş açaraq yeni əsərinə sipər elədi özünü.

Anladı ki, bu vəziyyətdə Nəsibə söz demək mənasız işdir. Birdən baxıb gordü ki, oğlunun qulağının məməsi yoxdur, yerinə adına “zelyonka” dedikləri yaşıl dərman sürtüblər.

Elə bil başına qaynar su tökdülər. Əsəbdən əlləri əsdi. Dodaqları titrədi. Yaxınlaşıb oğlunun kəsilmiş qulaq məməsinə baxdı, əlini onun saçına, üzünə çəkdi və nə vaxt gövrəldiyindən xəbəri olmadı. Onda ayıldı ki, oğlunu qucaqlayıb zulum-zulum ağlayır. Nəsib də ona sarılmışdı. Birdən o yazıq-yazıq dedi:

-Ata...

Elə bil içində çoxdan funksiyası dayanmış hansısa orqan bərpa olunmağa başladı. Yaxud ona tanış olan bir hiss, hansı ki, unutmuşdu onu, yenidən canlandı.

Əyilib oğlunun qırxıq başından öpdü, üzü aşağı axan duzlu göz yaşları ilə oğlanın boynunu, boğazını, üz-gözünü islatdı. Geri çəkilib onu bir də süzdü.

Onun iri gözləri, geniş alnı, yaşından tez qocalayıb üzə çıxmış boyun-boğazındakı iri damarları, bir də pianoçu barmaqlarına bənzəyən, rənglərə bulaşmış iri, uzun barmaqları kişinin qəlbinə od saldı.

Belə oğulla çox güman ki, içində böyük istedad yatan (bunu bir çox məşhur rəssamlar da təsdiqləmişdilər) bu gənclə ancaq fəxr etmək olardı. Heyhat...

“Mən öz dost-doğma evladıma niyə axı düşmən oldum? Xaricdə oxuyanda həsrətlə yolunu gözləyirdim ki, gəlib vətənində adlı-sanlı, hörmətli sənətşünas, rəssam olacaq. Hələ fərasətə bax ki, orada – Londonda məndən xəbərsiz ikinci ixtisasa, dizaynerliyə də yiyələnə bilmişdi. Böyük arzularla gəldi vətənə, axırı da belə.

Kaş gəlməyəydi bu xarabaya... Mənim üzümnən oldu hamısı. Bu yazıq qalıb orada doktoranturanı oxumaq istəyirdi. Mən gənə kimi yapışdım, əl çəkmədim: gəl, gəl, gəl!

Gəldi. Axırı nə oldu? Bude, dəlixana küncü... Bəlkə çıxarım aparım evə? Salaram otaqların birinə, buraxmaram çölə... Eeee, ay, hay. Dəli tanrıdan güclüdür deyiblər, sənin ona gücün çatar? Nə? Dəli?

Mən lap bu gədəni əməlli-başlı dəli hesab eləyirəm ki?! Bəlkə soruşum ki, könlü nə istəyir? Əlini, cəbhəni yadından çıxarıb bəlkə? Bəlkə anasını salım yadına?.. Bəs bu divara söykədiyi nədi axı belə? Nə çəkib görəsən? Niyə belə bərk-bərk qoruyur? “

-Nəsib...

-Hıı..

-Evə getmək istəyirsən? Ananı görmək istəyirsən?

-Yoox, burda mitinq olacax... Fredom Houzedən, Oesedən, “Vaşinqton Postdan” gələsidilər... Mən Oksfordda oxuyanda bir müəllimim vardı: Nils Abraham adında.

O deyirdi ki, incəsənət üsyandan, etirazdan doğur... Burda axı mən təşkil edirəm mitinqi. Bu baş həkim ki var ha... Onun əleyhinə, onun diktaturasına qarşı...

Bu diktator qaldıqca, ölkə başdan-başa dəlixanaya dönəcək. Təşkilat komitəsinin sədriyəm də mən. Olmaz. Bu fərarilik olar. Mən Qənimətin azadlığını tələb etməliyəm axı... Hə də Zahidin... Zahidin bir barmağın kəssən dönüb haqdan qaçar... Ol rayt...

Qəniməti yaxşı tanıyırdı. Tutulmamışdan əvvəl adam göndərib gizlincə görüş istəmişdi. Həmişə onu kölgə kimi izləyən Azərlə gəlmişdi.

Birbaşa mətləbə keçmiş, nə qədər pul istəsələr verəcəyini demiş, Nəsibin şəkillərini, illah da karikaturalarını qəzetdə verməməyi xahiş etmişdi. (Karikaturalar dəhşət idi - hamısı dövlət rəhbərlərinin, nazirlərin it günündə çəkilmiş, eybəcərləşdirilmiş şəkilləri idi.)

-Bilirsiniz, mən sizin narahatlığınızı başa düşürəm, - Qənimət çəkdiyi siqaretin tüstüsünü yana üfürüb, şəvə kimi qapqara saqqalını tumarlaya-tumarlaya demişdi. - Amma gərək məni də başa düşəsiniz...

Mən onda gərək sizin məntiqinizlə qardaşım Mirzə Sakitin də şerlərini çap etməyim... Daha onda “Azadlığ”ın “Yeni Azərbaycan”dan nə fərqi oldu?..

O ki qaldı bizə təklif elədiyiniz məbləğə, hə bizim ondan da çox pula ehtiyacımız var... Nolsun, axı bu ölkədə bizdən də pis gündə olanlar var, özü də milyonlarla...

Aparın o pulu bir xeyriyyə süfrəsi açın şəhərin restoranlarınnan birində. Qoy aclar gəlib bircə dəfə də olsa qarınlarını doyuzdursunlar...

Sonra onlar gəldikləri kimi də çıxıb getmişdilər. Qapıdan çıxanda kişi “Qənimət bəy...” deyəndə o geri qanrılmış, əminliklə demişdi:

-Bilirəm nə deyəcəksiniz... arxayın olun, biz piyarla məşqul olmuruq. Burda olan burda qalacaq. Oğlunuzla isə özünüz danışın...

(Qəribədir ki, o müdhiş əhvalat, o dəhşətli hadisə - Qənimətlə Azərin oğurlanması, pis vəziyyətdə şəkillərinin çəkilməsi onların görüşündən cəmi iki həftə sonra baş vermişdi.

Özünü itirmiş halda Qənimətə sifariş eləmişdi ki, əlimi qurana basıb and içməyə hazıram ki, mənim bu işdən xəbərim yoxdur. O da cavab göndərmişdi ki, biz səni yaxşı tanıyırıq, heç narahat olma.)

...İçində yenicə alovlanmaqda olan ümid işığı bir anda öləziməyə başladı. Bir az əvvəl onun vücudunun dərinliklərində baş qaldıran o tanış, doğma hiss də bircə anda əriyib getdi. Yenə sərt, quru adama çevrilirdi. Ümidsiz halda dedi:

-Bəs o çəkdiyin təzə əsər nədi belə? Olar mən ona baxım?

Oğlan qorxdu elə bil. Yenə adəti üzrə qollarını geniş açıb özünü molbertə sipər elədi.

-Yoox, olmaz. Bu hələ doğulmayıb ki...

Özü çönüb küncə tərs söykədiyi molberti geri çəkdi, əsərinə bir xeyli baxdı, bu dəm elə bil çöhrəsində məchul bir rəng dolaşdı, gözlərinin bulağından yaş diyirləndi, barmaqlarını uzadıb kətanın tərs üzünü sığalladı.

-Mənim körpə balam... O hələ ana bətnindədi... o hələ qandı, rüşeyimdi... embiriondu. Onu gərək ətə-qana gətirim... Sən Qoyyanın rəsmlərini ki görmüsən? Enerji, güc, işıq effektləri... kölgə əzəməti...

Birdən ayaqlarının ucunda atasına tərəf gəldi, əlini ağzına aparıb “sssss” elədi:

-Sssss... sus, burda kekebeşniklər var... Onlar gedəndə mənim ağlım qayıdır, qayıdanda isə... Sssss... Sən bilirsən mən nə kəşf eləmişəm? Bir rəngdə, tək bir rəngdə bütün rənglərin effektini almaq. Qara rəngdə digər rənglərin hakimiyyətini yaratmaq!

Bu, artıq Van Qoq deyil, bu mənəm, mən özüməm! Bu modern, yox, postmodern sənətdir... Eh, sən nə biləsən axı...

Sən gərək Selinceri oxuyasan, Lorkanın misralarını, Teomanın mahnılarını dinləyəsən ki, bəlkə mənim çəkdiklərimi duyasan... Yoxsa, “Maral, maral” oynayan, Namiq Qaraçuxurlu ilə Aygünün duetini dinləyən nə bilsin Pikasso kimdi? O Paği, Paği...

BİR RƏNGİN DİKTATURASI

Birdən əyildi. Hiss olunurdu ki, enerjisi tükənir. Yıxılmamaq üçün əlini boşluğa uzatdı. Atası əllərini açıb göydə ikən onu tutdu, yıxılmağa qoymadı. Oğlan müvazinətini bərpa edib yenə molbertə sarı gəldi.

Gözləri indi elə bil bayaqkı mənasız, sönmüş gözlər deyildi. İşığı artmış, baxışı sərtləşmişdi. Üzündəki müdriklik qiyafəsi, almacıqlarında üzdə olan damarcıqlarda sürətlə axan qanın yaratdığı qızartılar, geniş alındakı qırışlardan axıb gələn şəfaverici enerji oğlanın bircə anda dəyişdiyindən xəbər verirdi.

Bu nə qədər qorxunc bir şey olsa da, atanı umudlandırmaya bilməzdi. Oğlan isə dil qəfəsə qoymurdu:

-Bir var əbədiyyət, göy kimi, dağ kimi, Xəzər kimi... Tanrı kimi... Bir də var əbədiyyətin zərrələri... ağac, ot, çiçək, yarpaq və bədbəxt insan... Bunlar tez doğulub, tez də solan, amma əbədiyyətdən payı olan varlıqlardır... Yazıq ki, bizdə bu zərrəciklər də yox olmaq üzrədir. Net bir şəkildə əriyir bu əbədiyyət nişanələri. Azərbaycan, elə Şərqin çox hissəsi bu zərrələrdən məhrum olmaq üzrədir... Təsəvvür elə ki, göy üzündə birdəncə bütün ulduzlar sönür... Nə qalır göydə? Ay? Qala bilməz, o da ulduzların qidalandığı işıq mənbəyinə möhtacdır. Günəş? O, heç qala bilməz! Axı göydəki digər bütün cismlərə işığı, istiliyi, enerjini o verir. Demək bütün kainat bir rəngə - qaraya, zülmətə tabe olacaq.

Azad Qaradərəli
Azad Qaradərəli

Danışdıqca gücü artırdı elə bil. Ağzının yanlarında ağımtıl kəfəbənzər şeylər yığılırdı. Burun pərələri getdikcə genişlənir, üzü qızarır, sifəti haldan-hala düşürdü. Nəhayət, yeni güc toplayıb dedi:

-Bax, bu yeni əsərim bir rəngin diktaturasıdır... Mən yeganə adamam ki, diktaturanı rənglərdə əbədiləşdirdim. Axı diktatura ölümə məhkumdur. Çox yaşaya bilməz. Mən onu kətana köçürdüm ki, insanlıq nəyə səcdə etdiyini anlayıb özünə də, uydurduğu diktaturaya da nifrət edə bilsin.

Birdən bayaqkı məchul rəng yenə oğlanın çöhrəsinə yayıldı.O sevinəntəhər olub dedi:

-İstəyirsən, mən yeni əsərimi sənə göstərim? Əslində göstərmək günahdır, nədən ki, elə bilirdim hələ tamamlanmayıb. Amma səni görəndən sonra əmin oldum ki, tamamlanıb. Mən əslində zamanı düz bir ay qabaqlamışam. Axı bu əsəri mən bir aydır ki, işləyirdim... Gözlərini yum, axı mənim bu əsərimin ilk tamaşaçısı sənsən. Yum gözlərini!

Gözlərini yumdu. Bir balaca taqqıltı səsi – yəqin molberti döndərirdi.

-Aç!

Qorxa-qorxa kirpiklərini araladı. Əvvəl qatı qaranlığa düşdüyünü zənn elədi. Elə bil işığı söndürmüşdülər. Qatı zülmət idi.

Bir az sonra gözləri qaranlığa öyrəşən kimi öyrəşdi ətrafa və qapqara bir bədheybət varlığın qarşısında dayandığını gördü.

Uzun boylu, bütün bədəni qapqara tüklə örtülən, qara qəzil sicimə oxşar bığı, saqqalı sifətini eybəcər hala salmış bu nəhəng, bədheybət varlığın uzun-uzun qolları vardı.

O, saysız-hesabsız qollarını uzadıb adamların var-yoxunu talan edir, evlərini uçurur, hər yeri xarabazara çevirirdi...

“... - nənəqurban, bu uzun-uzun qolları olan bədheybətin adı Ucubuluğ idi. Neçə-neçə uzun qolları onun qoşunları idi. Qollarına əmr eliyirdi ki, gedin, filan kəndin adamlarının nəyi var, silin, süpürün gətirin.

Onlar da bir deyildilər, beş deyildilər, yüz idilər, min idilər, bəlkə də çoxdular. Yerlərinnən dururdular, acı bağarsaq kimi uzanırdılar, bir göz qırpımında çatırdılar kəndə.

Unu, dəni, qoyunu, quzunu, atı, qatırı, hətta əllərinə keçən insanları da rezin tor kimi genişlənən çinədanlarına yığıb gətirirdilər Ucubuluğun yanına.

O da bunların bir çoxunu elə oradaca Sarı dərə boyda olan geniş ağzı ilə udurdu, qalanlarını da öz ağılına (ağıl, canım-gözüm, qoyun-keçi yığılan daşdan hörülmüş üstüaçıq yerə deyirdilər... hə bir də üstüaçıq dedim, əvvəllər bu dünyada hər şeyin üstü açıq olub, sonradan insanlar bəzilərinin üstünü örtüblər, elə ağılın da üstünü örtüb tövlə eləyiblər) yığıb səhərinə saxlayırdı.

Sonra o biri kəndə, day sonra ayrı birisinə hücum eləyirdi onun bu mirətə qalmış qolları.

Balaca Nəsib qorxmuş halda nənəsinə qısıldı:

-Nənə, mən qorxuram...

-Sən kişi qırığısan, düşmən toxmağısan, böyüyüb igid olassan, igid də qorxar?

Uşaq dirçəldi, nənəsinə ümidlə baxdı və ürəkləndi bir az:

-Nənə, bəs bu ölkənin igidləri necolmuşdular? Harda idilər? Niyə Ucubuluğu öldürmürdülər?

Qarının qırış-qırış sifəti bir az da qırışdı, bu çətin suala cavab tapmaq üçün eyzən Ucubuluğ kimi bütün “qoşunlarını” köməyə çağırdı.

-Nənə qurban, iş ondaydı ki, bu ölkənin bir çox igidləri atlanmışdı, üstən geyinib altdan qıfıllanmışdı, qılınc-qalxan götürüb onunla döyüşə yollanmışdı.

Amma Ucubuluğun qollarının birini kəsəndə yerindən beşi, onu çıxırdı deyin, onun bu uzun-uzun qollarının qabağında tab gətirə bilmirdilər. İgidlərə sarılır, qanını sümürür, quruca bədənlərini də atırdılar onun Sarıdırə boyda ağzına.

Amma onların içində biri vardı ki, həm güclüydü, həm də ağıllı. Di gəl, hələ cavannıx yaşına dolmamışdı, on yeddisindəydi. Oturub yaşının dolmasını da gözləməyə hövsələsi çatmırdı. Bir yannan da Dərviş xəbər gətirmişdi ki, ölçüb, tezdiynən dünya əyiləcək, əyildisə, demək dağılacaq.

Uşaq bir az da qorxdu:

-Niyə, nənə? Niyə əyilir ki, dünya?

-Bıy, başıma xeyir, bilmirsən? Ucubuluğ adamların var-dövlətini öz tərəfinə yığanda onun tərəfi ağırlıq eləyirmiş, o biri tərəf də yüngülləşirmiş.

Tərəzinin youl tərəfi nə təhər göyə qalxır, eləcənə dünyanın da pərsəngi pozulur, əyilir... Xüləs, haman dediyim cavanın adı Qaragünnüymüş. Dərvişin bəd xəbərinnən sonra Qaragünnü başlayır döyüş libasını geyinməyə. Geyinə-geyinə Dərvişdən soruşur ki, hər kəsin bir zəyif yeri olur, bunun da zəyifi olmalıdı axı? Harasındadı?

Dərviş deyir:

-Onun zəif yeri çox, ama çox ilhamnan çalınan musiqidi. Heylə bədheybət olmağına baxma, ürəyi quş ürəyi boydadı. Axı o insandandönmədi. İnsanların ən qəddarının, ən acgözünün, ən ədalətsizinin törəməsidi.

Hər yeri dəyişsə də, qalın-qalın bədəninin altında qalan ürəyi dəyişməyib. Əgər sən onun o az da olsa hələ insan qanı axan ürəyinin tellərinə toxuna bilsən, o ürəyin pisliynən dolu tərəfinə deyil, yaxşılığa həsrət tərəfinə basa bilsən, o, bir anlığa da olsa sustalacaq, bədəni boşalacaq, gözləri yumulacaq.

Bax, onda sən onun başını kəsə bilərsən. Nəbadə qoluna, qıçına qılınc çalasan, ha! Onda birinin əvəzinə beşi bitəcək. Amma o yoğun boynunu vursan, qurtardı getdi... Özünü də xilas eliyərsən, əyilməkdə olan dünyanı da...

-Nənə o musiqini çala bildi oğlan?

-Hə, mənim balam, o bir muğam çaldı. Özü də yayın kamanında. Amma elə ürəkdən çaldı ki, təkcə Ucubuluğu yatızdırmadı, elə bütün el-oba yuxuya qərq oldu. Elə o yatan yatmışıq, hələ də yuxudayıq.

-Nənə, bəs Ucubuluğ nə oldu, igid nə oldu?

-Ucubuluğ da o yatan yatmışdı. Hərdən qollarının biri tərpənib ora-buranı dağıdır, zəlzələ, uçqun, daşqın törədirdi. Amma özü yatmağındaydı. Axır vaxtlar baxıram ki, bu qıblasız hamıdan tez oyanıb deyəsən. Oyanmamış oyanmağıynan yenə pis əmməllərinə başlayıb. Dünyanın bir tərəfi yenə əyilir elə bil...”

... Birdən qıc olmuş kimi yığılmağa başladı. Əsdi, əsdi, molbertin qabağında yerə yıxıldı. Kəsik qulaq məməciyi hara isə toxunub qanadı. Qan molbertdəki təzə əsərə də çiləndi. Kişi özü də elə bil qıc olmuşdu.

Döşəmədə çabalayan oğluna kömək edə bilmirdi. Deyəsən heç qanın qan deyil, qırmızı rəng olduğunu zənn eləmişdi. Handan-hana özünə gəlib barmağını oğlunun döşəməyə bulaşan qanına batırıb dilinə vurdu, yerdə çabalayan oğlunu qaldırıb bir az sakitləşdirdi, çarpayısına uzatd və...

... durub cumdu baş həkimin otağına. Həkim bir şəfqət bacısına lətifə danışır, qarnını atıb-tutur, gülürdü. Ayaq saxlayıb yarıaçıq qapıdan həkimin lətifəsini qurtarmasını gözlədi.

”Bir dəli ikinci mərtəbənin balkonundan üzüaşağı işiyirmiş. Həkimi görəndə özünü yığışdırır, şalvarını düymələyir. Həkim sevinir. Deyir, yəqin ağıllanıb. Soruşur ki, məni görəndə niyə saxladın? Dəli qayıdır ki, qorxdum ki, işəməyimdən tutub, məni çəkib salarsan yerə. Ha-ha-ha...”

Onu görcək özünü yığışdırdı.

-Buyurun, Xanqulu müəllim, buyurun.

-Uşağın qulağına nə olub?

Səsi səs kimi yox, bağırtı kimi çıxdı ağzından.

-Hə, bilməmiş olmazsəınız, Nəsib Van Qoqun fanatıdı axı... Özünü ona oxşatmaq istəyib, ona görə də onun kimi qulağının birini kəsmək istəyib, əli pərtib qulaq məməsini kəsib...

Bu vaxt qapının ağzında dayanmış bir xəstə qadın (o da trüksüz idi) əzilə-əzilə dede:

-Professor, bəs mənim referatıma nə vaxt baxacaqsınız?

-Yaxşı, yaxşı,-deyə baş həkim mızıldandı.

Qoltuğundakı qovluğu göstərib:

-Saçım da uzanır, yaşım da uzanır... Müdafiəm qaldı, ərə də getməliyəm axı... Oğul-uşaq istəyirəm mən. Bəs bu uzun saçlarla məni kim alacaq? Bu kişi bəlkə alsın məni? Qoy baxım, yox, yaşlıdı, olsa-olsa oponentim olar bu. Baxın, vallah bu papkadakılar elmdə yenilikdr. Elm isə qurban tələb edir. Qurban da mən! Məni qurban kəsin, nə qədər nakamlar var, verin yesinlər... Amma nə eləyirsiniz eləyin, dissertasiyama baxın,-deyib çökdü yerə.

Baş həkim tez onu ayağa qaldırdı:

-Baxaram,baxaram, - deyib xəstənin qoluna girib qapıdan uzaqlaşdırdı, içəri qayıdıb:

-Görürsüz də, mən neyniyim axı, bu yazığın kandidatsksi doğrudan hazırdır, di gəl, o qədər yubadıblar ki, axırda başı dözməyib, vurub eləyib dəli.

Özü də inandırıblar ki, burada elmi təcrübə keçənnən sonra müdafiəyə buraxılacaq, - dedi və igrahla üzünü çevirdi. Elə bil o Ağaquluyevin tez getməsini istəyirdi. Bu vaxt əlli yaşlarında bir qadın dəhlizdə göründü. Qadın onu tutmaq istəyənlərin əlindən çıxıb özünü atdı Ağaquluyevin ayağının altına və dedi:

-Sizə qurban olum, nə olar, beşcə dəqiqə məni dinləyin!

Baş həkim onun qolundan tutub dəhlizə tərəf dartmaq istədi. Qadın Ağaquluyevin qıçlarından bərk-bərk yapışıb bağırdı:

-Qoymayın məni aparsınlar! Mən dəli deyiləm, məni oğlum bura saldırıb. Bu baş həkimə də çoxlu pul verib. Qoymayın məni aparsınlar!..

ALİYƏ CAVANŞİROVA

“Siçanlar qidanın tükəndiyini hiss etdikdə həyəcan qoxuyan maddə ifraz edərək, nəsil artırmağı dayandırırlar”

Bioloqların araşdırmalarından

... Ağaquluyev qadını onların əlindən aldı, qapını örtdü. İndi otaqda baş həkim, xəstə və Ağaquluyev qalmışdı. Qadın indi tələsmədən, rəvan şəkildə danışmağa başladı:

-Mən sizi yaxşı tanıyıram, yoldaş Ağaquluyev! Sizin rayonun jekləri saat kimi işləyir, Bakıda sizin kimi mənzil-istismar birliyinin rəisi yoxdu. Bacım sizin rayonda yaşayır, ordan bilirəm. Bir də axı siz bir zaman deputatlığa namizəd idiniz, çıxışlarınızı izləmişəm. Adım Aliyədir, soyadım Cavanşirovadır – hə, hə, o məşhur Cavanşirovlardan, Pənah xanın nəslindənəm.

Qadın ona min illərin tanışı kimi gəldi. Amma bu vurhavurun içində onu hardan tanıdığını anlamağı mümkün deyildi. Düşündü ki, belə sağlam adamın burda nə işi var axı?! Əlini qaldırıb qadını dayandırdı:

-Bir dayan, ay bacı. De görüm bura necə düşmüsən?

-Mənim beş otaqlı evim var, - qadın aramla danışmağa başladı, - özü də şəhərin mərkəzindədir, ÇUM-un yanında. Anamla qalıram orda. Ərim otuz il əvvəl vəfat eləyib. Özüm müəlliməyəm. Bu ev mənə ərimnən yox, atamnan qalıb. Bir oğlum var ki, atası ölənnən sonra işləyə-işləyə, repititorluq edə-edə onu saxladım, oxutdum. Ali təhsil verdim. Rüşvət verib bankda işə düzəltdirdim.

Elə həmin bankda işləyən bir qızla görüşməyə başladı. Qızın valideynləri xaricdə yaşayırlar. Nənəsi baxırdı ona. Elçi getdim, toy eləyib şadyanalıqla gəlin gətirdim.

Heç üstünnən bircə il keçməmiş oğlum mənimlə, anamla yola getmədi, gəlin üzümüzə qayıtdı. Gördüm getdikcə pisləşirlər, dedim gedin qızın atasıgildə yaşayın.

Getdilər və düz bir ildən sonra oğlum başladı ki, biz uşaq gözləyirik, o ev iki otaqlıdır, bizə darlıq eləyir. Siz ora köçün, biz qayıdaq bu beşotaqlıya. Bildim ki, bunlar anamla məni çölə salmaq istəyirlər.

Uymadım onların hiyləsinə. Dedim ki, burada mənim atamın ruhu dolaşır, mən öz evimdən özgə evinə niyə köçməliyəm? Oğlum məni də, anamı da təpikləyib yıxdı yerə, çıxıb getdi.

Gedə-gedə dedi ki, yaxşı, səni dəlixanaya, ananı da qocalar evinə göndərərəm, ağlın başına gələr. Əvvəl inanmadım... (Ağlayır. Amma tez də göz yaşlarını silib, özünü düzəldir və davam edir – İkinci müəllif)

Amma bu boyunu yerə soxduğuma axı bələd idim, ona görə qabaqcadan vəkil tutmuşam. Oğlum qaynı ilə birləşərək uçaskovının, bir də jek rəisinin əli ilə dəlixana maşını çağırıb məni saldırdı bura. İndi bir həftədir ki, burdayam.

Xahiş eləyirəm, bu kağızları vəkilimə verin. Əgər mənə kömək eləmək istəsəniz, burda yazdıqlarımın bir kopiyasını da mətbuata verin.

Bu baş həkim mənə kömək əvəzinə, iynə vurdurmaq istəyirdi, amma sağ olsun yaxşı adamlar, həkimlər, tibb bacıları mənə inandılar, dəlilik iynəsi vurmadılar. Bir xahişim də var: anamın səksən yaşı var, öyrənin görün o bədbəxt qocanı hara aparıblar? Bəlkə küçəyə atıblar, yiyəsiz ölüb oralarda?

Qadın elə ağladı, elə ağladı ki, elə bil Ağaquliyevin içinə axdı bu göz yaşları. Özü də elə yandırıcı, elə isti idi ki, damarlarını, əzələlərini pörşələdi, sümüklərini yumşaltdı, damarlarında qan elə sürətlə hərəkət elədi ki, az qaldı ürəyi sinəsindən çıxsın. Hiss elədi ki, bir az da belə davam eləsə infarkt qaçılmaz olacaq. Ona görə də barmağı ilə baş həkimi hədələdi:

-Bu qadını elə bu saat buraxmasanız, mən prokurora zəng edəcəyəm!

Baş həkim elə güldü ki, elə bil gülmürdü, Ağaquliyevin anasına söyürdü. Ağzı elə gen açılmışdı ki, elə bil adam deyil timsah idi. Özü də əlini aparıb ədəbsizcəsinə qıçının arasındakıları höhkələdi, irişə-irişə dedi:

-Bu qadını bura mənim oğlum saldırmayıb ki!? Öz doğduğu oğraş gədəsi saldırıb. Burax deyirsiniz, buraxaram. No problem. Amma mən oğlunu bura saldıran atalar görmüşdüm, anasını saldıran oğul görməmişdim. Bunların hamısının günahkarı mənəmmi? Bu qəhbənin oğlu mənim belimdənmi gəlib? Bəlkə o rəssam oğlanın atası siz deyilsiniz, mənəm?! Arvadınızdan soruşun, görün, mənimlə yatıb bəlkə? Allah eşqinə, belə məsuliyyətsiz qərarlar verməyin. Bu qadını da, oğlunuzu da götürün, rədd olun burdan!

Həkimi danışa-danışa qoyub dəlixanadan çıxdı. Ürəyini elə bil kimsə içəridən tutub sıxırdı. Qəribədir ki, ürəyiylə bərabər, xayaları da ağrıyırdı. Elə bil bayaq həkim öz qıçının arasındakıları höfkələyəndə onunkuları da burmuşdu.

Həyətə çıxanda qulağı şirin bir səslə doldu. Açıq pəncərədən o talesiz gözəl oxuyurdu: ”Siz ey ilk eşqimin şahidi dağlar, şahidi daşlar...”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG