Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:07

Qara Dərviş: Azərbaycandan kənara çıxanda bu gerilik daha aydın görünür


Qara Dərviş
Qara Dərviş

- "25 ilə yaxın dövrdə keyfiyyətli və peşəkar film səsyazması yaratmayan Azərbaycanın dünya bazarı fonunda bu qədər geriləməsi..."

"Avropadan gələn istənilən həvəskar səs mühəndisi və ya meloman turist Azərbaycan musiqisində ad qazanmış səs rejissorlarına master-klass keçə bilər."

"Biz istəyirik ki, dinləyici "toy musiqisi" sindromundan, "brainwashing" adlanan və "şüurun idarə edilməsi" kimi tərcümə olunan manipulyativ metoddan azad olsun."

"Qara Dərviş" kimi tanınan gənc rok ifaçısı Hikmət Poladzadə ilə söhbət

- Dərviş, səni Bakıda gördüyümə şadam. Artıq Bakıyamı köçdün? Musiqi fəaliyyətin nə yerdədir?

Qara Dərviş
Qara Dərviş

- Yox, Bakıya köçməmişəm. İstanbulda yaşayıram və təhsilimi orada davam etdirirəm.

Təsisçisi olduğum şirkətin Azərbaycan şöbəsinin açılması səbəbilə Türkiyədəki təhsilimi müvəqqəti dondurmuşam və bu şirkətin Bakıdakı fəaliyyətini tənzimləmək məqsədilə bir müddət Bakıdayam.

Çalışıram dünya miqyasında Azərbaycan musiqisinin təmsilçilərindən olam.

Rok musiqisində "Darvisch Metal" janrının ifaçısı kimi tanınıram. Buna baxmayaraq, "Darvisch Metal" janrını digər musiqi üslublarında ifa etməyim üçün məhdudiyyət saymıram. Çalışıram öz sənətimin öz fəsəfəsi olsun, öz içimdən qaaynaqlanan fəlsəfə, öz təbiətimə xas bir fəlsəfə.

- Necə oldu musiqi ilə məşğul oldun? Bildiyim qədər, Türkiyədə səs mühəndisliyi sahəsində təhsil alırdın.

- Musiqi sevdiyim işdir.

Musiqi ilə məşğuliyyətim erkən yaşlarımdan başlayır. Gözümü açandan lay-lay əvəzinə musiqi eşitmişəm. Valideynlərimin gözəl səsi var və bu xüsusiyyət mənə onlardan keçib.

Babam qarmon, dayım isə pianoda ifa edib. Evimizdə saksofondan tutmuş kamançaya qədər əksər musiqi alətləri olduğundan yaradıcılığa doğru istiqamətlənməyim tәbii proses olub.

Musiqi elə bir dünyadır ki, bura bir dəfə daxil olduqdan sonra bir də tərk etmək istəmirsən. Üstəlik, əgər musiqiyə olan sevginin təməli ailə tərəfindən qoyulursa. Artıq sonralar mədəni tədbirlərdə iştirak etdikcə professional səhnəyə can atmağa başladım.

Təhsil sənətlә vəhdət təşkil edir və ayrılmazdırlar.

Universitetə daxil olduqdan sonra istəyimə uyğun olaraq Bakı Musiqi Akademiyasının opera vokal bölməsində dərs almağa başladım.

Müəllimim Elmira Quliyeva olub. Elmira xanım bariton tembr üzrə ölkə daxilində və hətta xaricində sayılıb-seçilən nadir peşəkar pedaqoqlardandır. O, Azərbaycan musiqisinin gözәl bәstәkarı Tofiq Quliyevin qardaşının həyat yoldaşı olub.

Konsertmeysterim isə Larisa xanım Hüseynova olub. Bakı Musiqi Akademiyasında individual təhsilimi bitirdikdən və Azərbaycan Memarlıq və İnşaat Universitetindən məzun olduqdan sonra savadımı ölkə hüdudlarından kənarda artırmağa qərar verdim.

Səs mühəndisliyi və prodüserlik üzrə SAE İstanbul Akademiyasının məzunuyam. Hazırda master dәrәcәsi üçün Bahçeşehir Universitetində "Səs texnologiyaları" fakültəsində təhsil alıram və bu ixtisas üzrə doktorantura təhsilimi Berkley Universitetində davam etdirməyi planlaşdırıram. Ümumiyyətlə, təhsil sənətlә vəhdət təşkil edir və ayrılmazdırlar.

- Kimlərlə işləmisən?

Qara Dərviş
Qara Dərviş

- Professional fəaliyyətim 2008-ci ildə Sezen Aksuyla olan işbirliyindən başlayır. Eyni zamanda Kıraçla da ortaq fəaliyyətimiz olub. Qısamüddətli fəaliyyətlər olub və demo layihələr üzərində qurulub.

Daha sonra Flora Kərimova, Alim Qasımov, Əlixan Səmədov, Rasim Balayev, Rafiq Səidzadə, Natiq Şirinov, Eldar Mansurov kimi sənətkarlarla işləmişəm və işləyirəm. Bəzi layihələrdə aranjemançı, səs mühəndisi, prodüser, bәzilәrindә isә duet ortağı vә layihә rәhbәri olaraq çalışmışam vә çalışmaqdayam.

- Ölkə xaricində elə təcrübələr var ki, onları Azərbaycana gətirmək istərdin?

- Dünyada məşhur olan "Sofar Sounds Global"-ın Bakı bürosunun və "Emergenza Azerbaijan" festivalının lisenziyaları qurucusu olduğum "Darvisch Production" şirkəti tərəfindən alınıb və yaxın zamanda səsimizi eşidəcəksiniz.

- "Darvisch Production" şirkəti nə iş görmək istəyir?

Qara Dərviş
Qara Dərviş

- "Darvisch Production" - mənim Azərbaycana gətirmək istədiyim bir mədəniyyət və ideologiyadır.

Bu istehsalat birliyinin Azərbaycanda fəaliyyət göstərməsinin başlıca məqsədilәrindәn biri Azərbaycanda hökmranlıq edən toy biznesinə alternativ olaraq, konsert mədəniyyətini gәtirməkdir.

Biz istəyirik ki, azərbaycanlı müğənnilər pul qazanmaq üçün toylara yox, konsertlərə üz tutsunlar.

Bu isə avtomatik olaraq dinləyicinin "toy musiqisi" sindromundan, "brainwashing" adlanan və "şüurun idarə edilməsi" kimi tərcümə olunan manipulyativ metoddan azad olmasına gətirib çıxaracaq.

Azərbaycanda son illərdə edilən aranjemanlara baxsaq, 50 il öncə Türkiyədə edilən aranjemanlardan struktur baxımından fərqlənmir.

Hazırda insanların əksəriyyəti ancaq toy musiqisini, bayağı mahnıları dinləyirlər.

O musiqini ifa edən insan pul qazanmaq üçün bu mahnılara üz tutur, yaratmaq məqsədi güdmür.

Türkiyədən ən azı 50 il geridəyik. Azərbaycanda son illərdə edilən aranjemanlara baxsaq, 50 il öncə Türkiyədə edilən aranjemanlardan struktur baxımından fərqlənmir.

Azərbaycandan kənara çıxdıqca bizim bu gerilik daha aydın şəkildə sezilir.

Deməli, xaricdən gələn bir musiqiçi və ya səs mühəndisi də bu fərqi görür.

Yəni, Avropadan gələn istənilən həvəskar səs mühəndisi və ya meloman turist Azərbaycan musiqisində ad qazanmış səs rejissorlarına master-klas keçə bilər.

Azərbaycanda yalnız Dövlət Mədəniyyət və İncəsənət Universitetində səs mühəndisliyi bölməsi var, bu günə qədər mənim və ümumilkdə ictimaiyyətin tanıyacağı bir məzun yetişdirməyib.

"Darvisch Production" Azərbaycanda təklif olunan studiya xidmətlərini daha keyfiyyətli müstəviyə keçirməyi qarşısına məqsəd qoyub, çünki ölkə hüdudlarında səsyazmalar keyfiyyətsiz şəkildə aparılır, xüsusi nəzəri biliklərə yiyələnmədən həyata keçirilir.

Azərbaycanda yalnız Dövlət Mədəniyyət və İncəsənət Universitetində səs mühəndisliyi bölməsi var, bu günə qədər mənim və ümumilkdə ictimaiyyətin tanıyacağı bir məzun yetişdirməyib.

Ölkədə "mən səs rejissoruyam" deyənlərin əksəriyyəti bu sahəni kustar yollarla öyrənib, hansısa TV və ya radioda işləyərək müəyyən biliklərə sahib olub.

Türkiyədə bu cür yanaşmaya "deneme-yanılma" deyirlər. Yəni, səhv edib, səhvlər üzərində öyrənirlər.

Bu təcrübə keyfiyyətdən və peşəkarlıqdan uzaqdır, çünki səs rejissorunun mütləq keçməli olduğu addımlardan ən birincisini, - nəzəri bilikləri öyrənmədən fəaliyyət göstərirlər.

Dünya musiqisinin və kinomatoqrafiyasının səslənməsi ilə müqayisədə Azərbaycanda səs mühəndlisliyi biabırçı şəkildə geridə qalır.

Bu biliklərin öyrənilməməsi hər an özünü göstərir və texniki çətinliklər ortaya çıxanda həll olunmamış qalırlar.

Bu, kifayət qədər böyük problemdir.

Səsyazmalar düzgün aparılmadığına görə, dünya musiqisinin və kinomatoqrafiyasının səslənməsi ilə müqayisədə Azərbaycanda səs mühəndlisliyi biabırçı şəkildı geridə qalır.

Baxmayaraq ki, sovet dövründə Azərbaycanda belə geriləmə yox idi. O dövr mədəniyyətimizin, musiqimizin, kinomatoqrafiyamızın çiçəkləndiyi bir zaman kəsiyi kimi tarixə düşüb.

İndi isə əminliklə söyləyə bilərəm ki, müstəqil olan Azərbaycanın hələ də səslənmə baxımından keyfiyyətli film işi yoxdur.

25 ilə yaxın olan dövrdə keyfiyyətli və peşəkar film səsyazması yaratmayan Azərbaycanın dünya bazarı fonunda bu qədər geriləməsini aradan qaldırmaq bizim həm peşəkar, həm də insani borcumuzdur.

"Darvisch Production"-un məqsədi Azərbaycanda kinomatoqrafiya və musiqi sektorunda səslənmə keyfiyyətini yüksəltməkdir.

Xidmətlərimiz çoxdur. Bu xidmətlərin əksəriyyəti Azərbaycan bazarı üçün tamamilə yenidir.

Filmlərin və cizgi filmlərinin səsləndirilməsi, kinoteatrlar üçün Surround səsləndirmə, mahnı işi, filmscoring, filmlərə foley effektin qoyulması, bunu həm FX Library, həm də professional foley aktyorların iştirakı ilə həyata keçiririk, həm bir səs, həm də multi səslər üzərində audio-kitabların yazılması və s.

İstənilən kitab sahibinə audiokitabdan əlavə, sırf onun audiokitabına uyğun olaraq audiobook soundtrack tәklif edirik.

Azərbaycanda multikanal səsyazmalar yalnız Dövlət Filarmoniyası kimi müəyyən dövlət qurumlarında var və həddindən artıq keyfiyyətsiz şəkildə həyata keçirilir.

Ölkənin musiqi bazarında mənfi tendensiyaları, arxaikləşmiş stereotipləri qaldıraraq, əməldə yeni nəfəs gətirməkdir planımız.

Qonşu dövlətlər konsertlərdən böyük gəlirlər əldə edə bilir. Onlar toy səhnəsinə yox, professional səhnəyə çıxaraq qazanırlar.

Əslində bizim musiqiçilər xaricdəkilərdən heç də əskik deyillər, sadəcə öz bacarıqlarını və istedadlarını düzgün şəkildə istifadə edə bilmirlər.

Kifayət qədər böyük potensiala malik sənətkarlarımız var ki, sonuncu dəfə professional səhnədə ifa etməsini xatırlamır. Şəhərin küçələrindən keçərkən tanınmış aktyor simalarını görürsən ki, onları tanımasan, düşünərsən ki, sahibsiz insanlardır.

Belə halların olmaması üçün müstəvini dəyişmək lazımdır. Maarif lazımdır. Bəzi məsələlər pulla düzəlmir.

Biz də "Darvisch Production" olaraq, imkanlarımız daxilində, gücümüz çatan qədər maarifləndirmək istəyirik. Cəmiyyəti yox, incəsənət xadimlərini. Çünki incəsənət xadimləri yaradıcılığı ilə cəmiyyəti maarifləndirir.

- İşinizin perspektivini bu ölkədə necə görürsüz, yəni toy biznesinini hökmranlıq taxtından endirmək olacaqmı?

- Canlı master-klass seminarlarını reallaşdırmaq istəyirik... Ölkədə səs mühəndisliyi fakültəsi olduğu halda mən təhsil almaqdan ötrü xaricə gedirəmsə vəziyyət bəllidir. Deməli, problem var.

Azərbaycanda olan bu musiqi təhsilsizliyi aradan qaldırılmalıdır. Problemi birbaşa aradan qaldırmaq mümkün deyilsə, dolayı yolla aradan qaldırmağa çalışmalıyıq.

Oxu Zalı

XS
SM
MD
LG