Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:53

- "Kinonun nə özü olacaq, nə televiziyalarda reytinq gətirəcək, nə də kinoprokat olacaq."

Günel Mövlud

Azərbaycan kinosunun niyə “xeyri” yoxdu?

Kino çəkilir, təqdimat baş tutur, ekranlara çıxır, sonra da itib-batır.

Hətta dövət hesabına, vergi ödəyicilərinin puluna çəkilmiş filmlər gəlir gətirmək bir yana dursun, mütəmadi nümayiş belə olunmur. Çünki o filmlərə maraq yoxdur.

Götürək elə özümüzü. Həvəslə, maraqla baxacağınız neçə müasir azərbaycan filminin adını çəkə bilərsiniz?

Gənc nəsli dindirsən, deyəcək Hollivud filmlərinə baxıram. Yaşlıları dindirsək, deyəcəklər “Sovet vaxtının kinosu ayrı idi”. İntellekuallarımızı dindirsək, Kim Kİ Dukun, Cim Carmuşun, Almodovarın və başqa “özəl kino” çəkənlərin filmlərinə baxdıqlarını deyəcəklər.

Tamaşaçı dövlət büdcəsinə ödədiyi vergilərlə istehsal olunan kinoları ancaq arada-bərədə telekanallarda izləyə bilir. O da aradabir, təkəm-seyrək.

Normaldır, kinoprokat olmayan yerdə, kinossenrarilərin müvafiq nazirliklərdə lupa ilə oxunduğu, hər “qara bulud”da, hər “kasıb kəndli”də, hər “ağlayan əskər”də siyasi çalar görüldüyü yerdə, sahibkarların kinoya maraq göstərmədiyi və maliyyə vermədiyi yerdə, maliyyə ayıran qurumların rejissorun istedadına, bacarığına deyil, siyasi baxışlarına fikir verdiyi yerdə, maraqlı kino çəkilə bilməzdi də.

Ancaq azadlıq olan yerdə sənət maraq doğurur. Başqa cür olması mümkün də deyil.

Kinonun nə özü olacaq, nə televiziyalarda reytinq gətirəcək, nə də kinoprokat olacaq.

Kinoprokat demişkən, bu yerdə dəyərli kinoşünasımız Aygün Aslanlının bir məqaləsindən maraqlı iki məqamı diqqətinizə çatdıraq:

“Kinematoqrafiya incəsənətin yeddinci növü statusunu qazananda Hollivud, Avropa, Rus kinosu, müəlliflik hüquqları, kino ulduzu anlayışları yarandığı dövrlərdə prokat artıq bəsit yayım prosesi olmaqdan çıxıb böyük gəlir gətirən mürəkkəb sistemə çevrilmişdi.

Bu işlə peşəkar müstəqil şirkətlər məşğul olurdular. Onlar bütün dünyada öz kinoteatr şəbəkələrini qurur, istehsalçı studiyalarla müqavilə bağlayaraq, filmlərin yayım hüquqlarını alıb nümayişə çıxardır, bilet satışından qazanılan pullar razılaşdırılmış faizlərdə industriyanın digər “vintləri" arasında bölüşdürülürdü”.

Bəs, iyirmi ildən çoxdur, müstəqil olan Azərbaycanın kino istehsalı, prokatı, yaratdğı entuziazm, gətirdiyi gəlir nə səviyyədədir?

Paytaxtdakı kinoteatrların əksəriyyətinin ya sökülməyi, ya qeyri-işlək vəziyyətə gətirilməyi, istehsal olunan kinoların keyfiyyəti, tamaşaçının bu filmlərlə tanışlıq dərəcəsi, məncə, bu suala çox yaxşı cavabdır. Orta statistik seyrçini dindirsən, soruşsan ki, yeni hansi filmlərimizə baxmısız, koqnitiv dissonans keçirər.

Gənc kinoşünasın məqaləsindən daha bir maraqlə və əyləncəli məqam:

“Yəqin çox az insan bilir ki, sovet dövründə kinoprokat dövlət dotasiyalarına möhtac olmayan tək-tük sahələrdən biri olub. Üstəlik, İttifaqın hər hansı bölgəsində nəqd pul çatışmazlığı yarananda problemi prokatın köməyi ilə həll eləyiblər.

“İskusstvo kino” jurnalının baş redaktoru, kinoşünas Daniil Dondurey “Kinoprokat: əyləncə sənayesinin incisi” adlı məqaləsində bununla bağlı “Bölgədə nəqd pula ehtiyac olanda rayon, ya da şəhər kinoprokat idarəsindən xalqın sevdiyi bir filmin – məsələn, “Brilyant qol”, “Zorro” – beş-altı nüsxəsini götürürdülər və problem çözülürdü.

Volqoqradda həkimlərin, müəllimlərin maaşlarını ödəmək üçün pul tapılmayanda Moskvadan “Yeseniya” filminin 10-15 nüsxəsini göndərirdilər. Həmin nüsxələr rayonlar üzrə klublara, zallara paylanırdı və beləcə maliyyə divarında yaranan çatlar qısa müddətdə suvanırdı” yazır”.

Deməli, məsələ təkcə azadlıqda da deyil, həm də sistemin yarıtmazlığındadı.

Sovet dövründə baxımlı xarici filmləri kinotetrlarda göstərməklə, siyasi-ideoloji çalarları olan xarici filmləri Türkmənistanda, Özbəkistanda, Azərbaycanda, “indeyski” filmləri isə Baltikyanı ölkələrdə nümayiş etdirməklə, yəni Əlinin papağını Vəlinin, Vəlinin papağını əlinin başına qoymaqla birtəhər kinodan pul çıxara bilirdilər.

Azəraycanda isə kinoya hər sahəyə olduğu kimi, “qeyri-neft sektoru” müamiləsi ilə baxırlar və buna uyğun hərəkət edirlər. Zəhmət sərf eləmir. Sahibkarlıq sərf eləmir. Kino da sərf eləmir. Yəni bu mənada, sağ olsunlar, kinonu kartof tarlasından ayırmırlar.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG