Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:29

A.Kamyu: “Öz küncündə oturan sənətçilər” dövrü keçib


Albert Camus
Albert Camus

- 1957-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı almış fransız yazıçı, filosof A.Camus (Albert Kamyu):

"Bəzi sənətçilər bu gərginliyə dözə bilməyib ya özlərinin fil dişindən hörülmüş qalalarında gizlənirlər, ya da “ictimai dinçiliklə” məşğul olurlar. Mən hər ikisini də qaçış hesab edirəm. İnsanın ağrılarına və estetikaya eyni anda xidmət göstərməliyik."

"İctimai işlərdə “insan tərəfimizlə” iştirak etsək, yaşadığımız həqiqət istər-istəməz dediyimiz sözlərə də təsir göstərər."

Albert Kamyu

Bugünün dünyasında sənət adamı nə edə bilər?

Yaradıcı insan kooperativlər haqqında yazmasın, lakin başqalarının tab gətirdiyi ağrıları da içində keyləşdirməsin.

Madam ki, fikrimi soruşursunuz, açıq danışmağa çalışacağam. Təbii ki, dövrümüzdə baş verən hadisələrə yaradıcı şəxs kimi qarışmaq məcburiyyətində deyilik, amma insan olaraq qarışmalıyıq.

İstismar edilən, yaxud güllələnən mədənçi, düşərgələrdə, koloniyalarda yaşayan qullar, əzilən, canı çıxarılan nə qədər insan susduqca danışa bilənlər onların yerinə də danışıb, onların tərəfini tutmalıdırlar.

İstismar edilən, yaxud güllələnən mədənçi, düşərgələrdə, koloniyalarda yaşayan qullar, əzilən, canı çıxarılan nə qədər insan susduqca danışa bilənlər onların yerinə də danışıb, onların tərəfini tutmalıdırlar.

Mən hər gün qəzetlərdə, kitablarda mübarizədən yazıb, bu barədə çıxış edirəmsə, məni hərəkətə gətirən dünyanı yunan heykəlləriylə, sənət əsərləriylə doldurmaq istəyi deyil. İçimdə bunu istəyən insan yoxdur demirəm, var.

Ancaq birinci yazımdan sonuncu kitabıma qədər ən çox, hətta bəlkə də lazım olduğundan daha çox maraqlandığım yaşadığımız bügünki günlərdir - harda olursa olsun, əzilən, alçaldılan insanlardır.

Bu insanlar ümidsiz yaşaya bilməzlər. Əgər hamı sussa və onlara iki cür alçalmaqdan birini seçməkdən başqa yol qalmasa, bütün ümidləri məhv olar - bizimkilərlə birlikdə.

İnsan belə bir vəziyyətə düşməyi özünə rəva bilməz. Rəva bilmədiyi üçün də belə bir vəziyyətdə öz qalasına çəkilib yata bilməz. Yaxşı insan olduğu üçün deyil, sırf yaşadığı üçün.

İçində, özü özlüyündə bütün bunlara etiraz edər və ya etməz. Etməyənlərdən bir çoxunu tanıyıram, yuxularının rahatlığında da gözüm yoxdur.

Ancaq bu o demək deyil ki, sənətçi tərəfimizi bir növ ictimai din dərsi keçməklə xərcləyəcəyik.

Sənətçiyə niyə həmişəkindən daha çox ehtiyacımız olduğu haqqında başqa yerdə bəhs etmişdim. Amma ictimai işlərdə “insan tərəfimizlə” iştirak etsək, yaşadığımız həqiqət istər-istəməz dediyimiz sözlərə də təsir göstərər.

Söz deyərkən də yaradıcı insan deyiliksə, o zaman nəyin yaradıcısıyıq?

Nə insanlıq dəyərləri üçün sənət dəyərlərini heçə sayaram, nə də sənət dəyərləri üçün insanlıq dəyərlərini.
Məncə, bu dəyərlər bir-birindən heç vaxt ayrılmır və bir sənətçinin (Molier'in, Tolstoyun, Melville'in) böyüklüyünü bu iki dəyəri tarazlama dərəcəsiylə hesablayıram.

Yaşayarkən mübariz olsaq, amma yaradıcılığımızda susuz səhralardan, eqoist sevişmələrdən də danışsaq, apardığımız mübarizə içdən içə bir titrəyişlə, həmin çölü də, həmin sevişmələri də insan səsləriylə dolduracaq.

Hər şeyə laqeyd yanaşmaqdan xilas olduğumuz bu anda nə insanlıq dəyərləri üçün sənət dəyərlərini heçə sayaram, nə də sənət dəyərləri üçün insanlıq dəyərlərini.

Məncə, bu dəyərlər bir-birindən heç vaxt ayrılmır və bir sənətçinin (Molierin, Tolstoyun, Melvillenin) böyüklüyünü bu iki dəyəri tarazlama dərəcəsiylə hesablayıram.

Bu gün, hadisələrin basqısı altında, bu iki dəyər arasında gərgin halda yaşamağa məcbur oluruq. Ona görə bəzi sənətçilər bu gərginliyə dözə bilməyib ya özlərinin fil dişindən hörülmüş qalalarında gizlənirlər, ya da “ictimai dinçiliklə” məşğul olurlar.

Mən hər ikisini də qaçış hesab edirəm. İnsanın ağrılarına və estetikaya eyni anda xidmət göstərməliyik.

Bunun üçün ehtiyac duyulan səbr və güc, təmkinli və təvazökar müvəffəqiyyət, gözlədiyimiz təkrar doğumun söykəndiyi dəyərlərdir .

Buna cəhd etməyin hansı təhlükələri, nə cür ağrılı tərəfləri olduğunu yaxşı bilirəm. Amma təhlükələrə sinə gəlməkdən başqa çarəmiz yoxdur.

“Öz küncündə oturan sənətçilər” dövrü keçib. İncimək, dünyadan küsmək də olmaz.

Albert Camus, 1957, oktyabr
Albert Camus, 1957, oktyabr

Sənətçinin çox asanlıqla düşəcəyi vəziyyətlərdən biri özünü tənha zənn etməkdir.

Ona tək olduğunu qışqıraraq deməkdən kirli zövq alanlar da olur. Ancaq əslində heç də elə deyil.

Sənətçi hamının ortasındadır. Bütün çalışan və mübarizə aparanlardan nə üstündür, nə də aşağıdır - onlarla eyni səviyyədədir.

Onun etməli olduğu iş - basqı qarşısında zindanları açmaq, hamının dərdini və sevincini dilə gətirməkdir.

Bu işdə sənət, düşmənlərə münasibətdə özünün heç kimə düşmən olmadığını göstərərək haqlı olar.

Əlbəttə, təkbaşına sənət həqiqəti və azadlığı gətirəcək bir diriliş yarada bilməz, ancaq sənət olmadıqca bu dirilmə də formasını tapa bilməz, tapa bilmədikdə isə heç nəyə oxşamaz.

Kültür və onun gətirdiyi azadlığın olmadığı cəmiyyət nə qədər nizamlı olursa olsun, cəngəllikdən fərqi yoxdur. Ona görə də, hər həqiqi sənət yaradıcılığı sabah üçün bir müjdədir.

("Yaradıcılıq və azadlıq. Məqalələri, esseləri, qeyd dəftərçələri" kitabından bir parça)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG