Keçid linkləri

Təcili xəbərlər

Həbsdən həbsə fərq var


Eldar Mahmudov
Eldar Mahmudov

-

Milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən çıxarılınca nazirliyin bir qrup əməkdaşı nəzarətə götürülüb. İstintaqa cəlb edilənlər, həbs olunanlar da az deyil. O cümlədən nazirə yaxınlığı hallanan yüksək rütbə və vəzifəli zabitlər. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə, bu səlahiyyətləri aşmaqda ittiham edilirlər. Azca açıqlansa, özəl şirkətlərdə əsassız yoxlamalar aparmaqda, pul istəməkdə, şantajla biznesə şərik olmaqda təqsirləndirilirlər. Daha əvvəl MTN əməkdaşlarının iş adamlarını həbs edib, pul alandan sonra buraxması, yəni, əslində, girov götürüb soyması, siyasi elita üzvlərinin telefonlarını dinləməsi də mediada əksini tapmışdı.

ƏSL SƏBƏB...

Həbslərin gerçək səbəbi tam başqa ola bilər. Deyilənə görə, başqadır da, sözüm onda deyil. Nazirin işdən çıxarılması, həbslərçoxları, o cümlədən məndən ötrü də gözlənilməz oldu. Düzdür, MTN əməkdaşlarının, başqa qurumlar kimi, biznesmenlərdən xərac alması, vətəndaşların telefonlarını dinləməsi, evlərində, yataq otaqlarında gizli videoçəkiliş aparması haqqında eşitmişdim, təbii. Axı son illərdə neçə-neçə seks-video qalmaqalı yaşamışıq - bir deyil, iki deyil. Youtube-da yayıblar, bütün etika sərhədlərini aşaraq və «abırsız» adını üstlənərək telekanallarda göstəriblər...

Həbs olunanların bu ağır günlərində ailələri nələr çəkir, aydındır. Dostlarının, yaxın qohum-əqrəbasının əhvalını anlamaq da çətin deyil. Bir dostumun bu olaylarla bağlı «facebook»da yazdıqlarını da oxumuşam:

«Nigaran, kədərli, dərdli evlər var bu günlərdə. Yaxşı bilirəm, başım çəkib. Nolsun ki, motivlər fərqlidir? Tutulanın qadını üçün, anası, yeniyetmə uşağı üçün nə fərqi?».

TORPAĞIMIZI ZƏBT EDƏNLƏR QALIB BİR QIRAQDA...

Buna bənzər fikirləri çox eşitmişəm və sözüm ondadır ki, bu, çox yanlış fikirdir. Təkcə yanlış deyil, ziyanlı, həqiqətdən, düz yoldan sapdıran, uzaqlaşdıran düşüncədir. Axı həbsdən həbsə, cəzadan cəzaya çox böyük fərq var. Məsələn, bir var araşdırmaçı jurnalist,yüz milyonluq korrupsiya sxemlərini faktlarla, sənədlərlə üzə çıxaran Xədicə İsmayılın həbsi... Bir də var jurnalist və vətəndaş cəmiyyəti fəallarının, müxalif siyasətçilərin telefonlarının dinlənməsi, yataq otaqlarında gizli video çəkilməsi işinə baxan idarənin başında duran, həbs edildiyi hallandırılan qadın generalın aqibəti.

Vətəndaşların telefonlarını dinləməyə, sonrakı şantaj üçün otaqda gizli videoçəkilişlər aparmağa məhz bu idarənin baxdığı deyilir. Torpağımızı zəbt edənlər qalıb bir qıraqda, onları çəkmirlər - çəkə bilmirlər, öz Azərbaycan jurnalistlərini, müxalif siyasi fəallarını çəkirlər... Ona görə deyirəm ki, beləcə, işğalçıları çəksəydilər, biri ortaya çıxardı...

SÖZÜM ONDADIR Kİ...

Sözüm ondadır ki, Xədicə və Leyla Yunusun, İlqar Məmmədov və Rauf Mirqədirovun, Seymur Həzi və NİDA-çı gənclərin, Fərəc və bir çoxlarını həbsləri MTN əməkdaşlarının son həbslərindən çox fərqlidir. Həbsin əsl səbəbi olan əməllərin, bu əməllərin motiv və mənasının fərqliliyi hər şeyi dəyişir. Hər şeyi! Bir var vətən naminə haqq söz üstündə öldürüləsən, ya həbsdə yatasan, bir də var zabit ola-ola, vəzifədən sui-istifadə etmək, biznesmenləri soymaq, rüşvət alıb cibini doldurmaq üstündə məhbəsə düşəsən...

Doğrudur, zabit olan kəs əmrə tabedir, burası bəlli. Amma cinayət tərkibli əməllərə heç kim heç kəsi zorla məcbur eləmir, axı. Üstəlik, qarşılığında böyük pullar olan əməllərə...

DOĞRUYLA YALANI QATIB-QARIŞDIRANDA...

Odur ki, sanksiya olmadan özgə telefonunu dinləyən, yataq otağında gizli videoçəkiliş aparan və sonunda həbs edilənin arvadı da bunu bilməlidir, anası da, uşağı da. Daha qalanları, biz- - sıravi vətəndaşları demirəm. Onsuz da bizdə daxili siyasət, telekanalların təbliğatı obıvateli-güzəran adamını, azsavadlı, avam adamları çaşdırmağa, halalla haramı qarışdırmağa, doğruyla yalanı qatıb-eyniləşdiməyə yönəlib. Bunlar başqa söhbətin mövzusudur...

Bu dediklərimə fərq qoymamaqsa halalla harama, fırıldaqçıyla dürüstə, arxadan vuran qatillə düşmənlə üz-üzə döyüşən əsgərə, namuslu qadınla əxlaqsıza, fədai ilə fərariyə fərq qoymamaq kimi bir şeydir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG