Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:09

İran gəmiləri Azərbaycana gəlir


İranın hərbi gəmiləri Həştərxanda.
İranın hərbi gəmiləri Həştərxanda.

-

«İran gəmiləri Xəzər dənizində qeyri-müəyyənliyin hökm sürdüyü bir vaxtda qonşuları Rusiya və Azərbaycana dəyməyə gəlir». eurasianet.org saytında Joshua Kucera yazır ki, oktyabrın 21-də İranın 3 gəmisi Həştərxanda lövbər salıb. 3 gün qalandan sonra isə Bakıya yol alacaq, daha sonra İrana qayıdacaq. İran mediası bunun Rusiyaya ikinci, Azərbaycana isə birinci səfər olduğunu vurğulayır.

Müəllif Rusiyanın Xəzərdə bu cür, dostyana qısa səfərləri tez-tez həyata keçirdiyini qeyd edir. Ancaq İran ilk dəfə 2013-cü ilin yayında Rusiyaya oxşar səfər edib. Bakıya nəinki ilk dəfə gəlir, üstəlik «Damavand» adlı gözətçi gəmisini yollayır. «Damavand» İranın Xəzərdə ən güclü gəmisidir və ötən il dənizə buraxılıb.

«Bu yaxınlarda Rusiya Suriyanı Xəzərdən vurduğuna görə bura hazırda böyük diqqət mərkəzindədir. Ancaq bu səfər, şübhəsiz, qabaqcadan planlaşdırılıb. Rusiyanın müdafiə naziri Sergei Shoigu yanvarda Tehrana getmişdi və dəniz səfərləri müzakirə olunmuşdu. Bakıya səfər isə xüsusi maraq doğurur. Azərbaycanın İranla münasibətləri sərindir və Bakı dənizdə İrandan mümkün təhdidə qarşı amerikalı müşavirlərdən məsləhət alıb. Ancaq bir məqam da var ki, Qərb Tehranla münasibətləri normallaşdırdığı bir vaxtda Azərbaycan da İranla daha yaxşı hərbi münasibətləri götür-qoy edir».

Nursultan Nazarbaev və qızı Darigha Nazarbaeva.
Nursultan Nazarbaev və qızı Darigha Nazarbaeva.

ORTA ASİYANIN VARİS PLANLARI BİTDİMİ?

«Orta Asiya mediası Qazaxıstan və Özbəkistan liderlərinin varis planlarını yekunlaşdırması ətrafında baş sındırmaqdadır. Sentyabrın 11-də Qazaxıstan prezidenti Nursultan Nazarbaev böyük qızı Darigha-nı baş nazirin müavini postuna təyin etdi. Çoxları onun artıq atasının seçilmiş varisi olduğunu düşünür». Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır. Qonşu Özbəkistanda isə bir müxalifət saytı prezident Islam Karimov-un kiçik qızı Lola-nı varisi seçməsi barədə ətraflı yazı dərc edib.

«Hər ikisi 1989-cu ildən bəri ölkələrinə başçılıq edir və oxşar şayiələr keçmişdə də yaranıb. Ancaq spekulyasiyanın hər mərhələsini fərqləndirən cəhətlər olur ki, bu da həmin ölkələrdə siyasi çarpışmaların əlamətləri sayılır».

«Stratfor» yazır ki, Nazarbaev 3 qızını, 2 kürəkənini və digər ailə üzvlərini mühüm vəzifələrə yerləşdirib. Onlardan heç biri varis sayılmayıb, əksinə, bir-birilə rəqabətləri ilə balans yaradıblar. İllər boyu neftin qiymətinin yüksək olması prezidentə hakimiyyəti ailəsi və tərəfdarları arasında bölüşdürməyə imkan yaradıb. Ancaq indi iqtisadi artım yavaşıyıb və elita arasında savaş başlanıb. Məsələn, Baş nazir Karim Massimov və Nazarbaev-in kürəkəni Timur Kulibaev arasında gərginlik yaranıb. Sonuncu bir sıra dövlət və özəl müəssisələrdə vəzifələr tutur. Massimov-un vergiləri qaldırması gərginliyi daha da artırıb. Tərəflər özəlliklə də enerji sektorunda əmək qanunvericiliyinin təkmilləşdirilməsi barədə razılığa gələ bilməyiblər. Yəqin elə bu səbəbdən Nazarbaev qızı Darigha-nı baş nazirin müavini postuna gətirib. Bu post həm də Darigha-nın siyasi struktura nüfuzunun güclənməsinin əlamətidir.

«Stratfor» yazır ki, Özbəkistanda varisliklə bağlı şayiələr daha dumanlıdır. Regionlar üzərində hakimiyyət klanlar arasında paylaşdırılıb və Karimov əsasən 3 böyük klanı idarə etməyə çalışır – Daşkənd, Səmərqənd və Fərqanə klanlarını. Özü Səmərqənddən olsa da, son illər Daşkəndlə yaxınlaşıb. Bu qarşıdurmalar ölkədə sabitliyin pozula biləcəyi sarıdan narahatlıqları artırır. Nazarbaev-dən fərqli olaraq Karimov aydın varislik sistemi yarada bilməyib. Müxalif Özbəkistan Xalq Hərəkatının saytında yer alan məqalədə iddia olunur ki, Karimov qızı Lola-nı özünə varis seçib. Adətən bu sayt vasitəsilə bəzi informasiyaların dövriyyəyə buraxıldığı, reaksiyanın öyrənildiyi bildirilir. Yazıda deyilir ki, Daşkənd klanının lideri Rustam Inoyatov da Lola-nı dəstəkləyir. Ancaq problem ondadır ki, Lola xaricdə yaşayır, özbəkcə təmiz danışmır, indiyədək elə bir siyasi mövqe də tutmayıb.

«Onda görünür, kimsə Karimov-u elə Daşkənd klanının əvəzləməsi üçün belə bir şayiə yayır. Lola həm də bacısı, Fərqanə klanına bağlı Gulnara-nın rəqibidir. Gulnara-nın illərdir ev dustaqlığında saxlanıldığı söylənir. Tərəfdarlarından çoxu korrupsiyaya görə həbs olunub. Lola-nın irəli çəkilməsi Gulnara-nın olan-qalan tərəfdarlarını da əzməyi hədəfləyə bilər».

İraqda qaçqın düşərgəsi.
İraqda qaçqın düşərgəsi.

İRAQ KÖÇKÜNLƏRİ KÜRDÜSTANDA DA RAHATLIQ TAPMIR

Benedetta Argentieri trust.org saytında İraqın Kürdüstan ərazisinə sığınmış köçkünlərdən yazır.

Abu Jasin sünni olduğuna görə İraqın şimalında, Ərbildə hücuma məruz qalıb və anlayıb ki, burada da ona rahatlıq yoxdur. Kürdlər sünni ərəblərin «İslam Dövləti» silahlı qruplaşmasına rəğbət bəslədiyini, bu qrupun casusları olduğunu düşünür.

İD 2014-cü ildə Suriyanın şərqində və İraqın qərbində xilafət qurduğunu elan edib. Jasin kimi minlərlə insan, etnik azlıqlardan olanlar avtonom Kürdüstan regionun paytaxtına qaçıblar, ancaq burada da rahatlıq tapmayıblar. Yerli peşmərgə qüvvələrinin qoruduğu ərazidə siyasi sabitsizlik hökm sürür, iqtisadi imkanlar yoxdur.

«İki oğluma daha yaxşı gələcək qurmaq istərdim, burada gələcək yoxdur. Təkcə ümidimiz Avropaya çatmaqdır», - Jasin Ərbil kənarındakı evində «Thomson Reuters» Fondunun əməkdaşına danışır. Özü Bağdad Universitetini bitirib, mühəndislik dərəcəsi var. Ancaq nə faydası? Deyir, arzusu Almaniyaya getməkdir. 17 yaşlı böyük oğlu tibb məktəbinə gedərdi və rentgen mütəxəssisi olardı.

Bu ilin iyul-sentyabr aylarında İraqı azı 50 min nəfər tərk edib. 3.5 milyon iraqlı isə evindən didərgin düşüb. Çoxlarının İD-lə müharibənin bitəcəyinə ümidi də qalmayıb. Elə bu səbəbdən çoxu Avropaya üz tutmuş qohumlarına baxıb ürəklənir, daha yaxşı həyat eşqinə düşür.

Yazıda qeyd olunur ki, minlərlə iraqlı insan qaçaqçıları ilə əlaqə yaradır, Avropaya çatmaq üçün onlara adambaşına azı 6 min 500 dollar ödəyir. Qarşıda uzun, məşəqqətli bir yol dayanır. Ancaq bütün çətinliklərə baxmayaraq, onlar ölkədən nə cürsə çıxmaq üçün pul toplayır.

XS
SM
MD
LG