Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:49

- İngiltərənin Norvik şəhərində yerləşən Yazıçılar Mərkəzi “Yazıçının manifesti” adlı 12 bəndlik yazıçı əhdi yayıb.

Norvik şəhəri UNESCO-nun rəsmi ədəbiyyat şəhəri statusuyla öyünən bir şəhərdir. Bugünlərdə orada Milli Məşvərət keçirilir.

Ədəbiyyat adamları öz işləri haqda xalqa açıq məlumat verir, məqsədlərini, fəaliyyətlərini, yazıçı-oxucu münasibətlərini yenidən nəzərdən keçirirlər. Bu mövzuda bir sıra tədbirlər keçirilir, böyük ədəbiyyat müzakirəsi aparılır.

Bu manifesti də həmin Milli Məşvərətin bir hissəsi kimi, yazıçı, çoxsaylı romanlar müəllifi Joanne Harris yazıb.

Yazıçının manifesti

1. Səmimi, qorxusuz, doğruçu olacağıma söz verirəm, hər kəsdən əvvəl özümə verdiyim sözdür bu. Çünki başqa bir adama münasibətdə doğruçu olmağa çalışmaq nəinki mümkünsüzdür, həm də qorxaq yazıçı olmağın əlamətidir.

2. Satılmayacağıma söz verirəm, bunu məndən istəsəniz də, etməyəcəyəm.

3. Ola bilsin ki, bəzən yazılarımı bəyənməyəsiz, amma bunu bilin ki, həmin vaxt əlimdən gələn ən yaxşı şəkildə yazmışam.

4. Bil ki, bəzən səni çətinə salacağam, komfort zonandan çıxaracağam, çünki biz belə öyrənir və böyüyürük. Özünü həmişə təhlükəsiz, asan hiss edəcəyinə söz vermirəm, amma biz bunları birlikdə çəkəcəyik.

5. Qoy qələmim məni hara istəyirsə, hətta ən qaranlıq məkanlara aparsın.

6. Oxucu auditoriyamı yalnız bir qrup və ya demokrafik təbəqə ilə məhdudlaşdırmayacağam. Hekayələr hər kəs üçündür və hər kəs onları oxuya bilməlidir.

7. Hekayələrimə hər cür insanları daxil edəcəyəm, çünki insanlar son dərəcədə maraqlı və müxtəlifdirlər.

8. Söz verirəm ki, heç vaxt fərqli və yeni bir şey yazmağa cəhd etməyə son verməyəcəyəm, cəhd etdiyim yeniliklər uğursuz olsa belə.

9. Heç kəsin mənim nə və necə yazmalı olduğuma qərar verməsinə izn verməyəcəyəm: nə bazara, nə naşirlərimə, nə agentlərimə, oxucu, hətta sənin özünə də. Hərçənd, bəzən mənə başqa söz deyirsən, amma məncə, həqiqətən də sənin dediyini etməyimi istəmirsən.

10. Söz verirəm ki, sən məni axtaranda özümü dağların başında gizləyməyəcəyəm, istər sosial mediada, istər kənarda, istərsə də real dünyada.

Amma unutma ki, mən də insanam və bəzi günlər səbrsiz, yaxud yorğun oluram, yaxud da vaxtım çatmır.

11. Söz verirəm ki, oxucularıma verdiyim vədi unutmayacağam. Sizsiz mən kağız üzərində sözlərdən başqa bir şey deyiləm. Biz birlikdə dialoq edirik..

12. Və nəhayət, sənin məni oxumaq, izləmək və oxumamaq, izləməmək seçimin var.

Qapını sənin üzünə açacağam. Amma içəri girmədiyinə görə heç vaxt səni günahlandırmayacağam.

Günün bütün mövzuları

XS
SM
MD
LG