Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

-

Nazirlər Kabinetinin 12 oktyabr iclasında prezident İlham Əliyev lisenziyalardan da narazılığını dilə gətirib və onların çoxluğundan şikayət edib: «Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna çox ciddi baxmaq lazımdır...».

Bu çıxışdan sonra İqtisadiyyat və Sənaye Nazirliyi oktyabrın 16-da 2 lisenziyanı ləğv edəcəyini açıqlayıb. Nazirlik xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növlərini sayca azaldacağını da bildirib.

LƏĞV OLUNACAQ 2 LİSENZİYA

Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) 5 illiyinə verilir. İcazənin verilməsinə görə ödənişin məbləği 2 min 200 manatdır.

Əmtəə birjasının fəaliyyətinə xüsusi razılıq (lisenziya) da 5 illiyinə verilir. Ödənilən məbləğ 11 min manatdır.

SAY ÖNƏMLİDİRMİ?

Mövcud qanunvericilikdə, ən azı, 46 icazə, 1 ekspertiza təyinatı, 90 xüsusi razılıq (lisenziya), 27 xüsusi icazə, 1 təsdiqləyici qeyd, 2 texniki talon, 3 texniki şərt, 1 texniki baxış aktı, 2 sərəncam, 39 şəhadətnamə, 13 sertifikat, 19 rəy, 3 rəsmiləşdirilmə, 2 razılıq, 4 razılaşdırma, 2 qeydiyyat sənədi, 3 texniki pasport, 47 digər növ icazə sənədi olmaqla, toplam icazələrin sayı 305-dir.

İqtisadçı-ekspert Kənan Aslanlının fikrincə, lisenziyaların sayı elə də önəmli deyil: «Avropa Birliyi ölkələrində lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 30-dan 90-dək dəyişir, Yaponiyada hətta 300-ə çatır. Ancaq bu, institusional mühitin daha təkmil olması səbəbindən, həmin ölkələrdə sahibkarlığın inkişafına mane olmur. Dolayısı ilə həm lisenziyaların sayı optimallaşdırılmalı, həm də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının onları necə verməsinə nəzarət gücləndirilməlidir».

Dövlət qurumları arasında verilən lisenziyaların sayı baxımından Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Fövqəladə Hallar Nazirliyi (FHN), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), eləcə də Kənd Təsərrüfatı Nazirliyi (KTN) liderlik edir.

İSLAHAT YOLLARI

Kənan Aslanlının fikrincə, Azərbaycan üçün lisenziyalaşdırma sahəsində mümkün və mühüm islahat istiqamətlərindən biri bütün növ icazə və lisenziyalaşdırma fəaliyyətlərinin meyarlarını və prosedurlarını özündə əks etdirən normativ-hüquqi aktın qəbul edilməsi ola bilər: «Lisenziya almaq üçün ödənən vəsaitlərin adambaşına düşən milli gəlir norması əsasında yenidən tənzimlənməsi və lisenziya müddətlərinin, bəzi istisnalarla, daha da uzadılması xüsusi önəm daşıyır». Ekspert bu baxımdan «lisenziyalaşdırma prosesində iddialının həmin xidməti və ya istehsalı həyata keçirmək üçün yalnız minimum tələblərə cavab verməsinin şərt kimi qoyulmasını» da önəmli sayır. Onun fikrincə, yeni yaranan müəssisələr və ya xüsusi ekoloji standart tələb olunmayan «start-up»larla bağlı müraciətlər zamanı qanunla nəzərdə tutulan müddətdə inzibati orqandan cavab alınmasa, lisenziya avtomatik verilmiş sayılmalıdır.

Kənan Aslanlı.

Kənan Aslanlı.

İNZİBATİ SADƏLƏŞDİRMƏ

Lisenziyalaşdırma sistemi islahatlarında digər bir istiqamət inzibati sadələşdirmədir. Kənan Aslanlı deyir ki, inzibati sadələşdirmə lisenziya xərcini və bu prosesdə vaxt itkisini müəyyən qədər azaltmağa yönəlib və: «bəzi hallarda lisenziyalaşdırmanın inzibati sadələşdirilməsini hüquqi aktlarda dəyişiklik etməklə, bəzən də heç bir hüquqi dəyişiklik olmadan, real icranı təkmilləşdirməklə həyata keçirirlər. Uğurlu lisenziyalaşdırma sistemi quran ölkələrin bir çoxunda bu sahənin əsas müddəalarını tənzimləyən geniş çərçivə qanunu və digər yüksək səviyyəli hüquqi vasitələr var».

Ekspertin fikrincə, belə ümumi çərçivə qanunu lisenziyalaşdırma fəaliyyətinin məqsədlərini, tətbiq prinsiplərini, vaxt və maliyyə məhdudiyyətlərini müəyyən etdikdən sonra digər texniki məsələlər daha aşağı səviyyəli normativ hüquqi aktlarda öz əksini tapa bilər: «Bütün ölkə ərazisində lisenziyaların keçərli olması, lisenziyaların fiskal alət kimi deyil, tənzimləyici alət kimi tətbiq edilməsi, hər bir lisenziya üçün zəruri olan tələblər, lisenziyaların müddəti və onların verilməsindən imtina kimi məsələlər çərçivə qanununda əksini tapa bilər. Çərçivə qanunu və ya lisenziyalaşdırmanı tənzimləyən digər normativ-hüquqi sənədlər lisenziya tələb olunan fəaliyyətlərlə yanaşı, lisenziya tələb olunmayan iqtisadi fəaliyyətləri də əhatə etməlidir».

İNSTİTUSİONAL İSLAHATLAR

Kənan Aslanlının qənaətinə görə, lisenziyalaşdırma sisteminin hüquqi islahatları qədər institusional islahatları da önəm daşıyır: «Bu sahədəki institusional həll yollarından biri lisenziyalar üçün «vahid pəncərə» sisteminin tətbiqidir. Bütün lisenziyaları əhatə edən «vahid pəncərə» sistemində lisenziya almaq üçün müraciətçi ayrı-ayrı dövlət qurumları əvəzinə vahid bir quruma (və ya onlayn sistemə) üz tutur. Həmin vahid qurum daha sonra müraciətçinin təqdim etdiyi sənədləri baxılması üçün əlaqədar dövlət orqanlarına göndərir. Onlar bəlli bir zaman çərçivəsində sənədlərə baxaraq, cavabı (lisenziyanın verilməsi və ya imtina) «vahid pəncərə»ni gerçəkləşdirən quruma, həmin qurum da öz növbəsində müraciətçiyə göndərir».

«VAHİD PƏNCƏRƏ» ÇOX ÇEVİK KOORDINASİYA TƏLƏB EDİR

Ekspertin sözlərinə görə, «vahid pəncərə» mütərəqqi bir sistem olmaqla yanaşı, dövlət qurumları arasında çox çevik bir koordinasiya tələb edir: «Bu problemi həll etmək məqsədilə bəzi ölkələr bütün lisenziyalar üçün «vahid pəncərə» sistemi əvəzinə hər bir lisenziya üçün «vahid pəncərə» sistemi tətbiq edirlər. Bu zaman lisenziya verən hər qurum öz daxilində vahid müraciət sistemi qurur və müvafiq şöbələrin işini koordinasiya edir. Bütün bunlarla yanaşı, bəzi ölkələr onlayn rejimdə müraciətlər və elektron lisenziya kataloqlarının yayımlanması yolu ilə lisenziyalaşdırma sahəsində şəffaflığa və bürokratik əngəllərin tədricən ortadan qalxmasına nail olmaq istəyir. Ancaq burası da var ki, onlayn lisenziya xidmətləri və qeydiyyatı, elektron lisenziya kataloqlarının tətbiqi üçün geniş internet məkanı, internet istifadəçilərinin çoxluğu və internet bağlantılarının yüksək sürəti tələb olunur».

Günün bütün mövzuları

XS
SM
MD
LG