Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:17

-

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi «Azərbaycan dilinin orfoqrafiya lüğəti»ni istifadəyə yararsız sayır.

APA-nın xəbərinə görə, Mərkəzin rəhbəri Afaq Məsud qurumun Elmi-Bədii Şurasının iclasında bildirib ki, «Azərbaycan dilinin orfoqrafiya lüğəti»nin 6-cı nəşrində yer alan 50 mindən çox söz ədəbi dil qaydalarına uyğun tərtib edilməyib.

Afaq Məsud deyib ki, kitabın tərtibində ən böyük xəta lüğət spesifikliyinin, sahə formatının nəzərə alınmaması, müxtəlif sahəli lüğətlərdə yer almalı olan sözlərin bir araya gətirilərək söz xaosu yaratmasıdır: «Kitabda yüzlərlə dərman, kimyəvi element adlarının, tibb, coğrafiya, hüquq, iqtisadiyyat, astrologiya və s. sahələrdə işlədilən spesifik terminlərin yer alması da təəccüb doğurur. Bu sözlərin öz lüğətləri var. Terminoloji, izahlı lüğətlər, sahələr üzrə, hüquq terminləri, iqtisadi terminlər lüğəti və s. və ilaxır. Digər təəccüb doğuran məqam, lüğətdə yüzlərlə izahı olmayan, dilimizdə işlədilməyən əcaib sözlərin yer almasıdır. Məsələn, «ağu», «ağulu», «ağvalideyn», «ağyağız», «ağzıbütün», yaxud, «alaçalnov», «axartı», «alahı», «alafa», «alaqandan», «alaban», «alabayraq», «alacanlandırma», «alacahöyük» və s. Saymaqla bitmir. Və ən faciəli olanı – kitabda yer alan bütün sözlərin inkar və təsdiq, zaman və məsdər formasında və ismin bütün hallarında yüzlərlə ekvivalenti ilə birgə verilməsidir».

DİALEKT VƏ ŞİVƏLƏR LÜĞƏTİ AYRI OLMALIDIR

Afaq Məsudun dediyinə görə, kitabın digər bəlası nə ədəbi dildə, nə də şifahi danışıq dilində işlədilən ara sözlərlə, əcaib şivə və dialektlərlə dolu olmasıdır. «Şivə və dialektlərin dilimizi zənginləşdirməsini inkar etmirik, lakin burada yer alanları dialekt, ya şivə adlandırmaq da olmur: «ağzıheyvərə», «ağzımavay», «ağzıolaqlı», «ağzıharfa», «alax-bulax», «alaxana-balaxana», «ax-tüf», «axtarmamotal» və s. Dialekt və şivələr lüğəti ayrı olmalıdır. Bu, dünya praktikasında da belədir. Biz «orfoqrafiya lüğəti» deyiriksə, burda sırf ədəbi dilin bazasından istifadə edilməlidir» - Tərcümə Mərkəzinin rəhbəri bildirib.

«Azərbaycan dilinin orfoqrafiya lüğəti»nin 6-cı nəşrini Dilçilik İnstitutu hazırlayıb. Bu lüğətə 110 min 563 söz daxil edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG