Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:14

Yeni antikorrupsiya həbsləri başlayır: «böyük başlar» dərddə...


Həbs.
Həbs.

-

«Yeni Müsavat» qəzeti yazır ki, prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 12-də keçirilmiş müşavirədə məmurlara ünvanlanmış sərt mesajlar ölkədə yeni proseslərin startı kimi dəyərləndirilir.

Qəzet iddia edir ki, prezidentin müşavirəsindən dərhal sonra Baş Prokurorluğun hərəkətə keçməsi ölkədə yeni antikorrupsiya tədbirlərinin başlandığından xəbər verir. «Redaksiyamıza daxil olan məlumata görə, Antikorrupsiya İdarəsində işçi qrup adı altında əslində məhz antikorrupsiya əməliyyatları üçün görəvləndirilən xüsusi qrup yaradılıb. Prokurorluğa yaxın mənbəmiz deyib ki, bu qrupa geniş səlahiyyətlər verilib və həbslərlə bağlı qərarlar birbaşa prezidentin adından icra ediləcək. Bu o deməkdir ki, işçi qrup üçün heç bir maneə və toxunulmaz nazirlik və məmur olmayacaq. İcraya nəzarət isə baş prokurora tapşırılıb.

Xəbərlərə görə, prezidentin tapşırığına əsasən, istisnasız olaraq fəaliyyəti şübhə doğuran bütün nazirliklər və komitələrin yüksəkvəzifəli məmurları «istintaq altına» düşə bilər. Bu, baş prokuroru oliqarxlar-nazirlərin mümkün təzyiqlərindən qorumaqla yanaşı, daha çox ortada prezidentin iradəsi olması mesajıdır».

Qəzet yazır ki, prezidentin ən çox narazı qaldığı sahə sahibkarları incidən Vergilər Nazirliyi və yerli icra strukturlarıdır ki, prokurorluğun bu qurumlarla da bağlı sərt tədbirlər görəcəyi deyilir: «Yeni antikorrupsiya planlarından aydın görünür ki, hakimiyyət oliqarx-məmurların «əl-ayağını» yığmaqda qərarlıdır. Çünki oliqarx-məmurlar getdikcə hakimiyyətə problemlər yaradır, bəzi hallarda ən yüksək səviyyədə belə verilmiş qərarları ya sabotaj edirlər, ya da tabe olmurlar».

Samir Şərifov.
Samir Şərifov.

SAMİR ŞƏRİFOVUN DEDİYİ GERİLƏMƏ HANSI SAHƏLƏRİ VURACAQ?

«Azadlıq» qəzeti yazır ki, hakimiyyətin yürütdüyü yanlış iqtisadi siyasət fəsadlarını verməkdədir. Neftin qiymətinin düşməsi və neft hasilatının azalması ölkə iqtisadiyyatına ciddi təsir etdi. Əvvəl hakimiyyət bu təsirin ciddi fəsadlarını etiraf etmirdisə, bir müddətdir ki, bu istiqamətdə strategiya dəyişib. Artıq hakimiyyət təmsilçiləri durumun ciddiliyinə uyğun olaraq etiraflarda bulunurlar. Belə bir etirafı bir neçə gün əvvəl maliyyə naziri Samir Şərifov edib. S.Şərifov vurğulayıb ki, 2019-cu ilə qədər ölkə iqtisadiyyatında artım gözlənilmir. Bəs üç il ərzində gözlənilən geriləmə hansı istiqamətlərdə özünü göstərə bilər?

İqtisadçı Nemət Əliyevin fikrincə, ölkədə sahibkarlıq fəaliyyəti üçün elə pis vəziyyət yaranıb ki, bu növbəti dövrdə nəinki artımın olmayacağını, əksinə, iqtisadiyyatın daha da geriləcəyini deməyə əsas verir: «İstehsalda, xidmət və ticarət sektorlarında azalma baş verəcəksə, xarici bazarda mövqelərimiz sıxışdırılacaqsa, ixracyönümlü sahələrin inkişaf etdirilməsində problemlər qalacaqsa və hökumət buna adekvat olmayan münasibət bəsləyəcəksə, əhalinin sosial durumu daha da ağırlaşacaq. Bu o deməkdir ki, əmək haqları azalacaq, təqaüdlərin artırılmasında ciddi problemlər yaşanacaq, müxtəlif sosial problemlərin reallaşmasında fasilələr yaranacaq. Xüsusən də tikinti sektorunda yarım milyona yaxın insan çalışır. Bu sahədə də ciddi problem yaşanacaq».

N.Əliyev hesab edir ki, yaranmış vəziyyətdən hakimiyyət ciddi nəticələr çıxarmalı və ölkədə normal sahibkarlıq, biznes mühitinin yaranması istiqamətində addımlar atmalıdır.

Bakıda söküntü.
Bakıda söküntü.

ƏHALİNİN ZORLA ÇIXARILDIĞI EVLƏR KİRAYƏ VERİLİB

«Bizim yol» qəzeti yazır ki, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 44 və 46 saylı ünvanda yerləşən bəzi mənzillər 2012-ci ildə «Qış parkı»nın salınması adı ilə vətəndaşlardan zorla satın alınıb. Amma həmin mənzillər sökülməyib, kirayə verilib:

«Sakinlərin dediyinə görə, burada kirayədə yaşayanlarla evi alqı-satqı edilməyən şəxslər arasında mübahisələr də baş verir. Hətta məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin «102» xidmətinə məlumat verilib. Sahə müvəkkili və 48 saylı Mənzil Kommunal İstismar Birliyinin rəisi həyətə gələrək onlara xəbərdarlıq edib ki, birdə dava olsa, mənzillər söküləcək. Maraqlı budur ki, «Azərsu», «Azərişiq» və «Azəriqaz»ın yerli idarələri sayğacları əvvəlki sahiblərindən təhvil alıb».

«AVROPA OYUNLARI FONUNDA QƏRBİN İKİLİ STANDARTLARI»

«Azərbaycanın tək qitədə deyil, bütün dünyada Olimpiya ideallarının gerçəkləşməsinə yönələn fəaliyyəti Qərbdə bəzi qüvvələrin məqsədləri ilə üst-üstə düşmədiyi üçün bu, ölkəmizə qarşı qərəzli addımlarla müşayiət olunur. Çox maraqlıdır ki, bu qüvvələr ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan hadisələr zamanı daha da fəallaşırlar».

Azad Rəhimov.
Azad Rəhimov.

Gənclər və idman naziri Azad Rəhimov bu fikirdədir. Onun «Avropa Oyunları fonunda Qərbin ikili standartları» adlı məqaləsi «Azərbaycan» qəzetində dərc olunub.

Nazir yazır ki: «...müxtəlif qurumların, xüsusən «Amnesty International», «Human Rights Watch», «Free Press», «Mercy Corps», Beynəlxalq Böhran Qrupu, «Freedom House» kimi təşkilatların öz himayədarlarının əmrlərinə uyğun hərəkət edərək Azərbaycan üçün əhəmiyyətli tarixləri və tədbirləri hədəf seçib qarışıqlıq yaratmağa cəhd göstərmələri artıq sirr deyil...»

Daha sonra siyasi məhbuslar mövzusuna toxunan nazir yazır:

«Konkret cinayət hadisəsinə görə həbs olunmuş şəxslərin «siyasi məhbus» adı ilə Avropa Parlamentinin müzakirəsinə çıxarılması və qərəzli hesabata salınmasının əsas məqsədləri heç kəsə gizli deyil. Bir neçə şəxsin guya dərdini çəkən, onların hüquq və azadlığını müdafiə edən bu obyektivlikdən uzaq qurumun nümayəndələri ev-eşiklərindən didərgin düşmüş 1 milyona yaxın qaçqın və köçkünümüzü «görmürlərmiş». İşğalçı Ermənistan ordusu tərəfindən Xocalıda törədilmiş soyqırımına göz yumurlar. Ferqüsson şəhərində (ABŞ) ötən il və bu il qaradərili gənclərin polislər tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq keçirilmiş kütləvi aksiyaların zorakılıqla yatırılması, nədənsə, Avropa Parlamentinin qətnamələrində öz əksini tapmır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG