Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:32

-

Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Məşədi Rza oğlu Zeynalovun anadan olmasının 150 illiyi ilə bağlı prezident sərəncamı çıxıb.

Sərəncamda deyilir ki, Cahangir Zeynalov həyat həqiqətlərini realizm prinsipləri əsasında səhnədə müvəffəqiyyətlə canlandıran dolğun surətlər silsiləsi yaradıb. Onun yüksək əhəmiyyətə malik sənət məktəbinin parlaq ənənələri böyük səhnə ustaları tərəfindən layiqincə davam etdirilib.

Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə milli teatr sənətinin inkişafında mühüm xidmətləri olan görkəmli sənətkar Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsini təmin etmək tapşırılıb.

Cahangir Məşədi Rza oğlu Zeynalov 1865-ci ildə Bakıda doğulub.

Nəsillikcə tacir olan bir ailədə dünyaya göz açan Cahangir uşaqlıqdan səhnəyə böyük marağı ilə seçilib.

1885-ci ildə ilk dəfə səhnəyə çıxıb. Daha sonra dövrün bir çox tamaşalarında rol alıb.

Cahangir Zeynalov XX əsrin əvvəllərində rejissor kimi də fəaliyyət göstərib.

İmkanlı adam olan Cahangir bəy evində məşq zalı, hətta səhnə quraşdırıb. Dövrün sayseçmə ziyalıları bu evdə tamaşalar göstəriblər.

1910-cu ildə Cahangir bəyin səhnəyə çıxmasının 25 illik yubileyi təntənə ilə qeyd olunub.

Son dəfə səhnəyə «İsmailiyyə»də oynanan «Hacı Qara» tamaşasında baş rolda çıxıb.

Cahangir bəy 1918-ci il hadisələri dövründə ailəsini qırğınlardan qorumaq üçün İrana qayınatasının yanına aparıb.

«Ardahan» gəmisində geri qayıdarkən dənizdə fırtınaya düşüb. 8 gün gəmidə qalmağa məcbur olan Cahangir bəy tif xəstəliyinə tutulub və Bakıya döndükdən sonra vəfat edib.

Cahangir bəy Azərbaycan səhnəsinin əfsanəvi aktrisası Nəsibə Zeynalovanın atası, tanınmış rejissor və aktyor Cahangir Novruzovun babasıdır.

XS
SM
MD
LG