Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:25

-

“Azərbaycanda bütün QHT-lər sərbəst fəaliyyət göstərir". APA- nın məlumatına görə, bunu BBC-yə açıqlamasında Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov deyib.

A.Qasımov bildirib ki, Milli QHT Forumu həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəal əməkdaşlıq həyata keçirir:

"Bildiyiniz kimi, QHT-lərin əsas rolu vətəndaş cəmiyyətinin fəaliyyətini konsolidasiya etməkdən, eləcə də korrupsiya ilə qarşı mübarizəyə öz töhfəsini verməkdən ibarətdir. Əfsuslar olsun ki, Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları mütəmadi olaraq qanunun tələblərini pozur, QHT yaradan şəxslərin özləri isə çox vaxt şəxsi varlanma məqsədi güdür və digər qanuna zidd hərəkətlər edirlər ki, bunu da vətəndaş cəmiyyətində pozuculuq fəaliyyəti kimi qiymətləndirmək olar”.

Azər Qasımovun fikrincə, qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilikdə çoxlu boşluq olduğundan bu,” bəzi QHT-lər tərəfindən yuxarıda sadalanan qanun pozuntularının törədilməsi üçün münbit şərait” yaradıb: “ Bunları nəzərə alaraq, bu yaxınlarda QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edildi. Əsas məqsəd QHT-lərin fəaliyyətində şəffaflığın tam təmin olunmasından ibarətdir. Qeyd etmək istəyirəm ki, bu istiqamətdə aparılan işlərin siyasi proseslərlə heç bir əlaqəsi yoxdur və QHT-lərin fəaliyyətində şəffaflığın təmin edilməsi ideyası elə mədən sənayesində şəffaflıq təşəbbüsünün ideyası ilə də üst-üstə düşür”.

Azərbaycanda 1 ildən çoxdur ki, bir çox QHT-nin bank hesabına həbs qoyulub, təşkilat rəhbərləri və əməkdaşları vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə etmək və s. ittihamlarla istintaqa cəlb olunub. Anar Məmmədov, İntiqam Əliyev, Leyla Əliyeva kimi tanınmış QHT rəhbərləri həbs edilib. Müvafiq qanunvericiliyə edilən son dəyişikliklərdən sonra QHT-lərin fəaliyyəti, onların xarici donorlardan qrant almaq imkanları məhdudlaşıb.

Bir çox nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatları, Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq qurumlar Azərbaycan hakimiyyətini QHT-lərə qarşı təqib və təzyiqlərdə ittiham edib, hazırkı iqtidarın ünvanına sərt tənqidlər səsləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG