Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:29

Qoçun azadlıq yuxusu (hekayə)


Mixail Saltıkov Şedrin
Mixail Saltıkov Şedrin

- "Heç nə ilə maraqlanmaz, heç nə düşünməz, heç onu buraya haradan, nə üçün gətirdiklərini də anlamağa çalışmazdı, başını aşağı salıb özü üçün yaşayardı."

Saltıkov Şedrin

UNUTQAN QOÇ

Ev qoyunları ən əski çağlardan ələ öyrəşərək, insanların qulluğunda durmuşlar; onların dədə-babalarının haçan belə bir asılılığa düşdüyü bəlli deyildir. Alfred Edmund Brem

Ev qoyunlarının haçansa azad olmaları ilə bağlı tarix kitablarında heç bir bilgi yoxdur.

Ən əski çağlardan başlayaraq, topluma böyüklük eləyənlərin ələ öyrədilmiş böyük qoyun sürülərinin olduğu isə hamıya bəllidir...

İnsanlar, çalışaraq, qoyunların biri-birinə oxşamayan çoxlu cinslərini yarada bilmişdir. Bir cins, ətlik üçündür, o biri piy üçündür, üçüncüsünün dərisindən isti kürk düzəlir, dördüncüsü, çoxlu yumşaq yun verir.

Ev qoyunlarının özləri də haçansa dədə-babalarının azad olub-olmadığını bilmirlər, onlar indiki çağda hansı durumda doğulub yaşayırlarsa, elə ulu babalarının da keçmişlərdə belə yaşadıqlarını düşünürlər.

Bir sözlə, onların tarixi ələ öyrədilərək yaşamaqdan başlanır, ancaq qoyunlar yaşa dolduqca, yavaş-yavaş özlərinin lap yaxın keçmişlərində də yaxşı-pis nə olubsa, hamısını unutmağa başlayırlar.

Onların içində ən bilgin qoyunlar, keçmişini büsbütün unudan, onun necə keçdiyini anlamayanlar sayılır, belə bilgin qoyunlar isə, yemləndikləri: bitkiləri, otları, bir də çox dadlı qarışıq yemləri biri-birindən yaxşı ayırd eləyə bilməklərinə görə ad-san qazanmışlar.

Bu dünyada olasan, suç işləməyəsən, uğursuzluğa düşməyəsən, bunu ancaq ölülər bacarar.

Günlərin bir günü, hansısa bir qoç gecə yatanda yuxu gördü. Özü də deyəsən, yuxuda çox dadlı olan nəsə görmüşdü, bunu onun yuxudan dik atılıb ayılmasından, bir də çox uzun bir sürədə o yan bu yana boylanıb, gözləri ilə nəyisə axtarmasından bilmək olurdu.

Yat görək! Səni dənizin o tayından bura yuxu görməyə, özündən yeni dəb çıxarmağa gətirməyiblər!

Qoç ayılandan sonra yuxuda nə gördüyünü yadına salmağa çalışırdı; ancaq ha əlləşib vuruşurdusa yadına heç nə düşmürdü. Yuxusunda, çox uzaqlarda, gümüşü bir işığın parıldadığını gördüyü güclə yadına gəlirdi.

Yadında qalan ancaq bu biçimsiz, anlaşılmaz, gümüşü boyalı uzaqlıqlar idi, orada canlı, ya da cansız nəsə görüb-görmədiyini isə unutmuşdu...

–Qoyun! Ay qoyun! Bilmirsən, mən yuxuda nə görmüşəm? – o, yanında uzanmış, ömrü boyu yuxu görmədiyi üçün gerçək qoyun sayıla biləcək yoldaşına üz tutub soruşdu.

–Yat görək, ay yelbeyin!–qoyun acıqla onun üstünə çımxırdı.–Səni dənizin o tayından bura yuxu görməyə, özündən yeni dəb çıxarmağa gətirməyiblər!

Yuxu görən qoç yüksək soylu ingilis merinosu idi. Mülkədar İvan Sozontıç Rastakovskinin bu qoçdan çox böyük gözləntiləri olduğu üçün, onu çox böyük pula almışdı.

Ancaq o, bu qoçu, ağıllı qoyunlar törətməsi üçün almamışdı, onun istəyi bu qoçun bir sürü incəyunlu qoyunlar törətməsi idi, elə buna görə də, ona bu qədər pul vermişdi.

Sürüyə qatıldığı ilk çağlarda qoç doğrudan da özünü çox yaxşı göstərmişdi. Heç nə ilə maraqlanmaz, heç nə düşünməz, heç onu buraya haradan, nə üçün gətirdiklərini də anlamağa çalışmazdı, başını aşağı salıb özü üçün yaşayardı.

Qaldı, qoyunların hüquqları ilə vəzifələrinə, qoç bununla bağlı heç nə danışmaz, heç kimdən nəsə öyrənməyə də çalışmazdı, o, qoyun olaraq doğulan varlıqların belə düşüncələrə qapılmasının yersiz olduğunu düşünürdü, belə düşüncələrin qoyunun başını pozub onu dəli eləyə biləcəyini sanırdı.

Bütün bunlar isə, onun qoç olaraq görməli olduğu işi canla-başla, bütün incəliklərinə kimi yerinə yetirməsinə çox yarayırdı, İvan Sozontıç da buna baxıb, sevincindən özünə yer tapa bilmirdi, görürdün, çox vaxt qonşularını da öz qoçunun qoyunlara necə sıçramasına baxmaq üçün çağırırdı!

İndi birdən bu gözlənilməz yuxu... Bunun nə yuxu olduğunu isə, qoç heç cür sonacan anlaya bilmirdi.

Bildiyi ancaq bu idi, ruhuna nə isə yoluxmuş, onu darıxdırmağa, əndişəyə salmağa başlamışdı. Onun yaşadığı tövlə də, yemək-içməyi də, ona yetkinləşdirmək üçün tapşırılan qoyun sürüsü də, həminki idi, ancaq birdən, elə bil, bütün bunlar onun gözündən düşmüşdü.

O, başını itirmişdi, elə hey tövlə boyunca vurnuxur, bir ucdan mələyirdi:

–Mən axı yuxuda nə görmüşəm? Biriniz mənim yuxumu yozsanız bir!

Ancaq qoyunlar onun bu sıxıntılarına acımaq bir yana qalsın, üstəlik, onu acılayır, qoyun dilində tərbiyəsiz anlamı verən bir adla: filozbfom deyə çağırırdılar.

Qoçun yuxu görməyini eşidəndə, onun qoyun yoldaşları keçmişdə, dörd il onların üstünə sıçramış, şlyon cinsli başqa bir qoçu anmışdılar, bu qoç yaşa dolandan sonra onu mətbəxə göndərmişdilər, o da oradan izsiz-soraqsız yoxa çıxmışdı(düzdür, birilərinin deməsinə görə, onu böyük bir sininin üstündə, təntənə ilə ağanın evinə sarı apardıqlarını görmüşdülər).

Bax, o qoçun öz işini görməyinə söz ola bilməzdi! Heç vaxt yuxu görməz, qanıqara gəzməzdi, qoçun görməli olduğu bütün işləri də dinməz-söyləməz eləyər, bundan başqa heç bir işə baş qoşmaq istəməzdi.

İndi buna bax! Elə, yaşlı, sınaqdan çıxmış qoçu işdən çıxarıb, yerinə belə, ərincək, yelbeyin olan birisini gətirib qoyublar, səhərdən axşama kimi mələyir, ancaq bilmək olmur nə demək istəyir, qoyunlar da qalıblar ortalıqda döllənməmiş!

–Bu maymaq bizim işimizi görməyi büsbütün unudub!–deyə qoyunlar çoban Nikitaya şikayətləndilər.–İndi biz bu uyuğa görə qısır qalsaq, İvan Sozontıç bizə nə deyər?

–Üzülməyin, istəkli qoyunlarım!–Nikita onlara ürək-dirək verdi.–Günü sabah onu qırxarıq, sonra bədənini gicitkənlə dalayarıq, ağlı başına gələr, ipək kimi yumşalar!

Ancaq Nikata yanılmışdı. Qoçu qırxdılar, bədənini gicitkənlə daladılar, o isə elə həmən gecə yenidən yuxu gördü.

nun bu yuxugörmələri, artıq bir gün də olsun ara vermirdi. Ayağını qatlayıb altına yığan kimi, elə yenicə mürgüləməyə başladımı, istər gecə olsun, istərsə də gündüz, yuxu görməyə başlayırdı.

Gözünü yumub yuxuya dalan kimi, onun görkəmi də büsbütün dəyişirdi, üzü də daha qoyun üzünə oxşamırdı, elə ciddi, qaraqabaq bir görkəmə düşürdü, lap keçmişlərdə o “nazir” adlanan çox sayğılı adamlara oxşamağa başlayırdı.

Tövləyə girib-çıxanlar ona baxanda belə düşünürdülər: gərək bu qoç yox, məhkəmə icraçısı olaymış!

Ancaq bütün bunlar bir qırağa, bu qoçun dərdi başqa idi, o yenə də, yuxudan ayılandan sonra ha çalışırdısa, gördüyü yuxuları yadına sala bilmirdi.

Onun gördüyü yuxuda çoxlu canlı varlıqlar, gözəl mənzərələr vardı, onların bir çoxuna vurğunluqla baxdığı da yadındaydı; ancaq elə gözünü açıb özünə gələn kimi də, onlar harasa yoxa çıxırdı, onları heç cür yadına sala bilmir, yenə də qayıdıb həmişəki kimi adi bir qoyuna çevrilirdi.

İş burasındadır, o qabaqlar özünün qoç kimi görməli olduğu işi ürəklə görərdi, indi isə bütün günü qanıqara, çaşqın, başını itirmiş bir durumda boş-boşuna gəzir, nəsə axtarır, ancaq özü də nə axtardığından baş aça bilmirdi...

Qoyun ola, hələ üstəlik də belə ruh düşkünlüyünə qapıla–onu yaxın gələcəkdə bıçaq altına düşməkdən başqa nə gözləyə bilərdi?

Bıçaq altına düşmək öz yerində, ancaq qoçun durumu, doğrudan da, günü-gündən daha da ağırlaşırdı. Düşdüyü qatı qaranlıqdan əndişələnib başını itirmiş birisinin: işıqlığa çıxmaq üçün çalışıb çapalamasına baxmayaraq, bunların hamısının boşa getməsindən, əlinin heç yerə çatmamasından da böyük acı ola bilməz!

Birdən-birə, özünün də başa düşə bilmədiyi hansısa anlaşılmaz bir istəyə qapılan, yazıq, üzgün bir varlığın: bu istəyin nə olduğunu, onun haradan doğduğunu aydınlaşdırmaq üçün boşuna gedən çalışmalarından da ağır bir iş ola bilməz!

O, ürəyinin od tutub yandığını duyur, ancaq bu alovun nə üçün yarandığını anlaya bilmirdi; bu dünyanın, yaşadığı tövlənin divarları ilə qurtarmadığını, onun adlaya bilmədiyi bu divarların o üzündə işıqlı, sevinc dolu, çox yaxşı bir gələcəyin ola biləcəyi onun ürəyinə damsa da, ancaq bu ürəyədammalarının gerçəkdən necə görünə biləcəyini göz önünə gətirə bilmirdi.

O, divarlardan o yanda gur işığın, genişliyin, özgürlüyün olduğunu duyur, ancaq heç cür bu sorğunun cavabını tapa bilmirdi: işıq, genişlik, özgürlük nə deməkdir?..

Yuxugörmələrin sayı artdıqca, qoçun sarsıntıları da durmadan artırdı. Həm də onun: nə, bu dərdinə ortaq olan bir ürək yoldaşı, nə də, sorularına cavab tapa bilmək üçün gənəşəcəyi bir tanışı vardı.

Qoyunlara yaxınlaşanda onlar qorxa-qorxa biri-birinə qısılıb ondan uzaq durmağa çalışırdılar; çoban Nikita deyəsən nəsə bilirdi, ancaq inadla susub heç nə danışmırdı.

Bu Nikita, dünyagörmüş bir adam idi, özü də qoyunlarla bağlı bütün soruları incəliklərinəcən bilirdi, onun qoyunlar üçün ortaya atdığı belə bir aksiomu da var idi:

–Sən qoyun olaraq doğulmusansa, demək qoyun kimi də yaşamalısan!

Ancaq qoç da elə bax bunu istəmirdi. Bu “qoyunluğa” bağlanıb qalmaq ona dinclik vermirdi, onun belə düşünməsi heç də qoç olaraq yaşamağın ağırlığına görə deyildi, iş burasında idi, o yuxu görməyə başlayan gündən özünün qoyun yox, büsbütün başqa bir “soydan” olduğunu sanmağa başlamışdı.

O, öz yuxularını sonradan yadına salıb sonacan qavramaq gücündə deyildi, həm də sonacan gərilmiş insinktləri ilə, onu sarsıdan, özündən alıb aparan bu əndişələrə qarşı dözüb dayana da bilmirdi.

Vaxt keçdkicə qoçun sarsıntıları yavaşımağa başlamışdı, o, elə bil, yenidən özünə gəlməyə başlayırdı.

Ancaq bu toxtaqlıq onda heç də yenidən düz yola qayıtmaq, qoç olmaq istəyindən yaranmamışdı, bu onun qoyun orqanizminin üzülüb əldən düşməsinə görə idi. Buna görə də, onun öz qoç işini görməyə heyi qalmadığından, daha sürünün işinə də yaramırdı.

Görünür, elə buna görə də, qoç səhərdən axşama kimi yatır, ayıqlığında heç cür ayırd eləyə bilmədiyi o dadlı yuxuları yenidən, dönə-dönə görməyə çalışırdı...

Çox keçmədən o, aramsız asqırıb-öskürməyə, xırıldamağa başladı, arıqlayıb əldən düşdü, qanmaz qoyunlar da onu yamsılayaraq asqırıb-öskürməyə, öz aralarında irişərək, pıçıldaşmağa başladılar.

Bu anlaşılmaz yoluxma onun bədənində özünə yer elədikcə, qoçun üzündən bütün qoyunlarda olan küt görkəm silinib gedir, bunun yerini gözəgəlimli bir suyumluq tutmağa başlayırdı.

Çobanların hamısı onun durumuna acıyırdılar. Onlar onun namuslu, əməksevər bir qoç olduğunu yaxşı bilirdilər, yiyəsinin işini korlamağına gəlincə, bunu bilərəkdən eləmədiyini də yaxşı başa düşürdülər, yazıq qoç neyləsin, onun qarşısına qoyunların heç vaxt üzləşmədiyi bir uğursuzluq çıxmışdı, çobanların çoxu insinktlə bunun nə olduğunu anladığından, qoça çox böyük sayğı ilə yanaşırdılar.

Qoçun yiyəsi İvan Sozontıç da onun düşdüyü bu duruma ürəkdən acıyırdı. Çoban Nikita, belə bir durumda ən yaxşı çıxış yolunun qoçu kəsmək olduğuna dönə-dönə him vursa da, Rastakovski bundan inadla boyun qaçırırdı.

–Onsuz da mənim pulum batdı,–o, deyirdi,–bu qoçun bundan sonra ancaq dərisi işə yarayar, əti tökülüb gedib. Yazıqdır, qoy öz ölümü ilə köçsün bu dünyadan!

Gözlənilən o gün də gəlib çıxdı. Ayın gur işığı ilə aydınlanan çöllərin üstündən isti bir havanın asılıb qaldığı bir iyun gecəsi idi; dörd bir yana səssizlik çökmüşdü; çöldə-bayırda kimsə gözə dəymirdi, elə bil, təbiət də özünə qapılıb, susqunluğa dalmışdı.

Ağıldakı qoyunların hamısı yatmışdı. Qoyunlar başlarını ağılı çəpərləyən taxtalara söykəyib uyuyurdular. Qoç isə təkcə, ağılın ortasında uzanmışdı.

Birdən o diksindi, yerindən dik atılıb, ayağa durdu. Ayaqlarını düzəltdi, boynunu dikəldib irəli uzatdı, başını yuxarı qaldırdı, sonra birdən bütün bədəni titrədi.

O, nəyisə gözləyirmiş kimi, qulaqlarını şəkləyib döyükdü, bir neçə dəqiqə dayandı, sonra birdən onun köksündən uca, ürəkparçalayan bir mələrti qopdu...

Bu acı harayı eşidən qoyunlar ürküb yerlərindən sıçradılar, hərəsi bir küncə qısılıb qaldılar.

Keşikçi it də oyanıb hürməyə, ürküşən qoyunları bir yerə toparlamağa başladı. Ancaq qoç yan-yörəsində nə baş verdiyinin hayında deyildi: o büsbütün özünə qapılıb dayanmışdı.

Bizim yerin qanunu çox sərtdir: sən qoçsansa, ömrünün sonuna kimi də qoç qalmalısan

Bu anlarda, onun dumanlanmış gözlərinin qarşısnında həmişə gördüyü o dadlı yuxular canlanmaqda idi...

Bir dəqiqə sonra o sonuncu dəfə titrədi. Ayaqları öz-özünə qatlandı, bir andaca, qoçun ölü cəmdəyi yerə sərildi.

Onun ölümü İvan Sozontıça bərk yer eləmişdi.

–Başa düşmürəm, buna nə gəldi birdən-birə?–o, üzgün bir səslə deyinirdi.–Baxırdın, sağlam bir qoçdur durub, birdən elə bil buna çər dəydi... Nikita! Sən əlli ilin çobanısan, mənə elə gəlir, bu cinsdən olan qoyunların dilini yaxşı bilərsən: de görək, bu qoça durduğu yerdə nə gəldi axı?

–Mənə elə gəlir, bu qoç yuxuda “azadlığa çıxmış qoyun” görübdür,–Nikita cavab verdi.–Görməyinə görüb, ancaq bunun nə demək olduğunu qana bilməyib... Ona görə də, öncə darıxmağa başladı, sonra da dözə bilməyib öldü. Baxanda elə bizim də içimizdə belə şeylər olur...

Ancaq İvan Sozontıç onu saxlayıb, bu yozumun ardına qulaq asmaq istəmədi.

–Sənin bu dediklərin gərək bizim üçün gələcəkdə görk olsun!–deyə o Nikitanı təriflədi.–Ola bilsin, bu qoç başqa yerə gedib çıxsaydı, orada bundan lap keçi də çıxardı, ancaq bizim yerin qanunu çox sərtdir: sən qoçsansa, ömrünün sonuna kimi də qoç qalmalısan.

Sənin üçün də, yiyən üçün də, elə dövlət üçün də, belə yaxşıdır. Dolanışığın da yerində olacaq: otun, kəpəyin, ürəyin istəyən qədər veriləcək. Qoyunlardan da hansına sıçramaq istəsən, özü yanına qaçacaq... Elə deyilmi, Nikita?

–Düz deyirsiniz, İvan Sozontıç, başqa necə ola bilər?!–Nikita cavab verdi.

Rus dilindən Araz Gündüz çeviribdir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG