Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:52

Bakı şəhər İcra Hakimiyyətinin qarşısında biabırçılıq


Bakı şəhər İcra Hakimiyyətinin qarşısı.
Bakı şəhər İcra Hakimiyyətinin qarşısı.

-

avtosfer.az saytı yazır ki, oktyabrın 13-də, saat 21:00 radələrində Bakının mərkəzi İstiqlaliyyət küçəsində bir qrup sürücü yolu bağlayıb. Polislər isə heç bir tədbir görməyib:

««İçərişəhər» metrostansiyasının qarşısından başlayan bu biabırçılıq Azərbaycan Dövlət İqtisad Universitetinin binasının qarşısınadək davam edib. Yolun sağında 3 zolaq, solunda isə 1 zolaq zəbt olunduğu üçün ortada yalnız bir cərgədə avtomobillərin hərəkəti mümkün olub. Bu da həmin istiqamətdə tıxac yaradıb. Maraqlıdır ki, Bakı şəhər İcra Hakimiyyətini mühafizə edən polislər buna qarşı heç bir tədbir görməyiblər. Hansı ki, adi vaxtlarda BŞİH-in qarşısında bir avtomobil dayanan kimi polislər hay-küy salırlar. Bundan əlavə, həmin ərazidə xidmət aparan yol polisləri də bu mənzərəyə reaksiya verməyiblər».

BİZİM DƏ HÖVSƏLƏMİZ QALMAYIB

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakorrupsiyaya uğramış məmurlara xitabən «Artıq qurtardı, yəni hövsələ qalmayıb» sitatına cavab kimi «Azadlıq» qəzeti «Bizim də hövsələmiz qalmayıb, cənab prezident» başlıqlı məqalə dərc edib.

Qəzet yazır: «Cənab prezident, siz bildiyiniz problemləri sayıb hövsələdən çıxdınızsa, indi görün hər gün yaşayışında o problemləri ən acımasız şəkildə hiss edən vətəndaşın hövsələsi qalıbmı?

Niyə bu ölkədə nazir övladları hər gün milyonluq maşınlarının, mülklərinin şəkillərini sosial şəbəkələrdən yayıb ac xalqa göz dağı verir? Niyə hansısa atası nazir olan, özü bir işə yaramayan ərköyün hər şeyə sahibdir, amma yoxsulun övladı məktəbə ayaqqabı, çanta ala bilmədiyindən intihar edir? Necə olur, harın bir generalın özü qədər harın olan övladı ofisantı bıçaqlayır, bu hadisənin videogörüntüləri saytlardan düşmür, amma o harının burnu belə qanamır, azadlıqda gəzir? Niyə banklara milyonlarla borcu olan hakimiyyətə yaxın iş adamları o borcları qaytarmır, amma yoxsul biri banka olan borcunu, yüz manatı bir az gec ödəyəndə məhkəməyə çəkilir?».

İlham Əliyev.
İlham Əliyev.

AZƏRBAYCAN GÜCLÜ ÖLKƏDİR

«Azərbaycan» qəzeti yazır ki, İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, konkret addımlar atır:

«Dünyada dərin maliyyə böhranı xüsusilə Avrasiya məkanında daha ciddi formalar alıb. İstər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Lakin iqtisadi böhrana, siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın «sabitlik adası» kimi qalmaqdadır. Ölkəmizin demokratik yolla tərəqqisi, inkişaf etmiş dövlətlər sırasına daxil olmağın strateji hədəf kimi qarşıya qoyulması antiazərbaycançı şəbəkəni əməlli-başlı qayğılandırır. Avropada bəzi təşkilatların Azərbaycana qarşı zaman-zaman qərəzli mövqeyinin səbəbləri də kifayət qədər üzdədir: son illər respublikamız iqtisadi və siyasi baxımdan kifayət qədər güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla çatan Azərbaycan özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir».

Vüqar Bayramov.
Vüqar Bayramov.

BANKLARIN FƏALİYYƏTİ DONUB: ƏHALİ NƏ ETMƏLİDİR?

«Bizim Yol» qəzeti yazır ki, banklardan əmanətlər sürətlə çıxarılır, kredit qoyuluşu isə azalır.

İqtisadçı Vüqar Bayramov deyir ki, əmanət yerləşdirən zaman bunlara diqqət yetirilməlidir: «Pulunuzu əmanət kimi banka yerləşdirməmişdən öncə bankların internet səhifəsinə daxil olub onun illik və rüblük hesabatlarına baxmaq vacibdir. Mənfəət və zərərlər bölməsində pozitiv dinamika müşahidə edilirsə, o zaman həmin bankla əməkdaşlıq haqda düşünmək olar. Bankda əmanət yerləşdirən zaman bir bankda pulun 30 min manatı (və ya dollar) ötməməsi və illik depozit faizinin 12-dən çox olmamasına diqqət yetirilməlidir. Nəzərə almaq lazımdır ki, sığorta əmanətlərə deyil, əmanətçiyə görə aparılır. Nəhayət, yüksək faiz təklif edən deyil, etibarlı bankda əmanətləri saxlamaq lazımdır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG