Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:16

AZAL-ı kim, necə ala bilər


AZAL
AZAL

-

«Bizim yol» bu suala cavab axtarır.

Milli Məclis komitələrinin birgə iclasında «Azərbaycan Hava Yolları» (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi təklifi səsləndirilib. «Bizim Yol» qəzetinin əməkdaşı milli aviaşirkətin özəlləşdirilməsinin mümkünlüyü barədə 400-dən artıq ASC-də payçı, 20 ilə yaxın səhmdar təcrübəsi olan Vəzir Rəcəbovla söhbət edib.

Cənab Rəcəbov milli aviaşirkətin özəlləşdirilməsini mümkün sayır: «Tam özəlləşdirilməsə də, müəyyən bir hissəsi dövlətin nəzarətindən çıxmalıdır. Uçuşlara nəzarətə dövlət strateji məsələ kimi baxırsa, bu səlahiyyəti özündə saxlamaqla, şirkəti dövlətsizləşdirmək mümkündür. O zaman monopoliya olmamalı, başqa aviaşirkətlərin ölkəyə gəlməsi də təmin edilməlidir».

Ancaq Vəzir Rəcəbov deyib ki, AZAL-ı Azərbaycan vətəndaşının alması ilə bağlı şərt qoyulsa, problem yaranacaq: «Azərbaycanlı milyonçulardan istənilən biri onu ala bilərmi? Kimin bu qədər pulu rəsmi qazandığını təsdiqləyən sənədi var? Məsələ burasındadır ki, bu gün Azərbaycanda rəsmi milyonçu yoxdur. Adı milyonçu olanlar da gedib ölkənin Beynəlxalq Bankını talayıblar. Buraya pul qoyan adam bir milyonçu olacaq, şirkətin, tam olmasa da, müəyyən faizini özəlləşdirməyə çıxarsalar belə, 500 milyonun üstündə bir sərmayə lazımdır. Azərbaycanda milyardları olan oliqarxlar çoxdur, amma söhbət şirkətin müəyyən payını almağa gəlsə, milyonları ortaya çıxarıb, özünün bu qədər pulu olduğunu etiraf edən tapılmaz».

Vəzir Rəcəbova görə, prosesin ləngiməsinin kökündə bu problem dayanır. Onun fikrincə, AZAL-ı rəsmən 200 milyon manata yaxın kapitalı olan «Kapitalbank» və ya «Qaradağ Sement» ala bilər: «Bəzən SOCAR kimi nəhəngin özəlləşdirilməsindən də danışırlar, bunu eləməyə 50-60 milyard halal pulu olan oğul lazımdır».

Məhəmməd Talıblı.
Məhəmməd Talıblı.

«GƏLƏN İL BANKLARI FƏLAKƏT GÖZLƏYİR»

«Azadlıq» qəzetinin məqaləsi belə adlanır.

Qəzet yazır ki, ölkə banklarında problemli kreditlərin sayı durmadan artır: «Eyni zamanda, əhali banklardakı əmanətlərini də geri çəkir. Və ən əsası, son iki ay üçün bankların kreditləşməsi çox aşağı həddə olub. Banklardan kredit götürənlərin sayı kəskin formada aşağı enib. Bütün bunlar Azərbaycan banklarını heç də xoş olmayan gələcəyin gözlədiyini deməyə əsas verir».

İqtisadçı Məhəmməd Talıblı «Azadlıq»a bildirib ki, problemli kreditlərin artması gözlənilən idi. Devalvasiya qərarından sonra fərqli bir iqtisadi situasiyanın formalaşdığını deyən M.Talıblı deyib ki, çoxlu ticarət mərkəzləri bağlanıb, iş yerlərində çoxlu ixtisarlar başlanıb, ölkənin xarici ticarət dövriyyəsində 1/3 qədər azalmalar var: «Bu, idxal-ixrac əməliyyatlarının azalması, bu isə bir çox hallarda yerli istehsal və istehlakın səviyyəsinin aşağı düşməsi demək idi. Bu isə özlüyündə ölkədə işgüzar fəallığın azalması fonunda baş verib. Bütün zəncirvarı reaksiyalara görə əksər sektorlarda tənəzzül elementləri güclənib. Bütün bunlara görə, sahibkarların və sadə bank müştərilərinin ödəmələrində gecikmələr qeydə alınıb.

Demək, əsas səbəb ölkədəki sosial-iqtisadi vəziyyətlə, gərginliklə bağlıdır. Digər tərəfdən isə ölkəyə neft pullarının daxil olduğu maliyyə kanalının daralması və onun sayəsində digər sektorlarda yaranmış «köpüyün» yatmasıdır».

İŞİD yaraqlısı.
İŞİD yaraqlısı.

QARABAĞ DÖYÜŞÇÜSÜ NİYƏ İŞİDƏ-Ə QOŞULUB? -

AzVision.az sual edir.

Sayt bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi antiterror əməliyyatı nəticəsində Suriya və İraqda döyüşlərdə iştirak etmiş 5 Azərbaycan vətəndaşından üçü haqda əldə etdiyi məlumatları yayıb.

Yazıda deyilir ki, Xudat rayon sakini, İŞİD-çi olduğuna görə həbs edilən Vaqif Talıbov Qarabağ müharibəsi veteranıdır. O, Qarabağda gedən döyüşlərdə iştirak edərək əlil olub.

«Vaqif Talıbov Qarabağda döyüşüb. Ayağının biri protez idi. Buna görə, dövlət ona ev, maşın verib. Rayonda hamı onu sakit insan kimi tanıyırdı. İŞİD-ə qoşulmasından xəbərimiz olmayıb. Həbs ediləndən sonra bilmişik ki, Vaqif Suriyaya gedib» - qohumları bildirib.

Yaxınlarının dediyinə görə, V.Talıbov dövlətin göstərdiyi köməyə baxmayaraq, hər şeydən narazı idi: «Dövlət onun üçün ikimərtəbəli ev tikib verib. O, yenə də narazı idi. Dövlət onun evinə qaz xəttinə kimi çəkdirib. Evinin qarşısına yol salınıb».

İŞİD-ə qoşularaq Suriyada döyüşlərdə iştirak edən Rufan Ağcabəyov da Qarabağ veteranıdır. Qohumlarının dediyinə görə, əkiz qardaş olan Rufan və Uraf Ağcabəyovların bir neçə dəfə ölüm xəbəri yayılıb:

«Onlar əvvəl Xudat şəhərinin mərkəzində yaşayıblar. Daha sonra Bakıya köçdülər. Qardaşlar Qarabağ müharibəsində iştirak ediblər. Rufan həmişə saqqal saxlayırdı. Biz elə bilirdik ki, Rufan Suriyada öldürülüb. O biri qardaş Urfanın Əfqanıstanda rəhmətə getdiyini eşitmişdik. Hər ikisi evli idi. İkisi də yaxşı insan idi. Dövlət onlar üçün hər bir köməkliyi edirdi. Biz Rufanın həbs edilməsini televizordan eşitdik. Çox təəccübləndik. Biz elə bilirdik ki, o çoxdan ölüb».

AzVision.az yazır ki, Azərbaycanın hüquq-mühafizə orqanları Urfan Ağcabəyov barəsində hələ bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. İnterpolun saytında yerləşdirilən məlumata görə, U.Ağcabəyov Azərbaycan, rus və puştu dillərini bilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG