Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:07

- "Dəqiq əminəm ki, yazıçıya ziyanı köşə yazmaq yox, köşə yazmağın ümidinə qalmaq vurur, onu məişətin tapdağı altına salır. Məişət isə yazıçının diri halında qapandığı qəbirdən başqa nəsə deyil."

"Kitab sektorumuz dünyada qəbul olunub adiləşmiş yazar və bazar sisteminin inkişaf həddinə çatmayınca, bu hal dəyişməyəcək."

"Özümü Cəbiş müəllimin ilk dəfə ilanbalığı almağa məcbur olan arvadı kimi hiss etdim."

Lənkəranda yaşayan yazıçı Cavidanla Oxu Zalında söhbət

"Hələ ki, susuram"

- Cavidan, jurnalistika ədəbiyyatın ögey anasıdır, ya əksinə?

- İndi yox, bir neçə il bundan əvvəl əminliklə deyirdim ki, roman yazanlara köşə yazmağı, köşə yazanlara isə roman yazmağı qadağan etmək lazımdır.

Amma eyni zamanı və eyni məkanı bölüşdüyümüz dostları həm roman, həm köşə yazarkən görürdüm, köşə yazmağı ancaq maddi gəlir əldə edə bilmək imkanı kimi seçdiklərini düşünürdüm.

Hamımız bilirik ki, Azərbaycanda bədii ədəbiyyat yazıçı üçün pul gətirmir, əksinə, kitab çap etdirmək üçün yazıçı özü pul xərcləməli, sonra isə həmin kitabın yayımı ilə məşğul olmalıdır.

Kitab sektorumuz dünyada qəbul olunub adiləşmiş yazar və bazar sisteminin inkişaf həddinə çatmayınca, bu hal dəyişməyəcək.

Mən də yazdığım romanları çap etdirə bilmirəm, qonorar almaq üçün isə müxtəlif mətbu orqanlarında köşə yazarı kimi çalışmışam, hal-hazırda da davam edirəm.

İlk dəfə məhz qonorar üçün ədəbiyyatdan publisistikaya adlamalı olduğumu qəbul edəndə özümü Cəbiş müəllimin ilk dəfə ilanbalığı almağa məcbur olan arvadı kimi hiss etdim.

O anları Azərbaycan ədəbiyyatı tarixinə bağışlamayacam, deyirəm hərdən zarafatla.

Dəqiq əminəm ki, yazıçıya ziyanı köşə yazmaq yox, köşə yazmağın ümidinə qalmaq vurur, onu məişətin tapdağı altına salır. Məişət isə yazıçının diri halında qapandığı qəbirdən başqa nəsə deyil.

- Yaradıcılığında nə yeniliklər var?

- Son vaxtlar ən yaxın dostlar tərəfindən tez-tez danlanıram. Səbəb – az yazmağımdır, yazılarımla gündəmdə olmamağımdır. Hardasa, haqlı iradlardır, müqabilində nə səbəb gətirsəm, son məqamda bəhanə olduğu ilə barışmalı olacam.

Sadəcə, deyəsən, iki ildən artıqdır ki, çapını gözlədiyim romanın hələ də üzə çıxmaması sıxıb məni ən çox. Söhbət Məhsəti Gəncəvi haqqında yazdığım romandan gedir.

İstanbul yayın evlərinin birinin sifarişi ilə yazmışdım, sonra onların öz problemləri üzündən yubanmalar oldu, hələ də nə imtina edirlər, nə də çap. Amma mütləq edəcəklərini hər ay xatırladırlar mənə.

Məhsəti haqda romandan başqa bəzi povestlərim var. Mən onlara da qısa romanlar deyirəm. Hələ ki, üzə çıxartmıram, çünki satışının dalınca düşməli olacağım kitabın çapına pul səpmək lüksüm və həvəsim yoxdur.

- Yaşadığın rayonda ədəbi mühit necədir, necə olmasını istərdin?

- Lənkəranda istedadlı insanlar az deyil. Onları bir yerdə, əsl yaradıcı bir qaynar ocaq başına toplamaq mümkün olsa, inan, güclü və maraqlı yeni ədəbi qurum görmüş olarıq qarşımızda.

Rayon ədəbiyyat adamları iki cür olurlar: Yazdığının hər kəs tərəfindən bilinməsini istəyənlər və yazdığını hər kəsdən gizlədənlər. Bax o gizli, dərvişanə ruhlu insanlar içərisində tanıdıqlarımı bir yerə yığmaq, onları bir-birlərinə və hamıya tanıtmaq istəyim yaranır hərdən. Amma hələ ki, susuram.

- Bu qədər yaşayandan sonra indi nə deyə bilərsən, həyat nədir, yaşamaq necə bir şeydir?

- Həyat – öz dünyanı yarada bilmək şansıdır. Yaşamaq – başqalarına da öz dünyalarını yarada bilmək şansını göstərmək missiyasıdır. Biz bunu bilsək də, bilməsək də, eyni prosesin iştirakçısı oluruq mütləq.

Bir sən olursan, bir sənin əllərinin və addımlarının çatdığı radiusdakı çevrən, bir də onlara təsir gücün. Eyni zamanda sənin daxil olduğun başqa çevrələrin sənə təsirləri.

Güclü olmaq üçün isə yeganə yol – içindəki “ikinci mən”i daim yeniləmək və qidalandırmaqdır.

Qalan hər şeyi isə sənin həmin o mənəvi-ruhi qida seçimin həll edir. Çox fəlsəfi oldu deyəsən, amma sual zatən “ağ maykanı nəylə yumalı?” tipində deyildi axı.

- Dünyanın bugünkü vəziyyətindən razısan, yoxsa narazı? Səncə, dünyanı necə dəyişdirmək olar?

- Dünyanın bugünkü vəziyyətindən razı olmaq üçün İblis olmaq gərək. Hüseyn Cavid demişkən, “Hər kəsə xain olan İnsan nədir? – İblis!”

Dünyanı yalnız birkalardan azad olmaq xilas edə bilər. İnsanlar sadəcə insan olduqlarını qəbul etsələr, dini, irqi, milli fərqliliklərini deyil, bəşəri eyniliklərini tanıyıb bir-birlərinə də tanıtsalar, bircə günün içərisində Yer üzündə Qızıl dövr başlaya bilər.

Təsəvvür et, sakit, gözəl bir səhər açılıb və dünyanın heç bir yerində heç kim heç kimi “o, mənim kimi deyil” deyə, öldürmək istəmir. Sadəcə bircə gün heç kim heç kimi öldürməsə, gör yer üzündəki energetik dalğa nə qədər müsbət və işıq dolu olacaq. Bütün orbit nur içində görünəcək, inanıram.

Günün bütün mövzuları

XS
SM
MD
LG