Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:55

- "Məmurlaşmış sənətkarlar sənətkarlaşmış məmurlara nə qədər dərindən nifrət etsələr də bu nifrətlərini gizli saxlamaq məcburiyyətindədirlər. İndi onların halını özünüz təsəvvür edin."

Seymur Baycan

Məmurlaşmış sənətkarlar və sənətkarlaşmış məmurlar

Görəsən, nəyə görə sənətkarlarımız elə ilk fürsətdəcə məmurlaşmağa üstünlük verirlər? Məmur olmaq şansını əldən buraxmırlar.

Bəlkə də onları qınamaq olmaz. Onlar məsələlərə çox praktik yanaşırlar. Bizim camaatın sənət və sənətkar hərləmədiyini başa düşürlər və bilirər ki, cibində deputat mandatı, əlində möhür, sinəndə ordendən, medaldan, zaddan olmasa heç kim sənə sənətkar kimi hörmət etməyəcək.

Dövlət deməlidir ki, filankəs yazıçıdır, filankəs bəstəkardır, filankəs rəssamdır. Camaat da bundan sonra təsdiq etməlidir- düz buyurursunuz, filankəs doğrudan da sənətkardı.

Yoxsa camaatın işi-gücü var. Vacib işlərlə məşğuldurlar. Həvəsləri yoxdu getsinlər şəxsən özləri oxusunlar, araşdırsınlar, müzakirə aparsınlar və özləri-özlərinə sənətkar seçsinlər. Başdan ayağı zülmdür. Boş yerə vaxt xərcləməkdir.

Həm də heç bir mənfəət filan da yoxdur. Ən yaxşısı odur ki, hökümət özü sənətkar müəyyən edir, sənətkarın həqiqiliyini, qorxulu adam olmadığını möhürlə, mandatla, ordenlə təsdiqləyir, camaat da həmin adama sənətkar kimi hörmət edir.

Bu cür yanaşma hər iki tərəfə sərf edir. Hakimiyyət özünü təriflətdirmək üçün adam tapır. Camaatın da canı özünə sənətkar seçməkdən qurtarır.

Keçmişdə necə idi? Şeir padşahın xoşuna gələndə şairə ənam verirdi. Deyirdi məni istəyən şairə ənam versin. Yan-yörəsindəkilər də, vəzirlər, vəkillər, əyanlar da öz səxavətlərini nümayiş etdirirdilər. Onlar da öz növbələrində şairə ənam verirdilər.

Şeir şahın xoşuna gəlməyəndə cəlladı çağırırdı və deyirdi ki, aparın bu axmağın boynunu vurun, ağlı başına gəlsin. Ya da aparın atın quyuya, qoy orda it kimi ulasın.

Doğurdan da bizim adamların sənətin nə demək olduğunu, sənətin vacibliyini, zəruriliyini anlamasına hələ çox var.

Hər şeydən əvvəl sənət dünyasından və sənətkardan, yazıçıların, rəssamların, bəstəkarların həyatından bəhs edən beş yüz əsər tərcümə olunub dövriyyəyə buraxılmalıdır. Bəlkə bundan sonra sənət və sənətkarın nə olduğunu az da olsa dərk edərlər.

Deməli, hələ ki, sırf sənətkar kimi ölkədə hörmət qazanmaq çətin məsələdir. Ona görə də sənətkarlarımız daha praktik vasitəyə üstünlük verirlər. Məmurlaşırlar.

Bəlkə də onlar elə əvvəldən məmur olmaq arzusunda imişlər, sadəcə sənətlə məşğul olmaq məmurluğa, kresloya, möhürə, mandata doğru gedən bir yol, bir vasitə imiş.

Üzr istəyirəm, elə bir mövzuya toxunmuşuq ki, burda bəlkə sözünü tez-tez işlətmək məcburiyyətindəyik. Dayanmayaq. Davam edək.

Əlbəttə, sənətkarın məmurlaşması çox maraqlı bir prosesdir. Məmurlaşan sənətkarlar möhürlə, kresloyla, orden-medalla qane olmurlar. Onlar həm də dinləyici, tamaşaçı, oxucu, bir sözlə, auditoriya axtarırlar.

Diqqət istəyirlər. İstəyirlər ki, onlara baxsınlar, onları dinləsinlər, onları oxusunlar. Əgər sənət məmurluğa gedən bir yol idisə, indi də məmurluq onların yaradıcılığına adamlarda diqqət oyatmaq üçün vasitə olmalıdır.

Beləliklə, maraqlı vəziyyət yaranır, şou başlayır. Onlar ölkədə baş verənlərə münasibət bildirə, ölkədə baş verənləri öz yaradıcılığında göstərə bilməzlər. Çünki bu onların tutduğu vəzifəyə, nəinki vəzifəyə, ümumiyyətlə, situasiyaya uyğun gəlmir.

Əgər reallıq hissini itirib, çaşıb nəsə quş buraxsalar, əlindəki möhürü, altındakı kreslonu, sinəsindəki ordeni, medalı tutub alarlar, dalına da bir təpik vurub deyərlər: indi get nə qədər istəyirsən sənətlə məşğul ol. Onlar da bir günün içində bütün hörmətlərini itirərlər.

Camaatımız da bu kimi proseslərdə çox həssasdır. Yuxarıdan ötürülən hər bir mesajı çox ustalıqla tuturlar. Qılıncların sıyırıb hazır dayanıblar. Baş kəsməyə adam axtarırlar.

Həm də özlərini elə aparırlar ki, guya haqq sözü deyən ziyalıya ehtiyacları var. Çox qəliz situasiyadır. Baş açmaq olduqca çətindir. Məşhur bir qadının dediyi kimi, hər dəqiqəsi opasnıdır. Burda həm sənətkar kimi tanınıb, həm də məmur kimi hörmət qazanmaq adamdan yüksək səviyyədə peşəkarlıq, ustalıq, çeviklik, dərin həyat təcrübəsi tələb edir.

Adi bir səhv faciələrlə nəticələnə bilər. Bəs nə etməli? Çıxış yolu nədədir? Necə etmək lazımdır ki, nə şiş yansın, nə də kabab?

Necə edəsən ki, yazdıqların həm xalqın ürəyincə olsun, xalqın ürəyinə toxunsun, həm də yuxarıdakıların xoşuna gəlsin? Olduqca maraqlı suallardı.

Adətən məmurlaşan sənətkarlar özləri-özlərindən müsahibə alanda müsahibənin sonunda jurnalistə maraqlı suallara görə təşəkkürlərini bildirirlər və belə cümlələr işlədirlər: Maraqlı suallara görə sizə təşəkkür edirəm. Maraqlı suallara görə çox sağ olun.

Sonra da özləri-özlərindən aldıqları müsahibələri təsir dairələrində olan qəzetlərə, jurnallara, saytlara göndərirlər. Görürsünüz həm sənətkar kimi tanınmaq, həm də məmur kimi hörmət sahibi olmaq necə çətindir?

Belə çətin və qəliz vəziyyətdə məmurlaşan sənətkarlar öz yaradıcılıqlarında, çıxışlarında, müsahibələrində mövzu kimi tarixi hadisələrə (hadisə nə qədər uzaq olsa, bir o qədər yaxşıdır. Yaxın hadisələrdən danışanda gərəkdir ki, öz mövqeyini ciddi əsaslandırasan), Təbriz, İrəvan, Qarabağ, Dərbənd, Yəmən türkmənləri həsrətinə, Sarı gəlin və dolma müharibələrinə, aparıcıların dilimizi korlamasına, sevgiyə, məhəbbətə, Borxesə, Danteyə - zada müraciət etmək məcburiyyəti qarşısında qalırlar.

Konkret misallarla danışsaq daha yaxşı olar. Məsələn, məmurlaşan sənətkarlardan biri Borçalı məktəblərinin ağır və dözülməz vəziyyətindən palaz boyda bir yazı yazıb, yazıda öz ürək yanğısını gen-bol ifadə etmişdi.

Sırtıq, həyat təcrübəsi olmayan cavan bir yazar axmaqlıq edərək həmin məmurlaşan sənətkara belə bir sual vermişdi - Borçalı məktəblərinin ağır vəziyyətindən yazmaq çox asandır, bəs doğulduğunuz rayonun ağır vəziyyətdə olan məktəbləri haqqında niyə yazmırsınız?

Məmurlaşan sənətkar bu axmaq suala müdrikcəsinə, susmaqla cavab vermişdi. Əslində isə onun cavabı çox aydın idi - bala, sən hələ uşaqsan, vaxt gələr, özün hər şeyi başa düşərsən.

Başqa bir misal. Məmurlaşan sənətkarlardan biri axmaq bir hekayə yazmışdı. Hekayədə deyilirdi ki, guya qədim bir tütəyi hansısa xarici muzeyə satıblar və tütək o muzeydə həsrətdən gecələr öz-özünə Sarı gəlin mahnısı çalır.

Sırtıq, həyat təcrübəsi olmayan bir uşaq götürüb hekayənin müəllifinə belə bir axmaq sual vermişdi: Əgər qədim tütək xarici muzeyə satılıbsa bu kimin günahıdır? Bu sual da cavabsız qalmışdı.

Məmurlaşan sənətkarlar öz yaradıcılığına diqqət oyatmaq, yaradıcılıqlarının aktuallığını və fövqəlliyini camaata təqdim etmək üçün tutduqları mövqedən, administrativ resurslardan istifadə etməkdədirlər.

Tabeçiliyində olan adamlara, daha dəqiq desək, çörək verdikləri adamlara özlərini təriflədirlər. Təriflədirlər deyəndə bir az pis çıxır. Zatən çörək verdikləri adamlar nəyi necə etməyi yaxşı bilirlər. Bu iş sizə asan gəlməsin. Lakeyin lakeyi olmaq çox çətin bir işdi.

Özünü elə göstərməlisən ki, guya sən intellektual lakey, şəxsi mirzə, Şeyx Nəsrullahın Şeyx Əhmədi deyilsən. Guya sən onun vəzifəsinə görə onun yaradıcılığına hörmət etmirsən. Guya sən ona yaltaqlanmırsan. Sən doğrudan da onun yaradıcılığına böyük hörmət edirsən.

Bu yaltaqlığı, intellektual lakeyliyi ört-basdır edib və bunu yaradıcılığa həqiqi hörmət kimi təqdim etmək adamdan xeyli əziyyət tələb edir. Sən nə qədər terminlər işlətməli, nə qədər izmlərə müraciət etməlisən.

Məmurlaşan sənətkarlar hər yoldan ötənə etimad göstərmirlər. Lakeyin lakeyi olmaq istəyənlər gərək özlərini yaxşı aparsınlar.

Onlar göstərməlidirlər ki, onlara çörək verəndə, qabaqlarına sümük atanda özlərini daha da yaxşı aparacaqlar və yaltaqlıq sənətinin inciliklərini daha dərindən mənimsəyəcəklər. Sadəcə onların praktikaları çatışmır, yaltaqlıq sənətinin incəliklərini mənimsəmək üçün peşəkar mütəxəsissə ehtiyacları var. Adam hər şeyi incəliyinə qədər özü öyrənə bilməz. Gərək daha təcrübəli biri yol göstərsin, başa salsın.

Üstəlik, bir çox sahələrdə növbədə dayanmağı bacarmayan adamların burda da növbədə dayanmağa səbrləri çatmır.

Lakeyin lakeyi olmağın başqa bir çətinliyi də var. Lakeyin lakeyi olmaq istəyənlərin sayı həddindən artıq çox olduğuna görə bu sahədə amansız bir rəqabət hökm sürür.

Üstəlik, bir çox sahələrdə növbədə dayanmağı bacarmayan adamların burda da növbədə dayanmağa səbrləri çatmır. Basabas yaranır. Rəqabət qanlı vuruşmaya çevrilir.

Bir də görürsən, cavan bir uşaq ağsaqqal-qarasaqqal deməyərək növbəni pozur, altdan-üstdən girir, sürünür və özünü növbənin qabağına atır. Qarışıqlıq yaradır.

Təbii ki, onun bu canfəşanlığı lakeyin lakeyi olmaq istəyənlərin haqlı narazılığına səbəb olur. Onlar narazı səslə deyirlər: A bala, bir məərifətin, qanacağın olsun, görmürsən camaat burda neçə vaxtdır növbədə dayanıb?

Kimə deyirsən, cavan uşaq bu qınaqları vecinə də almır. Heç kimi qınamalı deyil. Vaxt keçir. Gərək dvijeniya eləyəsən.

Məsələn, bu yaxınlarda hələ kitabı nəşr olunmamış və cəmisi iki-üç hekayə yazmış bir adamın müsahibəsini oxudum. Adam prosesə çox yaxşı başlayıb. Müsahibəsində az qala bütün məmurlaşmış sənətkarlara, iriçaplı lakeylərə öz hörmətini peşəkarcasına izhar etmişdi.

Bir müsahibədə göstərmişdi ki, bu hörmət onların möhürlərinə, kreslolarına, vəzifələrinə görə deyil, yalnız və yalnız sənətlərinə görədir. Gəlin razılaşaq ki, bir müsahibədə belə ustalıq nümayiş etdirmək olduqca çətindir.

Adamın peşəkarlığına mat qaldım. Bu adam yaltaqlıq sənətinin incəliklərini harda belə dərindən öyrənib? Bu cür kadrlara mütləq etimad göstərmək lazımdır.

Əgər bu adam yaltaqlıq sənətində mənimsədiyi peşəkarlığın onca faizini öz hekayələrində istifadə etməyi bacarsa, lap yaxın zamanlarda böyük bir yazıçının ortaya çıxmasının şahidi olacağıq və ədəbiyyatımız xeyli inkişaf edəcək.

Təbii ki, belə peşəkarcasına yaltağın qəfil ortaya çıxması köhnə qurdların, növbədə çoxdan dayananların dərin nifrətinə səbəb olacaqdır. Lakeyin lakeyi olmaq üçün çoxdan növbədə dayananlar təzə gələnin peşəkarlığını həzm edə bilməyəcəklər. Onu bir yolla zərərsizləşdirməslər yaxşıdır. Çox həyəcanlıyam və bu adama görə çox narahatam.

Təbiətdə bir çox canlıların qənimi, düşməni olduğu kimi məmurlaşmış sənətkarların da düşməni var. Bu düşmənin adı sənətkarlaşmış məmurlardır.

Sənət məmurlaşmaq üçün bir vasitə olduğu kimi, məmurluq da sənətkar olmaq üçün bir vasitədir.

Sənətkar məmur olmaq üçün sənəti necə istifadə edirsə məmur da yazıçı, bəstəkar, rəssam, şair olmaq üçün öz möhüründən, öz kreslosundan, vəzifəsindən eləcə istifadə edir.

Günlərin bir günü məmur istedadlı olmağına inanır və bəstəkar, şair, rəssam, yazıçı olmaq qərarına gəlir. Onun bu qərarı ətrafındakılar tərəfindən gurultulu alqışlarla qarşılanır.

Axı niyə də gurultulu alqışlarla qarşılanmasın? Sümük varsa qapan mütləq tapılacaq. Özü də o qədər qapan tapılacaq ki, göyə atılan sümük heç yerə düşməyəcək.

Hamının balası var. Birtəhər yolunu tapıb bu balaları yemləmək, geyindirmək, böyütmək, adam arasına çıxartmaq lazımdı. Gərək çox çevik olasan. Bir balaca ləng oldunsa evin yıxıldı. Göyə atılmış sümüyə doğru o qədər ağızlar tullanır ki, bəzən adamlar hisslərinə hakim ola bilmirlər. Qanlı vuruşmaya girirlər. Bir-birlərinin boğazlarını gəmirirlər.

Məmurlaşmış sənətkarlar sənətkarlaşmış məmurlara nə qədər dərindən nifrət etsələr də bu nifrətlərini gizli saxlamaq məcburiyyətindədirlər. İndi onların halını özünüz təsəvvür edin. Bir adama nifrət edirsən, amma sən özünü elə göstərməlisən ki, guya onu sevirsən.

Nifrəti sevgi kimi göstərmək adamdan dəhşətli dərəcədə böyük enerji, səbr, peşəkarlıq, həyat təcrübəsi tələb edir. Sənətkarlaşmış məmurun yaradıcılığı bəlli səbəblərdən qısa zamanda böyük diqqət qazanır. Bu da məmurlaşmış sənətkarın dərin nifrətinə səbəb olur.

Lakin o, yuxarıda qeyd etdiyimiz kimi, öz nifrətini zərrə qədər də büruzə verməməlidir, səsini çıxara bilməz. Bu hələ harasıdır? Daha ağır proses var.

Bir çox hallarda sənətkarlaşmış məmurlar qısa zamanda nə qədər diqqət qazansalar da bu onları qane etmir. Sənətkarlaşmış məmurlar məmurlaşmış sənətkarlardan öz yaradıcılıqları barədə xoş sözlər deməyi, yazılar yazmağı incə jestlərlə tələb edirlər.

Məmurlaşmış sənətkarın nifrət edə-edə sənətkarlaşmış məmurun yaradıcılığı haqqında müsahibələrində, çıxışlarında, məclislərdə xoş sözlər söyləməsinin necə ağrılı bir proses olduğunu da zəhmət çəkin özünüz təsəvvür edin. Hər şeyi sizin əvəzinizdən mən təsəvvür etməli deyiləm ki. Zəhmət çəkin bəzi şeyləri də siz özünüz təsəvvür edin. İnsaf dinin yarısıdır...

Nə bilim, bəlkə də məmurlaşmış sənətkarlar haqqında yenə də yüksək fikirdəyəm. Bəlkə də məmurlaşmış sənətkarlar sənətkarlaşmış məmurların yaradıcılığ haqqında xoş sözlər deyərkən heç bir ağrı - filan hiss etmirlər.

Bəlkə də məmurlaşmış sənətkarlar sənətkarlaşmış məmurlar haqqında xoş sözlər deyərkən özləri də xoş hisslər keçirirlər. Hər şey ola bilər. Hər şeyi dəqiqliklə bilmək mümkün deyildir. Axı yuxarıda da qeyd etdik, elə bir mövzuya toxunmuşuq ki, bəlkə sözündən tez-tez istifadə etmək məcburiyyətindəyik.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG