Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:49

-

Bakı Apellyasiya Məhkəməsində «Meydan TV» ilə əməkdaşlıq edən jurnalist, sentyabrın 16-dan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Şirin Abbasovun şikayətinə baxılıb. Hakim Həsən Əhmədovun sədrlik etdiyi hakimlər heyəti Yasamal rayon Məhkəməsinin jurnalistə 30 sutka inzibati həbs cəzası verilməsi barədə 16 sentyabr tarixli qərarını qüvvədə saxlayıb.

««ZƏRƏRÇƏKMİŞ»İ TANIMIRAM»

Məhkəmədə Şirin Abbasovun özü də iştirak edib. O bildirib ki, «ünvansız söyüş söymə» və «polisə müqavimət» ittihamları tamamilə əsassızdır: «Müqavimət göstərdiyim iddia olunan polisi də, guya söydüyüm «zərərçəkmiş»i də ümumiyyətlə, tanımıram. Yasamal rayon Məhkəməsində də bunu demişəm. Mən nə kimisə söymüşəm, nə də kiməsə müqavimət göstərmişəm. Mənim heç bir günahım yoxdur».

Jurnalistin vəkili Elçin Sadıqov bildirib ki, Şirin Abbasov barəsində inzibati həbs qərarından Avropa Məhkəməsinə şikayət olunacaq. Müdafiəçi onu da qeyd edib ki, Şirin Abbasov həbsdə olduğu müddətdə onunla konfidensial şəkildə görüşüb danışmaq imkanı olmayıb. Bütün görüşlər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının nəzarəti altında olub. Belə şəraitdə keçirilən görüşlərdə isə jurnalist saxlanma şəraitindən narazılığı olmadığını bildirib.

Şirin Abbasov sentyabrın 16-dan yoxa çıxmış, yalnız bir sutkadan sonra onun yaxınlarına Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı və polisə müqavimətə görə 30 sutka inzibati həbs olunduğu bildirilmişdi. Amma bu barədə məhkəmə qərarı yaxınlarına və vəkili Elçin Sadıqova təqdim olunmamışdı. Vəkil uzun müddət jurnalistlə görüşə buraxılmamış, hətta Şirin Abbasovun guya ondan imtina etdiyi bildirilmişdi. Yalnız Elçin Sadıqovun paytaxtdakı bütün rayon məhkəmələrinə sorğularından məlum oldu ki, jurnalist barədə həbs qərarını Yasamal rayon Məhkəməsində hakim Anar Rzayev verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG